Məhkəmə qərarları › İş №2-1(105)-112/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-112/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-112/2023 27.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil və ya fərdi evlə təmin olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(118)-1527/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1973-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). xx.xx.2006-cı il tarixli, 27122 seriyalı vəsiqəyə əsasən iddiaçı ikinci qrup Qarabağ əlilidir. Sumqayıt şəhər İH Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin 17 sentyabr 2019-cu il tarixli, 1152 saylı arayışına əsasən iddiaçı 40cı məhəllə, ev 3, mənzil 29 ünvanında yaşayır, mənzilin daxil olduğu sektor şəxsi olmaqla, mənzildə İddiaçı, atası X7, anası X4, arvadı X2, oğlu X5, oğlu X6 daimi qeydiyyatdadır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 30 noyabr 2019-cü il tarixli, 414 nömrəli sərəncamına əsasən ikinci qrup Qarabağ əlili İddiaçı 4 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı X2, oğlu X5, oğlu X6) yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasını xahiş etmişdir. Cavabdeh 25 fevral 2022-ci il tarixli, **********6 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə ƏƏSMN-nə təqdim olunmuş 1 dekabr 2020-ci il tarixli, 1529 nömrəli məktubda iddiaçının 30 dekabr 2019-cu il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. İddiaçı ƏƏSMN tərəfindən Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3, mənzil 29 ünvanında ikiotaqlı mənzillə təmin olunmuşdur və hazırda həmin mənzildə yaşayır. Qeyd edilənlərə əsasən iddiaçının yenidən mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının özü də daxil olmaqla 6 (altı) nəfər ailə üzvü tərkibi nəzərə alınmaqla, Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və cavabdeh qismində ƏƏSMNnin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı travmalar nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən ona ikinci qrup əlillik təyin edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 30 noyabr 2019-cu il tarixli 414 nömrəli sərəncamı ilə iddiaçı özü də daxil olmaqla 6 (altı) nəfər ailə tərkibdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınmışdır. Həmin sərəncama əsasən iddiaçı ailə tərkibi 6 nəfərdən (özü, arvadı, 2 oğlu, atası və anası) ibarət olmaqla mülkiyyətində olan yaşayış sahəsi 39,34 kv.metrdən ibarət 2 otaqlı, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3, mənzil 29-da qeydiyyatda olmaqla yaşayır. AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının tələblərini nəzərə alaraq mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ƏƏSMN-nə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Qeyd edir ki, Sumqayıt şəhər İHB-nin 30 noyabr 2019-cu il tarixli 414 nömrəli sərəncamı ilə iddiaçı özü də daxil olmaqla 6 nəfər ailə tərkibdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alındığı zaman, AR Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kv.metr müəyyən edilmişdir. Sumqayıt şəhər İH Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi 12 saylı mənzil kommunal sahəsinin 17 sentyabr 2019-cu il tarixli, 1152 saylı arayışına əsasən iddiaçı özü də daxil olmaqla 6 nəfər ailə tərkibi ilə mülkiyyətində olan yaşayış sahəsi 39,34 kv.metrdən ibarət 2 otaqlı, 40-cı məhəllə, ev 3, mənzil 29-da yaşayır. Sumqayıt şəhər İHB-nin 30 noyabr 2019-cu il tarixli, 414 nömrəli sərəncamı və arayışlarla müəyyən olunur ki, o, 6 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsi 39,34 kv.metrdən ibarət, hər adama 16 kv.metrdən az olan yaşayış sahəsinə malikdir. Hesab edir ki, o, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilir. O, AR Mənzil Məcəlləsinin tələblərinə əsasən ikinci qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmağına dair ərizə ilə Sumqayıt Şəhər İH-nə müraciət etmiş və ərizəyə lazımi arayış və sənədləri əlavə etmişdir. Həmin vaxt onun tərəfindən həqiqətə uyğun olmayan hər-hansı sənəd təqdim edilməmiş, həqiqətə uyğun olmayan məlumat, hal və ya əsas aşkar edilməmişdir. Hesab edir ki, yaşayış yeri üzrə mənzil uçotuna alındığından ikinci qrup Qarabağ əlili kimi mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməlidir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı Sumqayıt şəhəri İcra Hakimiyyəti tərəfindən 2005-ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3, mənzil 29 ünvanında yerləşən mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Sumqayıt şəhər İH-nin xx.xx.2019-cu il tarixli 414 saylı sərəncamına əsasən ikinci qrup Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadrat metrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər, o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş iddiaçıya əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənziİ Fondunun imkanları xaricindədir. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(118)-1527/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Sumqayıt şəhər İH tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 11/134 saylı orderlə Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3 ünvanında yerləşən ümumi sahəsi 39,34 kv.metrdən ibarət 2 otaqlı, 29 nömrəli mənzil iddiaçının adına verilmişdir və həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2007-ci il tarixində, ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mövcud mənzil qanunvericiliyinin tələblərinə görə şəxsə dövlət mənzil fondundan sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi iki şərtin birlikdə mövcud olması ilə mümkündür. Birincisi həmin şəxs qanunvericilik aktlarına əsasən imtiyazlı şəxs olmalıdır, ikincisi isə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməlidir. Hazırki işdə iddiaçının imtiyazlı şəxs olması işin mübahisəsiz halıdır. Məhkəmə digər şərtin, yəni iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs olub-olmamasını qanunvericiliyinin tələblərinə əsasən aydınlaşdırmalı, bundan sonra yuxarıda göstərilən iki şərtin mövcud olması halında iddia tələbinin əsaslı olmasını müəyyən etməli idi. İmtiyazlı şəxsin dövlət mənzil fondundan sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi ilə təmin olunması zamanı ilk növbədə həmin şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması tələb olunur və bundan sonra yaşayış sahəsinin ayrılma normasına əməl edilməklə həmin şəxs yaşayış sahəsi ilə təmin edilməlidir. İddiaçı onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsi nəzərə alınaraq yerli icra hakimiyyəti orqanında özü də daxil 4 nəfər ailə tərkibi ilə mənzil uçotuna götürülmüşdür. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasının qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd edir ki, məhkəmə iddiaçıya dövlət mənzil fonduna aid olan 2 otaqlı yaşayış sahəsi ayrıldığını və həmin yaşayış sahəsinin iddiaçı tərəfindən özəlləşdirildiyini, iddiaçının ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil aİmaq hüququndan artıq bir dəfə istifadə etdiyini və bu əmlakı öz mülkiyyətinə keçirdiyini qeyd edərək yalnış olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində mənzil olduğuna görə o, yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməlidir. İddiaçı məhkəmənin gəldiyi bu nəticəni əsassız və qanunsuz hesab edərək qeyd edir ki, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs olması faktı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində müvafiq icra hakimiyyəti orqanında uçota alınması və bu faktın cavabdeh tərəfindən mübahisələndirilməməsi ilə artıq öz təsdiqini tapmışdır. Mənzil Məcəlləsinin 50.1.2-ci və 50.2-ci maddələrinin tələblərindən göründüyü kimi şəxsin başqa yaşayış sahəsinin olması, hətta şəxs bir neçə yaşayış sahəsinin mülkiyyətçisi olması halında belə, yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilər. Cavabdeh imtinasında iddiaçının mənzillə təmin olunduğunu və hazırda həmin mənzildə yaşadığını bildirərək onun yenidən mənzillə təmin edilməsinin qanunvericiliyə uyğun olmamasını göstərmiş, məhkəmə də iddiaçının mənzillə təmin olunduğunu və həmin mənzili özəlləşdirərək mülkiyyətinə keçirdiyini əsas tutaraq iddianı rədd etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə şəxsin mülkiyyətində mənzil olması nə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına, nə də onun sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi ilə təmin olunmasına maneə deyildir. Mənzil Məcəlləsinin 56.3-cü, 56.5-ci və 56.7-ci maddələrinin tələblərinə görə mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən verilir. Qanunun bu normalarına baxmayaraq məhkəmə cavabdehin imtinasına düzgün hüquqi qiymət verməmiş, nəticədə tətbiq olunmalı olan hüquq normasını tətbiq etməmişdir. İşə baxan məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci və 7-ci maddələrinə istinad etmişdir. Buna münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları 1982ci il tarixli Mənzil Məcəlləsinə əsasən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə deyil, dövlət və ya ictimai mənzil fondundan vətəndaşlara ayrılmış mənzillərin özəlləşdirilməsi qayda və şərtlərinə şamil edilir. Məhkəmə iddiaçıya veriləcək yaşayış sahəsinin mövcud qanunvericiliyin tələblərinə görə yalnız sosial kirayə müqaviləsinə əsasən ayrıla biləcəyini və həmin yaşayış sahəsinin özəlləşdirilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını nəzərə almamışdır. Məhkəmə, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamına istinad edərək hesab etmişdir ki, həmin sərəncam yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aiddir və iddiaçı mülkiyyətində mənzilin olması səbəbi ilə yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilə bilməz. Hesab edir ki, məhkəmə hazırki mübahisəyə sözügedən sərəncamını tətbiq etməklə ciddi pozuntuya yol vermişdir. İlk olaraq ona görə ki, iddiaçı Sumqayıt şəhər İHB-nin sərəncamı ilə xx.xx.2019-cu il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sözügedən sərəncam 2014- 2018-ci illər ərzində müvafiq tədbirlərin görülməsini nəzərdə tutmuş, sərəncamın tətbiqi müddəti isə 2018-ci ilin sonunda başa çatmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə uçota alındığına görə 2018-ci ilin sonunda qüvvəsini itirmiş normativ xarakterli aktın müddəaları ona tətbiq oluna bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, sözügüdən sərəncam qüvvədə olsa belə, heç bir halda iddiaçının tələbinin təmin edilməməsini şərtləndirmir. Belə ki, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxsdir və onun sözügüdən sərəncama əsasən də yaşayış sahəsi ilə təmin olunmasına heç bir maneə mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadrat metr müəyyən edilmişdir. Beləliklə, hazırki qanunvericiliyə əsasən yaşayış sahəsinin ayrılma normasının miqdarı 16 kvadrat metr və daha az yaşayış sahəsi ilə təmin edilmiş şəxslər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxsər sayılırlar. İddiaçının valideynləri nəzərə alınmadan hesablandıqda belə, 4 nəfər ailə tərkibi ilə onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kateqoriyasına aid olduğu müəyyən olunur. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, iş üzrə sübutlara düzgün hüquqi qiymət vermədən, maddi hüquq normalarını düzgün tətbiq etmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması (-) 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (-) 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. (-) Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı (-) Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya yaşayış sahəsinin verilməsi barədədir. İşdən görünür ki, iddiaçı hazırki tələbi ona görə irəli sürür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 30 noyabr 2019-cu il tarixli 414 nömrəli sərəncamı ilə iddiaçı özü də daxil olmaqla 4 nəfər ailə tərkibdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınmışdır. İddiaçı hesab edir ki, bir halda ki, o, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi tanınmışdır, belə olan halda bu hüququ reallaşmalı və ona mənzil və ya fərdi yaşayış evi verilməlidir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək qeyd edir ki, iddiaçı 2005-ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3, mənzil 29 ünvanında yerləşən mənzillə təmin olunmuşdur. Hazırda yenidən eyni əsasla eyni şəxsə mənzil verilməsi yolverilməzdir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3 ünvanında yerləşən 29 saylı mənzillə təmin olunmuş, mənzili özəlləşdirərək öz adına çıxarış almış, Sumqayıt şəhər İHB-nin sərəncamına əsasən ikinci qrup müharibə əlili kimi 4 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı X2, oğlu X5, oğlu X6) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, hazırda isə mənzildə 6 nəfər iddiaçı, atası, anası, arvadı və 2 oğlu daimi qeydiyyatdadır. İddiaçı dəlillərində ona ayrılmış yaşayış sahəsinin adambaşına düşən sahəsinin ayrılma normasından az olduğunu iddia edərək 6 nəfər ailə üzvü tərkibi nəzərə alınmaqla, müharibə əlili kimi mənzil və ya fərdi evlə təmin olunmasını tələb edir. Cavadehin imtina məktubu, habelə iddiaya etirazının dəlilləri ondan ibarətdir ki, iddiaçı mənzil sahəsi normasına uyğun (8 kv.m) ölçüdə yaşayış sahəsi ilə təmin olunmuşdur. İddiaçı isə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, mübahisələndirilən mənzil iddiaçıya verilərkən həmin ünvanda özü, həyat yoldaşı və oğlu yaşamışdır. Hazırda valideynləri də onlarla birgə həmin ünvanda yaşayır, eləcə də ailə tərkibi dəyişmiş, iddiaçının daha bir oğlu da olmuşdur. Eləcə də iddiaçı hesab edir ki, iddiaçının bir neçə yaşayış sahəsinə malik olması onun mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi tanınmasına maneə deyildir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmiş və ona 4 nəfər ailə üzvü (özü, həyat yoldaşı və iki uşağı) ilə birlikdə 2003-cü ildə dövlət mənzil fonduna aid olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 3 saylı evdə yerləşən 29 saylı iki otaqdan ibarət 38.86 kv m ümumi sahəsi olan mənzil ayrılmışdır, iddiaçı sözügedən mənzildə həmin ərəfədən başlayaraq yaşayır və həmin yaşayış sahəsi onun tərəfindən özəlləşdirilmişdir. İddiaçı ona ayrılan mənzilin müvafiq yaşayış sahəsinin ayrılma normasından az olmasını əsas gətirərək, əlavə mənzilin də verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, 2003-cü ildən sonra iddiaçının ailə tərkibində faktiki artım olmamış, sonradan valideynləri onun evinə qeydiyyata yazılmaqla, hazırda ailə tərkibi 6 nəfər kimi görünür. Nəzərə alınmalıdır ki, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmiş və bu əmlakını öz mülkiyyətinə keçirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara növbəlik qaydasında onların uçota alınma tarixi əsas götürülməklə verilir. Hazırkı halda isə iddiaçı 30 noyabr 2019-cü il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 4 nəfərdən ibarət olmuşdur. Bundan başqa, iddiaçı iddia ərizəsinin dəlillərində ona ayrılmış Sumqayıt şəhəri, 40cı məhəllə, ev 3 ünvanında yerləşən, 2 otaqlı, 29 saylı mənzilin yaşayış sahəsinin 39,34 kv.metr olduğunu, apellyasiya şikayətinin dəlillərində isə həmin mənzilin ümumi sahəsinin qeyd edilən ölçüdə olduğunu bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, elektron informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3 ünvanında yerləşən, 29 saylı mənzilin ümumi sahəsi 63.41 kv.metrdir. Yaşadığı mənzilin ümumi sahəsinin 63,41 kv.m olduğu halda, iddiaçının həmin mənzili məhz 39,34 kv.metr olduğunu iddia etməsi həmin mənzildə yaşayış sahəsinin 39,34 kv.metr olması ilə əlaqədar olması ilə ehtimal olunur. Bu xüsusda məhkəmə kollegiyası bir məsələyə münasibət bildirməyi zəruri hesab edib qeyd edir ki, mənzillərin sahəsi hesabalanarkən ümumi sahəsinin hesablanma qaydasını vurğulamaq lazımdır. Belə ki, çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarına uyğun olaraq aparılmalıdır. Qaydaların 3.8-ci bəndinə görə, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İstinad olunan qaydalara görə mənzillərin ümumi sahəsi həm yaşayış, həm köməkçi sahələrin, həm də habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Qanunun tələbinə görə isə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanır. Belə ki, Mənzil Məcəlləsinin 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Hazırki halda da iddiaçıya məxsus mənzilin ümumi sahəsi 63,41 kv.m, 4 ailə üzvü olmaqla hər bir ailə üzvünə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasına (16 kv.m) çox yaxın olduğu müşahidə edilir. (63.41 kv.metr / 4=15.85 kv.metr). Qanunvericilikdə fərqləndirilmiş 2 istisna halla əlaqədar yaşayış sahəsinin adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmayan ümumi sahənin verilə biləcəyi təsbit edilmişdir, lakin bu şərtlərin heç biri iddiaçıya münasibətdə keçərli olmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 57.2-ci maddəsində qeyd edilir ki, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Qeyd olunan hüquq normalarının təhlilindən aydın olur ki, qanunverici sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsinin ayrılma normasından az olmamaqla verilməli olduğunu müəyyən etməklə yanaşı, həm də yaşayış sahəsinin adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmayan ümumi sahə kimi verilə biləcəyi halını 2 əsasla şərtləndirmişdir: 1) yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olmalı; 2) yaşayış sahəsinə ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulmalıdır. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda, iddiaçı ona cavabdeh tərəfindən əlavə olaraq mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bunun əksinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə durarkən qeydə alınmış 4 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən ayrılma normasının (16 kv.m) nəzərə alındığı, bu səbəbdən də sahəsi 63.41 kv.metr olan 2 otaqlı mənzilin verildiyi, əlavə olaraq mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir. Kollegiya bir məqama da münasibət bildirməyi vacib sayır. İddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçının qənaətinə görə, iddiaçının bir neçə yaşayış sahəsinə malik olması onun mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi tanınmasına və nəhayətində mənzillə təmin olunmasına maneə deyildir. Bu dəlillə bağlı kollegiya Mənzil Məcəlləsinin 50.2-ci maddəsinə istinad etməyi zəruri sayır. İstinad olunan normaya görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Təhlil olunan normadan belə anlaşılır ki, mülkiyyətində yaşayış sahəsi olan şəxs də yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi tanına bilər və ona yenidən yaşayış sahəsi verilə bilər, lakin növbəti yaşayış sahəsi ilə təmin olunma səviyyəsi bütün yaşayış sahələrinin, yəni həm mülkiyyətdə olan, həm də yenidən veriləcək bütün mənzillərin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Bu dəyərləndirməni işin hallarına tətbiq etdikdə alınan nəticə o olur ki, hazırda iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 63.41 kv.metrdir. Adambaşına düşən normanın tam tamına (64 kv.m) doldurulması üçün sadəcə 0.59 kv.m sahəyə ehtiyac var. İstinad olunan normaya əsasən hətta iddiaçıya yeni yaşayış sahəsi verilməli olmuş olsaydı belə, ailə üzvləri nəzərə alınmaqla bütün mənzillərin ümumi sahəsinin cəmi nəzərə alınmaqla təyin edilməli idi. Göstərilən ölçüdə isə (0.59 kv.m) yaşayış sahəsi olmadığı üçün iddiaçının tələbinin mümkünsüzlüyü bir daha təsdiq olunmuş olur. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qismən əsaslı olsa da iş üzrə gəldiyi nəticə düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(118)-1527/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar