Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-112/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-115/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehin üzərinə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsi üzərində İddiaçı hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində Abşeron rayon İHB-nın Məmmədli kəndi üzrə icra nümayəndəliyinin 16 aprel 2004-cü il tarixli qərarı ilə iddiaçının istifadəsinə 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində 2011-ci ildə ümumi sahəsi 242,4 kv.m olan iki mərtəbəli yaşayış evi tikdirmişdir. Evin tikintisi zamanı tikinti norma və qaydalarına əməl edilmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Evin tikildiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən ona imtina bildirişi verilmişdir.
4. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsi səlahiyyətsiz şəxs – Abşeron RİHB-nın Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin 16 aprel 2004-cü il tarixli 18 saylı sərəncamı ilə vətəndaşın istifadəsinə ayrılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron RİHB-nın Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin 16 aprel 2004-cü il tarixli 18 saylı sərəncamı ilə ayrılnmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının, o cümlədən ölçüsünü və yerləşmə vəziyyətini təyin edən və koordinat cədvəlini özündə əks etdirən yerquruluşu sxeminin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Habelə, təqdim edilmiş sənədlərdə göstərilən 0.10 һа torpaq sahəsinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması ücün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və va qonşuluqlar) göstərilməmişdir. Əlavə olaraq, müayinə zamanı torpaq sahəsinin 0.0340 ha hissəsinin yüksək gərginlikli (6 kvt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-115/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kəndi üzrə nümayəndəliyinin qərarı ilə ayrılmış və Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində yerləşən, iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsi üzərində İddiaçı hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən 50 (əlli) manat ekspertiza xərcləri və 95 (doxsan beş) manat tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialında olan AZ23AllB********************8 saylı hesabına ödənilməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova)
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Maddə 108. Prosessual xərclər
108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi
110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 110.3. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: - cavabdeh imtina bildirişində iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasının əsası kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Məmmədli kəndi üzrə nümayəndəliyinin İddiaçı torpaq sahəsini ayırmaq səlahiyyətinin olmaması göstərmişdir. Məhkəməyə təqdim olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Məmmədli kəndi üzrə icra nümayəndəsinin sərəncamından görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 155 saylı sərəncamına əsasən Məmmədli kəndi üzrə icra nümayəndəliyinin qərarı ilə 0.10 ha torpaq sahəsi X3 ayrılmışdır. Daha sonra isə həmin torpaq sahəsi İddiaçı adına keçirilmişdir. 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Bundan başqa 0,10 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. - cavabdehin imtinasının dəlillərindən biri kimi o da olmuşdur ki, mübahisəli torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəy vermişdir ki, iddiaçının istifadəsində olan daş hasara alınmış 0.1614 ha torpaq sahəsindən 10 kVt-luq yüksək gərginlikli elektrik hava xəttinə qədər olan ara məsafə 10.22 m təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən 10 kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsi 10 metr təşkil etdiyindən mühafizə zonasında yerləşmir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
19. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Məmmədli kəndi üzrə icra nümayəndəliyinin 18 saylı sərəncamdan çıxarışdan görünür ki, Məmmədli kənd sakini X3 Abşeron Rayon İcra Hakimiyyəti başçısının 155 nömrəli sərəncamına əsasən Məhəmmədi kənd nümayəndəliyinin sərəncamına əsasən 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin şəxsin imkanı olmadığından torpaqdan istifadə edə bilmədiyinə görə adında olan torpaq sahəsi İddiaçı adına keçirilmişdir.
20. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, 0.10 ha torpaq sahəsi İddiaçı adınadır.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********34 saylı bildirişindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.10 ha torpaq sahəsinin İddiaçı Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin 18 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Ayrılmış sözügedən torpaq sahəsinin Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin 18 nömrəli sərəncamının arxiv arayışının, ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının, o cümlədən ölçüsünü və yerləşmə vəziyyətini təyin edən və koordinat cədvəlinin özündə əks etdirən yerquruluşu sxeminin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Habelə, təqdim edilmiş sənədlərində göstərilən 0.10 ha torpaq sahəsinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir.
22. Məhkəmə kollegiyasının araşdırması zamanı Abşeron Rayon Dövlət Arxivinə sorğu verilərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Məhəmmədi kənd üzrə icra nümayəndəliyinin 18 nömrəli sərəncamının, Məhəmmədi kənd sakini X3 0,10 ha torpaq sahəsinin verilməsi barədə Məhəmmədi kənd nümayəndəliyinin sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 155 nömrəli sərəncamının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
23. Məhkəmənin sorğusuna Abşeron Rayon Dövlət Arxivinin H 61 nömrəli, 24 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Abşeron Rayon Dövlət Arxivində sənədlər nüvafiq icra strukturlarının qərar və sərəncamları, tarix və nömrəsinə uyğun olaraq saxlanılır. Qeyd edilən sorğu ilə bağlı X4 hər hansı bir məlumat əldə etmək imkan xaricindədir.
24. Abşeron Rayon Dövlət Arxivinin H 177 nömrəli, 17 may 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Abşeron rayon Məhəmmədli kənd üzrə icra nümayəndəliyi 2004-cü ilə dair təsərrüfatbaşına kitabları və əmək haqqı cədvəlləri saxlanması üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil vermişdir. Təsərrüfatbaşına kitablarında vətəndaş X2 adı aşkar edilməmişdir.
25. Abşeron Rayon Dövlət Arxivinin H 250 nömrəli, 07 iyun 2022-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Abşeron rayon Məmmədli icra nümayəndəliyinin 2004cü il tarixli sərəncamları torpaq ayrılması haqqında deyil, əmək haqqı və ştat cədvəlləri barəsindədir. İcra hakimiyyətinin 155 saylı sərəncamının tarixi qeyd edilmədiyindən araşdırılması mümkün olmadı.
26. Daha sonra, məhkəmə kollegiyası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Məhəmmədi kənd üzrə icra nümayəndəliyinin 18 nömrəli sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu vermişdir.
27. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 62 nömrəli, 08 iyun 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10-ci bəndində göstərildiyi kimi, müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin edir. Həmin dövrdə verilmiş Məmmədli kənd üzrə İcra nümayəndəliyinin sərəncamından çıxarışın arxiv sənədləri Abşeron rayonu İcra başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yerləşməməkdədir. Həmin sənədlər dövlət arxivinə təhvil verilmişdir.
28. Daha sonra, Abşeron Rayon İcra Hakimiyyətinə sorğu verilərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının 155 nömrəli sərəncamının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
29. Abşeron Rayon İcra Hakimiyyətinin 1/1491 nömrəli, 22 iyul 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, vətəndaşlara fərdi ev tikintisi məqsədilə torpaq sahələrinin ayrılmasına görə rayon icra hakimiyyətinin yerli icra nümayəndəlikləri tərəfindən 2000-ci ilin 01 yanvar tarixinədək sərəncamlar verilmişdir. O dövrləri əhatə edən sənədlər Abşeron Rayon Dövlət Arxivinə təhvil verildiyindən sorğuda tələb olunan sənədlərin təqdim edilməsi mümkün olmamışdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona torpaq sahəsinin ayrılması barədə Məhəmmədi kəndi üzrə icra nümayəndəliyinin 18 nömrəli sərəncamına istinad etmiş və iddia ərizəsində həmin sərəncamın 16 aprel 2004-cü il tarixdə qəbul edildiyini göstərmişdir. İstinad edilən sərəncamda isə onun qəbul edildiyi tarix göstərilməmişdir.
31. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğular əsasında müəyyən olunmuşdur ki, Məhəmmədi kənd nümayəndəliyinin 18 və 155 nömrəli sərəncamları arxivdə yoxdur.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, bunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
33. Hazırkı halda əvvəlcə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin qanuni əsaslarla ona ayrıldığını sübut etməlidir, lakin işin hallarının araşdırılması zamanı bunun əksinə olaraq müəyyən edildi ki, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının olduğunu göstərdiyi sərəncamlar arxivdə aşkar olunmamışdır.
34. Bununla da, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin ayrılması barədə sərəncamlara dair arxiv məlumatları olmadığından mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan alınıb müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-115/2021 nömrəli qərarı ləğv edilsin və və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə Abşeron rayonu, Məmmədli kəndi, Çingiz Mustafayev küçəsində iddiaçının istifadəsində olan 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 95 (doxsan beş) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.