Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1108/2025 30.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4292/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 05 dekabr 2022-ci il tarixli, **********2 nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərarı ilə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh (VÖEN **********) məxsus əmlakın (torpaq sahəsi) siyahıya alınması qərara alınmış və bu barədə xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmişdir.
3. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********2 nömrəli protokola əsasən qiyməti 5000 manat qiymətləndirilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsində torpaq sahəsi siyahıya alınmışdır.
4. İddiaçının xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergi borcunu dövlət büdcəsinə tam ödəmədiyi təqdirdə siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq olunmuşdur.
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3088.58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Zalov X1 Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun DSMF-yə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmiş, cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və cavabdehin həmin tarixə yaranan 3088,58 manat borcuna görə 5000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən 3088,58 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
7. Şirvan İnzibati Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2218/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
8. Şirvan Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(106)-184/2024 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 2218/2023 nömrəli qərarı ləğv edilmiş və iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. c) Birinci instansiya məhkəməsində ikinci icraat
9. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4292/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İmran Burcayev).
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əmlakın siyahıya alınması barədə protokol cavabdeh tərəfindən imzalanmamış, cavabdeh, ümumiyyətlə, həmin protokolun tərtibində iştirak etməmişdir. Hazırda cavabdehin nə qədər borcu olduğu iş materialları ilə sübut edilmir, bundan əlavə inzibati orqan vergi ödəyicisinin daşınmaz əmlakını (torpaq sahəsini) 5000 manat məğbləğində dəyərləndirsə də, bu dəyərləndirmənin nəyin əsasında həyata keçirilməsi bəlli deyil. Bundan başqa, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli Qərarının 3-cü bəndinə əsasən icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2024-cü il tarixli, 2-1(105)-1133/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakim Vahid Hacıyev).
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.
14. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 2- 1(102)-1028/2025 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
15. Kassasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli, 89 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” nın 3-cü bəndində fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmədiyi göstərilmişdir. Göründüyü kimi istənilən 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin deyil, əsas məşğuliyyəti kənd təsərrüfatı olan şəxsin 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmədiyi müəyyən edilmişdir. Lakin, apellyasiya məhkəməsi tərəfindən cavabdehin əsas məşğuliyyətinin kənd təsərrüfatı olması ilə bağlı araşdırma aparılmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilməməsi o halda borcluya tətbiq edilir ki, borclunun “əsas məşğuliyyət növü” birmənalı şəkildə kənd təsərrüfatı təyinatlı torpaqla əlaqədar olsun. Cavabdehin əsas məşğuliyyət növü vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********2 nömrəli protokolla siyahıya alınmış kənd təsərrüfatı təyinatlı torpaqla əlaqədar deyil, ixtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı (fəaliyyət kodu: 47220) fəaliyyət növüdür.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Tərəflər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; ... Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ... 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin, vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. ... Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. ... 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ...
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, eləcə də, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırma apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
24. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
26. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi vergi orqanının “Əmlakın siyahıya alınması haqqında” qərarı ilə cavabdehin dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə 3088,58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus 5000 manat dəyərində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi siyahıya alınmışdır.
27. Hazırda iddiaçının tələbi cavabdehə məxsus siyahıya alınmış həmin əmlakın satılmasına dair qərar qəbul edilməsi barədədir.
28. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” nın 3-cü bəndinə əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilməməsi halını əsas gətirərək bu əsasla iddianı rədd etmişdir.
29. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.
30. Kassasiya instansiya məhkəməsi isə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, işi təkrar baxılması üçün geri qaytarmış və təkrar baxış zamanı istinad olunan Siyahının 3-cü bəndinə müvafiq olaraq cavabdehin əsas məşğuliyyətinin kənd təsərrüfatı olub-olmaması ilə bağlı araşdırma aparılmalı olduğunu qeyd etmişdir.
31. Məhkəmə kollegiyası tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində cavabdehin əsas məşğuliyyətinin kənd təsərrüfatı fəaliyyəti olmadığı müəyyən edilmişdir.
32. Belə ki, cavabdeh vergi ödəyicisinin Cavabdeh (VÖEN **********) fəaliyyət növü barədə məlumat verilməsinə dair kollegiyanın sorğusuna cavab olaraq iddiaçı vergi orqanının 07 noyabr 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən cavabdehin fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı” (kod: 47220) və “İxtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı” (kod: 47780) olduğu qeyd edilmişdir.
33. İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartlarından görünür ki: 47220 kodu üzrə (ixtisaslaşdırılmış mağazalarda ət və ət məhsullarının pərakəndə satışı) vergi ödəyicisinin fəaliyyətinə: - ət və ət məhsullarının pərakəndə satışı, - ev və ov quşlarının pərakəndə satışı”; 47780 kodu üzrə (ixtisaslaşdırılmış mağazalarda sair yeni məhsulların pərakəndə satışı) isə: - suvenir, kustar istehsalı məmulatları və dini əşyaların pərakəndə satışı, - məişət maye yanacağı, balon qazı, kömür və ağac yanacağının pərakəndə satışı, - silah və döyüş sursatlarının pərakəndə satışı, - poçt markaları və sikkələrin pərakəndə satışı, - fotoaparatura, optik və dəqiq cihazların pərakəndə satışı, - digər qeyri-ərzaq məmulatların pərakəndə satışı, - optikaların fəaliyyəti, - kommersiya incəsənət qalereyalarının fəaliyyəti aiddir.
34. Göründüyü kimi cavabdehin vergi ödəyicisi kimi fəaliyyəti kənd təsərrüfatı deyil, ət və sair məhsulların pərakəndə satışı, yəni ticarət fəaliyyətidir. Həm 47220, həm də 47780 kodları pərakəndə ticarət sahəsinə aid olub, iqtisadi fəaliyyət növlərinin təsnifatında kənd təsərrüfatı fəaliyyətlərindən tamamilə fərqli kateqoriyada yer alır.
35. Kənd təsərrüfatı fəaliyyəti dedikdə, əsasən heyvanların yetişdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, ilkin emal və yetişdirmə prosesləri nəzərdə tutulur.
36. Cavabdehin fəaliyyət növü kimi qeyd olunan ət və ət məhsullarının pərakəndə satışı kənd təsərrüfatı məhsulunun istehsal mərhələsindən sonra, yəni dövriyyə və satış mərhələsində həyata keçirilən ticarət fəaliyyətidir. Eyni zamanda, “sair yeni malların pərakəndə satışı” fəaliyyəti də kənd təsərrüfatı ilə hər hansı bir istehsal əlaqəsi olmayan, sırf alqı-satqı münasibətlərinə əsaslanan sahibkarlıq növüdür.
37. Beləliklə, qeyd edilənlər nəzərə alındığında aydın olur ki, cavabdeh AR NK-nın xx.xx.2002-ci il tarixli, 89 nömrəli Qərarının 3-cü bəndində göstərilən əsas məşğuliyyəti kənd təsərrüfatı olan vergi ödəyiciləri kateqoriyasına aid deyildir. Bu baxımdan, həmin bənddə qeyd olunan güzəşt ona münasibətdə tətbiq edilə bilməz.
38. Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlakın məhkəmə qaydasında qəbul edilən qərar əsasında satılması imkanı vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə ödənilməsinin siyahıya alınma mərhələsindən sonra gələn təminat üsulu kimi çıxış edir. Qanunvericilikdə bu hüquqi imkandan istifadə edilməsinin qayda və şərtləri dəqiq tənzimlənmişdir. Buna görə, əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.
39. Yəni, vergi orqanı tərəfindən belə iddia verilənədək siyahıya alınma barədə qərar qəbul edilməli, həmin qərarın qəbul edilməsindən 30 gün keçməsinə baxmayaraq büdcə qarşısında olan öhdəlik yenə də yerinə yetirilməmiş olmalıdır.
40. Həmçinin, həm hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarlarında (2-1(102)-2442/2024, 2-1(102)-1028/2025 və 2-1(102)-1536/2025 nömrəli və s.) formalaşdırılmış məhkəmə təcrübəsinə görə bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da qəbul edə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə, maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalıdır. İlk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə, onun vicdanlı hesab edilməsinin mümkünlüyü; satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s.
41. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən qeyd olunan meyarlar baxımından araşdırma və qiymətləndirmə aparılmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçı vergi orqanının 21 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə borc məbləği vergilər üzrə 882,47 manat, sosial sığorta haqları üzrə 3088,56 manat, icbari tibbi sığorta üzrə 232,24 manat təşkil edir.
42. Göründüyü kimi, cavabdeh tərəfindən əmlak siyahıya alındığı tarixdən mövcud olan borc məbləğinin ödənilməsinə yönəlmiş davranış həyata keçirilməmiş, hazırkı tarixədək borc məbləği olduğu kimi qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə həmin borc öhdəliyinin yerinə yetirilməməsinin üzrlü səbəbləri bildirilməmiş, eləcə də, ciddi diqqətəlayiq maraqları da müəyyən edilməmişdir.
43. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 2-1(118)-4292/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3088.58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun 5000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.