Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-110/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı Gurban İbragimovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5481 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-1(118)- 1048/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı Gurban İbragimov cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia qaldıraraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5481 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********9785 nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi **********-31002 kodlu obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib edilmişdir. Akta qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçıya məxsus obyektdə xx.xx.2021-ci il tarixdə obyektin fəaliyyətinə uyğun olmayan 12948712,0 manat dəyərində malın elektron qaimə-faktura təqdim edilmədən 15585069,76 manata (ticarət əlavəsi 2 % və ƏDV daxil) satıldığı müəyyən edilmişdir. Qeyd olunan akt əsasında cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********5481 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar ilə fərdi sahibkara VM-nin 58.13-cü maddəsinə əsasən 1558506.98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli **********364100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərara əsasən tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə ünvanlanmış inzibati şikayəti təmin edilməmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5481 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz və əsassız hesab edir. Cavabdeh vergi orqanı tərəfindən fərdi sahibkara məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və ********.76 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda elektron qaimə-faktura verilmədən nəzarət kassa aparatına mədaxil edilərək təqdim edildiyi aşkar olunmuşdur. Başqa sözlə, vergi orqanı fərdi sahibkara məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2021-ci il tarixdə ********.76 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə alıcıya elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. İlk öncə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (xx.xx.2021-ci il tarixdə) fərdi sahibkara məxsus obyektdə ********.76 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2021-ci ilin yanvar ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri nəzarət kassa aparatına mədaxil edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki işdə bir halda ki, cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, o halda bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Bununla bağlı qeyd edir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi ilə bağlı cavabdehdə hər hansı sübut mövcud deyil. Cavabdeh iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəycilərinin rekvizitləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı tələb etməyimizə baxmayaraq bizə təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı sübuta yetirə biləcək dəlillərə malik deyil. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 50.1.1-50.1.14-cü maddələrdə sadalanan məsələləri, o cümlədən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilşmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsini (50.1.13) əhatə edən vergi nəzarəti formasıdır. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli aktda həmin gün deyil, xx.xx.2021-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Halbuki, operativ vergi nəzarətinin təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda yoxlama dövrünün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olması qeyd edilmişdir. Beləliklə, iddiaçı malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərək, iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
3. Cavabdeh etirazında qeyd etmişdir ki, uçot-baza məlumatlarına əsasən İbragimov Gurbanın xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, operativ vergi nəzarəti zamanı aktiv 6 obyektləri olduğu görünür. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli **********9783, **********9785, **********9794 nömrəli qərarları əsasında İbragimov Gurbanın sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 6.365 manat dəyərində mal qalığının (5.887 manat dəyərində sənədli və 478 manat dəyərində sənədsiz mal (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005405 və 005429 nömrəli aktlar)) olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 15.585.070 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib edilmiş, həmin akt İbragimov Gurban tərəfindən imzalanmamış və aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.11,2021-ci il tarixli **********5481 nömrəli qərarı ilə İbragimov Gurban barəsində 1.558.506,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********064700 nömrəli məktubu ilə İbragimov Gurbanın qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 11:21-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib) Baş İdarənin xx.xx.2021-ci il tarixli **********9780, **********9784 və **********9786 nömrəli qərarlarına əsasən fiziki şəxs İbragımov Gurbana (VÖEN: **********) məxsus ünvan 1 ünvanında yerləşən **********-31005 kodlu icarə obyektində, Abşeron rayonu, Fatmayı Ə/V, Q.Qarayev ünvanında yerləşən **********-31007 kodlu icarə sahəsində və ünvan 2 ünvanında yerləşən **********-31008 kodlu icarə obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədi ilə təsərrüfat subyektlərinə baxış keçirilmiş, aparılan müşahidələr zamanı obyektlərin icarə obyekti olduğu və digər şəxslərin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bu səbəblərdən bu obyektlərdə operativ vergi nəzarətinin həyata keçirilməsi mümkün olmamışdır. Vergi ödəyicisi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışında qeyd etmişdir ki, “Vergi ödəyicisinin faktiki olaraq 3 aktiv obyektləri mövcuddur. Digər ünvanında olan 3 obyeklərimiz başqa vergi ödəyicilərinin fəaliyyətindədir. Malların üzərinə qoyulun ticarət əlavəsi 2-3% (iki-üç) faiz təşkil edir. Obyektlərimiz həftənin 7 günü olmaqla saat 10:00-dan 20:00-a qədər işləyir”. Həmçinin qeyd edirlər ki, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim etdiyi ƏDV bəyannamələrində 16.626.315 manat (ƏDV-siz) vergi tutulan dövriyyə əks etdiyi, 18.846.950 manat (ƏDVsiz) mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 17.568 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı və 479.270 manat (ƏDV-siz) dəyərində malların satışı əməliyyatları apardığı aşkar olunmuşdur. Vergi ödəyicisində ümumilikdə 16.560 çek üzrə 16.709.189 manat məbləğ nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 1009 manat mədaxil olunduğu), eyni zamanda çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması halları aşkar olunmuşdur. (NKA çekləri barədə cədvəl qoşmaya əlavə edilib) İş materiallarında mövcud olan sənədlərə əsasən (operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilən mal qalığının siyahısı və digər sənədlərə) təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,80-110 manat (əksər malların alış qiyməti 10 manatdan aşağıdır (DVX seriyalı 003232 və 003245 nömrəli siyahı)) aralığında olmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKAnın çekləri barədə məlumatda” əks olunan çeklər üzrə məbləğin 400,0-1.500,0 aralığında (əksər çekləri məbləği 1.000 (min) manat və ondan yuxarıdır) olması müəyyən olunur. Nəzərə alınsa ki, iddiaçının satdığı malların böyük əksəriyyətinin dəyəri 10 manat və daha aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 1.000,0 manatlıq mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Həmçinin geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli qoşmaya əlavə olunub) əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 16.560 sayda çeklərin cəmi 218 şəxlər arasında (1 şəxsə orta hesabala 76 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur ki, bu da vergi ödəyicisinin pərakəndə satış ilə məşğul olmamasını göstərən əsas sübutlardandır. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olsaq, görərik ki, nəzarət kassa aparatına ümumi dəyəri 580.950,0 manat olan 565 sayda, ümumi dəyəri 508.950,00 manat olan 491 sayda, ümumi dəyəri 477.688,00 manat olan 491 sayda, ümumi dəyəri 436.450,00 manat olan 456 sayda, ümumi dəyəri 428.590,30 manat olan 474 sayda, ümumi dəyəri 404.099,00 manat olan 430 sayda, ümumi dəyəri 384.130,70 manat olan 475 sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 16.709.189 manat məbləğində 16.560 sayda çəklərin cəmi 218 nəfər şəxslərə pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektlərinin anbar tipli olması, fəaliyyət göstərdiyi obyektlərdə mal qalığının olmaması (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005834 nömrəli akt) və ya çox az olması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi və s.) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotnun aparılması Qaydası”nın 1.3.1-ci bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaiməfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-1(118)- 1048/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddiaçı X2 barəsində tərtib etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5481 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır.
5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********9783, **********9785, **********9794 nömrəli qərarları ilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, nəzarət tədbirinin nəticəsinə dair xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib olunmuş, tərtib olunmuş aktın nəticəsi olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında'’ xx.xx.2021-ci il tarixli qərarla vergi ödəyicisinə 1.558.506,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Maliyyə sanksiyasının tətbiq edilmə əsasları ilə bağlı bildiririk ki, operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərində 6.365 manat dəyərində mal qatığı (5.887 manat dəyərində sənədli və 478 manat dəyərində sənədsiz mal (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005405 və 005429 nömrəli aktlar) aşkar edilmişdir. Həmçinin, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsində ilin sonuna mal qalığının olmaması qeyd edilmiş, 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim etdiyi ƏDV bəyannamələrində 16.626.315 manat (ƏDV-siz) vergi tutulan dövriyyə əks etdiyi, 18.846.950 manat (ƏDV-siz) mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 17.568 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı və 479.270 manat (ƏDV-siz) dəyərində malların satışı əməliyyatları apardığı aşkar olunmuşdur. Vergi ödəyicisində ümumilikdə 16.560 çek üzrə 16.709.189 manat məbləğ nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 1009 manat mədaxil olunduğu), eyni zamanda çeklərin günün eyni vaxtlarında, qısa vaxt aralığında və eyni məbləğdə kassaya vurulması halları aşkar olunmuşdur. Tədbir nəticəsində vergi ödəyicisi tərəfindən 15.585.069,76 manat məbləğində olan mallarının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi və nağd vəsaitin nəzarət kassa aparatına (NKA) mədaxil olunduğu müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib edilmişdir. Malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə VM-nin 58.13-cü maddəsinə əsasən təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 1.558 506,98 (15.585.069,76*10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 mart 2020-ci il tarixli qəbulda kölgə iqtisadiyyatının miqyasının azaldılması istiqamətində aparılan işlərin davam etdirilməsi, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin qarşısında mühüm vəzifələr qoymuşdur. İqtisadiyyat Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı, vergi inzibatçılığının təkmilləşdirilməsi yolu ilə də kölgə iqtisadiyyatının miqyasının daha da daraldılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər əsas etibarilə sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsinə və habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsinə hesablanmışdır. Dövlət vergi orqanlarının apardıqları təhlillər nəticəsində yeni nəsil nəzarət kassa-aparatı quraşdırılmış pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət kassa-aparatına bir çek üzrə yüksək məbləğlərin, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxan həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hallar vergi orqanının risk qiymətləndirilməsinə əsasən faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarına əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Bunlardan əlavə vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Beləliklə, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa kölgə iqtisadiyyatını yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları pərakəndə satış adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur. Məhkəmə qəbul etdiyi qərarında ifadə edir ki, maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təpdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir.. İnzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluqunu sübut edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə isitqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edilməsini aşağıdakı şəkildə təsnif etmək olar. X5-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, “Vergi ödəyicisinin faltiki olaraq 3 aktiv obyektləri mövcuddur. Digər ünvanında olan 3 obyeklərimiz başqa vergi ödəyicilərinin fəaliyyətindədir. Malların üzərinə qoyulun ticarət əlavəsi 2-3% (iki-üç) faiz təşkil edir. Obyektlərimiz həftənin 7 günü olmaqla saat 10:00-dan 20:00-a qədər işləyir”. Həmçinin, iş materiallarında mövcud olan sənədlərə əsasən (operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilən mal qalığının siyahısı və digər sənədlərə) təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0.80-110 manat (əksər malların alış qiyməti 10 manatdan aşağıdır (DVX seriyalı 003232 və 003245 nömrəli siyahı) aralığında olmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKA-nın çekləri barədə məlumatda” əks olunan çeklər üzrə məbləğin 400,0-1.500,0 aralığında (əksər çekləri məbləği 1.000 (min) manat və ondan yuxarıdır) olması müəyyən olunur. Nəzərə alınsa ki, iddiaçının satdığı malların böyük əksəriyyətinin dəyəri 10 manat və daha aşağıdır, o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 1000 manatlıq mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Göründüyü kimi, vergi ödəyicisinin fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında və eyni məbləğdə mədaxil edərək pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Həmçinin geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara (geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumat cədvəli qoşmaya əlavə olunub) əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 16.560 sayda çəklərin cəmi 218 şəxlər arasında (1 şəxsə orta hesabala 76 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirmiş olsaq, görərik ki, nəzarət kassa aparatına ümumi dəyəri 580.950,0 manat olan 565 sayda, ümumi dəyəri 508.950,00 manat olan 491 sayda, ümumi dəyəri 477.688,00 manat olan 491 sayda, ümumi dəyəri 436.450,00 manat olan 456 sayda, ümumi dəyəri 428.590,30 manat olan 474 sayda, ümumi dəyəri 404.099,00 manat olan 430 sayda, ümumi dəyəri 384.130,70 manat olan 475 sayda çeklər eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 16.709.189 manat məbləğində 16.560 sayda çeklərin cəmi 218 nəfər şəxslərə (cədvəldə FİN nömrələri qeyd olunub) pərakəndə qaydada mal satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Belə ki, sözügedən hallar (vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektlərinin anbar tipli olması (şəkillər məhkəməyə təqdim edilmişdir), fəaliyyət göstərdiyi obyektlərdə mal qalığının olmaması (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005834 nömrəli akt) və ya çox az olması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olunması, geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş çeklərin eyni şəxslər arasında bölüşdürülməsi və s.) faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassaaparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və onun hərəkətləri işgüzar adət ilə xarakterizə edilir. Mülki Məcəllənin 10.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Beləliklə, sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alğı-satqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək məqsədindədir. Mülki Məcəllənin 324.5-ci maddəsində qeyd edilir ki, iradə ifadəsinin təfsiri zamanı, onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Lakin, vergi ödəyicisində normal alış həcmlərindən çox iri həcmli alışlar həyata keçirilir ki, məhz bu da bu alışın pərakəndə ticarət sahəsində formalaşmış işgüzar adət və ağlabatanlıqla eynilik təşkil etmir. Əksinə, sahibkarlıq subyektlərinin işgüzar adəti ilə eynilik təşkil edir. Bu baxımdan malların alınması əqdi üzrə əməliyyatın pərakəndə satış çərçivəsində olub-olmaması Mülki Məcəllənin 324-cü maddəsinə uyğun olaraq hərfi mənaya görə (yəni NKA çeki ilər rəsmiləşdirildiyinə görə pərakəndə satışdır deməyə əsas vermir) deyil, ağlabatan mühakimə ilə olmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, iş materiallarında iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını təsdiq və sübut edən kifayət qədər sübut dəlil və arqument olduğu halda məhkəmənin “inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir” arqumenti ümumiyyətlə anlaşılan deyildir. Beləliklə, müəyyən olunur ki, məhkəmə sübutetmə yükü üzrə vəzifələri müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə aşağıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə cavabdehin dəlillərini təkzib edərkən satılmış malların alıcılarının kim olduğu barədə, yəni həmin alıcıların son istehlakçı, yoxsa sahibkarlıq fəaliyyətinin subyekti olması barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə heç bir sübut təqdim etmədən cavabdehin dəlillərini əsasssız saymış və heç bir əsaslandırma aparmadan formal mülahizəsinə əsasən hesab etmişdir ki, mallar son istehiak məqsədləri üçün təqdim edilmişdir. Yəni iş materiallarında iddiaçı tələfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Təbii ki bütün dövriyyə üzrə məbləğlərin NKA-ya mədaxil edilməsi topdansatış ticarət fəaliyyətinin pərdələnməsi məqsədilə tətbiq edilmişdir. Digər tərəfdən də NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarət kassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar (...) 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti.
Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi (..) 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Maddə 50. Operativ vergi nəzarəti (...) 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (...) 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
Maddə 54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması (...)
Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
11. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
16. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsində tətbiq edilmiş maliyyə sanksiyası barədədir.
17. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundar sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9783, **********9785, **********9794 nömrəli qərarları əsasında İbragimov Gurbanın sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində 6.365 manat dəyərində mal qalığının (5.887 manat dəyərində sənədli və 478 manat dəyərində sənədsiz mal (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005405 və 005429 nömrəli aktlar)) olduğu, elektron qaimə faktura təqdim edilməli olduğu halda 15.585.070 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005428 nömrəli akt tərtib edilmişdir.
18. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.11,2021-ci il tarixli **********5481 nömrəli qərarı ilə İbragimov Gurban barəsində 1.558.506,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
19. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir.
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdansatış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. İnzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
21. Cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti vermişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
23. Bundan başqa, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.
24. İddiaçının malların nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını bildirdiyi halda, ticarət fəaliyyətinin topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür.
25. Malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Satış mağazasında hazır məhsulları satan zaman alıcı fiziki şəxslərin özlərini vergi ödəyicisi kimi uçotda olan şəxs qismində təqdim etməməsinə və ya həmin uçota alınmamasına görə iddiaçı məsuliyyət daşımamalıdır.
26. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.
27. Halbuki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Apellyasiya şikayətinin faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı).
29. İddiaçının fəaliyyət növü pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatı quraşdırılmış və nəzarət kassa aparatı vergi orqanı tərəfindən təsdiq edilmişdir.
30. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-1(118)-1048/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.