Məhkəmə qərarları › İş №2-1(105)-1102/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1102/2025

30.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1102/2025 30.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(118)- 4487/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Quba rayonu Ağbil bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 07 nömrəli qərarı ilə bələdiyyə torpağından 2,00 ha torpaq sahəsi 25 il müddətinə İddiaçı icarəsinə verilmiş, həmin tarixdə tərəflər arasında bununla bağlı icarə müqaviləsi bağlanmış, həmçinin, sözügedən torpaq sahəsinə dair iddiaçının adına DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN-9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” də tərtib edilmişdir.

2. İddiaçı həmin 2,00 ha torpaq sahəsində tərəfindən salınan bağ üçün subsidiyanın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmişdir.

3. Cavabdeh 4 fevral 2025-ci il tarixli, 3-22-2/2-T-38-xx-xx/2025 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, 2024-2025-ci əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə X4 İnformasiya Sisteminə (bundan sonra – “EKTİS”) daxil edilən 2,00 ha torpaqdan müvəqqəti istifadə hüququna dair “Şəhadətnamə” sənədində (JN-9229, KOD ********) yer alması zəruri olan məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir. Bu səbəbdən, həmin torpaq sahəsində becərilən bağa görə subsidiya hesablanmamışdır.

4. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh 19 iyun 2025-ci il tarixli, 3-22-2/2-966/2025 nömrəli məktubu ilə müraciətə eyniməzmunlu imtina cavabı verərək bildirmişdir ki, 2024-2025-ci əkin ili üzrə iddiaçının 2,00 ha torpaq sahəsində salınan meyvə bağlarına görə əkin subsidiyasından yararlanması həmin torpaq sahəsinə dair məlumatların EKTİS-ə inteqrasiya olunmaması və ya həmin torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədinin əldə edilərək EKTİS-ə daxil edilməməsi səbəbindən mümkün deyildir.

5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, JN-9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında iddiaçıya məxsus Quba rayonu, Ağbil kəndində yerləşən 2,00 ha kənd təsərrüfatlı torpaq sahəsində becərdiyi intensiv bağa görə 2024-2025-ci illər üzrə subsidiyanın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Ağbil bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçıya həmin bələdiyyənin ərazisindən kənd təsərrüfatı məqsədilə 25 il müddətinə icarəyə verilmiş 2,00 ha torpaq sahəsi həmin tarixdən onun istifadəsindədir. 2025-ci il üçün ayrılan subsidiyanı almaq üçün cavabdehə bəyannamə göndərsə də, cari il üçün ayrılmalı olan subsidiyanı ala bilməmişdir. Cavabdehin imtina cavabında qeyd olunandan fərqli olaraq, istifadəsində olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında mövcuddur. Torpaq sahəsinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Xaçma 5 saylı Ərazi İdarəsinə etdiyi müraciətlə əlaqədar torpaq sahəsinin müayinəsi aparılmışdır. Hal-hazırda torpaq sahəsinə dair Şəhadətnamə qüvvədədir. İddiaçının həmin torpaq sahəsindən istifadə etdiyi digər sənədlərlə də öz təsdiqini tapır. Cavabdeh tərəfindən ödənilməli olan subsidiya isə iddiaçının torpaqdan istifadəsinə görə ayrılır. Belə olduğu halda, cavabdehin imtinası əsassızdır.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı hər iki imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4487/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya JN-9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında Quba rayonu, Ağbil kəndində yerləşən 2,00 ha kənd təsərrüfatlı torpaq sahəsində becərdiyi intensiv bağa görə 2024-2025-ci illər üzrə subsidiyanın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Könül Həbibova).

9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il “29” dekabr tarixli, i-130 nömrəli əmri ilə təsdiq edilmiş “X1 X7 X2 Üzrə” X3 17 nömrəli Milli Mühasibat Uçotu Standartının müddəalarının məzmunundan müəyyən olunur ki, subsidiyanın alınması özlüyündə son olaraq onu sübut etmir ki, bütün şərtlər yerinə yetirilmiş, və yaxud yerinə yetiriləcəkdir. Burada əsas məsələ ağlabatan inamın olmasıdır ki, yalnız bu halda dövlət tərəfindən təqdim edilmiş şərti-geri qaytarılmayan borc olan dövlət subsidiyası verilir. Bu səbəbdən, məhkəmə tələb üzrə öz araşdırmasını “ağlabatan inam” çərçivəsində aparmışdır. İşin mübahisəsiz hallarına görə JN-9229, KOD 30311048 nömrəli icarə şəhadətnaməsi ilə iddiaçıya ayrılan 2,00 ha torpaq sahəsi hazırda da onun faktiki olaraq da istifadəsində olmaqla, qonşu torpaq mülkiyyətçiləri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır, həmçinin torpaq sahəsinin koordinatları da müəyyəndir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının JN-9229, KOD 30311048 nömrəli icarə şəhadətnaməsi ilə 2,00 ha torpaq sahəsinə 2019-2020, 2020-2021, 2021-2022, 2023-2024-cü il əkin subsidiyası dövründə payızlıq buğda əkininə görə subsidiya ödənişləri olunmuşdur. Sadalanan halları məhkəmə ümumilikdə qiymətləndirərək hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıya münasibətdə ağlabatan inam mövcud olduğundan, iddia tələbi təmin edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, eyni predmet üzrə – subsidiyasının verilməsinə dair mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2478/2023 nömrəli qərarında cavabdeh Agentliyin mövqeyi təsdiqlənmişdir. Həmin qərarda açıq şəkildə vurğulanmışdır ki, subsidiya ödənişinin həyata keçirilməsi üçün tələb olunan məlumatların EKTİS-ə daxil edilməsi birbaşa fermerin öhdəliyidir. Göründüyü kimi, hazırkı iş üzrə də eyni predmet mövcud olduğundan, həmin qərarın prinsipləri birbaşa tətbiq edilməlidir. Məhkəmə işə baxarkən normativ hüquqi aktların tələblərini nəinki araşdırmış, ümumiyyətlə, normativ tələblərə əhəmiyyət verməmiş, qərar qəbul edərkən onları nəzərə almamışdır. Belə ki, məhkəmə qərarında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2007-ci il “29” dekabr tarixli, i-130 nömrəli əmri ilə təsdiq edilmiş “X1 X7 X2 üzrə” X3 17 nömrəli Milli Mühasibat Uçotu Standartına istinad etmişdir. Buna münasibətdə bildirirlər ki, Maliyyə Nazirliyinin həmin standartı (əmr) yalnız X3 milli mühasibat uçotu standartını əks etdirir, normativ hüquqi akt deyil və subsidiyanın verilməsinə və hazırkı məhkəmə mübahisəsinə də heç bir aidiyyəti yoxdur. Belə ki, Standartın məqsədi müəssisələrə təqdim olunan hökumət subsidiyaları X7na tətbiq edilən uçot qaydalarının və açıqlama tələblərinin müəyyən edilməsidir. Eyni zamanda Standartın 3-cü hissəsinə əsasən X8 Qaydaları nəzərə alınmaqla maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə uyğun olaraq hazırlayan bütün kommersiya təşkilatları tərəfindən tətbiq edilir. Halbuki, Agentlik dövlət orqanıdır, həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edən və normativ hüquqi akt statusuna malik Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Qayda mövcuddur və iddiaçı tərəfindən həmin Qaydanın tələbləri pozulduğuna görə Qaydanın müddəalarına uyğun olaraq subsidiyanın verilməsindən imtina edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

14. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”: 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X6 mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. ... 2.8. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. ... 2.11. SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” na uyğun olaraq həyata keçirilir. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2027ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); ... 5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: 5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; 5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin, habelə dincə qoyulmuş torpaq sahələrinin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; 5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, dincə qoyulmuş torpaq sahələrində, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.

15. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

17. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

20. Hazırkı mübahisənin predmetini Quba rayonu, Ağbil kəndində yerləşən 2,00 ha kənd təsərrüfatlı torpaq sahəsində becərdiyi intensiv bağa görə 2024-2025-ci illər üzrə iddiaçıya əkin subsidiyasının verilməsindən cavabdehin imtinası təşkil edir.

21. Cavabdehin imtina məktublarının yeganə dəlili torpaq sahəsinə dair JN-9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə qeyd olunan məlumatların ƏMDX-nin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nın 5.1.1-ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməməsidir.

22. Birinci instansiya məhkəməsi cavabdehin həmin dəlilini əsassız hesab edərək, qeyd olunan şəhadətnamədə göstərilən 2,00 ha torpaq sahəsinə görə ona 2019-2020, 2020-2021, 2021-2022, 2023-2024-cü illər üzrə cavabdeh tərəfindən subsidiya ödənildiyini əsas gətirməklə, iddia tələbini təmin etmişdir.

23. Məhkəmə kollegiyası işə baxan məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

24. 2020-ci il 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir.

25. Həmin Qaydanın: - 1.2.1-ci bəndinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir; - 1.2.2-ci bəndinə əsasən “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X4” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemidir; - 1.2.6-cı bəndinə əsasən fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir; - 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. - 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini.

26. Normaların məzmunundan göründüyü kimi fermer SİS-də qeydiyyata alınan kənd təsərrüfatı məhsullarının istehsalçısı və əkin subsidiyası üçün müraciət edən şəxsdir.

27. İddiaçı da bu kateqoriyadan olan şəxs olmaqla, 9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən istifadəsində olan 2,00 ha torpaq sahəsinə görə 2024-2025-ci illər üzrə ona əkin subsidiyanın verilməsini tələb edir.

28. Cavabdeh isə həmin Şəhadətnamədə qeyd olunan ƏMDX-nin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyini və torpaq sahəsinə dair iddiaçı tərəfindən dövlət reyestrindən çıxarış təqdim edilmədiyini bildirir.

29. Kollegiya cavabdehin dəlilini əsassız hesab edərək bildirir ki, işin mübahisələndirilməyən halına görə subsidiya ödənişi iddia olunan həmin torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir.

30. Həmin torpaq sahəsinə dair belə səlahiyyətə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - DTXK-nın Quba rayon şöbəsi tərəfindən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə verilmişdir. Qeyd edilən sənədin reyestr orqanı tərəfindən yeni formalı çıxarışla əvəz edilməməsi torpaq sahəsinin iddiaçının mülkiyyətində (istifadəsində) olmaması anlamına gəlmir.

31. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

32. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı qeyd olunan 9229 KOD 30311048 nömrəli Şəhadətnamənin arxiv əsasları da müəyyən edilmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən təqdim edilmiş Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərdən görünür ki, subsidiya ödənişi tələb olunan 2,00 torpaq sahəsi Quba rayonu Ağbil bələdiyyəsinin 29 iyul 2005-ci il tarixli, 07 nömrəli qərarı ilə iddiaçının icarəsinə verilmiş, bununla bağlı tərəflər arasında torpaq icarə müqaviləsi bağlanmışdır.

33. Göründüyü kimi subsidiya ödənişi üzrə müraciət olunan torpaq sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş Şəhadətnamə mötəbər sənəddir.

34. Bundan başqa, ”Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” nın 2.11-ci bəndinin məzmunundan müəyyən edildiyi kimi SİS digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiya formasında fəaliyyət göstərir. Qaydanın 3.8-3.8.2-ci bəndlərində isə qeyd edilir ki, EKTİS ilə inteqrasiya edilən ƏMDXnin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, fermerlər subsidiyaları almaq üçün torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi SİS-ə daxil edirlər.

35. Hazırkı iş üzrə iddiaçı da qeyd edilən məlumatları özündə ehtiva edən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnaməni sistemə daxil etmişdir.

36. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sistemə əlavə edilməsi tələbi isə 3.8.2-ci bəndindən məzmunundan göründüyü kimi hələ 2027-ci il yanvarın 1-dən etibarən qüvvədə olacaqdır. Hazırda isə fermerin belə bir öhdəliyi, yəni dövlət reyestrindən çıxarışın SİS-ə daxil edilməsi tələbi yoxdur.

37. Həmçinin, məhkəmə araşdırması nəticəsində məhz ƏMDX-nin tabeliyində olan orqanın arxivində həmin torpaq sahəsinə dair Şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər də aşkar edilmişdir.

38. Qeyd edilənlərdən başqa, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X6 Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 21 may 2024-cü il tarixli məktubdan, eləcə də, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin 07 may 2025-ci il tarixli məktubundan görünür ki, 9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə 2,00 ha torpaq sahəsinə görə iddiaçıya 2019-2020, 2020-2021, 2021-2022-ci illər üzrə, eləcə də, 2022-2023-cü əkin ili üzrə 440 manat, 2023-2024-cü əkin ili üzrə 440 manat payızlıq buğda əkininə görə subsidiya ödənilmişdir.

39. Göründüyü kimi hazırda cavabdeh 9229 KOD 30311048 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə qeyd olunan məlumatların EKTİS-ə inteqrasiya edilmədiyini bildirsə də, eyni şəhadətnamədə göstərilən torpaq sahəsinə görə idiaçıya əvvəlki 5 illik dövr üzrə hər il fasiləsiz olaraq subsidiya ödənişləri həyata keçirmişdir.

40. Bu baxımdan, kollegiya hesab edir ki, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi pozulmuşdur.

41. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

43. Həmçinin, analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2595/2024 nömrəli qərarından görünür ki, həmin iş üzrə də cavabdeh orqanın imtinası torpaq sahəsinə dair məlumatların müvafiq EKTİS-ə inteqrasiya edilmiş məlumat bazalarında aşkar edilməməsi olmuş, kassasiya instansiya məhkəməsi tərəfindən kollegiyanın mövqeyi ilə eyni mövqe ifadə olunaraq imtina əsassız hesab edilmişdir.

44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Bu baxımdan, apellyasiya şikayəti təmin edilmədən, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4487/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar