Məhkəmə qərarları › İş №2-1(105)-1113/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1113/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1113/2024 02.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi-hakim) Məmmədov Zaur İkram oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Xızı Rayon İcra Hakimiyyətinə qarşı “"xxxx" MMCnin Xızı rayon Sitalçay kəndində yerləşən, xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 27 ha torpaq sahəsinin 10 ha hissəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən hazırlanmış və razılaşdırılmış xx.xx.2022-ci il tarixli yerquruluşu planının təsdiq edilməsindən cavabdeh Xızı Rayon İcra Hakimiyyətinin imtina hərəkətlərinin əsassız hesab edilməklə həmin yerquruluşu planının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-1933/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: xx.xx.2020-ci il tarixli, **********99 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən 27,0 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. A 220452 nömrəli torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, həmin sənəd "xxxx" MMC-yə məxsus torpaq sahəsinə dair tərtib edilmişdir. İddiaçının cavabdeh orqana müraciətinin əsası cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən hazırlanaraq təqdim edilmiş yerquruluşu planının təsdiq edilməsi olmuşdur. Cavabdeh inzibati orqan hazırlanmış yerquruluşu planının təsdiq edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə qərar qəbul etmişdir. İddiaçı "xxxx" MMC cavabdehlər Xızı Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 2 saylı Sumqayıt Ərazi İdarəsinin imtinasının əsassız hesab edilməsi, yerquruluşu ölanını hazırlayaraq təqdim edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsinin ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1734/2023 saylı, 26 may 2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılması, cavabdeh qismində yalnız Xızı rayon İcra Hakimiyətinin və tələb kimi “Xızı rayonu Sitalçay kəndində yerləşən iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 27 ha torpaq sahəsinin 10 hektarının kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərıfindən hazırlanaraq Xızı rayon İcra Hakimiyyətinə təqdim edilmiş yerquruluşu planının təsdiq edilməsindən imtina hərəkətlərinin qanunsuz və əsassız hesab edilməklə etibarsız saıyılması və həmin yerquruluşu planının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərardad qəbul edilmişdir. İddiaçının nümayəndəsi həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək "xxxx" MMC-nin Xızı rayon Sitalçay kəndində yerləşən, xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 27 ha torpaq sahəsinin 10 ha hissəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən hazırlanmış və razılaşdırılmış xx.xx.2022-ci il tarixli yerquruluşu planının təsdiq edilməsindən cavabdeh Xızı rayon İcra Hakimiyyətinin imtina hərəkətlərinin əsassız hesab edilməklə həmin yerquruluşu planının təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ölkə ərazisində (Xızı rayonu, Sitalçay kəndi) quşların diri şəkildə bəslənməsi və onlardan diri şəkildə olarkən yumurta məhsulunun əldə edilməsinin istehsalı fəaliyyəti ilə məşğul olar və öz fəaliyyətini həyata keçirmək üçün müasir texnolojiavadanlıqları tətbiq edən, 412 nəfərdən ibarət işçinn çalışdığı iri həcmli təsərrüfat subyektidir. Cəmiyyət ölkə əhalisinin yumurta məhsulu ilə təmin olunmasında əhəmiyyətli mövqe tutmaqla yanaşı, istehsal etdiyi yumurta məhsulunun ixracını da həyata keçirir ki, bu da Azərbaycan Dövlətinin rəhbərliyinin apardığı iqtisadi islahatların tələbləri ilə uzlaşır. Cəmiyyətimizin fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının (diri quşların bəslənməsi) istehsalına daha böyük töhfə vermək damazlıq quşçuluğun inkişaf etdirilməsi niyyətindədir. Qeyd olunan məqsədlə Cəmiyyət xüsusi mülkiyyətində olan 27 ha torpaq sahəsinin 10 ha hissəsində damazlıq quşçuluq təsərrüfatını yaratmaq üçün müəyyən tədbirlər görmüşdür. İlk növbədə damazlıq quşçuluq təsərrüfatı üçün müasir texnologiyaların tətbiqi ilə tikililər qurulmalıdır. Lakin yuxarıda sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğundan həmin sahədə damazlıq quşçuluq təsərrüfatının yaradılması və təşkili üçün zəruri olan tikintinin aparılması mümkünsüzdür. Ona görə də ilk növbədə Azərbaycan Respubliaksının müvafiq qanunvericilik aktlarının tələblərinə riayət edilərək torpaq sahəsinin kənd təsərrüfatı kateqoriyasının dəyişdirilməsi üçün aidiyyəti üzrə müraciət edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək torpaq sahəsinin kateqoriyasının dəyişdilməsi prosedurunun başlanması üçün Komitənin öz səlahiyyətləri daxilində tədbirlər görməsi, müvafiq sənədlərin hazırlanması xahiş olunmuşdur. Komitəyə müraciəti baxılması üçün Sumqayıt regional İdarəsinə göndərilmişdir. Növbəti addım kimi torpaq sahəsinin yerquruluşu planının tərtib və təsdiq edilməsi göstərilmişdir. Bu məqsədlə, ərazinin yerquruluşu planının işlənilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə müqavilə bağlanması tələb olunmuşdur. Dövlət orqanının bu qanuni tələbinə əməl edilmiş, 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə müqavilə bağlanmış, İdarə tərəfindən yerquruluşu planının hazırlanması üçün smeta tərtib edilərək bizə təqdim olunmuşdur. "xxxx" MMC xüsusi mülkiyyətində olan Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 27 hektar torpaq sahəsinin 10 hektarının kateqoriyasının sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi məqsədi ilə yer quruluşu planının hazırlanıb təqdim edilməsi üçün smetanın dəyəri 5610 manat təşkil etmiş, iddiaçı tərəfindən həmin məbləğ xx.xx.2022-ci il tarixdə müvafiq hesaba ödənilmişdir. Ondan sonra uzun müddət İdarənin növbəti addımları barədə iddiaçıya məlumat verilməmiş, dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə müraciətlər olunmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli, G/214-2210 nömrəli məktubla “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və sözügedən müraciəti həmin İdarəyə 03 noyabr 2022-ci il tarixdə daxil olmuşdur. Sonuncu müraciətə cavab olaraq, 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış “Yer quruluşunun planının hazırlanıb təqdim edilməsi barədə” 11 noyabr 2022-ci il tarixli, **********13 nömrəliməktubda bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, lazımı ölçmə işləri aparılmış, Xızı Rayon İcra Hakimiyyətinin aidiyyəti əməkdaşının iştirakı ilə müayinə aktı tərtib edilmiş, Xızı rayon İcra hakimiyyətinin nümayəndəsi tərəfindən sözügedən aktın imzalanmış,eləcə də həmin aktın möhürlənib təsdiqlənməsinə, kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi barədə tərtib edilmiş yer quruluşunun planının təsdiq edilməsi üçün xx.xx.2022-ci il tarixli **********736 nömrəli məktubla Xızı rayon İcra hakimiyyətinə təqdim olunmuşdur. Lakin Xızı rayon İcra hakimiyyətinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubu ilə yer quruluşunun planının təsdiq olunmasından imtina oldunmuşdur. Bununla Xızı Rayon İcra Hakimiyyəti tərəfindən yerquruluşu planı təsdiq edilmədiyinə görə, cavabdeh İdarə tərəfindən yerquruluşu planının hazırlanıb təqdim edilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə zidd olduğundan rədd edilməlidir. Belə ki, ölkəmizdə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, torpaq fondunun elmi əsaslarla istifadəsi, torpaq inzibatçılığında yeni yanaşmaların, intensiv metodların tətbiqi, o cümlədən torpaq istifadəçiliyində gəlirlilik meyarlarının artırılması istiqamətində mühüm iqtisadi əhəmiyyət kəsb edən tədbirlər görülür. Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də əməli tədbirlər həyata keçirilir. Belə ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi üzrə Xızı rayonu ərazisində yerləşən yeni suvarılan və su təminatı yaxşılaşdırılan torpaqlarda, həmçinin şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlarda meliorativ tədbirlər həyata keçirilmişdir. Taxtakörpü-Ceyranbatan suvarma kanalının istifadəyə verilməsi ilə minlərlə hektar torpaq sahəsinin suvarma təminatı yaxşılaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin ərazilərdə yerləşən torpaqların kateqoriyası dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” nın 1.6-ci maddəsinə əsasən Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir. Torpaqların təyinatının dəyişdirilməsi konkret amillərlə əsaslandırılmalıdır. Müstəsna hal isə hər hansı dövlət əhəmiyyətli layihələr və ya sifarişlər həyata keçirilərkən torpağın təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda, subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri rəyişdikdə və ya yararsız hala düşdükdə yarana bilər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 6-cı maddəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə -lülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə oian torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir. Həmçinin, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə seçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş qydalara uyğun olaraq Nazirlər Kabineti tərəfindən aparılır. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarının 3.1.-3.1.3-cü bəndlərinin tələblərinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsaslan üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında xüsusi -mülkiyyətdə olan torpaqlara münasibətdə-torpaq mülkiyyətçiləri vəsatət qaldırmaq səlahiyyətlərinə malikdirlər. Göründüyü kimi, qanunvericilik aktlarında xüsusi mülkiyyətə münasibətdə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin yerquruluşu planının təsdiq etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Hal-hazırki iddia üzrə Xızı Rayon İcra Hakimiyyətinin cavabdeh şəxs qismində müəyyən edilməsi qanunvericiliyə ziddir və iddia təmin edilməməlidir. Lakin iddiaçı torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyəti qurumlar qarşısında əsaslandırılmış vəsatət qaldıra bilər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1734/2023 nömrəli qərardadı ilə iddia iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın tamamilə ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)692/2023 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, e-2-1(118)- 1734/2023 nömrəli qərardadı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci isntansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-1933/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Giləzi Quşçuluq Şirkəti” MMC-nin Xızı rayonu Sitalçay kəndində yerləşən, xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 27 ha torpaq sahəsinin 10 ha hissəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən hazırlanmış və razılaşdırılmış xx.xx.2022-ci il tarixli yerquruluşu planının təsdiq edilməsindən cavabdeh Xızı rayon İcra Hakimiyyətinin imtina hərəkətləri əsassız hesab edilməklə həmin yerquruluşu planının təsdiq edilməsi öhdəliyi cavabdeh Xızı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, indiki halda torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi xüsusi mülkiyyətçinin müvafiq inzibati orqan (Azərbaycan Respublikası Nazirlər Kabineti) qarşısında vəsatət qaldırması və həmin inzibati orqan tərəfindən qərar qəbul edilməsi ilə baş versə də, bu proses ona dair zəruri olan prosedur sənədlər və prosedur qaydalar çərçivəsində həyata keçirilməklə, mümkündür. Həmin prosedur sənədlərdən bir qisminin tərtib edilməsi və təqdim edilməsi də məhz yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmişdir (Qaydaların 1.12, 3.2 və 3.5-ci bəndləri). Torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Hazırda iddiaçı bu vəsatəti qaldırmaq üçün sənədlər toplusunu hazırlayır ki, bu sənədlərdən biri də yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməli olan yeruquluşu planıdır. Cavabdehin həmin planı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsindən məqsədəuyğun olmaması səbəbi ilə imtina etməsi əsassız hesab edilməlidir. Cavabdeh yerquruluşu planını təsdiq etməklə torpaq sahəsinin təyinagtı üzrə istifadə edilməsinə nəzarətini həyata keçirməli və bununla bağlı müvafiq tədbirləri görməlidir. Mübahisəli yerquruluşu planı kompleks yerquruluşu işidir və həmin yerquruluşu planının təyinatı sənaye, nəqliyyat, rabitə və başqa təyinatlı torpaq sahəsinin yerdə sərhədlərinin (naturada) müəyyən edilməsidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarnın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ölkədə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, torpaq fondunun elmi əsaslarla istifadəsi, torpaq inzibatçılığında yeni yanaşmaların, intensiv metodların tətbiqi, o cümlədən torpaq istifadəçiliyində gəlirlilik meyarlarının artırılması istiqamətində mühüm iqtisadi əhəmiyyət kəsb edən tədbirlər görülür. Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də əməli tədbirlər həyata keçirilir. Belə ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi üzrə Xızı rayonu ərazisində yerləşən yeni suvarılan və su təminatı yaxşılaşdırılan torpaqlarda, həmçinin şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlarda meliorativ tədbirlər həyata keçirilmişdir. Taxtakörpü-Ceyranbatan suvarma kanalının istifadəyə verilməsi ilə minlərlə hektar torpaq sahəsinin suvarma təminatı yaxşılaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin ərazilərdə yerləşən torpaqların kateqoriyası dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” nın 1.6-ci maddəsinə əsasən Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir. Torpaqların təyinatının dəyişdirilməsi konkret amillərlə əsaslandırılmalıdır. Müstəsna hal isə hər hansı dövlət əhəmiyyətli layihələr və ya sifarişlər həyata keçirilərkən, torpağın təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda, subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə yarana bilər. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 6-cı maddəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir. Həmçinin, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəliQərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq Nazirlər Kabineti tərəfindən aparılır. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarının 3.1.-3.1.3 bəndlərinin tələblərinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə - torpaq mülkiyyətçiləri vəsatət qaldırmaq səlahiyyətlərinə malikdirlər. Göründüyü kimi rayon İcra Hakimiyyətinin mübahisələndirilən məsələdən imtina etməsi ilə bağlı kifayət qədər əsas olmuşdur. Belə ki, qanunvericilik aktlarında xüsusi mülkiyyətə münasibətdə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin yerquruluşu planının təsdiq etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Hesab edirik ki, hal-hazırki iddia üzrə Xızı Rayon İcra Hakimiyyətinin cavabdeh şəxs qismində müəyyən edilməsi qanunvericiliyə ziddir və Sumqayıt İnzibati Məhkəməsinin2- 1(118)-1933/2024 saylı 19 iyul 2024-cü il tarixli qərarı ləğv edilməlidir. İddiaçı torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyəti qurumlar qarşısında əsaslandırılmış vəsatət qaldıra bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər. İddiaçı apellyasiya şikayətinə etirazında göstərmişdir ki, apellyasiya şikayətinin 1,5 səhifəlik mətnində isə 9 səhifəlik Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarınını qanunvericiliyə zidd olması haqda şikayəti əsaslandıran və qərara, iş materiallarına istinad olunan heç bir fakt, heç bir hal qeyd edilməmişdir. Apellyasiya şikayətinin məzmunu cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” ilə əlaqədar ümumi ifadələrdən və AR NK-nin məlum 10, 94 saylı qərarlarının mətnini əks etdirməkdən ibarət olmaqla İPM-nin 85.3-cü və MPM-nin 386-cı, 387-ci maddələrinin tələblərinin şikayət olunan qərarın hansı dəlillərində, hallarında, iş materiallarında gözlənilməməsinə aid heç bir fakt, sübut gətirilməmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqan qeyd olunan imtina cavabında yerli icra hakimiyyəti orqanı olaraq öz səlahiyyətlərini aşmış, ölkə miqyasında idarəetmə funksiyasını həyata keçirən mərkəzi və yuxarı icra orqanlarının səlahiyyətinə aid predmetə baş vurmuş, onları mənimsəməyə cəhd etmişdir. Cavabdeh inzibati orqan iddiaçının öz sahibkarlıq fəaliyyəti ilə nəinki Xızı rayonu miqyasında, hətta ölkə miqyasında kənd təsərrüfatı məhsulu olan ərzaq istehsalı ilə məşğul olduğuna, dövlətimizin xarici iqtisadi əlaqələrinin inkişafına müvafiq töhfə verdiyinə qərəzli yanaşmaqla bu sahədə dövlətimizin, X4 Əliyev cənablarının iqtisadi siyasətinə cavab verməyən mövqe tutur. Belə ki, həqiqətən də bütün ölkə ictimaiyyətinə məlum olan aşkar rəsmi statistik məlumatlardan məlumdur ki, 2023-cü ilin noyabr dekabr və 2024-cü ilin yanvarfevral aylarında Rusiyada yaranmış fövqəladə vəziyyətlə əlaqədar qonşu Rusiya Federasiyası hökümətinin rəsmi müraciəti əsasında ölkəmizin rəhbərliyi tərəfindən verilən tapşırıqlara uyğun olaraq iddiaçı müəssisə tərəfindən milyonlarlarla ədəd quş yumurtası həmin ölkəyə ixrac edilmişdir ki, bu da ölkə üzrə cəmi yumurta ixracının 90%-dən çoxunu təşkil etmişdir. Hazırki iddiaya cavabdehin tam qərəzli mövqeyini belə bir hal da təsdiq edir ki, cavabdehin səlahiyyətli mütəxəssis nümayəndəsi sözgedən yerquluşu planının əsaslığını təsdiq edən məlum baxış aktını imzalayıb, aparatın möhürü ilə təsdiq etdiyi halda aparatın digər struktur vahidinin müdiri Zabil Məlikov həmin baxış aktı əsasında hazırlanmış xx.xx.2022-ci il tarixli yerquruluşu planının təsdiq olunmasını məqsədə müvafiq hesab etmir və cavabdeh inzibati orqanın başçısı da, nümayəndəsi vasitəsilə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya etirazda təsdiq edir ki, qanunvericilik aktlarında xüsusi mülkiyyətə münasibətdə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin yerquluşu planın təsdiq etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Əgər sonuncu dəlil həqiqətən də qanunvericilikdə nəzərdə tutulubsa, onda hansı əsasla həmin Başçı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Z.Məlikov səhifə yarımlıq xx.xx.2022-ci il tarixli cavab məktubunda o nəticəyə gəlib ki yerquluşu planının təsdiq olunmasını məqsədə müvafiq hesab etmir ona görə ki, ölkədə adambaşına düşən kənd təsərrüfatına yararlı torpaqlar ilbəil azalır və ölkə dünyanın az torpaqlı ölkələri sırasındadır, nümayəndə mütəxəsis Şahin Musayev isə baxış aktında iştirak edərək onu imzalayır və Xızı RİH Başçısının Aparatına aid möhürlə təsdiq edir? Cavabdeh inzibati orqanın yuxarıda göstərilən qərəzli hərəkətlərinin, səlahiyyətli 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən hazırlanmış və cavabdeh İnzibati orqanın nümayəndə mütəxəssisi tərəfindən təsdiqlənmiş, rəsmiləşdirilmiş sənədlərə əsasən hazırlanmış xx.xx.2022-ci il tarixli yerquruluşu planını təsdiq etməkdən imtina hərəkətinin əsassız və qanunvericiliyə zidd olduğunu aşağıda qeyd edilən ümumi və sahəvi normativ-hüquqi aktların tələbləri də sübut edir. Cavabdeh Xızı RİH-nin qeyd edilən məsələyə onun məqsədəuyğunluğu və ya uyğunsuzluğu şəklində konkret münasibət bildirmə səlahiyyəti yoxdur. “Yerli icra hakimiyyəti haqqında əsasnaməyə” görə “Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi...., qanunçuluq .... prinsipləri əsasında qururlar” (m.1.4). Hesab edirik ki, cavabdeh inzibati orqana, AR NK-nin məlum 10 nömrəli Qərarında nəzərdə tutulmuş və xüsusi mülkiyyətdəki torpağın bir hissəsinin kateqoriyasını dəyişdirməklə bağlı səlahiyyətli orqana AR NK-nə müraciət etmək, vəsatət qaldırmaq, bu məqsədlə tələb olunan və hazırlanmış yerquruluşu planını əldə etmək hüququnu əsassız olaraq pozmuş, onun azadlığını, qanuni mənafeyini məhdudlaşdırmışdır. Əsasnamədən göründüyü kimi, mübahisəli yerquruluşu planını hazırlamış qurum (2 saylı Sumqayıt Ərazi İdarəsi) mərkəzi icra hakimiyyətinin yerli qurum olaraq ikili tabelikdədir – həm mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər (m.1.5.). Bu səbəbdən də 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçının sifarişi ilə hazırlanmış məlum yerquruluşu planı təsdiq edilmək üçün cavabdeh orqana, Xızı RİH-nə təqdim edilmişdir. Qeyd olunan hallar bir daha sübut edir ki, cavadeh inzibati orqanın məlum apellyasiya şikayəti əsassızdır, faktlara ziddir, heç bir sübuta əsaslanmır və bu səbəblərdən əsaslı etiraza səbəbdir. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1933/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh inzibati orqan Xızı İH tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin həmin qərarı dəyişdirlilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın Bənd 1.6. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyrikənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir. Bənd 1.12. Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Bənd 3.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: .... 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. Bənd 3.2. Qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə: 3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti orqanının torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi barədə qərarından çıxarış; 3.2.1.2. torpaq sahəsinin ölçüsündən asılı olaraq, əyani surətdə qavranılması nəzərə alınmaqla müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya sərhədləri daxilində mövcud və yerləşdirilməsi nəzərdə tutulan tikililər olduğu halda, layihələndirilən ərazinin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi); 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli); 3.2.1.4. neft və qaz istisna olmaqla, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyləri, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi; 3.2.1.5. torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji ekspertizasının müsbət rəyi; 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; 3.2.2. bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə əlavə olaraq torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə təkliflərin müzakirəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1”nə uyğun tərtib edilmiş bələdiyyə iclasının protokolundan çıxarış; 3.2.3. bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti) və mülkiyyətçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və etibarnamənin surətləri; 3.2.4. bütün əsaslar və mülkiyyət növləri üzrə torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə vurulacaq ziyanın, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödənilməsi, habelə kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsində obyektin layihələndirilməsi müddətində mənafeyinə toxunulan hüquqi və fiziki şəxslərin tikinti ilə bağlı qoyduqları tələblərin yerinə yetirilməsi barədə xeyrinə torpaq sahəsi əldə edənin notariat qaydada təsdiq edilmiş zəmanət məktubu. Bənd 3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq tapşırıq verilir. Bənd 3.5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi kateqoriyası dəyişdiriləcək torpaq sahəsinin kağız üzərində və elektron daşıyıcıda hazırlanmış, müvafiq yerli icra hakimiyyəti orqanı, bələdiyyə və ya aidiyyəti təşkilatlarla razılaşdırılmış xəritəsinin bir nüsxəsini, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları, torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi vahidi, kadastr nömrəsi, əvvəl mövcud olduğu və aid edildiyi kateqoriya, habelə torpaqdan istifadəyə dair xüsusi şərtlər və məhdudiyyətlər barədə məlumatlar göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılaşdırılmış sərəncam layihəsini və öz rəyini baxılmaq üçün 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Bənd 4.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından aşağıdakı hallarda imtina edilir: ..... 4.1.3. vəsatətə əlavə olunan sənədlər bu Qaydaların 3.2-ci bəndinin tələblərinə cavab vermədikdə; ..... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1999-cu il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında” Əsasnamənin: Bənd 6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir. Bənd 7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi qaydaları məhz yuxarıda istinad olunan və hazırda qüvvədə olan müvafiq qanunvericilik aktı ilə tənzimlənməklə, onun həyata keçirilməsi qayda və prosedurları dəqiq və imperativ norma şəklində müəyyən edilmişdir. Həmin Qaydaların məzmunundan görünür ki, torpaq sahəsinin kateqoryasının dəyişdirilməsi məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Həmçinin, qeyd edilməlidir ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün bununla bağlı məhz xüsusi mülkiyyətçi tərəfindən vəsatət qaldırılmalı, habelə həmin vəsatətə məhz yuxarıda istinad edilən Qaydaların 3.2-ci bəndində qeyd edilmiş sənədlər əlavə edilməlidir. Eyni zamanda həmin normanın məzmunundan görünür ki, müvafiq vəsatətə əlavə edilməli olan sənədlərdən biri də məhz aidiyyəti yerli icra hakimiyyəti orqanının torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi barədə qərarından çıxarışdır. Həmçinin, qeyd olunmalıdır ki, müvafiq Qaydaların tələbinə əsasən həmin sənədlərdən hər hansı birinin vəsatətə əlavə edilməməsi həmin vəsatətə baxılmasından imtina üçün əsas sayılır (Qaydaların 4.1-ci bəndi) Bundan əlavə qeyd olunmalıdır ki, həmin Qaydaların 3.5-ci bəndinin tələbinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilən sənədlərdən biri kimi məhz Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi kateqoriyası dəyişdiriləcək torpaq sahəsinin kağız üzərində və elektron daşıyıcıda hazırlanmış, müvafiq yerli icra hakimiyyəti orqanı, bələdiyyə və ya aidiyyəti təşkilatlarla razılaşdırılmış xəritəsinin bir nüsxəsinin təqdim edilməsi qeyd edilmişdir. Həmçinin, həmin Qaydaların 1.12-ci bəndinə əsasən kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Həmin normanın məzmunundan görünür ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün bir sıra hallar nəzərə alınmaqla və gözlənilməklə yanaşı, məhz yerli icra hakimiyyəti orqanının rəyinə əsasən, müvafiq qərar ilə yol verilir. Göründüyü kimi, indiki halda torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi xüsusi mülkiyyətçinin müvafiq inzibati orqan (Azərbaycan Respublikası Nazirlər Kabineti) qarşısında vəsatət qaldırması və həmin inzibati orqan tərəfindən qərar qəbul edilməsi ilə baş versə də, bu proses ona dair zəruri olan prosedur sənədlər və prosedur qaydalar çərçivəsində həyata keçirilməklə, mümkündür. Həmin prosedur sənədlərdən bir qisminin tərtib edilməsi və təqdim edilməsi də məhz yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmişdir (Qaydaların 1.12, 3.2 və 3.5-ci bəndləri). İndiki halda iddiaçının hüquqi marağı məhz xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi məqsədilə vəsatət qaldırılması üçün zəruri olan sənədlərdən biri qismində çıxış edən yerli icra hakimiyyəti orqanının məqsədəmüvafiqlik barədə qərarının əldə edilməsi (və ya buna dair rəy verilməsi) ilə bağlı olmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi arasında bağlanmış 29 mart 2022-ci il tarixli 08 saylı müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan 27 ha torpaq sahəsinin 10 ha hissəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi üçün elektron məlumat bazası əsasında yerquruluşu planının hazırlanması nəzərdə tutulmuşdur. Həmin yerquruluşu planı göstərilən orqan tərəfindən hazırlanaraq təsdiq olunması üçün Xızı rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Lakin Xızı rayon İcra Hakimiyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının yalnız müstəsna hallarda və ya torpaq sahəsinin yararsız vəziyyətdə düşdüyü halda dəyişdirilməsinin mümkün olduğunu bildirərək faktiki olaraq yerquruluşu planının təsdiq edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Hazırda iddiaçı bu vəsatəti qaldırmaq üçün sənədlər toplusunu hazırlayır ki, bu sənədlərdən biri də yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməli olan yeruquluşu planıdır. Cavabdehin həmin planı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsindən məqsədəuyğun olmaması səbəbi ilə imtina etməsi əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, cavabdeh yerquruluşu planını təsdiq etməklə torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə nəzarətini həyata keçirməli və bununla bağlı müvafiq tədbirləri görməlidir. Mübahisəli yerquruluşu planı kompleks yerquruluşu işidir və həmin yerquruluşu planının təyinatı sənaye, nəqliyyat, rabitə və başqa təyinatlı torpaq sahəsinin yerdə sərhədlərinin (naturada) müəyyən edilməsidir. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan aydın olur ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin dəyişdirilməsinə aid yaranan münasibətlərdə tərəflərdən biri qərar vermək səlahiyyətinə malik Azərbaycan Respublikası Nazirlər Kabinetidir, digər həmin məsələlər ilə Nazirlər Kabineti qarşısında vəsatət qaldıran, yerquruluşu planını sifarişçisi iddiaçı tərəf, yerquruluşu planının müəllif nəzarətçisi kimi Əmlak Məsələləri Dövlət Xidməti və yerli, ərazi inzibati nəzarətçisi kimi isə cavabdeh Xızı rayon İcra Hakimiyyəti çıxış edir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-1933/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar