Məhkəmə qərarları › İş №2-1(105)-112/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-112/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-112/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə ayrılmış 0.10 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-135/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə ayrılmış 0.10 hektar torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ona verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın **********80 saylı, 19 iyul 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı, Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cu il tarixli, 59 saylı əmri ilə Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin sərəncamına verilmiş istifadəsiz torpaq sahəsindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə ona 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə mənzil tikməyə icazə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı səlahiyyətsiz şəxs tərəfindən verilməmiş, sərəncam ləğv edilməmişdir, hazırda qüvvədədir və indiyədək torpaq sahəsindən iddiaçı maneəsiz istifadə edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan başqa, Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli, 59 saylı əmri ilə Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin sərəncamına verilmiş torpaq sahəsindən ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququ inzibati orqan tərəfindən qeydiyyata alınmışdır, halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. O hazırkı tələblə inzibati orqana müraciət etmiş, lakin onun ərizəsi təmin olunmamışdır. İddiaya əlavə edilmiş arxiv çıxarışından da görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 noyabr 1999-ci il tarixli, 39 saylı sərəncamı ilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli, 59 saylı əmri ilə Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin sərəncamına verilmiş istifadəsiz sahələrdən iddiaçıya 0,10 həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə mənzil tikməyinə icazə verilmişdir. Abşeron rayonu, X1 planından çıxarışdan görünür ki, ayrılmış 0,10 ha torpaq sahəsinin yerquruluşu planından çıxarış Abşeron rayonu, Saray bələdiyyəsi və Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-135/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səlahiyyətsiz şəxs - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 05 noyabr 1999-cu il tarixli 39 saylı sərəncamı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa, Abşeron rayon Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin 05.11.1999-cu il tarixli 39 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıca aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi icra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncam verməsi o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. O zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, AR MM-nin 139-1.1.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” müəyyənləşdirilmiş və mövcud qanunvericilik aktlarında ərazi nümayəndəliklərinin torpaq ayırması barədə qərarları nəzərdə tutulmayıb. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 5 noyabr 1999-cu il tarixli, 39 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmadığına istinad edərək imtina cavabı vermişdir. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin sərəncamına verilmiş 34.7 ha torpaq sahəsindən iddiaçıya 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü və Abşeron rayonu X1 planından çıxarış da hazırlanmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 60 nömrəli, 19.01.2010-cu il tarixli rəyində Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05.11.1999-cu il tarixli 39 saylı sərəncamına əsasən İddiaçı 0.10 ha olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiq olmaqla DTXK-nın Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmədiyi bildirilmişdir. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apelyasiya şikayətinin eyni dəlili (torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmaması) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin sərəncamına 34,7 ha torpaq sahəsi verilmişdir. Cavabdeh torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncam vermək hüququnun olmadığına istinad etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı Abşeron Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1992-ci il tarixli, 488 nömrəli sərəncamının arxiv çıxarışından müəyyən edilmişdir ki, qəsəbə icra nümayəndəliyi iddiaçıya torpaq sahəsi ayırarkən səlahiyyətli olmuşdur. Belə ki, arxiv çıxarışında göstərilmişdir ki, torpaq sahəsinin baş planının hazırlanması üçün sifariş rayon icra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsi vasitəsilə verilsin və vətəndaşlara torpaq sahələrinin paylanması qəsəbə sovetinin nümayəndəsinin səlahiyyəti daxilində olduğu nəzərə alınsın. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-135/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar