Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1113/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının prosessual hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1975-ci ildən 2013-cü ilə qədər Sumqayıt “Kimya zavodunda" işləmişdir, 1978-ci ildən mənzil növbəsində olmuşdur. 1982-ci ildə Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxanada ailəli olduğuna görə Order əsasında 75A saylı otaq ona verilmişdir. Hal-hazırda ona məxsus mənzil özəlləşmişdir və xx.xx.2014-cü il tarixdə RX Seriyalı ******* saylı Çıxarışla mənzil mülkiyyətindədir. Ona məxsus mənzildə mənzil sökülən tarixədək 6 nəfərlik ailə üzvü yaşamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 770s saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 №-li Yataqxana Sumqayıt şəhər İH-nin qərarı ilə sökülmüşdür. Həmin sərəncamın 3-cü bəndinə görə sərəncamın icrası Sumqayıt Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Adı çəkilən sərəncama əsasən həmin yataqxanada yaşayan 1 nəfərdən 3 nəfərədək üzvü olan ailələrə daşınma xərcləri və kirayə haqqları ilə birlikdə 31000 (otuz bir min) manat ödənilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda yataqxana tamamilə sökülmüşdür. Qeyd etdiyi kimi 75A saylı otaq onun mülkiyyətindədir. Cavabdeh mülkiyyət hüququnu məhv edərək onun əmlakını yerlə-yeksən etmişdir. Cavabdehin günahı üzündən onun əmlakına zərər dəymiş, əmlakı məhv olmuş, evsiz-eşiksiz qalmışdır. Əmlakına görə ona hər hansı bir kompensasiya ödənilməmişdir. Hal-hazırda mənzilinin ölçüsündə olan mənzillərin yaşayış yerində dəyəri 60000 (altmış min) manat təşkil edir. Kompensasiya ödənilməsi tələbi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli, 153 saylı sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir. Sözügedən yataqxananın 75A saylı otağı order əsasında İddiaçı verilmişdir. Hal-hazırda sözügedən yataqxana plana düşdüyünə görə Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 770s saylı qərarı ilə 1,2 və 3 ailə üzvü olanlara 31.000 manat məbləğində pul ödənilir. Nazirlər Kabinetinin qərarı çıxarkən İddiaçı həmin mənzildə iki nəfər ailə üzvü ilə birlikdə yaşamış və həmin siyahı Nazirlər Kabinetinə göndərilmişdir. Lakin İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin 31.000 manat məbləğində pulun əvəzinə, maddi və mənəvi ziyan daxil olmaqla, ümumilikdə 50.000 manat kompensasiya ödənilməsini tələb edir. Yataqxana Nazirlər Kabinetinin qərarı ilə plana düşdüyünə görə yataqxanada yaşayan sakinlərin siyahısı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən tərtib edilərək Nazirlər Kabinetinə göndərilmişdir. Həmin vaxtdan sonra yaşayışçıların mənzillə və yaxud pulla təmin edilməsi Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Bu səbəbdən İddiaçı İcra Hakimiyyətini cavabdeh şəklində işə cəlb etməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Hal-hazırki İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülərək məhv edilməsinə görə 45000 (qırx beş min) manatın, mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair iddia tələbi “mənəvi zərərə görə 5000 (beş min) manatın, cəmi 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində hüquqi təbiəti baxımdan mülki-hüquqi mübahisədir. İddiaçının prosessual hüquqi varisi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edəsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının prosessual hüquqi varisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad ilə razılaşmır. Məhkəmə qərardad qəbul edərkən tətbiq edilməli olan hüquq normalarını deyil, tətbiq edilməli olmayan hüquq normalarına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia qaldırmaqda düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Məhkəmə öz dəlillərini onunla əsaslandırmışdır ki, mübahisə xüsusi hüquq normaları ilə tənzimlənməlidir. Bu zaman məhkəmə Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 04 saylı qərarını əsas gətirmişdir. Məhkəmə qərardad qəbul edərkən nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28,08.2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatının İİİ bölməsinin 1-ci bəndinə görə AR-nın rayon və şəhər İcra Hakimiyyəti orqanları inzibati orqanlardır. Həmçinin məhkəmə mübahisə predmetinin icra orqanlarının qanunsuz hərəkətlərindən yarandığını, inzibati aktın ləğv edilməsi və dəyən ziyanın ödənilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulmalı olmasını unutmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının prosessual hüquqi varisi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: …. 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; …. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 008ci il tarixli 07 nömrəli Qərarının: ....
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə bu hissədə iddia tələbi ona məxsus mənzilin sökülməsi nəticəsində ona vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mülki məhkəmə icraatı qyadasında baxılmalı olmalı əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq (iddianın mümkün sayılmaması əsası ilə razılaşmayaraq), aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakın sökülməsi nəticəsində onun mənəvi ziyan vurulması halına istinad edərək, 5000 manat məbləğində mənəvi ziyan vurulduğunu bildirir. Kollegiya iddianın mümkümlük əsasları ilə bağlı ilk növbədə onu qeyd edir ki, indiki halda iddiaçının sözügedən tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməsi halı müəyyən edilməmişdir. Hansı ki, iddianın mümkünlüyü ilə bağlı həmin şərtin ödənilməsi zəruri olmuşdur. Əks halda bu tələbə əməl edilməməsi iddianın mümkün sayılmaması üçün əsas hesab edilir. Bundan əlavə, kollegiya qeyd edir ki, indiki halda hətta cavabehin təqdim etdiyi yazılı etiraz ərizəsində bu hissədə iddia tələbinə dair münasibətini həmin şərtin ödənilməsi əsası kimi qəbul etsək belə, iddianın mümkün sayılmamasının digər əsası mövcud olur. Belə ki, kollegiya qeyd edir ki, hazırki iddia tələbinin mümkünlüyü baxımından dəyərləndirməsi mərhələsində iddiaçı tərəfindən hüququnun həqiqətən pozulması, bununla bağlı hüquqi müdafiəyə ehtiyacının olması (mənəvi iztirab, sarsıntı keçirilməsi hallarına dair) əsasları nəzərəçarpan və aşkar şəkildə mövcud olmalıdır. İndiki halda isə iddiaçıya münasibətdə onun mənəvi iztirab və sarsıntı keçirilməsi ilə bağlı hüququnun həqiqətən pozulduğunun müəyyən edilməsi, bu əsasla hüquqi müdafiəyə ehtiyacının olması, aşkar müdaxilənin mövcudluğu müəyyən edilməmişdir. Halbuki, iddianın mümkünlüyü baxımından həmin halların bu mərhələdə müəyyən edilməsi zəruri olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının mənəvi ziyanın ödənilməsinə dair tələbi qeyd edilən əsaslar (cavabdehə müraciətinin olmaması, hətta müraciətinin olmaması halı aradan qalxsa belə, hüququn pozulmasının aşkarlığının olmaması, bu tələb üzrə hüquqi müdafiəyə ehtiyacının olmaması) üzrə mümkün sayılmamalıdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki tələb inzibati məhkəmə icraatının predmeti qismində çıxış etdiyindən, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddia tələbini mülki-hüquqi xarakterli mübahisə kimi dəyərləndirməklə bağlı mövqeyi yanlış olmuşdur. Bununla yanaşı, kollegiya qeyd edir ki, indiki halda işin müəyyən edilmiş halları əsasında iddianın mümkün sayılmamasının digər əsası mövcud olduğundan, bu halın isə iş üzrə müəyyən edilmiş hüquqi nəticəyə təsiri olmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni olmuş, şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas qismində çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş halları əsasında təkzib edildiyindən, təmin edilməməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçının prosessual hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.