Məhkəmə qərarları › İş №2-1(105)-1107/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1107/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1107/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2081/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim İmran Burcayev) xx.xx.2024-cü il tarixli 2-1(118)- 2081/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “koordinatlarının dəqiqləşdirilməsi və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu Saray qəsəbəsində yerləşən İddiaçı məxsus 0,0292 ha torpaq sahəsinin dürüstləşmədən sonrakı vəziyyəti nəzərə alınaraq, faktiki koordinatlarının dəqiqləşdirilməsi və mülkiyyətində olan torpaq sahəsinə uyğun olaraq yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “koordinatlarının dəqiqləşdirilməsi və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********64 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə üst-üstə düşən hissədə ləğv edilərək, adına faktiki istifadə vəziyyətinə uyğun olan plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********64 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İstifadə, sahiblik və mülkiyyətində olan torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə koordinatları arasında uyğunsuzluq mövcuddur. Mövcud uyğunsuzluq torpaq sahəsinə dair hüquqlardan istifadə üçün maneələr yaradaraq müəyyən mübahisələrə səbəb olur. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşür. Faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşən torpaq sahələrinin plan və ölçü sənədlərinin üst-üstə düşən hissədə ləğv edilərək qeyd olunan uyğunsuzluğun aradan qaldırılması, faktiki istifadə vəziyyətinə uyğun olan plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin 3-21-3-32/2-H-0234-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina barədə bildiriş məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 3-21-3-32/2-H-0234-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş məktubunda imtina üçün əsas kimi torpaq sahəsinin faktiki yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında fərqin olması, uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görüldüyü, əmlakla bağlı mübahisə olduğu, plan və ölçü sənədlərinin ləğv edilməsinin 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğu qeyd edilmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. Qeyd olunan sənədə əsasən müəyyən edilmiş koordinatlarla faktiki istifadə və sahibliyində olan torpaq sahəsinin koordinatları arasında fərqin olması iddiaçının nöqsanı olmamışıdr. Torpaq sahəsi harada və hansı konfiqurasiyada ayrılıbsa həmin koordinatlar daxilində də yerləşməkdədir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanması barədə məlumatı var. Lakin qeyd olunan Fərmanın imzalanmasından 7 il ötməsinə baxmayaraq mövcud uyğunsuzluqlar hələ də aradan qalxmamışdır. Torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməməsi iddiaçıya mülkiyyət hüququndan istifadə etməyinə maneələr törədir. 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın nə vaxt icra olunacağı sual altındadır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2015-ci il tarixli **********64 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,0292 ha torpaq sahəsinin dürüstləşmədən sonrakı vəziyyəti nəzərə alaraq, faktiki koordinatlarının dəqiqləşdirilməsi və mülkiyyətində olan torpaq sahəsinə uyğun olaraq yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq sənədlərin araşdırılması zamanı ərazidə torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında fərq olduğu müəyyən olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsinin 27 sentyabr 2023-cü ıl tarixli müraciətinə cavab olaraq təqdim edilmiş imtina bildirişində qeyd olunmasa da, təkrar araşdırma zamanı sözügedən torpaq sahəsinə dair heç bir üst-üstə düşmə halının mövcud olmadığı aşkarlanmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyət və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. İddiaçıya məxsus torpaq sahəsi və qonşu torpaq sahələrinin yerləşməsi ilə bağlı qonşular arasında mübahisə olduğu, dürüstləşmədən sonrakı vəziyyət ilə əlaqədar hüquqlarına toxunan qonşulardan birinin narazılığı olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-1284 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 xx.xx.2015-ci il tarixli çıxarışa əsasən tam mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan ümumi sahəsi 0,112 ha torpaq sahəsinin 0,03 ha hissəsini 5.400 manata İddiaçı satmışdır. xx.xx.2015-ci il tarixli **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan sahəsi 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin İddiaçı məxsus torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə AA seriyalı 038291 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir (koordinatları qeyd edilməklə). Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqaŸvə ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2015-ci ildən mövcuddur və elektron bazada öz əksini tapmışdır. Mübahisəli torpağa dair plan-ölçü sənədindən də göründüyü kimi, təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları olan müvafiq torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, plan-cizgi, bonitet balı və keyfiyyət qrupu da qeyd olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan İddiaçı əsası qeyd olunmadan müvafiq torpaq sahəsinin sənədlərdəki göstəriciləri ilə uyğunsuzluq təşkil etdiyini bildirərək, mövcud mübahisəli vəziyyəti aradan qaldırmamışdır. İddiaçının dəfələrlə cavabdeh orqana müraciəti müsbət həllini tapmadığından bu hal onun torpaq üzərində sərəncam hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdeh mövcud vəziyyəti təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı uyğunsuzluq isə iddiaçının təqsiri deyildir. İddiaçının nümayəndəsi vasitəsi ilə cavabdeh orqana növbəti müraciətində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin dürüstləşdirilməsi işləri aparılmışdır. Bununla da iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları göstərilməklə 0,0292 ha olduğu bildirilmişdir. Məhkəmə sorğusu nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə dair notariat işi təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçı A.X1 məxsus 0,112 ha torpaq sahəsinin 0,03 ha hissəsini satın almış və müvafiq olaraq dəyərini ona tam ödəmişdir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi başqa şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üstə-üstə düşmür. Beləliklə, iddiaçının məqsədi mülkiyyətində olan torpaq sahəsinin dürüstləşmədən sonrakı vəziyyəti nəzərə alınaraq, faktiki koordinatlarının dəqiqləşdirilməsi və həmin vəziyyətə uyğun plan və ölçü sənədinin hazırlaması ilə bağlı olmuşdur. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının torpaq sahəsi üzərində toxunulmaz mülkiyyət hüququ mövcuddur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsinə dair artıq mülkiyyət hüququ qeydiyyata alındığı halda, cavabdeh inzibati orqanın imtina və etirazın əsası kimi göstərdiyi hallara istinad etməsi özlüyündə iddiaçının ona məxsus olan torpaq sahəsini xarakterizə edən əsas göstəricilərindən biri olan ölçülərinin müəyyən edilməsi imkanından məhrum olmasına, bu hüququnun məhdudlaşdırılmasına, dolayısı ilə mülkiyyət hüququnun realizəsinə maneçilik törədilməsinə gətirib çıxarda bilər. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinə ziddir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2081/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar