Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1101/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-377/2024 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Xızı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə X1, Əlirzayeva Hicran Əlirza qızı, İddiaçı1, İddiaçı2, X2, İddiaçı3 Xızı rayonu Giləzi kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,95 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.1999-cu il tarixdə JN 344 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, Xızı rayonu Giləzi kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 2,95 ha torpaq sahəsinə dair məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsinin 2.1191 ha hissəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN- 348 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" sənədi ilə üst-üstə düşdüyü, həmçinin 0.5 ha hissəsinin isə neft kəmərinin mühafizə zolağında yerləşdiyi məlum olmuşdur. Bildirilir ki, neft kəmərinin mühafizə zolağına düşən torpaq sahəsinin 0.5 ha hissəsi çıxılmaqla, yerdə qalan sahənin qeydiyyata alınmasına dair razılıq ərizəsi təqdim edildikdən sonra müraciətə qanuna müvafiq qaydada baxılacaqdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sorğuya cavab məktubunda qeyd olunan xx.xx.1999-cu il tarixli JN 344 nömrəli şəhadətnamə Xızı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı əsasında tərtib edilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında və ortofoto xəritəsində qeyd edilir ki, iddiaçının istifadəsində olan faktiki torpaq sahəsi uçot xəritəsində verilmiş torpaq sahəsindən 277 metr aralı məsafədə yerləşir; faktiki torpaq sahəsinin 2.1191 ha hissəsi uçot xəritəsində işlənilmiş JN 348 nömrəli dövlət aktı ilə üst-üstə düşür. Tikinti yoxdur. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Məhkəmə işin hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müvafiq sorğu ünvanlamışdır. Məhkəmə sorğusuna əsasən daxil olmuş 26 may 2023-cü il tarixli cavab məktubunda Dövlət aktında göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında uyğunsuzluq olduğu və iddiaçıların iddia etdiyi torpaq sahəsinin yerini dəqiq göstərə bilmədiyi qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Xızı rayonu Giləzİ qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair paylı mülkiyyət hüququ üzrə X3 və onun ailə üzvlərinə JN-348 (KOD ********) saylı xx.xx.1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Xızı rayonu Giləzi qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi Xızı rayon dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2015-ci il tarixli 2-V- 1-16 və 2-V-1-17 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında vərəsələrin adına qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Xızı rayonu Giləzi qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi Xızı rayon dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2015-ci il tarixli 4-Ə-1/25 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X4 adına qeydiyyata alınmış, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan həmin torpaq sahəsi Sumqayıt “ASAN xidmət” mərkəzində fəaliyyət götərən notariat ofisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli 2V-1596 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda torpaq sahəsi X5 mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən və Dövlət aktı əsasında iddiaçıya və 6 nəfər ailə üzvlərinə məxsus olan 2.95 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən iddiaçıya 6 nəfər ailə tərkibi nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Xızı rayonu Giləzi qəsəbəsində 2,95 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ayrıldığı vaxtdan onun və ailə üzvlərinin istifadəsində olmaqla təyinatına uyğun olaraq burada kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, əkinçilik işləri aparılır. Bu torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiqləyən JN-344 kod, 30603015 saylı Dövlət Aktı verilmişdir. İddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən istifadə ilə bağlı subsidiyaların verilməsi ilə bağlı müraciət etdikdə bildirilmişdir ki, bunun üçün həmin torpaq sahəsinə çıxarış almalıdırlar. Bu səbəbdən də iddiaçı cavabdeh təşkilata müraciət etmiş, lakin ona verilmiş xx.xx.2022-ci il tarixli məktubla imtina verilmiş və bildirilmişdir ki, guya həmin torpaq sahəsi ilə JN-348 nömrəli torpaq sahəsi üst-üstə düşür, 0.5 ha sahə isə neft kəmərinin mühafizə zolağındadır. İddiaçı cavabdehin bu imtinası ilə razı deyil. Belə ki, bu torpaq sahəsi artıq 25 ildir ki, ona məxsusdur. Bu müddət ərzində onu və ailə üzvlərini heç kim narahat etməmişdir və kiməsə torpaq sahəsinin yerinin düzgün göstərilməməsi iddiaçının günahı deyildir. İddiaçı hər il subsidiya almış, həmin ərəfədə də tərəfindən sənədlər toplanmış və heç kim onun torpaq sahəsinin mübahisəli olduğunu bildirməmiş və iddiaçıya da subsidiya verilmişdir. Belə hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar onlar tərəfindən araşdırılmış müəyyən edilmişdir ki, iddiaçı Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında yerləşən 2.95 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı1 bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı yeni uçot xəritəsinə əsasən faktiki torpaq sahəsinin 2.1191 ha hissəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş JN-348 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" sənədi ilə üst-üstə düşdüyü, həmçinin 0.5 ha hissəsinin isə neft kəmərinin mühafizə zolağında yerləşdiyi məlum olmuşdur. Bildiririk ki, neft kəmərinin mühafizə zolağına düşən torpaq sahəsinin 0.5 ha hissəsi çıxılmaqla, yerdə qalan sahənin qeydiyyata alımasına dair razılıq ərizəniz təqdim edildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciətini icrası təmin edilə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarına əsasən; ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2222/2023 nömrəli qərardadı ilə X1, Əlirzayeva Hicran Əlirza qızı, İddiaçı2, X2, İddiaçı3 hazırkı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə təqdim edərək, iş üzrə birgə iddiaçılar qismində cəlb edilmələrini məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizəni icraata qəbul edərək, həmin şəxsləri iddia tələbi üzrə birgə iddiaçı qismində məhkəmə icraatına cəlb etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2- 1(118)-377/2024 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə, Xızı rayonu Giləzi qəsəbəsində yerləşən və Dövlət aktı əsasında iddiaçıya və 6 nəfər ailə üzvlərinə məxsus olan 2.95 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 JN-344, KOD 30603015 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə istinad edərək, ona və ailə üzvlərinə ayrılan 2.95 ha torpaq sahəsinin tam hissəsinə (qismən deyil) çıxarış verilməsini tələb etmişdir. Lakin araşdırma zamanı iddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus JN-348 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”ı ilə üst-üstə düşdüyü müəyyən edildiyindən, məhkəmə iddiaçının tələb etdiyi 2.95 ha torpaq sahəsinə çıxarış verilməsinin mümkün olmadığı, cavabdeh orqanın onun müraciətindən imtinasının haqlı olduğu qənaətinə gəlmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xızı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən mənə 6 nəfər ailə tərkibi nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Xızı rayonu Giləzi qəsəbəsində 2,95 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ayrıldığı vaxtdan onun və ailə üzvlərinin istifadəsində olmaqla təyinatına uyğun olaraq orada kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, əkinçilik işləri aparılmışdır. Torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarını təsdiqləyən JN-344 kod, 30603015 saylı Dövlət Aktı verilmişdir. Onun və ailə üzvlərinin həmin torpaq sahəsindən istifadə ilə bağlı subsidiyaların verilməsi ilə bağlı müraciət etdikdə bildirilmişdir ki, bunun üçün həmin torpaq sahəsinə dair çıxarış təqdim edilməlidir. Bu səbəbdən o, cavabdeh təşkilata müraciət etmiş, lakin ona imtina məktubu ünvanlanmış və bildirilmişdir ki, guya həmin torpaq sahəsi ilə JN-348 nömrəli torpaq sahəsi üst-üstə düşür, 0.5 ha sahə isə neft kəmərinin mühafizə zolağındadır. Cavabdehin bu imtinası ilə razı deyildir. Belə ki, torpaq sahəsi artıq 25 ildir ki, ona məxsusdur. Bu müddət ərzində heç kimin həmin torpaq sahəsi ilə bağlı iddiası olmamışdır. Torpaq sahəsinin yerinin düzgün göstərilməməsi onun günahı deyildir. Bu illər ərzində subsidiyalarla bağlı onun tərəfindən sənədlər toplanmış və heç kim bu torpaq sahəsinin mübahisəli olduğunu bildirməmiş, ona subsidiya verilmişdir. Onun tərəfindən təqdim olunmuş arayışla bu torpaq sahəsinin 0,5 ha hissəsinin neft kəmərlərinin mühafizə zonasına düşməsi inkar edilir. Bundan başqa cavabdeh orqan səhv ölçmə işləri aparmış və cavabdehin səhvinə görə ona aid olan torpaq sahəsini JN-3484, KOD 30603015 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında digər şəxslərə məxsus torpaq sahəsi kimi göstərmiş və həmin şəxslərin adma verilmiş çıxarışın plan və ölçüsündə ona məxsus torpaq sahəsinin koordinatlarını həmin şəxsə məxsus torpaq sahəsinin koordinatı kimi qeyd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, o, faktiki istifadə etdiyi torpaq sahəsinə dair çıxarış verilməsini tələb edir. Məhkəmə kollegiyası tərəfindən ona hüquqi yardım edilərək, ortofoto xəritəsində göstərilən ona və ailə üzvlərinə məxsus JN 344 nömrəli şəhadətnamənin koordinatlarına uyğun olaraq qeyd olunan torpaq sahəsinə dair çıxarışın verilməsinə ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, o, sənəd üzrə onlara məxsus ortofoto xəritədə göstərilən torpaq sahəsini tələb etmir. Çünki, həmin torpaq sahəsi də faktiki olaraq başqa şəxslərin istifadəsindədir. Bu səbəbdən faktiki istifadələrində olan torpaq sahəsinə dair çıxarış verilməsini tələb edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq digər iddiaçılar, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş üzrə materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 JN-344, KOD 30603015 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında onlara və ailə üzvlərinə ayrılmış Xızı rayonu Giləzi kəndində yerləşən 2.95 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan özünün 21 dekabr 2022-ci il tarixli cavab məktubu ilə iddiaçıların Xızı rayonu Giləzi kəndində yerləşən 2.95 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi torpaq sahəsinin 2.1191 ha hissəsinin, JN-348 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”sənədi ilə üst-üstə düşdüyünü, həmçinin 0.5 ha hissəsinin isə neft kəmərinin mühafizə zolağında yerləşdiyini göstərmiş, eyni zamanda neft kəmərinin mühafizə zolağına düşən sahəsinin 0.5 ha hissəsi çıxılmaqla, yerdə qalan sahənin qeydiyyata alınmasına dair razılıq ərizəsi təqdim edildikdən sonra müraciətinə qanuna müvafiq qaydada baxılacağını qeyd etmişdir. Halhazırda İddiaçı1 məhkəmədən JN-344, KOD 30603015 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ona və ailə üzvlərinə ayrılmış Xızı rayonu Giləzi kəndində yerləşən 2.95 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən haqlı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyata alınmasının əsasları nəzərdə tutulmuşdur. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında və ortofoto xəritəsində qeyd edilmişdir ki, vətəndaşın istifadəsində olan faktiki torpaq sahəsi uçot xəritəsində göstərilən JN 344 nömrəli, kod 30603015 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeyd olunan 2,95 ha torpaq sahəsindən 277.0 metr aralı məsafədə yerləşir; faktiki torpaq sahəsinin 2.1191 ha hissəsi uçot xəritəsində işlənilmiş JN 348 nömrəli dövlət aktı ilə üst-üstə düşür. Məhkəmə işin hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müvafiq sorğu ünvanlamışdır. Məhkəmə sorğusuna əsasən daxil olmuş 26 may 2023-cü il tarixli cavab məktubunda Dövlət aktında göstərilən koordinatlarda yerləşən torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında uyğunsuzluq olduğu və iddiaçının iddia etdiyi torpaq sahəsinin yerini dəqiq göstərə bilmədiyi qeyd edilmişdir. Lakin araşdırma zamanı iddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus JN-348 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”ı ilə üst-üstə düşdüyü müəyyən edildiyindən, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 2.95 ha torpaq sahəsinə çıxarış verilməsinin mümkün olmadığı, cavabdeh orqanın imtinasının düzgün olması qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-377/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1101/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1101/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver