Məhkəmə qərarları › İş №2-1(105)-111/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-111/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-111/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Azpetrol LTD" MMC-yə ayrılmış 0.20 ha torpaq sahəsinin naturada tanıdılması və s. öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13.10.2021-ci il, 2-1(118)-2012/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı İddiaçı MMC-yə ayrılmış 0.20 ha torpaq sahəsinin naturada tanıdılması və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon 1 nömrəli Dövlət Notariat Kontorunun 23 avqust 2005-ci il tarixli, 4Ə/-1886 nömrəli alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi "xxxx" MMCyə satılmışdır. Bununla əlaqədar, şirkətə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” 08.09.2005-ci il tarixli, JN-0099 (kod ********) Dövlət Aktı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” 08.09.2005-ci il tarixli, JN-0099 (Kod********) Dövlət Aktında qeyd olunan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin naturada göstərilməsində köməklik göstərilməsi üçün şirkət tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 02.07.2021-ci il tarixli, 07-502 nömrəli müraciət məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09.07.2021-ci il tarixli, **********50 saylı məktubunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Cavabdeh MMC-yə müraciət etməli olduqları qeyd edilmişdir. Bu səbəbdən, şirkət tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Cavabdeh MMC-yə 27.07.2021-ci il tarixli, 07-553 nömrəli müraciət məktubu göndərilmişdir. Həmin müraciət məktubunda da, “Torpağa mülkiyyət hüququna dair” 08.09.2005-ci il tarixli, JN-0099 (Kod ********) Dövlət Aktında qeyd olunan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin naturada göstərilməsində köməklik göstərilməsi xahiş olunmuşdur. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Cavabdeh MMC tərəfindən şirkətə 20.09.2021-ci il tarixli, **********92 nömrəli məktubla imtina edilmişdir. Sözügedən imtina məktubunda “elektron kadastr bazasına əsasən sözügedən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən torpaq sahəsinin naturada tanıdılması mümkün olmamışdır” kimi qeyd edilmişdir. Şirkətin faktiki olaraq mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin hansı hüquqi və fiziki şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri və ən əsası hansı hissələrdə üst-üstə düşdüyü qeyd edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Cavabdeh MMC-nin 20.09.2021-ci il tarixli, **********92 nömrəli məktubunda göstərilən əsaslarla müraciətlərindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 13.10.2021-ci il, 2-1(118)-2012/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, cavabdehin əsl cavabehlə, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz olunması və işə müvafiq qaydada mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadın əsaslandırılmasında birbirinə zidd iki mövqe qeyd edilmişdir. Bir tərəfdən məhkəmə, tərəflərin ikisi də məhdud məsuliyyətli cəmiyyət olduğu üçün işin mülki mühakimə icraatı qaydasında baxılmalı olduğunu, digər tərəfdən isə iddianın Cavabdeh MMC-yə qarşı deyil, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı olmalı olduğu qeyd etmişdir. Bundan görünür ki, məhkəmə bu işi hansı qaydada baxılması ilə bağlı bir konkret nəticəyə gəlməmişdir. Məhkəmə bu prosesdə iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı qeyd etdiyi cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklifini verməmiş, yalnız məhkəməyə yenidən müraciət edilməsini təklif etmişdir. Qeyd edilən xidmət müraciətinə cavab olaraq bildirmişdir ki, müvafiq məsələyə qanunvericiliyə uyğun olaraq sözügedən MMC-yə müraciət edildiyi zaman baxılacaqdır. Bundan başqa, müvafiq cavabda müvafiq tapşırığın verilməsi də qeyd olunmuşdur. Xidmət və onun tərkibində olan qurumla yazışmaların nəticəsində 28 sentyabr 2021-ci il tarixində şirkətə məsələnin həll edilməsinə imtina məktubu daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatının 31.1.2-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati orqanların təsnifatına daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 5.1-ci maddəsinə əsasən xidmətin tərkibinə onun aparatı və tabeliyində olan qurumlar daxildir. Cavabdeh MMC sözügedən xidmətinin tərkib hissəsidir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti sorğuya cavab olaraq tərkibində olan MMC-yə müraciət etməyi məsləhət etmiş, həmin MMC isə şirkətə imtina məktubu göndərmişdir. İmtina verildiyi tarixdən 30 gün ərzində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən müvafiq öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət etmək hüquqları mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin naturada tanıdılmasını, mərzçəkmə işlərinin aparılmasını inzibati orqan olmayan hüquqi şəxsdən (MMC) tələb edir. Eyni zamanda iddiaçı özü də hüquqi şəxs qismində çıxış edir (MMC). Məhkəmə hesab edir ki, tərəflərin ikisi də Məhdud Məsuliyyətli Cəmiyyət olduğundan tərəflər arasında mülki mühakimə qaydasında baxılmalıdır. Məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hal-hazırkı iş üzrə Cavabdeh inzibati orqan olmamaqla yanaşı, onun fəaliyyəti də xarakteri etibarı ilə inzibati fəaliyyət hesab edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinə görə yerquruluşu işlərini təşkil etmək və aparmaq, o cümlədən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi hazırkı iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı deyil, həmin Xidmətin yanında fəaliyyət göstərən Cavabdeh MMC-yə qarşı verilib. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi məqsədi ilə cavabdehin əsl cavabdehlə əvəz olunması haqqında təklifi iddiaçı tərəfindən qəbul edilmədi. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati qaydada baxılması mümkün deyil. Hazırkı iddia tələbinə inzibati qaydada baxılmasının mümkün olmaması barədə birinci instansiya məhkəməsinin göstərdiyi əsaslar ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nizamnaməsində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir (bənd 1.1). DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir (bənd 1.3). Cavabdeh MMC-nin nizamnaməsində isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində Cavabdeh yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və ünvan reyestrinin tərtibi və aparılması, coğrafi mövqeləndirmə şəbəkəsi vasitəsilə geodeziya xidmətlərinin göstərilməsi, aeroşəkillərin çəkilməsi və ortofotoxəritələrinin hazırlanması sahəsində fəaliyət göstərən, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş məhdud məsuliyyətli cəmiyyətdir (bənd 1.1). Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. (bənd 1.13) Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyinə verilmiş məhdud məsuliyyətli cəmiyyətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirdiyindən iddiaçı hazırkı tələblə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslar hazırkı iddianın mümkün sayılmaması üçün əsas deyil. Apellyasiya şikayətinin cavabdehin əsl cavabehlə, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz olunması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın mümkünlüyü yoxlanılır, işə mahiyyəti üzrə baxılarkən iddiaçı müvafiq vəsatətlə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13.10.2021-ci il, 2-1(118)-2012/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “Azpetrol LTD" MMC-yə ayrılmış 0.20 ha torpaq sahəsinin naturada tanıdılması və s. öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar