Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1112/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Quliyev İsmayıl Rza oğlu və Axundov Toğrul Bəhram oğlundan ibarət tərkibdə, İsmayılova Ləman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Həsən oğlunun, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X18 nümayəndəsi X4, Üçüncü şəxs “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 587/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xırdalan Südçülük sovxozunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə Xırdalan şəhəri ərazisində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Cavabdehin imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron rayon Xırdalan südçüliik-tərəvəzçilik sovxozunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin qaz və su xəttinin, həmçinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT və 110 KVT) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 10 sot torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Xırdalan südçülüktərəvəzçilik sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə iddiaçıya ayrılmış Xırdalan şəhəri ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron XDS İK-nın 18 oktyabr 1991-ci il tarixli 213 saylı qərarına əsasən, sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən Abşeron rayon Xırdalan şəhərində 10 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi o zamandan onun mülkiyyətindədir. Buna görə də cavabdehə müraciət edərək, Abşeron XDS İKnın 18 oktyabr 1991-ci il tarixli, 213 saqylı qərarına əsasən, sovxoz həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən ona verilmiş Abşeron rayon Xırdalan şəhərində 10 sot torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli məktub ilə ərizənin icrasından imtina edilmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmadığı, sözügedən daşınmaz əmlakın qaz və su xətlərinin, həmçinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT və 110 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-587/2024 nömrəli nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmri ilə iddiaçıya ayrılmış Xırdalan şəhəri ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi zaman etibarı ilə səlahiyyətli qurum olan Abşeron rayon X14 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarı əsasında Xırdalan Südçülük sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmrinə əsasən iddiaçıya ayrılmışdır. Həmin qurumun verdiyi qərarların etibarlılığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndi ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan Fərmanda rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Göründüyü kimi yerquruluşu işlərinin aparılması cavabdehin qanunvericiliklədən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Ona görə də, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Belə ki, Abşeron rayon X14 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarı əsasında Xırdalan Südçülük sovxozu direktorunun 07 fevral 1992-ci il tarixli, 07 nömrəli əmrindən göründüyü kimi səlahiyyətli orqan olan yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmış və qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. Bu fakt iş materillarına əlavə edilmiş Abşeron rayon X16 arayışı ilə də öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi torpaq sahəsinin koordinatları göstərilmişdir. Qeyd olunanlar inzibati orqanının gətirdiyi 1-ci arqument əsassız edir. SOCAR tərəfindən məhkəməyə təqdim edilmiş 14-2/2-3645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin böyük qismi SOCAR-ın nəzdində olan idarələrin qaz boru xətlərinin mühafizə zonasında yerləşir.Lakin, həmin məktubdan o da müəyyən olunmuşdur ki, SOCAR-ın nəzdində olan idarələrə aid qaz boru kəmərləri 2004-cü ildən sonra istifadəyə verilmişdir. Nəzərə alınmalıdır ki, səlahiyyətli orqanlar tərəfindən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi 1992-ci ilin fevral ayından İddiaçı istifadəsindədir və 30 ildən çoxdur ki, həmin torpaq sahəsini mübahisəsiz istifadə edir. Adi qaydada cəlb edilmiş SOCAR-ın digər qurumlarının neft kəmərinin mühafizə zolağı ilə bağlı gətirdiyi arrqumentləridə məhkəmə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təstiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarİnın 6.1-ci bəndinə əsasən “Mühafizə Zonası”nda bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi Energetika Nazirliyinin və X2 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan həyata keçirilə bilməz. Göründüyü kimi yuxarıda qeyd olunan Qaydalarda “Mühafizə Zonası”nda yerləşən torpaq sahələrinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Bu baxımdan məhkəmə adi qaydada cəlb etdilmiş Heydər Əliyev adına X18 və Neft Kəmərləri İdarəsinin gətirdiyi arqumentləri əsassız hesab edir. Həmçinin, məhkəmə tərəfindən torpaq sahəsinin su və elektrik xəttinin mühafizə zonasında yerləşməsinin müəyyən edilməsi məqsədilə "xxxx" ASC və "xxxx" ASCyə dəfələrlə sorğu göndərilməsinə baxmayaraq, müvafiq təşkilatlar məhkəməyə ətraflı məlumat verməmişlər.Hazır kı, arqumentlə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, istər su kəmərləri istərsə də işıq xətləri ilə bağlı mövcud olmuş məhdudlaşdıma hərəkətləri torpaq sahəsinin üzərində inşa ediləcək daşınmaz əmlakla bağlıdır. Hesab olunur ki, iddia tələbinin predmeti sırf torpaq sahəsi olduğundan hazırkı arqumenti əsassızdır. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 321332/2-8780 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş iddiaçı ilə eyni ərazidə yerləşən torpaq sahələri əldə etmiş iddiaçının qonşuları olan X9, X7 ayrılmış torpaq sahələri üzərində onların mülkiyyət hüququ tanınmış və müvafiq çıxarışda həmin torpaq sahələrinin təyinatı barədə qrafada “yaşayış məntəqələri torpaqları” qeyd yazılmışdır.Cavabdeh təşkilat qeyd olunan daşınmaz əmlakları qeydə dövlət qeydiyyatına alarkən həmin ərazidən qaz, su və elektrik xətlərinin keçməsini nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft kəmərləri” İdarəsi qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X22 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft kəmərləri” İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon Xırdalan-südçülük-tərəvəzçilik Sovxozunun xx.xx.1992-ci il tarixli 07 nömrəli Əmrlə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü magistral neft kəmərinin (1981- ci ildən istismara verilib) mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 3 metr təşkil edir. Mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, hazırda istifadədə olan Buzovna-Raman magistral neft kəməri ilə Tağıyev Əməliyyat Şirkəti tərəfindən hasil edilən neftlər Heydər Əliyev adına BakıX21 nəql olunur. Bu o deməkdir ki, hazırda neft kəməri işlək vəziyyətdədir və Neft Kəmərləri İdarəsinin Abşeron İstehsalat bölümü tərəfindən istismar olunur. Neft kəmərləri 1981-ci ildən bugünə kimi tikildiyi marşurut üzrə yerləşir (Xəzər və Sabunçu rayonlarının ərazisi) və Neft Kəmərləri İdarəsinin balansındadır. Beləliklə hazırda istifadədə olan neft kəməri ətrafında yaşayış məqsədilə torpaq sahəsinə hüquqları əldə etmək iddası olan İddiaçı 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə yerləşən torpaq sahəsi üzrəində xüsusi mülkiyyət hüququnun qeydə alınması və tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idi. “Neft Kəmərləri” İdarəsinin istismarında olan neft boru kəmərinin mühafizə zonası xüsusi hüquqi rejimli mühafizə zonalarına aiddir və həmin mühafizə zonasında yerləşən torpaq sahəslərinin təyinatıAR Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Bu baxımdan həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması yolverilməzdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X22 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkməsində baxılan zaman adi cəlbetmə qaydasında işə cəlb edilmiş Heydər Əliyev adına X22 tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə ümumiyyətlə münasibət bildirilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı NEZ-in nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli aktda göstərilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin SOCAR-ın Baş ofisinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2-1(118)-587/2024 nömrəli məktubunda göstərilən ərazidə Abşeron rayonu, Xırdalan şəhəri Masazır qəsəbəsində yerləşən, vətəndaş İddiaçı sahibliyində olan 0.10 ha torpaq sahəsi Heydər Əliyev adına X21 məxsus neft məhsulu nəql olunan Dş-500 mm neft boru kəmərinin “Mühafizə Zonası”mn 10 metrliyində yerləşir. Bundan başqa həmin ərazidən Dş-500 mm neft boru kəmərinə paralel Dş 300 mm, Dş 250 mm-lik və Dş 200 mm-lik neft boru kmərləri keçir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli arayışda torpaq sahəsinin yaxınlığında yerləşən boru xətləri barəsində texniki məlumatlar aşağıdakı kimi göstərilmişdir. NEZ-dən 13 nömrəli sahəyə gedən dizel xətti (Dş 500 mm) 2009-cu ildən, NEZ-dən 13 nömrəli sahəyə gedən Dş 300 mm TC-1 reaktiv mühərrik xətti 1970-ci ildən, NEZ-dən “Azərkimya" İB-yə gedən Dş 250 mm-lik nafta xətti 2011ci ildən, NEZ-dən “Azərkimya” İB-yə gedən Dş 200 mm-lik quru qaz xətti 2011-ci ildən istismardadır. Birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, məhkəmə prosesində iştirak edən və adi cəlbetmə qaydasında cəlb edilmiş Heydər Əliyev adına X18 nümayəndəsi X10 izahat verərək bildirmişdir ki,qeyd olunan torpaq sahəsi Neft borularının mühafizə zolağında yerləşir və həmin torpaq sahəsinin üzərində hər hansı bir tikilinin inşa edilməsi yolverilməzdir. Neft boruları həmin ərazidə 2002-ci ildə qurulmuşdur. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi NEZ-ə məxsus neft məhsulu nəql olunan, 2009-cu ildən istismarda olan Dş-500 mm neft boru kəməri ilə yanaşı həm də 1970-ci ildən istismarda olan NEZ-dən 13 nömrəli sahəyə gedən Dş 300 mm TC-1 reaktiv mühərrik xəttinin də mühafizə zonasına düşür. Qanunvericiliyin tələbinə uyğun olaraq vətəndaş İddiaçı sahibliyində olan 0.10 ha torpaq sahəsinə ən yaxın məsafədə yerləşən 2009-cu ildən istismarda olan Dş-500 mm-lik NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəməri arasındakı məsafə aktda qeyd olunsa da arayışdan da göründüyü kimi, həmin ərazidən digər boru xətləri, eləcə də 1970-ci ildən istismarda olan NEZ-dən 13 nömrəli sahəyə gedən Dş 300 mm TC-1 reaktiv mühərrik xətti keçir. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi, məhkəmə iclasında iştirak edən NEZ- in nümayəndəsinin izahatı təhrif olunmuşdur. Belə ki, neft boru xətlərinin 2002-ci ildə qurulması barədə məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır. Məhkəmə qərarında iddiaçıya torpaq sahəsinin ayrılmasında səlahiyyətli qurum olan Abşeron rayon X14 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarına istinad etsə də, iş materiallarına həmin qərar əlavə olunmamış və məhkəmə tərəfindən həmin qərarın mötəbərliyi araşdırılmamışdır. Halbuki iş materiallarına əlavə olunmuş Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə verilmiş 07 nömrəli, xx.xx.1992-ci il tarixli əmrdən və Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F-982 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv çıxarışından görünür ki, həmin əmr Abşeron rayon X14 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 saylı qərarı ilə sovxoz işçilərinə fərdi ev tikdirmək üçün ayrılmış torpaq sahəsini sovxozda torpaq almaq növbəsində olanlara verilməsi həmkarlar təşkilatı və əmək kollektivi şurasının 31 yanvar 1992-ci il tarixli /protokol №8/ birgə iclasında baxılmış və siyahı üzrə adları qeyd olunmuş vətəndaşlara verilməsi qanuna uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən nə Xırdalan südçülük tərəvəzçilik sovxozu üzrə verilmiş 07 nömrəli, xx.xx.1992-ci il tarixli əmrinin verilməsinə əsas olmuş Abşeron rayon X14 icraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 nömrəli qərarı, nə də həmkarlar təşkilatı və əmək kollektivi şurasının 31 yanvar 1992-ci il tarixli, 8 nömrəli protokolu tələb olunmamış və məhkəmə tərəfindən araşdırılmamışdır. məhkəmənin istinad etdiyi iddiaçının qonşularının adlarına olan hüquqmüəyyənedici sənədlərə məhkəmə tərəfindən lazımı qaydada diqqət yetirilməmişdir. Belə ki, həmin şəxslərin adlarına olan sənədlərdən görünür ki, çıxarışda göstərilən torpaq sahəsinin ölçüsü ilə torpaq sahəsinin ayrılmasına dair sənəddə göstərilən ölçü arasında fərqlər mövcuddur. Məhkəmə isə çıxarışda göstərilən sahənin ölçüsünün hansı səbəbdən torpağın ayrılmasına dair qərarda göstərilən ölçüdən az olmasını aydınlaşdırmamışdır. Göründüyü kimi, məhkəmənin iş üçün əhəmiyyətli hesab etdiyi iddiaçının qonşularının adlarına olan çıxarışda torpaq sahəsinin ölçüsünün həmin şəxslərə torpağın ayrılmasını təsdiq edən sənəddə göstərilən ölçüdən az olmasının həmin torpaq sahəsinin bir hissəsinin mühafizə zonasına düşməsi səbəbindən baş verdiyini güman etməyə əsas verir. Birinci instansiya məhkəməsi daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas olan sənəd kimi Abşeron rayon X14 İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 213 saylı qərarına istinad etsə də həmin qərar müvafiq şəxslərdən tələb olunmamış, araşdırılmamış, iş materiallarına əlavə edilməmişdir. Belə olan təqdirdə, yəni məhkəmənin araşdırma predmeti olmadığı halda sözügedən qərarın həmin bəndinə istinad etməsi məhkəmə tərəfindən maddi hüquq normasının düzgün tətbiq olunmaması kimi qiymətləndirilməlidir. Bundan başqa torpaq sahəsinin fərdi ev tikintisi üçün ayrılması və iddiaçının həmin torpaq sahəsinə çıxarış əldə etmək istəyi, iddiaçının sözügedən ərazidə ev tikinti işlərinin həyat keçirmək niyyətində olmasını göstərir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydarının 4.1. və 61.1 bəndinin tələblərinə ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X18 Neft kəmərləri idarəsinin və Qaz İxrac İdarəsinin hüquqlarma toxuna bilmə ehtimalı olduğuna görə onları adi cəlb etmə qaydasında işə 3-cü şəxs qismində cəlb edildiyinə görə apellyasiya qaydasında verdiyi şikayətlər mümkün sayılmaması, cavabdeh tərəfindən qərardan verilmiş apellyasiya şikayətinin rədd edilməsi, qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, cavabdehin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X18 nümayəndəsi X8 üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil Həsən oğlu apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft kəmərləri” İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının
25. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.
26. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur. 34.1. Qanunvericiliyə zidd olmayan hallarda mülkiyyətində (istifadəsində, icarəsində) torpaq sahəsi olan hüquqi və ya fiziki şəxs, boru kəmərlərinin və ya qurğuların yerləşdiyi ərazidə müəyyən işlərin (o cümlədən tikinti) görülməsinin planlaşdırılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisəsindən bu torpaq sahəsində yerləşən və bu müəssisənin mülkiyyətində olan və ya onun xidmət göstərdiyi boru kəmərlərinin (kollektor, kanal), yaxud digər qurğuların yerinin dəyişdirməsini tələb edə bilərlər. Bu zaman boru kəmərlərinin və digər qurğuların yerinin dəyişdirilməsi üzrə xərclər və su təchizatı müəssisəsinə su təchizatında baş verən fasilələrə görə dəyən ziyan belə tələbi qoyan şəxslərin hesabına ödənilir.
70. Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.
71. 1. Su təchizatı və kanalizasiya müəssisələrinin tabeliyində olan texniki qurğuların boru və ya kanalizasiya kollektorlarının, mərkəzi su kəmərləri və kanalizasiya magistrallarının hər iki tərəfində beş metrə qədər məsafədə ağacların, kolların və kənd təsərrüfatı bitkilərinin (bundan sonra əkmələr) əkilməsi qadağan olunur.
2. Əkmələr su kəməri magistralına, kanalizasiya kollektoruna və ya digər texniki qurğuya yaxınlaşmağa mane olduqda və ya onların zədələnməsinə səbəb olduqda su təchizatı və kanalizasiya müəssisəsi əkmələr olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə, icarəçisinə) aşağıdakı tələbləri irəli sürə bilər: a) əkmələrin çıxarılması; b) qurğuların zədələnməsi ilə əlaqədar zərərin ödənilməsi; c) tələbdə göstərilən müddətdə zədələnmiş obyektin öz hesabına bərpası.
3. Torpaq mülkiyyətçisi (istifadəçisi, icarəçisi) tələbdə göstərilənləri yerinə yetirmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi onun hesabına zəruri işləri görmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmamış, torpaq sahəsi qaz və su xəttinin, həmçinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT və 110 KVT) mühafizə zolağında yerləşi. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Xırdalan Südçülük-Tərəvəzçilik Sovxozunun 7 fevral 1992-ci il tarixli 7№li Əmri və Abşeron rayonu XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli 213 №li qərarına əsasən iddiaçının adına 10 sot torpaq sahəsi ayrılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin şimal-qərb sərhəddindən 16,25-14,85 metr məsafədən neft kəməri, şimal və cənub-şərq sərhəddindən torpaq sahəsinin daxilindən və 18,73 metr məsafədən 110 kv-lu və 6 kv-luq elektrik xəttləri keçdiyindən, neft kəməri və elektrik xəttinin mühafizə zonasına düşür. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir.Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 ha, faktiki ölçüsü 0,10 ha, yol və qonşu torpaq sahələri ilə sərhəddir, icazəsiz tikili yoxdur, torpaq sahəsinin üzərindən 6 kv-luq elektrik xətti keçir, daxilindən yeraltı su kəməri keçir, şimal-qərb istiqamətindən 14,85-16,25 metr məsafədə neft kəməri keçir, şimal və şimal-qərb istiqmaətindən keçən 110 kv-luq elektrik xətti ilə arasındakı məsafə 0 metrlə 18,73 metr arasında dəyişir, torpaq sahəsinin bir hissəsi daş hasarla, digər tərəfləri şərtidir, faktiki koordinatlar əlavə edildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi Heydər Əliyev adına X21 məxsus olan Dş-500 mm neft boru kəmərinin mühafizə zonasının 10 metrliyində yerləşir, həmin ərazidən paralel başqa Dş-300 mm, Dş-250 mm, Dş-200 mm neft boru kəmərləri keçir, bu barədə akt tərtib edilmiş, habelə Dş-500 mm boru kəməri 2009-cu il tarixdən, Dş-300 mm 1970ci ildən, Dş-250 mm 2011-ci ildən, Dş-200 mm 2011-ci ildən istismardadır. Həmçinin, məhkəmə araşdırmaı zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsiin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, habelə torpaq sahələrinin təyinatı kimi yaşayış məntəqələri torpaq sahələri olması qeyd edilmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsi naturada mövcuddur, habelə həmin torpaq sahəsinin ayrılmasına dair arxiv sənədləri vardır və yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həmin sənəd torpağa dair mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Bu halda məhkəmə kollegiyası ilk növbədə cavabdeh inzibati orqanın şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq torpaq sahəsinin ilkin baş planın və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusunda aşkar edilmədiyini bidlirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, qeyd eidlməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın şikayətinin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh sözügeədn torpaq sahəsinin yeraltı su xətti və müvafiq elektrik xəttinin mühafizəsi zonasında yerləşdiyini qeyd edir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, yuxarıda istinad edilən həm sudan istifadə, həm də elektrik xəttindən istifadə Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqa tərəfindən sözügedən torpaq sahəsindən yeraltı su xəttinin keçdiyi qeyd edilsə də, həmin hala dair heç bir sənədə istinad edilməmiş, habelə müayinə aktının və ekspert rəyinin məzmununda həmin hala dair heç bir məlumat əks olunmamışdır. Həmçinin, cavabdehin nümayəndəsi verdiyi izahatında həmin yeraltı su xəttinin qonşu torpaq sahələrindən də keçdiyini və həmin sahələrə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını bildirmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hallara istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Həmçinin, məhkəmə kollegiyası cavabdehin şikayətinin digər dəlili, habelə üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, habelə həmin torpaq sahələrinin təyinatı kimi yaşayış məntəqləri torpaqları qeyd edilmişdir. Bununla bağlı cavabdeh tərəfindən ortofoto görüntüsü və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər təqdim edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın və üçüncü şəxslərin qeyd olunan arqumentləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlilləri (torpaqayırma sənədləri və yerləşmə yeri) ilə bağlı qeyd edir ki, eyni hüquqmüəyyənedici sənədlər əsasında həmin ərazidə yerləşən digər torpaq sahələrinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, habelə cavabdeh tərəfindən həmin hallar mübahisələndirilməmişdir, bu hal isə özlüyündə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilərini həmin hissədə təkzib edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri, habelə üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-587/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.