Məhkəmə qərarları › İş №2-1(105)-1117/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1117/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1117/2025 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı “(Quba rayon İcra Hakimiyyəti və Quba rayon Bələdiyyəsi üçüncü şəxs) ona dəymiş ziyanın əvəzi olaraq 400.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(118)-80/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “ona dəymiş ziyanın əvəzi olaraq 50.000 manat kompensasiyanın tutulması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5338/2019 nömrəli, 27 dekabr 2019-cu il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-131/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-279/2021 nömrəli, 21 may 2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 131/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən 400.000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-289/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-592/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-289/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri 25-ci məhəllə ünvanında 1.104 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövət qeydiyyatına alınmış, buna dair xx.xx.2007-ci il tarixdə MH 00111159 seriya nömrəli çıxarışa əsasən Hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 2013-cü il tarixdə satılarkən məlum olmuşdur ki, 0.204 ha hissəsi zəbt edilmişdir. 0.81 ha hissəsi alqı-satqı ilə özgəninkiləşdirilmiş, qalan 0.204 ha hissəsi bu günədək cavabdehin sifarişi əsasında inşa edilmiş çoxmərtəbəli mənzillər tikilərkən zəbt edildiyindən istifadəsi mümkünsüz olmuşdur. Bunla əlaqədar bu günədək edilən müraciətlər nəticəsiz qalmış, aidiyyəti qurumlar tərəfindən heç bir kompensasiya ödənilməmiş, zəbt olunmuş formada qalmaqdadır. Müraciətlərə cavab olaraq bildirilmişdir ki, Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi 2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmişdir. Ziyanın ödnilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də, bu günədək heç bir nəticə verməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.26-cı yarımbəndi ilə əlilliyi olan şəxslərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Fondun vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 14 aprel tarixdə 80 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nın 4.3.5.11-ci yarımbəndi ilə Quba-Xaçmaz İqtisadi rayonu ərazisində mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri çərçivəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Quba Rayon İcra Hakimiyyətinə 10 mart 2010-cu il tarixdə 14/30-106 nömrəli məktubla müraciət etmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısı 24 avqust 2010-cu il tarixdə “Quba şəhərində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə icazə verilməsi barədə” 136 nömrəli Sərəncam imzalamışdır. Sərəncamın 1-ci hissəsində Nazirliyin müvafiq məktubu, 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə X7, Quba Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, ayrılmış torpaq sahəsi göstərilməklə şəhərin yerquruluşu planından çıxarışı nəzərə alınmaqla, Quba şəhərinin 25-ci məhəlləsində ayrılmış 0.3 hektar torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qeyd edilmişdir. Həmçinin, Quba bələdiyyəsinin 25 avqust 2010-cu il tarixdə “Quba şəhərində mədənisosial və xidmət obyektlərinin tikintisi və sair məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə” 47/02 nömrəli X6 tərəfindən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunlarına müvafiq olaraq Quba Rayon İcra Hakimiyyətinin 24 avqust 2010-cu il tarixli 1266/2 saylı məktubu nəzərə alınaraq, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0.3 ha (3000 m2 üç min) torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Sərəncamı və X7 əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlamış və 2013-cü il tarixdə tikinti başa çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2013-cü il tarixli 11/9-11 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Göründüyü kimi Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər əlil və şəhid ailələri üçün Quba rayonunda inşa edilmiş 36 mənzilli yaşayış binasının yerləşdiyi ərazi Nazirlik tərəfindən zəbt edilməmiş və İddiaçı mənsub olduğu qeyd edilən ərazinin əvəzinə tələb etdiyi maddi təminat Nazirliyə qarşı yönələ bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(118)-80/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12,06.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş 36 mənzilli yaşayış binasının tikintialtı sahəsi olaraq 0.0230 ha hissəsi və həmin binaya məxsus su quyusu, nasosxana, istixana tikilisi, 1 ədəd transformator iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ********** nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışda qeyd edilən torpaq sahəsinin daxilində yerləşir. Həmçinin, mütəxəssislər Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı protokol qərarı əsasında verilmiş yerquruluşu planından çıxarışın koordinatları qeyd edilmədiyindən sözügedən binanın həmin qərar əsasında ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. Məhkəmə tərəfindən mübahisəli mülkün məhz iddiaçıya məxsus olması, məhz iddiaçıya məxsus torpaq sahəsinin zəbt edildiyi, məhz iddiaçıya məxsus mübahisəli sahənin mübahisəli ərazidə yerləşdiyi müəyyən edilsə də, əsas məsələ sonda həll edilməmişdir. Ancaq sonda nəzərə almışdır ki, mübahisəli sahəni iddiaçı qanunvericiliyə əsasən torpaqayırma sənədləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən təqdim edildikdən sonra, həmçinin 36 mənzilli binanın tikiləcəyi yer göstərildikdən sonra sözügedən daşınmaz əmlakı inşa etdirmişdir. İşin bu hissəsində də yenə də mübahisəsiz hallar budur ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi mübahisəli torpaq sahəsində inşa edilən yaşayış binasının sifarişçisidir. Tikintiyə torpaq sahəsi ayıran mülkiyyətçi Quba Bələdiyyəsi olmuşdur. Quba Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Mənzil İstismar Sahəsi tikinti başa çatdıqdan sonra Binanın istismarına nəzarət üçün təhvil alaraq kommunal xidmətlər göstərir. Təhvil verilənədək İcra hakimiyyətinin hazırkı mübahisədə rolu müəyyən edilməmişdir. İşin mübahisəli halı odur ki, cavabdeh Quba Rayon Bələdiyyəsi tərəfindən ayrılan torpaq sahəsində sifarişini icra etmişdir, yoxsa Quba Rayon Bələdiyyəsi torpaq sahəsini cavabdehə təqdim edərkən mülkiyyətçinin torpaq sahəsini tikinti ərazisinə əlavə edərək cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı protokol qərarı əsasında verilmiş yerquruluşu planından çıxarışın koordinatları qeyd edilmədiyindən cavabdeh bundan öz xeyrinə sui istifadə edərək sözügedən binanı məhz həmin qərar əsasında ona ayrılmış torpaq sahəsi üzərində tikildiyini əsas gətirərək 15 ildir məsuliyyətdən yayınır. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı protokol qərarı əsasında verilmiş yerquruluşu planından çıxarışın koordinatları qeyd edilmədiyindən iddiaçının mülkiyyət hüquqlarının Quba Bələdiyyəsi tərəfındən pozulduğu, yoxsa Quba Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılsa da sifarişçi olan cavabdeh tərəfindən ayrılan torpaq sahəsindən kənara çıxaraq mülkiyyət hüququnu pozması keçən 3 il ərzində araşdırmamış, nəticədə 15 ildir mülkiyyətçi mülkiyyət hüququndan məhrum edilmişdir. Cavabdeh məsuliyyətdən yayınmaq üçün özünün sifarişi ilə tikilən 4 mərtəbəli yaşayış binasının tikinti layihələrini məhkəməyə təqdim etməkdən imtina etmişdir. Məhz tikinti layihələri əsasında müəyyən etmək mümkün idi ki, sifarişçi ona ayrılan torpaq sahəsində tikintini inşa edib, yoxsa kənara çıxıb. Qeyd edilən layihə sənədlərinin təqdim edilməsi üçün 3 ildir vəsatətlər təqdim etmişdirlər, ekspertlər vəsatətlər təqdim etmiş, lakin məhkəmə tərəfindən sübutu təqdim etməyən cavabdeh barəsində tədbirlər görülməmiş, cavabdeh isə bu sənədlərin təqdim edilməsi mənafelərinə zidd olduğundan könüllü təqdim etməmişdir. Quba Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixdə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, tikinti layihələri barədə məlumat arxivdə aşkar edilməmişdir. X14 Flilalı isə xx.xx.2025-ci il tarixdə bildirir ki, onlara arxiv təhvil verilməmişdir. Cavabdeh yenə də vəsatət və sorğudan yayınaraq guya ki xx.xx.2025-ci il tarixdə məhkəməyə sənədləri göndərir. Ancaq sənədlərdən məlum olur ki cavabdeh 3 ildir, mövcud olan sənədləri təkrar məhkəməyə göndərir, lakin sorğuya cavab məktubunda qeyd edir ki, yaşayış binasının layihələrinin təqdim edilməsi tərəflərindən mümkün deyildir. AR DŞAK tərəfindən isə məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavabında cavabdehin sifarişi ilə Qubada tikilən DOST mərkəzinin və X10 Mərkəzinin tikitisinə dair layihə sənədləri təqdim edilmişdir. Qeyd edilən sənədlərin hazırkı mübahisəyə aidiyyəti olmadığı məhkəməyə bildirilsə də, əhəmiyyət verilməmişdir. Göründüyü kimi nə cavabdeh tərəfindən, nə üçüncü şəxslər tərəfindən, nə də aidiyyəti qurumlar tərəfindən işin obyektiv və ədalətli həlli məqsədi ilə layihələndirmə sənədləri təqdim edilməmişdir. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, sərəncamda tikinti işlərinin düzgün və ayrılmış torpaq sahəsində aparılmasına nəzarətinin həyata keçirilməsi məhz Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq-tikinti şöbəsinə tapşırılmışdır ki, qeyd olunan şöbə tikintinin məhz ayrılmış torpaq sahəsində aparılmadığı halda buna öz iradını bildirmiş olardı. Belə bir iradların olmadığı onu sübut edir ki, tikinti işləri məhz ayrılmış torpaq sahəsində aparılmışdır. Həmçinin, Quba Bələdiyyəsinin “Quba şəhərində mədəni sosial və xidmət obyektlərinin tikintisi və sair məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə” 25 avqust 2010-cu il tarixli, 47/02 nömrəli X6 tərəfindən Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0.3 ha (3000 m2) torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Sərəncamı və X7 əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlanılmış və 2013-cü il tarixdə tikinti başa çatdırılmışdır. Buna görə də Dövlət Qəbul Komissiyasının 27 avqust 2011-ci il tarixli, 11/7-60 nömrəli Aktı ilə inşası başa çatmış obyekt (çoxmənzilli yaşayış binası) istismara qəbul olunmuşdur. Nazirliyin 22 fevral 2013-cü il tarixli 11/9-11 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Bununla əlaqədar Nazirlik tərəfindən yaşayış binasının qəbul edilməsi barədə yazılmış 118 saylı AVİZO Quba Mənzil İstismar şöbəsi tərəfindən təsdiqlənmişdir. İnşası başa çatmış obyekt istismara təhvil verilən zaman obyekti balansına qəbul edən tərəf obyektin bütün texniki və layihə-smeta sənədlərini də qəbul edir. İddiaçının apellyasiya şikayətində bildirilmişdir ki, məhkəmə tərəfindən Quba Rayon İcra Hakimiyyətinə və X12 Filialına tikinti layihə sənədlərinin əldə olunması məqsədilə müvafiq sorğular göndərilmişdir. Bu isə dolayısı ilə onu sübut edir ki, iddiaçı tərəf özü də hesab edir ki, bina Quba Rayon İcra Hakimiyyətinə təhvil verildikdə, tikinti ilə bağlı bütün layihə, smeta və digər sənədlər də Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinə verilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, inşası başa çatmış obyektin istismara qəbul olunması barədə Akta Quba Rayon İcra Hakimiyyətinin başçısı Aparatından Memarlıq və Tikinti şöbəsinin müdiri Ə.Babayev də imza etmişdir. Göründüyü kimi, Nazirlik qanunvericiliyə əsasən torpaqayırma sənədləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən təqdim edildikdən sonra, həmçinin 36 mənzilli binanın tikiləcəyi yer göstərildikdən sonra sözügedən daşınmaz əmlakı inşa etdirmişdir. Daha sonra çoxmənzilli yaşayış binasının inşası başa çatdırılmış və binanın Quba Rayon İcra Hakimiyyətinin balansına verilməsi üçün müvafiq sənədləşdirmə işləri də aparılmışdır. Birinci instansiya məhkəməsi zamanı Nazirlik tərəfindən yuxarıda qeyd olunan müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. İşin ədalətli araşdırılması məqsədilə birinci instansiya məhkəməsi zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş 36 mənzilli yaşayış binasının tikintialtı sahəsi olaraq 0.0230 ha hissəsi və həmin binaya məxsus su quyusu, nasosxana, istixana tikilisi, 1 ədəd transformator iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ********** nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışda qeyd edilən torpaq sahəsinin daxilində yerləşir. Həmçinin mütəxəssislər bildirmişlər ki, Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı protokol qərarı əsasında verilmiş yerquruluşu planından çıxarışın koordinatları qeyd edilmədiyindən sözügedən binanın həmin qərar əsasında ayrılmış torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ..... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); ..... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 400.000 manat kompensasiyanın ödənilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı müvafiq kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüququna müdaxilə olunduğunu müəyyən etsə də, onun hüquqlarını qorumamış, beləliklə də, əsassız qərar qəbul etmişdir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində dövlət əhəmiyyətli layihə həyata keçirilmiş, o mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsi ilə bağlı hüquqlarından istifadə etməkdən məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hər bir halda iddiaçının hüquqları bərpa olunmalı, ona müvafiq kompensasiya verilməlidir. Lakin bu kompensasiyanın miqdarı və kim tərəfindən ödənilməsi hazırkı mübahisənin əsasını təşkil etməlidir. İş materiallarından görünür ki, İddiaçı Quba rayonu XDS İcraiyyə Komitəsinin 16 mart 1990-cı il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisində 10140 kv.m torpaq sahəsi satılmışdır. 24 iyul 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********76 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 1,014 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Quba rayonu İcra Hakimiyyəti başçısının 24 avqust 2010-cu il tarixli, 136 nömrəli sərəncamından görünür ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə RİHB-nə 10 mart 2010-cu il tarixdə 14/30- 106 saylı məktubla müraciət etmişdir. Sözügedən sərəncamla Quba şəhərinin 25-ci məhəlləsində ayrılmış 0,3 hektar torpaq sahəsində əlil və şəhid ailələləri üçün 36 mənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Quba bələdiyyə iclasının 25 avqust 2010-cu il tarixli, 08 saylı protokolundan çıxarışdan görünür ki, əlil və şəhid ailələləri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0,3 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Yaşayış sahəsinin İcra hakimiyyətinin balansına verilməsi” barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2013-cü il tarixli, 11/9-11 nömrəli sərəncamından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Quba rayonunda inşa edilmiş, ümumi dəyəri (qazanxana sistemi istisna olmaqla) 2345120,71 manat olan 4 mərtəbəli, 36 mənzilli yaşayış binası Nazirliyin balansından çıxarılmış və əvəzsiz olaraq Quba rayon İcra hakimiyyətinin balansına verilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon İcra Hakimiyyətinin 01 iyul 2017-ci il tarixli, 1409/1 nömrəli məktubundan görünür ki, Quba şəhəri, 25-ci məhəllədə Qarabağ Müharibəsi əlilləri və şahid ailələri üçün çoxmənzilli yaşayış binası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2011-ci ildə inşa olunmuşdur. Bina hazırda Quba rayon İcra Hakimiyyətinin balansında deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvanlanan 07 iyul 2022-ci il tarixli, **********48 nömrəli mütəxəssis rəyindən görünür ki, Quba şəhəri, 25-ci məhəllə ərazisində yerləşən İddiaçı məxsus reyestr nömrəsi **********76 olan 1.014 ha torpaq sahəsində tərəflərin iştirakı ilə ölçü işləri aparılmışdır. Məlum olmuşdur ki, 1.014 ha torpaq sahəsinin 0.81 ha hissəsi alqısatqı müqaviləsinə əsasən X1 və həmin hissəyə **********28 reyestr nömrəli çıxarış, plan ölçü işlənmişdir. Yerdə qalan 0.204 ha hissəsi İddiaçı məxsusdur. Yerdə qalan 0.204 ha torpaq sahəsi üzərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmiş 2 mərtəbəli mənzil tipli yaşayış binasının 0.0235 hissəsi yerləşir. Bundan başqa torpaq sahəsində həmin binaya məxsus su quyusu, istixana tikilisi, nasosxana və transformator yerləşir. Mütəxəssis rəyində qeyd olunanlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli, 10/2307 nömrəli ekspert rəyi ilə də təsdiqlənmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvanlanan 12 iyun 2024-cü il tarixli, 3-21-3-34/2- 6436/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri 25-ci Məhəllə ünvanında 1.014 ha torpaq sahəsi alqı satqı edildikdən və sonra xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsi ilə 0.80 ha hissəsinə müqavilə bağlanması qət edildikdən sonra qalan 0.20 ha torpaq sahəsində 36 mənzilli yaşayış binasının tikintialtı sahəsi olaraq 0.0230 ha hissəsi, həmin binaya məxsus su quyusu, nasosxana, istixana tikilisi və 1 (bir) ədəd transformator mövcuddur. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0.30 ha torpaq sahəsinin plan və sxemində istinad nöqtəsi və koordinatlar olmadığından həmin torpaq sahəsinin naturada harada yerləşməsini müəyyənləşdirmək mümkün deyildir. Sxem və planda göstərilmiş 0.30 ha torpaq sahəsinin yerləşmə mövqeyi ilə faktiki tikinti aparılmış ərazinin yerləşmə mövqeyi qismən uyğundur. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0.30 ha torpaq sahəsinin plan və sxemində istinad nöqtəsi və koordinatlar olmadığından həmin torpaq sahəsinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri 25-ci məhəllə ünvanında 1.014 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi müəyyənləşdirilməsi mümkün deyildir. Quba Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan çıxarışa əsasən 47/2 saylı Qərarı ilə Quba şəhəri 25-ci məhəllədə ayrılmış 0.30 ha torpaq sahəsinin plan və sxemində istinad nöqtəsi və koordinatlar olmadığından tikinti işləri aparılmış ərazinin həmin ərazi olub- olmamasını müəyyənləşdirmək mümkün deyildir. Qeyd edilir ki, tikinti aparılmış ərazinin bir hissəsi xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Quba şəhəri 25-ci məhəllə ünvanında 1.014 ha torpaq sahəsinə düşür. Quba bələdiyyəsinin 07 noyabr 2024-cü il tarixli, 1094 nömrəli məktubundan görünür ki, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın inşa edildiyi torpaq sahəsi ilə bağlı ilkin olaraq Quba Bələdiyyəsi tərəfindən 25 avqust 2010-cu il tarixli 47/02 saylı qərar qəbul edilmiş lakin qərarın icrası tam olaraq başa çatdırılmamış və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə alınmamış, eyni zamanda notarial qaydada alqı-satqı yolu ilə heç bir fiziki və ya hüquqi şəxsin mülkiyyətinə verilməmişdir. Göründüyü dövlət layihəsi çərçivəsində cavabdeh tikinti həyata keçirmiş, nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən istifadə imkanındən məhrum olmuşdur. Mübahisənin ətraflı araşdırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən sorğu edilməklə aşağıdakı sənədlər əldə olunmuşdur: 07 avqust 2013-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 1,014 hektar torpaq sahəsi İddiaçı tərəfindən X1. Quba Rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli, 2(027)-368/2016 nömrəli qətnaməsindən görünür ki, X3 rayon Notariat Kontoruna və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 07 avqust 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri 25-ci məhəllə ünvanında yerləşən 1,014 ha torpaq sahəsini İddiaçı almışdır. Həmin torpaq sahəsinin hasara alınması istəyərkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin 0,20 ha-da əlillər üçün ev tikilmişdir. Bundan sonra İddiaçıla aralarında razılığa gəlib alqı-satqı müqaviləsinin 1-ci bəndində torpaq sahəsinin ölçüsü və 4-cü bəndində isə torpaq sahəsinin dəyərində dəyişikliklər etmək qərarına gəlmişlər. Buna əsasən də Quba rayon Notariat Kontoruna 07 avqust 2013-cü il alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi barədə əlavə razılaşmanın təsdiq edilməsinə dair ərizə ilə müraciət etmişlər. Lakin Notariat Kontoru 15 oktyabr 2015-ci il tarixli 406 saylı məktubu ilə alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi barədə əlavə razılaşmanın təsdiq edilməsinin qanuna uyğun olmadığından, əlavə razılaşmanın təsdiq edilməsindən imtina etmişdir və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Quba Rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli, 2(027)-368/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Quba rayon notariat kontorunda bağlanmış AN-İ ******* nömrəli 07 avqust 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən ləğv edilmiş, İddiaçı ilə X8 arasında həmin müqavilə üzrə 0,81 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmışdır. 05 yanvar 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 0,81 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Yuxarıda istinad olunan sənədlərdən də göründüyü kimi iddiaçı mülkiyyətində olan 1.014 ha torpaq sahəsini sataraq hüquqlarından istifadə etmək niyyətində olsa da, inzibati orqanların fəaliyyəti nəticəsində torpaq sahəsinin yalnız 0,81 ha hissəsinə münasibətdə hüquqlarını reallaşdıra bilmiş, qalan 0,204 ha hissəyə münasibətdə isə faktiki və hüquqi maneələr yaradılmış, nəticədə həmin hissə üzrə mülkiyyət hüququ pozulmuşdur. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi qanunvericiliyə əsasən torpaqayırma sənədləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən təqdim edildikdən sonra, həmçinin 36 mənzilli binanın tikiləcəyi yer göstərildikdən sonra sözügedən daşınmaz əmlakı inşa etdirmişdir. Belə olan halda müvafiq kompensasiyanın nazirlikdən alınması yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda istinad olunan sənədlərə (iddiaçıya məxsus çıxarış, mütəxəssis rəyi və digər sənədlər) düzgün hüquqi qiymət verməmiş, onun mülkiyyət hüquqlarının pozulmasına baxmayaraq cavabdeh inzibati orqanın fəaliyyətini qanunvericiliyə uyğun hesab etməklə yalnış hüquqi nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, dövlət layihəsi çərçivəsində tikintinin həyata keçirilməsi özüözlüyündə mülkiyyət hüququnun məhdudlaşdırılmasını qanuniləşdirmir. Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması yalnız qanunla müəyyən edilmiş qaydada, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olub-olmamasının müəyyən edilməsi, xüsusi mülkiyyətdə olduğu təqdirdə torpaq sahəsinin alınması haqqında qərarın qəbul edilməsi və ya qabaqcadan ədalətli kompensasiyanın ödənilməsi şərtilə mümkündür. Bu prosedurlara riayət olunmadan torpaq sahəsində tikinti aparılması mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə isə dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması halı mövcud deyil, inzibati orqanların qanunsuz fəlaliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsindən istifadə imkanlarından məhrum olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanların səlahiyyət bölgüsü və onların qarşılıqlı fəaliyyəti nəticəsində yaranmış hüquq pozuntusuna görə məsuliyyətin müəyyən edilməsi iddiaçının üzərinə qoyula bilməz. Hazırki halda zərərin vurulmasına səbəb olmuş inzibati fəaliyyətin nəticələrinə görə ilkin olaraq həmin fəaliyyətə yol vermiş və ya onu həyata keçirmiş inzibati orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi cavabdehlik daşımalıdır. Çünki, dövlət layihəsinin sifarişçisi və həyata keçirən hazırkı iş üzrə cavabdeh inzibati orqan olduğuna görə ilkin məsuliyyəti də o daşımalıdır. İnzibati orqan özü qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.26-cı yarımbəndi ilə əlilliyi olan şəxslərin mənzil problemlərinin həllinə köməklik göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Fondun vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 14 aprel tarixdə 80 nömrəli Fərman imzalamışdır. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı”nın 4.3.5.11-ci yarımbəndi ilə Quba-Xaçmaz İqtisadi rayonu ərazisində mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri çərçivəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Quba Rayon İcra Hakimiyyətinə 10 mart 2010-cu il tarixdə 14/30-106 nömrəli məktubla müraciət etmişdir. Quba Rayon İcra Hakimiyyətinin başçısı 24 avqust 2010-cu il tarixdə “Quba şəhərində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə icazə verilməsi barədə” 136 nömrəli Sərəncam imzalamışdır. Sərəncamın 1-ci hissəsində Nazirliyin müvafiq məktubu, 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə X7, Quba Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, ayrılmış torpaq sahəsi göstərilməklə şəhərin yerquruluşu planından çıxarışı nəzərə alınmaqla, Quba şəhərinin 25-ci məhəlləsində ayrılmış 0.3 hektar torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qeyd edilmişdir. Həmçinin, Quba bələdiyyəsinin 25 avqust 2010cu il tarixdə “Quba şəhərində mədəni-sosial və xidmət obyektlərinin tikintisi və sair məqsədlər üçün torpaq sahələrinin ayrılması barədə” 47/02 nömrəli X6 tərəfindən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunlarına müvafiq olaraq Quba Rayon İcra Hakimiyyətinin 24 avqust 2010-cu il tarixli 1266/2 saylı məktubu nəzərə alınaraq, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikilməsi məqsədilə Quba şəhərinin 25-ci məhəlləsindən daimi istifadəyə 0.3 ha (3000 m2 üç min) torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Sərəncamı və X7 əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlamış və 2013-cü il tarixdə tikinti başa çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2013-cü il tarixli 11/9-11 nömrəli Sərəncamı ilə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası Quba Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən tikililəri cavabdeh inzibati orqan podratçı təşkilat vasitəsi ilə həyata keçirmiş, istismara qəbul ediləndən sonra onun balansından çıxmışdır. Cavabdeh inzibati orqanın əsas dəlili ondan ibarətdir ki, Nazirlik tərəfindən Quba Rayon İcra Hakimiyyətinin Sərəncamı və X7 əsasında tikinti üçün ayrılmış torpaq sahəsində Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlanılmışdır. Lakin mütəxəssis rəyindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş tikinti nəticəsində iddiaçı mülkiyyətində olan 0.204 ha torpaq sahəsindən istifadə imkanından məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, X7 əsasında tikinti üçün ayrılmış torpaq sahəsinin qanunvericiliyə uyğun müvafiq koordinatları olan sənəd tələb edilməməsi və tikintinin cavabdeh inzibati orqanın sifarişi əsasında həyata keçirilməsi hazırkı iş üzrə cavabdeh inzibati orqanın məsuliyyətini şərtləndirir. Lakin məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqanın reqres qaydada tələblər irəli sürməsi də istisna edilmir. Hazırki işin müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində bina tikilməsi onun mülkiyyət hüququnu pozmuş, torpaq sahəsinin 0,204 ha hissəsi üzərində sərəncam vermək imkanını faktiki olaraq aradan qaldırmışdır, bu hal da müvafiq kompensasiya öhdəliyi yaratmışdır. Eləcə də cavabdeh inzibati orqan tərəfindən ünvanlanan apellyasiya şikayətinə dair etirazdan da göründüyü kimi inzibati orqan dolayı yolla iddiaçının hüquqlarının pozulduğunu qəbul edir, lakin bunun üçün cavabdehlik daşımadıqlarını bildirir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh inzibati orqandan kompensasiya tələb etməkdə haqlı olmuşdur, lakin kompensasiyanın məbləğinə münasibətdə aşağıdakıları nəzərə almaq lazımdır. Belə ki, işdən göründüyü kimi iddiaçı əvvəl 50 000 manat tələb etsə də, hazırda ona vurulmuş ziyanın əvəzi olaraq 400 000 manat məbləğində kompensasiya ödənilməsini tələb edir. Kollegiya həmin məbləği əsaslı hesab etməməklə qeyd edir ki, kompensasiya məbləği müəyyən edilərkən iddiaçının pozulmuş mülkiyyət hüququ nəticəsində itirdiyi real əmlak dəyəri nəzərə alına bilər. 07 avqust 2013-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Quba şəhəri, 25-ci məhəllə ünvanında yerləşən 1,014 hektar torpaq sahəsi İddiaçı tərəfindən X5 164640 manata satılmışdır. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın fəaliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yalnız 0,81 ha hissəsinə münasibətdə hüquqlarını reallaşdıra bilmiş, qalan 0,204 ha torpaq sahəsinə münasibətdə isə hüquqlarından məhrum olmuşdur. İşdən göründüyü kimi iddiaçı özü 2013-cü ildə 1,014 hektar torpaq sahəsinə 164640 manat qiymət qoymuşdur, inzibati orqanların qanunsuz hərəkətləri olmasa idi, o həmin məbləği mübahisəsiz əldə edəcəkdi. Bu səbəbdən də kompensasiya məbləği müəyyən edilərkən həmin müqavilənin əsas götürülməsi qanuni və əsaslı hesab edilməlidir. Belə ki, 2013-cü il tarixində 1.014 ha torpaq sahəsinin 164640 manata satılması razılaşdırılmışdırsa, 1 ha torpaq sahəsinə münasibətdə satış dəyəri belə hesablanır: ******* : 1,014 ≈162,366 manat. 0,204 ha torpaq sahəsinin həmin tarixə bazar dəyəri isə: 162,366 manat × 0,204 ha ≈ 33,122 manat təşkil edir. Bu o deməkdir ki, əgər iddiaçı 2013-cü ildə torpaq sahəsini bütövlükdə sata bilsəydi, 0,204 ha hissəyə görə təxminən 33,122 manat gəlir əldə edə bilərdi. İnzibati orqanın fəaliyyəti nəticəsində iddiaçı həmin hissəyə dair sərəncam hüququnu həyata keçirə bilmədiyindən, o, bu məbləğdə real əmlak dəyərindən məhrum olmuşdur. Kollegiya hesab edir ki, həmin məbləğ cavabdeh inzibati orqan tərəfindən ona kompensasiya formasında ödənilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan qeyd olunan pozuntunun digər inzibati orqanların fəaliyyətinin nəticəsində yarandığını iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, bu halda həmin orqanlara qarşı mülki məhkəmə icraatı qaydasında reqres qaydada tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan xüsusatları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları tam və obyektiv qiymətləndirməmiş, mülkiyyət hüququnun toxunulmazlığı prinsipini nəzərə almamış və inzibati orqanın fəaliyyətini formal əsaslara söykənərək qanunauyğun hesab etməklə səhv hüquqi nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 33,122 (otuz üç min yüz iyirmi iki) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(118)-80/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı vurulmuş zərərin əvəzi olaraq 33,122 (otuz üç min yüz iyirmi iki) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar