Məhkəmə qərarları › İş №2-1(105)-110/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-110/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-110/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X5 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2-1(118)-1624/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 avqust 2015-ci il tarixli, 828 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı yaralanma - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın ön alın nahiyəsində başın sağ təpə-alın nahiyyəsində və boynun yuxarı 1/3-nin yan səthində çapıq toxumaları” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 seriyalı, 146565 və 235081 nömrəli müayinə aktlarına əsasən iddiaçı ilk dəfə xx.xx.1999-cu il tarixində TSEK-də müayinədən keçmiş və ona “xora xəstəliyi” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik ona 2000-ci ildən eyni diaqnozla ümumi xəstəlik səbəbindən müddətsiz olaraq müəyyən edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2016-cı il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar 5 il müddətinə xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Bununla razılaşmayan iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək xx.xx.2015ci il tarixdən ona təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən yazılı cavab verilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1999-cu ildən 2000-ci ilədək müddətli, 2000-ci ildən 2015-ci ilədək “ümumi xəstəliklə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) əsasında cavabdeh tərəfindən əlilliyin səbəb əlaqəsi dəyişdirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. 2021-ci ilin noyabr ayının 11-i Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron altsistemdə əsasız olaraq müddəti xx.xx.2021-ci ilə kimi göstərilmişdir. Halbuki, iddiaçı 2000-ci ildən müddətsiz əlildir. Hesab edir ki, cavabdeh tərəfindən onun 2015-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlil olmağı elektron altsistemdə bərpa etməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi qaydası” nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Qeyd edilən hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması sərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. İddiaçı barədə sonuncu göndərişin tarixi xx.xx.2016-ci il tarixində olmuşdur və iddiçıya elektron təyinat əsasında 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək 11 noyabr 2015-ci il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2-1(118)-1624/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya dair 11 noyabr 2015-ci il tarixindən ikinci dərəcə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar müddətsiz əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin xxxxxxx0001 saylı, xx.xx.2015-ci il tarixli arayışında iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək ikinci dərəcəli əlilliyin təyin edildiyi qeyd edilmiş, daha sonra isə həmin arayışa düzəliş edilərək, “müddətsiz” qeyd edilmiş və səlahiyyətli şəxs tərəfindən imzalanmışdır. Beləliklə, eyni tarixli müayinə nəticəsində iddiaçıya təqdim olunmuş arayışda əlilliyin müddətsiz, əlillik alt sistemindən çıxarışda isə müddətli təyin olunduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən alt sistemdə əksini tapmış həmin məlumatın mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçıya TSEK tərəfindən əlillik müddətsiz təyin edildiyi, həmçinin, təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ləğv edilmədiyi halda, cavabdehin əlillik alt sistemində təyin edilmiş əlilliyin müddətli olduğu göstərilmişdir. Qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata keçirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, əlillik altsistemində iddiaçıya 2016-cı ildən 2021-ci ilə qədər əlillik təyin edilməsi barədə məlumat olsa da, ona müddətsiz əlillik təyin edilməsi barədə məlumat yoxdur. Yəni, cavabdeh orqanda mövcud olan məlumatlara əsasən iddiaçıya müddətli əlillik təyin edilsə də, iddiaçı təqdim etdiyi sənədlərə əsasən ona 2015-ci ildən müddətsiz əlillik təyin edildiyini bildirir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, onda başgicəllənmə və huşunu itirmə əlamətləri olduğundan ona 2015-ci ildən müddətsiz əlillik təyin edilmiş, 2021-ci ilin noyabr ayında və 2022-ci ilin yanvar ayında ona ödənilmiş müavinətlər dayandırılmışdır. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. .. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçıya ilk dəfə 1999-cu ildən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra onun əlilliyi 2000-ci ildən müddətsiz olaraq müəyyən edilmiş, növbəti dəfə iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək, xx.xx.2015-ci il tarixdən 5 il müddətinə xx.xx.2021-ci il tarixdən ona “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırkı mübahisə ondan ibarətdir ki, iddiaçı tələbinin əsası kimi müvafiq sənədləri təqdim etməklə, ona xx.xx.2015-ci il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edildiyini bildirir və bu baxımdan, xx.xx.2015-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin elektron altsistemə daxil edilməsini tələb edir. Cavabdeh isə iddiaçıya 2015-ci ildən müddətsiz əlillik təyin edilməsi barədə əlillik altsistemində məlumatların olmadığını əsas gətirərək iddiaçının bununla bağlı müraciətindən imtina etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən DSMFnin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər departamentinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 3342 nömrəli məktubdan görünür ki, iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik bildirişi departamentin sərəncamına göndərilmişdir. Cavabdeh orqanın elektron informasiya sistemindən TSEK-nin xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli müayinə aktının çıxarışından görünür ki, çıxarışda iddiaçıya xx.xx.2015-ci il tarixdən 1 il müddətinə xx.xx.2016-cı il tarixədək “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edildiyi göstərilmiş, eyni zamanda, növbəti müayinə tarixi:xx.xx.2016 ifadəsinin üstündən xətt çəkilərək “müddətsiz” yazılmış və “düzəlişə inanmalı” qeydi ilə M.Xasıyev tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə iddiaçının müavinət işi təqdim edilmişdir. Müavinət işindən görünür ki, müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2015-ci il tarixli, 26 nömrəli qərarına əsasən iddiaçıya ikinci qrup əlil kimi xx.xx.2015-ci il tarixdən müddətsiz olaraq müavinət təyin edilmişdir. Həmçinin, AR ƏƏSMN Dövlət Sosial Təminat Xidməti tərəfindən verilmiş 18 noyabr 2015-ci il tarixli, 039765 nömrəli vəsiqədə də iddiaçının “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlil olduğu göstərilmişdir. Eləcə də, müavinətin təyin edilməsinə əsas olmuş sənədlərdə iddiaçı tərəfindən hazırkı tələbin əsası kimi təqdim edilən TSEK-nin xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli müayinə aktının çıxarış (“müddətsiz” qeydi ilə düzəliş edilən) aşkar edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sənədlərə istinad edərək, iddiaçıya TSEK tərəfindən xx.xx.2015-ci il tarixdən əlilliyin müddətsiz təyin edildiyi qənaətinə gəlmiş və bu əsaslı iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir: İddiaçıya əlilliyə görə müavinətdən sonra əmək pensiyası təyin edildiyi nəzərə alınaraq kollegiya tərəfindən onun pensiya işi aidiyyəti orqandan sorğu əsasında tələb edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq məhkəməyə təqdim edilən iddiaçının pensiya işindən görünür ki, DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər departamentinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 16/2056 nömrəli qərarına əsasən iddiaçıya ikinci qrup əlil kimi xx.xx.2016-cı il tarixdən ömürlük 351,20 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın təyin edilməsinə əsas olmuş sənədlərdə müavinət işində olduğu kimi TSEK-nin xx.xx.2015-ci il tarixli, xxxxxxx0001 nömrəli müayinə aktının çıxarış (“müddətsiz” qeydi ilə düzəliş edilən) təsbit edilmişdir. Beləliklə, işin məhkəmə araşdırması nəticəsində müəyyən edilən hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli əlillik müddətsiz edilmiş, cavabdehin müddətsiz əlillik təyinatı barədə məhz bu qərarı əsasında aidiyyəti orqanlar tərəfindən iddiaçıya 2015-2016-cı illərdə müddətsiz olaraq əlilliyə görə sosial müavinət və pensiya təyin edilmişdir. Lakin, buna baxmayaraq, xx.xx.2015-ci il tarixdən iddiaçıya müddətsiz əlillik təyinatı əlilliyin elektron altsistemə daxil edilməmiş, yalnız müddətli aralıqlarla - xx.xx.2015-ci il tarixdən 1 il müddətinə xx.xx.2016-cı il tarixədək, bu əlilliyin müddəti bitdikdən sonra isə xx.xx.2016-cı il tarixdən 5 il müddətinə xx.xx.2021-ci il tarixədək əlillik təyinatları aparılmışdır. Halbuki, “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Kollegiya hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əlilliyin təyin edilməsi bardə qərar barədə müvafiq hərəkətlər aparılması imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı halda, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən əlilliyin müddətsiz olaraq təyin edilməsinə dair qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edilməmişdir. Cavabdeh bununla bağlı mövqeyini ümumiyyətlə, əsaslandırmamış, yalnız əlillik altsistemində iddiaçıya 2015-ci ildən müddətsiz əlillik təyinatı barədə məlumatların mövcud olmadığını bildirməklə kifayətlənmişdir. Kollegiya cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya 2015-ci ildən müddətsiz əlillik təyinatı barədə məlumatların əlillik altsisteminə daxil edilmədiyi işin mübahisəsiz halıdır. Belə ki, hazırkı halda cavabdehin hərəkətlərinin qanunsuzluğu iddiaçıya 2015-ci ildən əlilliyin məhz müddətsiz olaraq təyin edilməsi barədə cavabdeh inzibati orqanın qərarının mövcud olması və bu qərar əsasında iddiaçıya müddətsiz əsaslarla müavinət və pensiya təyinatları aparılıb ödənilməsinə baxmayaraq, əlilliyin 2015-ci ildən müddətsiz olaraq əlillik altsisteminə daxil edilməməsində ifadə olunur. Bu zaman inzibati orqan həm də iddiaçının etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, iddiaçının ona 2015-ci ildən əlilliyin müddətsiz olaraq təyin edilməsi barədə cavabdeh orqanın hərəkətlərinə etimad hüququ olmuş, həmin tarixdən cavabdeh tərəfindən ona müddətli aralıqlarla əlillik təyin edilərək müvafiq sosial ödənişlər ödənildiyindən, yalnız əlillik müddətinin bitdiyi 2021-ci ildə iddiaçının ona 2015-ci ildən əlilliyin müddətsiz deyil, müəyyən müddətlə (bir il, daha sonra beş il) əlillik altsisteminə daxil edildiyi barədə məlumatı olmuşdur. Odur ki, hazırkı halda, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq inzibati akt əsasında iddiaçıya 2015-ci ildən əlilliyin müddətsiz olaraq elektron sistemə daxil edilməsindən imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onun tərəfindən qəbul edilən qərarın qanunauyğunluğuna iddiaçının inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2-1(118)-1624/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar