Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1105/2024 02.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçının güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən bərpa edilərək əvvəlki qaydada ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2004/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 avqust 1958-ci ildə anadan olmuşdur. İşdə olan 826493 nömrəli Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitısinin 15 iyul 1976-cı il tarixdə verdiyi diplomdan görünür ki, iddiaçı 1973-cü ildə Sumqayıt şəhəri 49 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1976-cı ildə bu məkəbin tam kursunu bitirərək elektrik-qaz qaynaqçısı peşəsi və ümumi orta təhsil almışdır. WT-İ N ******* olan əmək kitabçasının surətinə əsasən iddiaçı 1976-cı ildən 1997-ci il tarixə kimi M.Əzizbəyov adına “Kimyasənaye” İstehsalat Birliyində çalışmışdır. xx.xx.2023-cü il tarixli, 17 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1977; xx.xx.1979-xx.xx.1990; xx.xx.1991-xx.xx.1997-ci illərdə Sumqayıt “X2” Zavodunda işləmiş və işlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək 26 il, 10 ay, 20 gün ümumi iş stajı mövcudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14674/2023 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 2072,86 manatdan 428,56 manat, məbləğindəkək azaldılmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən ona yenidən hesablanmış pensiya məbləğindən (428 manat, 56 qəpik) 10% tutulmalar həyata keçirilir. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən bərpa edilərək əvvəlki qaydada ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra apellyasiya məhkəməsində iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək əmək pensiyasının yenidən hesablanması barədə 10 iyul 2023-cü il tarixli, 3- 17-1/3-3-14674/2023 saylı qərarın ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 avqust 1976-cı ildə Sumqayıt şəhərində yerləşən əvvəlki adı Məşədi Əzizbəyov adına “Xlor üzvü maddələr” zavodunda çilingər vəzifəsi üzrə işləməyə başlamışdır. xx.xx.1997-ci ilə kimi həmin zavodda müxtəlif vəzifələrdə çalışmışdır. Həmin müddət ərzində onun işlədiyi zavod xüsusi zəhərli və ağır iş şəraitdə işləyən zavod idi. İddiaçı ümumilikdə 21 ilə yaxın xüsusi zəhərli və ağır şəraitdə staj toplamışdır. Ona xx.xx.2008-ci ildə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Lakin xx.xx.2023-cü ildə ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya səbəbsiz yerə azaldılmışdır. Hazırda iddiaçının pensiyası 428,65 manatdır. İddiaçı 50 yaşdan pensiyaya çıxmış və qanunvericiliyə əsasən zərərli sahədə işləyən vətəndaş 20 ildən artıq ümumi staja malikdirsə 50 yaşından yaşa görə pensiyaya çıxa bilər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 26 il 10 ay 20 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 31,74 manat (26,89 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 49,19 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3798,72 manat sığorta kapitalına uyğun 26,38 (3798,72:144) manat və baza hissəsi (75,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 150,57 (49,19+26,38+75,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2013-cü il tarixinədək indeksləşdirilməklə 172,14 manat). Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının xx.xx.2013-cü il tarixində işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 2523,96 manat sığorta kapitalına görə əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (2523,96 : 108 ay (144 ay-36 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=23,37 manat) xx.xx.2013-cü il tarixindən yenidən hesablanaraq 172,14 manatdan 195,51 manata artırılıb (xx.xx.2023-cü il tarixinədək indeksləşdirilməklə 428,56 manat (maddi yardım əlavə edilməklə)). “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla 51172,80 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 51172,80 manat pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 42,86 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 428,56 manat təşkil edir. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 8 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunub. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün 7 iyul 2023-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıqödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 14674/2023 nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2004/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı vaxt kişilərdə yaş həddi 52 yaş olduğundan, lakin iddiaçıya düzgün olmayaraq 50 yaşdan pensiya təyin edilərək ödəmələr aparıldığından məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı hesab edilməməlidir. Bundan əlavə iddiaçı 10 iyul 2023-cü il tarixdə cavabdeh orqana ərizə yazaraq ona artıq ödənilmiş vəsaitin pensiyasından 10% tutulmasına etiraz etməmişdir. Ona görə də cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyasının 10% məbləğində - 42,85 manat tutularaq büdcəyə bərpa edilməkdə davam etdirilir. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2023-cü ildən əmək pensiyası və ona əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasçısından son üç il üçün tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması ilə bağlı ümümi və xüsusi staja malik olsa da, pensiya yaşının müəyyən edilməsi düzgün həyata keçirilmədiyindən, yəni 52 yaş əvəzinə 50 yaşdan pensiya hesablandığına görə, həmçinin, özünün ərizəsi ilə pensiyasından tutulmaya razılıq verməsindən irəli gələrək əmək pensiyasının yenidən hesablanaraq 428,56 manat olmasına dair cavabdeh inzibati orqanın yanaşması doğrudur. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, pensiya haqqında qanunvericilikdə qeyd olunmuşdur ki, bu qanun qüvvəyə minənə qədər Xüsusi Zəhərli və Ağır iş Şəraitdə işləyən vətəndaş 20 il ümumi əmək stajı toplayıbsa, burdan da açıq aydın olur ki, həmin vətəndaş 50 yaşı tamam olan zaman yaşa görə pensiyaya çıxa bilər. Bu göstərilən əsasları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən bərpa edilərək əvvəlki qaydada ona ödənilməsinin təmin edilməsini qanuni və əsaslı hesab edilir. 07 iyul 2023-cü il tarixində “Mərkəzi Filiala” dəvət edilmişdir. 09 iyul tarixində o, həmin çağırışa cavab olaraq qəbula getmişdir. Lakin onun heç bir mülahizəsi və fikirləri dinlənilmədən ona yenidən hesablanmış pensiya cədvəlini təqdim etdilər. O, bu halın qeyri-qanuni hal olduğunu bildirmiş və bunun “Əmək Pensiyaları haqqında” Azərbaycan Respubliksı Qanununun 9.8-ci maddəsinə əsasən zidd olduğunu bildirmiş və ona təqdim olunan yenidən hesablanmış pensiya cədvəlinə etirazını yazılı surətdə bildirərək öz imzası ilə də imzalamışdır. Eyni zamanda ona bir akt da təqdim olundu, o isə həmin akta etiraz edərək imzalamışdır. Sonradan ona başqa bir sənəd də təqdim edərək, deyiblər ki, o, hər ay əmək pensiyasından 10 % tutulmağına razı olduğunu bildirməlidir. İddiaçı bunun əvvəlki pensiyasından tutulmasını düşünərək nəzərə alıb imza etmişdir. Nəticə etibarı ilə o, açıqaydın aldanılmışdır. O, bütün bu olanlara etiraz etdiyinə görə Mərkəzi Filialın şöbə müdiri ona bildirib ki, onu məhkəməyə verib əmək pensiyasından 20% pul tutulacaq. Lakin heç bir məhkəmə sənədi olmadan əmək pensiyası qanunsuz olaraq azaltmışlar. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından 18 iyul 2023-cü ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə onun müraciətlərinə çox əsassız və doğru olmayan imtina cavabları gəlmişdir. Beləliklə, onun hüquqları kobud şəkildə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq onu da göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14674/2023 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 2072,86 manatdan 428,56 manat, məbləğindəkək azaldılmışdır. Həmçinin iddiaçıya artıq ödənilmiş məbəğin geri qaytarılması üçün ona yenidən təyin edilmiş pensiya məbləğindən 10% həcmində tutulmlar aparılır. Onu da bildirdi ki, iddiaçının nə ümumi əmək stajı, nə də xüsusi əmək stajı mübahisələndirilmir, tək mübahisələndirilən məsələ iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edilməsi olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən bərpa edilərək əvvəlki qaydada ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, əmək pensiyasının yenidən hesablanması barədə 10 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-14674/2023 saylı qərarın ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının xx.xx.2006-cı il tarixədək 26 il, 10 ay, 20 gün ümumi iş stajının olması işin mübahisəsiz halıdır. Hazırkı mübahisə hüququn hansı qaydada tətbiqi ilə bağlıdır. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən 1 nömrəli siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsaslı saymayaraq bildirir ki, əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Kollegiya qeyd edir ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Məsələn, son dövrlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı da həmin təcrübəyə əsaslanaraq şəxsə 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli olduğu qənaətinə gəlmişdir. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli qərarlarında göstərilmişdir ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Həmçinin, “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadının 40-cı bəndində də qeyd edilmişdir ki, vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır. Cavabdeh vaxtilə iddiaçıya 50 yaşda pensiya təyin edilməsinə dair qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Kollegiya hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün 68.2-ci maddədə qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinsipinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: - inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də:
1. Maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli;
2. Ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli;
3. Ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. 1-ci və 2-ci halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin, 3-cü hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Odur ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmişdir, yəni xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması onun pensiyasının azaldılmasına əsas ola bilməz. Belə ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümumi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. Hazırkı məhkəmə araşdırması ilə də iddiaçının əmək pensiyasının 52 yaşından yenidən hesablanmasına dair cavabdehin qərarının qanunsuzluğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına düzgün qiymət verməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-2004/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh inzibati orqanın “Əmək pensiyasının yenidən hesablanması” barədə 10 iyul 2023-cü il tarixli, 3-17-1/3-3-14674/2023 saylı qərarı ləğv edilsin və əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.