Məhkəmə qərarları › İş №2-1(105)-111/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-111/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-111/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı ayrılmış ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1068/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə iddiaçının adına fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmış və ona həmin sahədə fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsinin qeydiyyata alınmasını və çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Saray qəsəbə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə iddiaçının adına Saray qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın arxivdən çıxarışı da mövcuddur. Sözüedən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışn verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan 22 aprel 2020-ci il tarixli, **********06 saylı məktubu ilə iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. İddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyati orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Mülkiyyət hüquqununun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1068/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səlahiyyətsiz şəxs - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 39 nömrəli sərəncamı ilə vətəndaşın istifadəsinə Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 novabr 1999-cu il tarixli 39 nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və va təsdiq edilmiş ayrıca aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin bildirilmişdir ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilərkən torpaq sahəsinin sərhədlərinin şərti olduğu aşkar edilmişdir. Daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilərkən torpaq sahəsinin sərhədlərinin şərti olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi icra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Məmmədli kəndi üzrə nümayəndəliyinin sərəncam verməsi o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. O zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinə əsasən rayon tabeli səhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmadığına istinad edərək imtina cavabı vermişdir. Bundan başqa, imtinasında göstərmişdir ki, müayinə zamanı torpaq sahəsinin sərhədlərinin mərz nişanları ilə ayrılmadığı aşkar edilmişdir. İş materiallarından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli 59 saylı əmri ilə qəsəbə daxilində boş, istifadəyə yararsız torpaq sahələri və Abşeron rayon İcra Hakimiyyətinin 28 aprel 1994-cü il tarixli, 233 saylı sərəncamı ilə Saray qəsəbə İcra Nümayəndəliyinin sərəncamına verilmiş 25 ha torpaq sahəsindən İddiaçı 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü və Abşeron rayonu X1 planından çıxarış da hazırlanmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 1396 nömrəli, 24.09.2014-cü il tarixli rəyində Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05.11.1999-cu il tarixli 39 saylı sərəncamına əsasən İddiaçı 0.10 ha olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiq olmaqla DTXK-nın Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmədiyi bildirilmişdir. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apelyasiya şikayətinin eyni dəlili (torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmaması) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 28 aprel 1994-cü il tarixli, 233 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin sərəncamına 25 ha torpaq sahəsi verilmişdir. Cavabdeh torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncam vermək hüququnun olmadığına istinad etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı Abşeron Rayon İcra Hakimiyyətinin 28 aprel 1994-cü il tarixli, 233 saylı sərəncamının arxiv çıxarışından müəyyən edilmişdir ki, qəsəbə icra nümayəndəliyi iddiaçıya torpaq sahəsi ayırarkən səlahiyyətli olmuşdur. Belə ki, arxiv çıxarışında göstərilmişdir ki, torpaqların vətəndaşlara Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilsin. Cavabdehin digər imtina əsası (müayinə zamanı torpaq sahəsinin sərhədlərinin mərz nişanları ilə ayrılmaması) ilə bağlı isə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü və Abşeron rayonu X1 planından çıxarış da hazırlanaraq iddiaçıya verilmişdir. Həmin sənədlərə əsasən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1068/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar