Məhkəmə qərarları › İş №2-1(105)-110/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-110/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-110/2022 02.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğac üzrə şəxsi hesabın adına keçirilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1590/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.8 kv.m olan qeyri-yaşayış sahəsi X5 tərəfindən X1.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriya ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.8 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. İddiaçı(bundan sonra iddiaçı) "xxxx" Açıq Səhmdər Cəmiyyətinə(bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 3i ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodunda ad dəyişmə ilə əlaqədar yaranmış problemin araşdırılmasını xahiş etmişdir.

4. Cavabdeh 10.06.2021-ci il tarixli, 0199/Ə-501/4515 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, abonent koduna hesablanmış borc olmadığı halda müraciətin təmin edildiyini bildirmiş, həmçinin abunə kodundakı borcun ödənişi təmin edildikdən sonra təkrar müraciət etməyi tövsiyə etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. İmtina məktubunu əsassız hesab edən iddiaçı "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binasında quraşdırılmış sayğac üzrə şəxsi hesabın onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nın RX seriyalı ******* N-li, 14.07.2016-cı il tarixli çıxarışı ilə mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsini 23.06.2016-cı ildə X2 alqı-satqı müqaviləsi əsasında almış və həmin müqavilənin 9-cu bəndinə əsasən satıcı kommunal borcların ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həqiqətən də alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən Rövşən Qurbanov alqı-satqı müqaviləsində göstərilən və üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, yəni alqı-saqı müqaviləsi rəsmiləşdirilənədək qeyri-yaşayış binasının kommunal borclarını tam şəkildə ödəmişdir. Qeyri-yaşayış binası 2015-ci ildən 2020-ci ilədək fəaliyyət göstərməmiş və heç bir elektrik enerjisi sərfiyyatı olmamışdır. Lakin Azərişıq ASC-nin mühəndisi 23.11.2020-ci ildə sayğaca baxış keçirərək kənar müdaxilə olmasını bildirmiş və cavabdeh təşkilat tərəfindən qeyri-yaşayış binasına orta sərfiyyat ilə elektrik enerjisi borcu hesablanmışdır. Qeyd olunanlar ilə razılaşmayaraq iddia tələbi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin sayğac üzrə şəxsi hesabın keçmiş mülkiyyətçi Rövşən Qasımovun adına olması səbəbindən ona şəxsi hesabın öz adına rəsmiləşdirilməsi tövsiyə edilərək iddia tələbi təmin edilməmişdir. Cavabdeh təşkilata şəxsi hesabın öz adına dəyişdirilməsi ilə bağlı müraciət etmiş, lakin qeyri-yaşayış binasına orta sərfiyyat ilə borcun hesablanması səbəbindən və həmin borcun ödənilmədən şəxsi hesabın onun adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh təşkilat iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, hal-hazırda iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının 665,74 manat elektrik enerjisi borcu var və həmin məbləğ Azərişıq ASC-nin hesabına keçmədiyi təqdirdə qeydə alınmış abonent kodunda ad dəyişmə edilməsi mümkün deyil.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1590/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov)

9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra cavabdeh apelyasiya şikayətinə əlavə təqdim edərək, birinci instansiya məhkəməsinin işə ərazi aidiyyət qaydaları pozulmaqla baxıldığını bildirərək, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edlməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a)apellyasiya şikayətinin dəlilləri

11. Qeyd olunan obyekt 08.05.2012-ci il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən **********7 nömrəli abunə kodu ilə vətəndaş Rövşən Qurbanov adına qeydiyyata alınmışdır. Məhkəmənin qərarından müəyyən edilir ki, ticarət obyekti 17.07.2016-cı il tarixdən iddiaçının mülkiyyətindədir. Buradan müəyyən edilir ki, iddiaçı həmin ticarət obyektini əvvəlki sahibi olan Rövşən Qurbanovdan alqı-satqı yolu ilə əldə etmişdir. Yaranmış borc məbləği isə 2020-ci ci ilin sentyabr ayından sonra yaranmışdır. Bu hal da sübut edir ki, həmin borc əvvəlki mülkiyyətçinin deyil yeni mülkiyyətçinin, yəni İddiaçıdur. Rövşən Qurbanov obyekti təhvil verərkən onun enerjitəchizatı müəssisəsinə elektrik enerjisindən istifadəyə görə borcu olmamışdır. Buna baxmayaraq iddiaçı həmin dövrdə abunə kodunun öz adına keçirilməsi ilə bağlı heç bir tədbir görməmişdir.

b) apelyasiya şikayətinə əlavənin dəlilləri:

12. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ticarət obyektinin abunə kodunu adına keçirilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Bununla əlaqədar olaraq iş üzrə iddiaçının yaşayış və qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsidir. Həmçinin cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov 13-dür. Göründüyü kimi tərəflərin hər ikisinin qeydiyyat yeri Bakı şəhəri olduğundan işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini və şikayətə əlavəni müdafiə edərək, işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ:

17. İddia qaldırılan zaman qüvvədə olan (22.07.2021-ci il tarixdə) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. (-) 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

18. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1590/2021 saylı qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

19. İşdən görünür ki, qaldırılmış iddia növünə görə öhdəliyin icrası haqqında iddiadır və iş üzrə cavabdeh hüquqi ünvanına görə ünvan 8

20. Məhkəmədə iddia qaldırılan zaman hazırkı qərarın 15-ci bəndində sadalanan qanunvericilin normalarının tələbinə əsasən, iddia növlərindən yalnız mübahisələndirmə haqqında iddialara münasibətdə fərqli qaydalar müəyyən etmişdir. Digər hallarda isə (hansı ki hazırda qaldırılmış iddia da həmin digər hallara daxil olmanı ehtiva edir) iddialara cavabdehin yerləşdiyi yerin yerin məhkəməsi tərəfindən baxılır.

21. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasının 15.5-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

22. Belə olduğu halda kollegiya hesab edir ki, hazırki iddiaya ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır.

23. Kollegiya bir məqama da diqqət yetirir ki, doğrudur, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi Abşeron rayonu ərazisində yerləşsə də, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar yaranmamışdır. İddiaçının tələbi sayğac üzrə şəxsi hesabın adına keçirilməsi ilə bağlıdır. Belə olduğu təqdirdə isə tərəflər arasında yaranmış mübahisəyə daşınmaz əmlakın aid olduğu yerin məhkəməsi tərəfindən baxılması ilə əlaqədar aidiyyət qaydalarını tənzimləyən norma (İPM 8.1.1) tətbiq edilə bilməz.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə ərazi aidiyyəti üzrə İPM-nin 8.1.4-cü maddəsinin tələblərinə uyğun baxılmalı olmasına, mübahisənin predmet və ya ərazi aidiyyətini müəyyənləşdirmək xidməti vəzifəsi olduğu halda diqqət yetirməmişdir ki, beləliklə də İPM-in 8.1.4-cü və 8.2-ci maddələrinin tələblərini pozmuşdur.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin inzibati-iqtisadi məhkəmə kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1590/2021 saylı qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1590/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdər Cəmiyyətinə qarşı sayğac üzrə şəxsi hesabın adına keçirilməsi tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar