Məhkəmə qərarları › İş №2-1(105)-1103/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1103/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1103/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-3313/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İşin halları İddiaçı xx.xx.1959-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024cü il tarixli 3-17-1/3-3-597/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı 922,41 manat əmək pensiyası xx.xx.2020-xx.xx.2020-ci illər üzrə 387,55 manat, xx.xx.2021-xx.xx.2021-ci illər üzrə 431,73 manat, xx.xx.2022-xx.xx.2022-ci illər üzrə 446,41 manat, xx.xx.2023-xx.xx.2023-cü illər üzrə 531,15 manat, xx.xx.2023-cü il tarixdən isə 788,79 manat müəyyən edilməklə, azaldılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-5830/2024 nömrəli məktub göndərilərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün hesablanmadığı, belə ki, onun əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu ildən əmək haqqına əsasən hesablanaraq təyin edildiyinin aşkar olunduğu, həyata keçirilən inventarlaşma nəticəsində onun əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 788,79 manat müəyyən olunduğu, artıq ödənilmiş əmək pensiyasının son üç il üzrə məhdudlaşdırılaraq 12.843,75 manat təşkil etdiyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024cü il tarixli 3-17-1/3-3-1993/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı 922,41 manat əmək pensiyası xx.xx.2023-xx.xx.2023-cü illər üzrə 788,79 manat, xx.xx.2024-cü il tarixdən isə 877,14 manat müəyyən edilmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-2243/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə 3-17-1/3-3-597/2024 və 3-17-1/3-3-1993/2024 nömrəli sərəncamlar etibarsız hesab edilmiş, İddiaçı 788,79 manat əmək pensiyası xx.xx.2020-xx.xx.2020ci illər üzrə 392,46 manat, xx.xx.2021-xx.xx.2021-ci illər üzrə 437,20 manat, xx.xx.2022xx.xx.2022-ci illər üzrə 452,07 manat, xx.xx.2023-xx.xx.2023-cü illər üzrə 537,63 manat, xx.xx.2023-xx.xx.2023-cü illər üzrə 773,24 manat, xx.xx.2024-cü il tarixdən isə 859,84 manat müəyyən edilmişdir. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına müraciət edərək, əvvəlki əmək pensiyası məbləğinin bərpa edilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-65623/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 29 il 10 ay 20 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 35,29 manat (29,89 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 57,80 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4079,52 manat sığorta kapitalına uyğun 28,33 (4079,52:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 171,13 (57,80+28,33+85,00) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 224,03 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, səhvən qanunvericiliyə zidd olaraq ona xx.xx.2009-cu tarixindən 298,92 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 428,12,32 manat)) məbləğində əmək pensiyası hesablanmışdır. İşləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabıın sığorta hissəsində qeydə alınmış 11747,94 manat sığorta kapitalına görə xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyanın xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki 11747,94 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 138 (63 yaş 6 ay-58 yaş=66+(144 ay-72 ay)) aya bölünməklə 85,13 manat (11747,94/138) qanuni əmək pensiyasının (224,03 manat) üzərinə əlavə edilərək 309,16 manat (224,03+85,13) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 537,63 manat)) ödənilməli olduğu halda, düzgün olmayan əmək pensiyasının (428,12 manat) 538,59 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 922,41 manat)) artırılaraq ödənilmişdir. Bundan başqa əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16963,92 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (16963,92:72 ay (144 ay-72 ay))=235,61 manat) əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 537,63 manatdan 773,24 manata (537,63+235,61) artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 12996,31 manat artıq pul vəsaiti ödənildiyi müəyən edilmişdir. Həmin artıq ödənilmiş 12996,31 manat pul vəsaitinin 88,35 manat hissəsi cari ilin yanvar ayı üzrə ödənilməli olan indeksasiya məbləği ilə əvəzləşdirilmiş, qalan 12907,96 manat hissəsi isə cari aydan etibarən hər ay 86,07 manat olmaqla əmək pensiyandan tutularaq büdcəyə bərpa edilir. İndeksləşdirilmə ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixdən 859,84 manat təşkil edir. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, onun üzərinə əmək pensiyasına müdaxilə edilməmişdən əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək pensiyaçısıdır, doğum tarixi xx.xx.1959-cu ildir. Belə ki, xüsusilə zərərli istehsalat sahəsində işləməklə tələb olunan əmək stajını topladığına görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 50 yaşının tamamında, yəni xx.xx.2009-cu il tarixdən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Ötən on dörd il dövr ərzində təyin edilmiş əmək pensiyasını qanunvericilikdə nəzərdə tutulmuş artımlar ilə almışdır, eyni zamanda əmək pensiyası təyin olunduğu vaxtdan etibarən bir müddət əmək fəaliyyətini davam etdirdiyindən (hər 6 ildən bir - 2017-ci ildə) aldığı əmək pensiyası yenidən hesablanaraq artırılmışdır. İkinci dəfə isə həmin bu 6 il tamamında, yəni 2023-cü ilin oktyabr ayında yenidən hesablanma aparmaq üçün sənədlərini DOST Xidmətinə təqdim etmiş, ordan isə sənədləri hazırkı iş üzrə cavabdeh təşkilata göndərilmişdir. Həmin ana qədər iddiaçının əmək pensiyası 922 manat civarında idi və o bu məbləğin artırılmasına ümid edirdi. Lakin 2023-ci ilin noyabr ayından cavabdeh təşkilatın ona çatası pensiyaya özünün birtərəfli qaydada müdaxiləsi nəticəsində aldığı pensiya məbləği azaldılaraq 788,79 manat məbləğə salınmış, iddiaçıya guya DSMF tərəfindən 12843,75 manat artıq pul vəsaitinin ödənilməsi bəyan edilmiş, bu səbəbdən aldığı pensiya məbləğindən dekabr 2023-cü il tarixindən etibarən hər ay tutulumasının icra edildiyinin başlandığını bildirmişlər. Cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab edərək müraciət edərək aldığı əmək pensiyanın əsassız və qanunsuz olaraq azaldığını, pensiyasına müdaxilə edilməmişdən qabaq ki, pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılmasını xahiş etmiş. Cavabdeh tərəfindən ona bildirilmişdir ki, tam səlahiyətləri çərçivəsində hərəkət etmişdirlər. İddiaçının ən zərərli istehsalat sahəsində müvafiq əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir (Əmək pensiyaları haqqında Qanun, maddə 31.2 və İnzibati icraat haqqında Qanun, maddə 19). Həmçinin, 2009-cu ildə DSMF tərəfindən ona güzəştli şərtlərlə pensiya təyin edilərkən tərəfindən sui-istifadəyə yol verilməmişdir (qəsdən düzgün məlumat yazılan sənədlər təqdim etmə, əmək haqqını və ya başqa gəlirlərin gizlənməsi və s.). Cavabdeh əmək pensiyasının təyin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır və o, Əmək pensiyaları haqqında Qanuna uyğun olaraq pensiyanı təyin etməli və yenidən hesablamalıdır (Əmək pensiyaları haqqında Qanun, maddə 30.1). Bundan başqa, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasını ehtiva edir. (Əmək pensiyaları haqqında Qanun, maddə 39.1). Eyni zamanda, - hesabda səhvə yol verilməsi halları istisna olmaqla, pensiya təyin edən orqan tərəfindən artıq verilmiş pensiya, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlərin tutulması yolverilməzdir və qadağandır. Son olaraq, onun əmək pensiyasının miqdarı azaldılarkən, müvafiq inzibati icraatın başlanılacağı barədə məlumat da verilməmiş, onun iştirakı olmadan, birtərəfli qaydada qərar qəbul olunmaqla əvvəlki pensiyasının miqdarı azaldılmışdır. Belə ki, cavabdeh iddiaçının qanuni tələbini icra etməkdən və onun mənafeyinə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən imtina etmişdir. Bununla da cavabdeh onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdehin qəbul etdiyi “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1993/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-2243/2024 nömrəli qərarların ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli e-2-1(118)- 3313/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-597/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-1993/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2243/2024 nömrəli “əmək pensiyanın yenidən hesablanması” haqqında qərarları ləğv edilmiş, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulan pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi 12 yanvar 2024-cü il tarixli 3-17-1/3-3-597/2024 saylı, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1993/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2243/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarları üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan ləğv edilməlidir. İddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı, eyni zamanda 20 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 50 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə onun pensiya hüququ 50 yaşının tamam olduğu 04 noyabr 2009-cu il tarixindən yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. İddiaçının ona artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Beləliklə cavabdeh tərəfindən qəbul edilmiş 12 yanvar 2024-cü il tarixli 3-17-1/3-3-597/2024 saylı, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 1993/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2243/2024 saylı etdiyi “Əmək pensiyanın yenidən hesablanması” haqqında qərarlar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq, xx.xx.2000-ci il tarixindən 1 nömrəli siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 nömrəli siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli siyahı üzrə 52 (qadınlar üçün isə 47) yaş, 2 nömrəli Siyahı üzrə kişilər üçün 57 (qadınlar üçün isə 52) yaş həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq, xx.xx.2006-cı tarixədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı dövrdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Lakin, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan, qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçıya 50 yaşından (1 nömrəli siyahı üzrə) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyası 52 yaşından yenidən hesablanaraq pensiya məbləği azaldılmışdır. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci il tarixdən etibarən 1 nömrəli siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsaslı saymayaraq bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən 13-cü maddəsinin “a” bəndinin tələblərindən göründüyü kimi, xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir. Bu baxımdan, pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (2-1(102)-2641/2019 nömrəli, 2-1(102)-1573/2023 nömrəli və 2-1(102)-2023/2023 nömrəli və 2-1(102)-1293/2024 qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi ilə tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixədək toplamış şəxslərə əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni 50 yaşdan təyin edilməlidir. Hazırkı iş üzrə xx.xx.1997-ci il tarixədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 stajının olması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixədək topladığına görə, onun 52 yaşından deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Başqa sözlə iddiaçıya pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin, təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur. Bunun əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 50 yaşından pensiya təyini vaxtilə qüvvədə olan qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğun həyata keçirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1843/2024 nömrəli, 2- 1(102)-2274/2024 nömrəli qərardadları ilə cavabdeh inzibati orqanın apellyasiya instansiya məhkəməsinin qərarından eyni dəlillər (əmək pensiyasının pensiya sığorta kapitalına uyğun olaraq 52 (57) yaşından təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən 50 (55) yaşından hesablanaraq təyin edilməsi) əsasında verdiyi kassasiya şikayətləri belə mübahisələrə dair işlər üzrə hüququn tətbiqinə dair mövcud və aydın vahid məhkəmə təcrübəsi olduğundan mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya 52 yaşdan əmək pensiyası təyin edilməli olması əsası ilə qəbul etdiyi iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı qanunsuz və əsassız olmuşdur. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-3313/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar