Məhkəmə qərarları › İş №2-1(105)-111/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-111/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-111/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X6 ibarət tərkibdə, X24 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2351/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 26 aprel 2006-cı il tarixli, 4ə-363 reyestr nömrəli alqı-satqı müqaviləsinə İddiaçı satıldığı göstərilən Quba rayonu, Davidoba kəndində yerləşən 1,70 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən sonuncunun adına 19 may 2006-cı il tarixli, JN-266 KOD 30313038 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayonu, Davidoba kəndində yerləşən 1,70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-C-004-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş JN-266 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının məlumatları Ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Qeyd olunan Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək 20 may 2006-cı il tarixli, JN-266 KOD 30313038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətində olan və Quba rayonu Davudoba kəndində yerləşən 1,70 ha torpaq sahəsinə dair adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 26 aprel 2006-cı il tarixli, 4-Ə- 363 saylı alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Davudoba kəndi ərazisindən 1,70 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi satın almış və həmin sahəyə dair adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən JN-266 KOD 30313038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. 2006-cı ildən halhazıradək qeyd olunan torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etməsinə baxmayaraq, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xətlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2351/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı arxiv məlumatlarında iddiaçının adına Quba rayonu Dövlət notariat konturunda 4-ə-363 saylı, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi aşkarlanmamışdır. Həmçinin, məhkəməyə təqdim olunmuş cavabdehin imtina və etirazında qeyd olunan JN-0266, KOD 30313038 saylı “Torpağa mülkiyyət hüququna dair” X23 elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış və eyni zamanda təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin ona qanunauyğun qaydada verilməsi öz təsdiqini tapmamışdır. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan 1,70 ha torpaq sahəsinə dair iddiaçının adına JN-266 KOD 30313038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı keçmiş DTXK-nin vəzifəli şəxsləri tərəfindən təsdiq edilmişdir. Hesab edir ki, həmin Dövlət Aktının dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi onun təqsiri deyildir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə vəsatət təqdim edərək torpq sahəsinin kateqoriyasının, komunikasiya xətlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə vəsatətini əsassız olaraq təmin etməmişdir. Hesab edir ki, iddia tələbi rədd edilməklə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Quba rayonunda aparılan torpaq islahatı zamanı rayonun Davidoba kəndində yerləşən hazırda mübahisələndirdiyi 1,70 ha torpaq sahəsi pay torpağı kimi X3 verilmiş, daha sonra o, həmin torpaq sahəsindən imtina etmiş və ona başqa pay torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsini 26 aprel 2006-cı il tarixdə Quba rayonu, Hacıhüseynli kənd bələdiyyəsindən alqı-satqı qaydasında əldə etmişdir. A.Ə.Əliməmmədov hazırda ölmüşdür. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayonu, Davidoba kəndində yerləşən 1,70 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi 26 aprel 2006-cı il tarixli, 4-ə-363 reyestr nömrəli alqısatqı müqaviləsinə istinad edərək mübahisəli 1,70 ha torpaq sahəsinin Hacıhüseynli kənd bələdiyyəsindən alqı-satqı qaydasında əldə etdiyini və həmin torpaq sahəsinə dair adına JN-266 KOD 30313038 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edildiyini bildirir. Birinci instansiya məhkəməsi məhkəmə tədqiqatı zamanı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı məlumatların həqiqiliyinin öz təsdiqini tapmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsinin Quba rayon notariat ofisində 26 aprel 2006-cı il tarixli, 4-ə-363 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə dair notariat işinin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Notariat Arxivi xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, həmin notariat ofisi tərəfindən arxivə təhvil verilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən iddiaçının adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Həmçinin, arxivə təhvil verilmiş 4-ə-363 reyestr nömrəli müqavilələrin Quba rayon notariat ofisində 17 may və 06 iyun 2006-cı il tarixlərdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən də Dövlət Aktında qeyd edilən məlumatların mötəbərliyinin yoxlanılması istiqamətində aidiyyəti üzrə çoxsaylı sorğular verilmiş və alınmış cavablardan aşağıdakılar müəyyən edilmişdir: - 17 may və 06 iyun 2006-cı il tarixdə rəsmiləşmiş, 4-ə-363 reyestr nömrəli alqı-satqı müqavilələrinin tələb edilməsi ilə bağlı sorğuya cavab olaraq həmin müqavilələr Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmişdir. Alqı-satqı müqavilələrindən görünür ki, həmin müqavilələrin İddiaçı heç bir aidiyyəti yoxdur. Bundan əlavə, Dövlət Aktında qeyd edilən müqavilənin tarixi ilə arxivdə aşkarlanan müqavilələrin tarixi də tam fərqlidir. Belə ki, JN-266 KOD 30313038 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 4-ə-363 reyestr nömrəli müqavilənin tarixi 26 aprel 2006-cı il qeyd edilsə də, həmin müqavilənin arxiv nüsxəsindən görünür ki, həmin reyestr nömrəsi ilə 17 may və 06 iyun 2006-cı il tarixlərdə iki alqı-satqı müqaviləsi bağlanmış, müqavilələrə əsasən, müvafiq olaraq X4 şəhərində yerləşən 0,02 ha torpaq sahəsini X2, X9, Zəminə, X13 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,68 ha torpaq sahəsini X1; - Məhkəmə kollegiyasının iddiaçının adına JN-266 KOD 30313038 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas olmuş sənədlər toplusunun məhkəmə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq "xxxx" MMC-nin 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Aktının tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir; - Cavabdeh inzibati orqan tərəfindən 19 dekabr 2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş müayinə aktına əsasən, iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi 2,13 ha təşkil edir. “X14 X19” nin (TEKİUS) məlumatlarına həmin torpaq sahəsinin 1,73 ha hissəsi JN-118 nömrəli Dövlət Aktına əsasən X5 və onun ailə üzvlərinə məxsus torpaq sahəsi ilə, qalan hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Sorğuya cavaba əlavə edilən mübahisəli torpaq sahəsinə dair ortofoto xəritədən çıxarışdan da müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə A.Ə.Əliməmmədov və ailə üzvlərinə məxsus torpaq sahəsi üst-üstə düşür. - Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X3 5 nəfər ailə tərkibi ilə ayrılmış 2,50 ha torpaq sahəsinə dair Quba rayon torpaq şöbəsi tərəfindən həmin şəxslərin adına 19 avqust 1999-cu il tarixli, JN-118, KOD 30313038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Beləliklə, JN-266 KOD 30313038 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında 1,70 ha torpaq sahəsinin 26 aprel 2006-cı il tarixli, 4-ə-363 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satıldığı göstərilsə də, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, Dövlət Aktlarında istinad edilən alqı-satqı müqavilələri üzrə iddia tələbinə aidiyyəti olmayan torpaq sahələrinin alqı-satqısı aparılmış, həmin müqavilələrdə iddiaçı alıcı qismində çıxış etməmişdir. Eyni zamanda, müəyyən edildi ki, mübahisəli torpaq sahəsi iddiaçının özünün də məhkəmə iclasında izahatında bildirdiyi kimi Quba rayonunda hələ 1999-cu ildə aparılmış torpaq islahatı zamanı X5 və onun ailə üzvlərinə ayrılmış və onların adına 19 avqust 1999cu il tarixdə JN-118, KOD 30313038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-266 KOD 30313038 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı məlumatların həqiqiliyi – həqiqətən də, Aktda qeyd edilən torpaq sahəsinə dair ilkin mülkiyyətçi ilə iddiaçı arasında Aktda qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, Aktda göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd edilənlərə əsasən işə apellyasiya qaydasında baxan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2351/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar