Məhkəmə qərarları › İş №2-1(105)-111/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-111/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-111/2023 07.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, müvafiq texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-951/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 09 dekabr 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil üzərində üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********36 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binası üzərində “Proqress-2016" MTK-nın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ünvan 2 ünvanda inşa olunmuş 5 bloklu yaşayış binasının İ blok, 4-cü mərtəbəsində ümumi sahəsi 88.8 kvadrat metr olan 14 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, müvafiq texniki pasportun verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 “A” ünvanında yüksək mərtəbəli yaşayış binasının ”Hayan-E” MMC tərəfindən layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. ”Progress-2016” MTK "xxxx" MMC-nin hüquqi varisidir. Tikinti işləri 4 (dörd) blokda başa çatmışdır. Həmin yaşayış binasında qeyri-yaşayış sahələri dövlət qeydiyyatına alınmış və xüsusi mülkiyyətə dair müvafiq çıxarışlar verilmişdir. Həmin bloklarda faktiki yaşayanlar vardır. İddiaçı ilə ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış evinin 1-ci blok, İV mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 88.8 kv.metr olan 14 saylı mənzilə dair 28 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onun sözügedən ünvanda yerləşən ümumi sahəsi 88.8 kv.metr olan 14 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin təhvil verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. 14 saylı mənzil faktiki olaraq hal-hazırda iddiaçının sahibliyində və istifadəsindədir. Mənzilə dair 28 dekabr 2017-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən, Abşeron Rayon Məhkəməsinin 2(012)-2874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını nəzərə alaraq həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, müvafiq çıxarışın, texniki pasportunun verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Qeyd edir ki, cavabdehin mənzil üzərində mülkiyyət hüquququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasından imtinaya əsas kimi göstərdiklərinin heç biri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində öz əksini tapmamışdır. İddiaçının müqavilə və maliyyə arayışı yalnız mənzil üzərində sahiblik və istifadə hüquqları yaradır. Həmçinin, Abşeron Rayon Məhkəməsinin 2(012)-2874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, tikintisi başa çatmamış çoxmənzilli yaşayış binasının tərkib hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, çoxmənzilli yaşayış binasının tərkib hissələrinə dair tərəflər arasında notariat qaydasında təsdiq edilməli olan müqavilə qeydiyyat orqanına təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-951/2022 nömrəli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-951/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə "xxxx" MTK ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləni, Abşeron Rayon Məhkəməsinin 2(012)-2874/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini qəbul etsə də çoxmənzilli yaşayış binası istismara qəbul edilmədiyindən iddia tələbini təmin etməmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi həmin yaşayış binasından məhkəmə qərarları əsasında çıxarışların verildiyini etiraf etmiş və tələbinə etirazının olmadığını bildirmişdir. Məhkəmə qərarında tam əksinə, cavabdehin iddia tələbinə etiraz etdiyini qeyd edilmişdir. Qərarda qeyd edilir ki, "xxxx" MTK-dan mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri istismarla bağlı sənədləri tələb etmək hüququ vardır. Qeyd edir ki, ünvan 4 ünvanında inşa olunmuş 5 bloklu yaşayış binasından müxtəlif məhkəmə qərarları əsasında mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışlar və texniki pasportlar verilmişdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-2704/2018 saylı,xx.xx.2018-ci il tarixli qərarı ilə həmin ünvanda inşa olunmuş 5 bloklu yaşayış binasından 324 kv.metr qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixli, seriya RX ******* saylı çıxarış və texniki pasport, 2-1(085)-2740/2018 saylı, xx.xx.2018-cu il tarixli qərarı ilə 5 bloklu yaşayış binasından 87.1 kv.metr qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli elektron qaydada çıxarış və texniki pasport, 2-1(085)-423/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 5 bloklu yaşayış binasından 120 kv.metr qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli, RX seriya 14999422 saylı çıxarış və texniki pasport verilmişdir. Həmçinin, ünvan 5 ünvanında inşa olunmuş 5 bloklu yaşayış binasından aşağıdakı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışlar əldə edilmişdir: 33.5 kv.metr sahəyə dair xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* saylı çıxarış, 96 kv.metr sahəyə dair xx.xx.2019-cu il tarixli elektron qaydada çıxarış, 34.5 kv.metr sahəyə dair xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* saylı çıxarış, 28 kv.metr sahəyə dair xx.xx.2019-cu il tarixli elektron qaydada verilmiş çıxarış. Qeyd edilən sənədlər elektron məhkəmə portalında yerləşdirilmiş və məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin qərarın giriş və əsaslandırma hissəsində bu barədə, ümumiyyətlə, qeyd edilməmiş və hüquqi qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. (-). Maddə 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı (-) 4.7-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin ............................101.2-ci maddəsində (birinci halda), ............................. nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: (-)

4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları; (-).

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə daşınmaz əmlak - çoxmərtəbəli yaşayış binasında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədədir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə zidd olaraq tikintisi başa çatmamış çoxmənzilli yaşayış binasının tərkib hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, çoxmənzilli yaşayış binasının tərkib hissələrinə dair tərəflər arasında notariat qaydasında təsdiq edilməli olan müqavilə qeydiyyat orqanına təqdim edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2874/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmişdir. İddiaçının "xxxx" Mənzil Tikinti Kooperativindən mənzilin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri istismarla bağlı sənədləri tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq yaranmış mübahisənin aydınlaşdırılması üçün çoxmərtəbəli yaşayış binasında yerləşən mənzil üzərində mülkiyyət hüququnun yaranması və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı bir sıra məsələlərin təhlil olunmasını vacib hesab edir. Çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər üzərində mülkiyyət hüququnun yaranması əsasları ilə bağlı Mənzil Məcəlləsinin 112-ci maddəsində deyilir ki, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsində deyilir ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Sadalananları ümumiləşdirərək belə nəticəyə gəlinir ki, yaşayış sahəsinə uyğun pay haqqının tamam ödənilməsi şərtilə yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı həmin yaşayış sahəsi üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İş materiallarında olan ”Progress-2016” MTK–nın 28 dekabr 2017-ci ilin maliyyə arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində, ümumi sahəsi 88.8 kv.m. olan 2 otaqlı, 14 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. İşdən görünür ki, iddiaçı ilə ”Progress-2016” MTK-nın varisi olduğu "xxxx" MMC ilə əvvəllər bağlanmış 20 iyun 2008-ci il tarixli 341 nömrəli müqavilə əsasında tərəflər arasında yeni şərtlərlə 28 dekabr 2017-ci il tarixli, 297 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK əvvəlki müqaviləyə uyğun olaraq Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 4-cü mərtəbəsində yerləşən , ümumi sahəsi 88.8 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 14 nömrəli mənzili pay kimi iddiaçıya ayırmışdır. Həmçinin, iddiaçının ”Progress-2016” MTK və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 sentyabr 2021-ci il tarixli, 2(012)-2874/2021 nömrəli qətnaməsi ilə təmin edilərək sözügedən ünvanda yerləşən ümumi sahəsi 88.8 kv.metr olan 14 saylı mənzilə dair X2 ilə ”Progress- 2016” MTK arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, iddiaçının həmin mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və mənzilin təhvil verilməsi qət edilmişdir. Beləliklə də iş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin dəyərini tam ödəməklə kooperativin üzvlüyünə qəbul olunmuş, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mənzilə dair sahiblik və istifadə hüquqları tanınmışdır. Bu təhlil isə onu deməyə əsas verir ki, iddiaçı istifadə və sahibliyində olan mənzil üzərində mülkiyyət hüququnun tam olaraq qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Lakin bu hüququn realizəsi müəyyən şərtlərə bağlıdır. Belə ki, qeyd edildiyi kimi üzərində hüquqların qeydiyyatı üçün bəyan edilən mənzil çoxmərtəbəli yaşayış binasında yerləşir. Həmin çoxmənzilli və çoxmərtəbəli yaşayış binası isə sadə tikili olmayıb, tikintisinə icazə tələb edilən tikintidir və qanunvericilikdə bu qəbildən olan tikintilər üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün müvafiq sənədlər tələb olunur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 10.2.1-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. İstinad edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən ”Progress-2016” MTK və Abşeron Rayon İcra Hakimiyyətinə sorğu verilərək, ünvan 7 ünvanında yerləşən "xxxx" MMC (hüquqi varis "xxxx" MTK) tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının istismara qəbul edilib-edilməməsi, istismara qəbul edildiyi təqdirdə qəbul aktının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, istismara qəbul edilmədiyi təqdirdə bunun səbəbləri barədə məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti sorğuya cavab olaraq bildirmişdir ki, qeyd olunan çoxmənzilli yaşayış binasının inşası yekunlaşmadığından istismarına icazə verilməsi üçün Rayon İcra Hakimiyyətinə müraciət olunmamışdır. Beləliklə, işdən müəyyən olunur ki, hazırda mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının inşası yekunlaşmadığından bina qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barəsində icazə tələb olunan, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5-ci bəndinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. 6.1-ci bəndinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Beləliklə, qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili nəticəsində müəyyən edilir ki, tikinti obyektinin istismarına icazə məhz tikintisi başa çatmış obyekt barəsində verilir. Hansı ki, həmin istismara icazə sənədi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbləri baxımından mübahisələndirilən mənzilin yerləşdiyi bina kateqoriyasından olan tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki halda isə iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binasının inşası yekunlaşmadığından, bunun nəticəsi olaraq binanın istismarına icazə verilmədiyindən iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkünsüz olur. Odur ki, qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan yuxarıda qeyd olunan maddi hüquq normaların tələblərinə uyğun hərəkət etmişdir, onun tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2-1(118)-951/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar