Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1111/2025 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(118)-785/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 1 saylı, 6 mərtəbəli yaşayış binasından ümumi sahəsi 92,7 kv.m olan, 3 otaqdan ibarət 38 saylı mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 iyun 2013-cü il tarixdə "xxxx" MMC ilə B(b)/034 saylı müqavilə bağlayaraq Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış massivindəki A kompleksində inşa edilən 1 saylı, 6 mərtəbəli yaşayış binasından ümumi sahəsi 92,7 kv.m olan, 3 otaqdan ibarət 38 saylı mənzil əldə etmişdir. Həmin mənzilin yerləşdiyi bina dövlət tərəfindən istismara qəbul olunmuşdur. Mənzilin dəyəri tam ödənilmiş, buna dair maliyyə arayışı əldə olunmuşdur. Cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xəbərnamədən görünür ki, cavabdeh inzibati orqan həmin müraciəti almışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan müraciətə cavab verməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi, bina 1 ünvanında yerləşən 38 nömrəli mənzilə dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” 30 iyun 2013-cü il tarixli, B(b)/034 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilmiş 1 saylı, 6 mərtəbəli yaşayış binası, mənzil 38 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüşdür. Abşeron Rayon İcra Hakimiyyətinin 8 iyul 2016-cı il tarixli, 030/4 nömrəli icazəsindən görünür ki, həmin icazə Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış kompleksində 12 ədəd zirzəmili, beş mərtəbəli, mansardlı yaşayış binasına dair verilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 31 may 2024-cü il tarixli, 5-29/1-1519/2024 nömrəli məktubundan görünür ki, məktubda “AAAF Park” yaşayış kompleksində yerləşən 1 saylı binanın icra hakimiyyəti tərəfindən istismara qəbul edilib-edilməməsi və həmin binanın altında yerləşən torpaq sahəsinin mülkiyyətçisi haqqında məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Bildirilmişdir ki, sözügedən binanın istismar aktının olmadığı və qeyd olunan 1 saylı binanın altında yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun “AAAF Park” yaşayış kompleksinə məxsus olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2 iyul 2024-cü il tarixli, 3-21-3-32/2-8705/24 nömrəli və 23 may 2025-ci il tarixli, 3-21-3-32/2-8268/2025 nömrəli məktublarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında “AAAF” park yaşayış kompleksi tərəfindən inşa edilmiş yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(118)-785/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Xırdalan şəhərində yaşayan sakinlər yaxşı bilirlər ki, "AAAF- Park" yaşayış kompleksində ümumiyyətlə 6 mərtəbəli bina mövcud deyil. Ola bilər müqavilədə 6 mərtəbəli bina qeyd edilməsi mansardın da ayrıca mərtəbə kimi nəzərə alınmasına görədir. Birinci instansiya məhkəməsi isə belə yanlış nəticəyə gəlmişdir ki, guya iddiaçı tərəfindən əldə edilmiş mənzil ilə istismara qəbul edilmiş binalar eyni deyil. Məhkəmə bu nəticəyə yalnız müqavilə ilə istismar aktındakı mərtəbə sayının fərqli göstərilməsinə əsaslanaraq gəlmiş, lakin bu fərqin səbəbini aydınlaşdırmaq üçün müvafiq sorğular göndərməmiş və faktiki vəziyyəti müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Halbuki iş materiallarında mövcud sənədlərdən aydın olur ki, "xxxx" MMC tərəfindən müqavilədə mərtəbə sayının fərqli qeyd olunması iddiaçının səhvindən baş verməmiş və iddiaçının bu yanlışlığın qarşısını almaq imkanları olmamışdır. Məhkəmə qərarında qeyd olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsi qanunvericiliklə nəzərdə tutulmuş notariat qaydasında təsdiq edilməmişdir. Bu arqument əsassızdır. "xxxx" MMC-nin mənzil-tikinti kooperativi kimi dövlət qeydiyyatına alınmaması, yəni təşkilatihüquqi formasının MMC olması, iddiaçının hüquqlarının pozulmasına və ya müqavilənin etibarsız hesab edilməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-963/18 saylı xx.xx.2018-ci il tarixli qərarı nümunə kimi iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən, belə hallarda alıcı tərəfindən cəmiyyətin layihəsində iştirak etmək məqsədilə pul vəsaiti (pay haqqı) qoyulması kapital qoyuluşu kimi qiymətləndirilir və bu şəxs yeni daşınmaz əmlakın yaradılmasında investor sayılır. Birinci instansiyası məhkəmə isə bu məhkəmə təcrübəsini nəzərə almamışdır. Bu səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun daşınmaz əmlak üzərində hüquqların yaranması ilə bağlı 8.0.6-cı maddəsinin hazırkı mübahisəyə tətbiq olunması zəruridir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Hazırkı mübahisənin predmetini mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatına alınaraq çıxarışın verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” 30 iyun 2013-cü il tarixli, B(b)/034 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilmiş 1 saylı, 6 mərtəbəli yaşayış binası, mənzil 38 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2 iyul 2024-cü il tarixli, 3-21-3-32/2-8705/24 nömrəli və 23 may 2025-ci il tarixli, 3-21-3-32/2-8268/2025 nömrəli məktublarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında “AAAF” park yaşayış kompleksi tərəfindən inşa edilmiş yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı aşkar edilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış müqaviləyə istinad etməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaq niyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. İddiaçı tələbinin əsası kimi tərəfindən iddia olunan mənzilin "xxxx" MMC ilə alqı-satqı nəticəsində əldə edilməsini, dəyərinin tam həcmdə ödənilməsini, lakin cavabdeh tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina edilməsini bildirir. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək, Abşeron rayonu, Xırdalan səhəri, Heydər Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi, bina 1 ünvanında yerləşən 38 nömrəli mənzilə dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin mövcud olmadığını bildirir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” 30 iyun 2013-cü il tarixli, B(b)/034 nömrəli müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilmiş 1 saylı, 6 mərtəbəli yaşayış binası, mənzil 38 ünvanda yerləşən mənzil "xxxx" MMC tərəfindən iddiaçıya satılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş mübahisələndirilən mənzilə dair alqısatqı müqaviləsinin qanunvericiliklə nəzərdə tutulmuş notariat qaydasında təsdiq edilməməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin 8 iyul 2016-cı il tarixli, 030/4 nömrəli icazəsi və “Qeyridövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında Akt” beş mərtəbəli binalara dair tərtib edilmiş, lakin iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 30 iyun 2013-cü il tarixdə 6 mərtəbəli yaşayış binasında yerləşən mənzilə dair bağlanılmışdır. Lakin həmin müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlər siyahısına daxil olmamaqla mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsası qismində də çıxış etmir. Eyni zamanda məhkəmə kollegiyasının sorğusuna cavabdeh inzibati orqanın 28 noyabr 2025-ci il tarixli məktubu ilə çoxmənzilli yaşayış binasında digər şəxslərin də mülkiyyət hüququnun qeydə alınmadığı müəyyyən edilmişdir. Göründüyü kimi hazıkı iddia bərabərlik prinsipi baxımından da əsaslı hesab edilmir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar və ya qanunvericilikdən irəli gələn digər əsaslar mövcud deyil. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən düzgün hüquqi nəticəyə gəlmişdir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(118)-785/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.