Məhkəmə qərarları › İş №2-1(105)-1101/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1101/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1101/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5450/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamına əsasən X3 0,0115 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə ona yaşayış evi tikməyə icazə verilmişdir. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə X2 xx.xx.1994-cü il tarixli, 59 saylı əmri ilə qəsəbə daxilində boş istifadəyə yararsız torpaq sahələri və Cavabdeh Başçısının 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 37,7 ha torpaq sahəsində X3 torpq sahəsi ayrılmış və yaşayış evi tikməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3056 saylı məktubunda qeyd edilmişdir ki, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə xx.xx.2023-cü ildə vəfat etmiş X1 (Fin kod:3GK7WCX, doğum tarixi: xx.xx.1955) (ölüm haqqında şəhadətnamə:AZ-İİ 378509, Abşeron rayon qeydiyyat şöbəsi, xx.xx.2023) miras əmlakını qəbul etmək üçün ərizə il müraciət edən vərəsəsi - oğlu - İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsi, Südçülük Sovxozu ərazisində 0,0115 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının müraciətində qeyd olunan məsələ ilə bağlı arxiv sənədləri və yerquruluşu planı təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər. Verilən imtina ilə razılaşmayan İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999cu il tarixli, 65 nömrəli sərəncamı ilə X3 ayrılmış 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamına əsasən X3 0,0115 ha torpaq sahəsi ayrılmışdır. X4 xx.xx.2023-cü ildə vəfat etmiş, Sumqayıt Asan Xidmət mərkəzində miras əmlakın qəbul edilməsi ilə əlaqədar İddiaçı ərizəsi qəbul edilmişdir. 13.0.2025-ci il tarixli Abşeron rayon X5 çıxarışına əsasən xx.xx.1999-cu il tarixli, 65 saylı sərəncamına əsasən X3 0,0115 ha torpaq sahəsi ayrılmışdır. Lakin əmrə ayrıc aktı və ilkin baş plan daxil edilməmişdir. Ayrılan torpaq sahəsinin mövcud istifadə vəziyyətinə dair ərizə ilə müraciət edilsə də xx.xx.2025-ci il tarixdə aidiyyəti olmayan cavabla ərizəyə baxılmasından imtina edilmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın qəbul edildiyi tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndiənə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarə edilməyən dövlət orqanlarını, müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, çizgi-plan, çizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "torpaq sahəsinin yerquruluşu planı” adlanır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanına əsasən yuxarıda qeyd olunan Məcəllənin 65-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra keçmiş Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 1998-ci il tarixli, 593- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmalk üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 2 dekabr 1998-ci il 593-İQ Qanununun 19-cu maddəsində yerquruluşu işlərinin aparılma qaydası aşağıdakı kimi müəyyən olunmuşdur: yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir. Təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur. Yerquruluşu işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 12 mart 1999cu il 113 nömrəli Fərmanında qeyd olunur ki, həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının iddia etdiyi yerləşmə sxeminin (yerquruluşu planından çıxarış) hazırlanması üçün Rayon İcra Hakimiyyətində texniki vasitələr, bu sahə üzrə mütəxəssis və torpaqların elektron kadastr bazası mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5450/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamı ilə X3 ayrılmış 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) hazırlanaraq İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. (hakim Qəşəm Məmmədli). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçının mərhum atasına ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri baxımından cavabdeh tərəfindən torpaq sahəsi ayrılan zaman onun ayrıc aktı olmalı və həmin akt sərəncama əlavə edilməli idi. Yəni iddiaçı həmin ayrıc aktını tələb etməkdə haqlıdır. Torpaq sahəsi iddiaçının atasına naturada təhvil verilmiş olsa da, sözügedən sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməsində dair isə heç bir sübut işə əlavə edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni məzmunda olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin: 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 56.6-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 65-ci maddəsinin: 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaqtəsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işin hallarından göründüyü kimi, iddiaçının mərhum atası X3 Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamına əsasən 0,0115 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə ona yaşayış evi tikməyə icazə verilmişdir. P.Paşayev xx.xx.2023-cü ildə vəfat etmiş və İddiaçı miras əmlakını qəbul etmək üçün ərizə il müraciət etmişdir. İddiaçı atasına ayrılmış ,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamının qəbul edildiyi tarixdə qüvvədə olan (Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə qüvvədən düşüb) Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən kənd təsərrüfatı istehsalının səmərəliliyini təmin etməyən kolxoz və sovxozların tərkibindən çıxan kollektivlər kənd təsərrüfatı kooperativi yaratmaq istədikdə onlara rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə bərabər təsərrüfatçılıq şəraiti yaradılması zərurəti nəzərə alınmaqla kolxoz və sovxozda əvvəllər becərdikləri torpaqlardan sahə ayrılır. Kənd təsərrüfatı istehsalının səmərəliliyini təmin etməyən kolxoz və sovxozların siyahısı hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən Yaşayış məntəqələrinin ehtiyat torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: 3) fərdi ev tikdirənlərin xüsusi mülkiyyətinə — fərdi evlərin tikintisi üçün. Azərbaycan Respublikasının fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından İ şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri xüsusi mülkiyyətə verilir. Fərdi mənzil tikintisi üçün verilən torpaq sahələrinin ölçüsü yerli şəraitdən və torpaq imkanlarından asılı olaraq müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Həmçinin Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamının qəbul edildiyi tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi istinad edilən sərəncama əsasən iddiaçının mərhum atasına naturada təhvil verilmiş olsa da, sözügedən sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməsində dair isə heç bir sübut işə əlavə edilməmişdir. Hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud olmadığından cavabdeh orqan torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5450/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar