Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1121/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(1N)-3337/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2- 1(1N)- 3337/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1983-cü ildə Cəbrayıl rayonu Mehdili kəndində doğulmuşdur. O, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək hərbi xidmətdə olmuş və Müdafiə Nazirliyinin 495 nömrəli əmri ilə ehtiyata bıraxılıb tərxis olunmuşdur. Torpaqlarımızın azad olunması uğrunda 44 günlük Vətən Müharibəsi dövründə könüllü olaraq yazılıb yenidən hərbi xidmətə yollanmışdır. Həmin dövr ərzində ön cəbhədə hərbi vəziyyət bitənə qədər şəxsi heyətin keyfiyyətli qidalanması üçün aşpaz kimi fəaliyyət göstərmişdir. Bu barədə hərbi biletində də müvafiq qeydlər aparılmış və N nömrəli hərbi hissə komandirinin möhürü ilə təsdiqlənmişdir. O, müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədilə dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, 26 yanvar 2024-cü il tarixli 2/2-11/7 nömrəli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adının verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli 2/2-1117 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında barəsində heç bir məlumat olmadığından iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarını nəzərə almamışdır. Həmin Qərara əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və va bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmçinin, məhkəmə digər məqama da hüquqi qiymət vermədən və ya hər hansı prosessual hərəkətlər etmədən iddianı təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Ona əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Buna görə də, Komissiyanın məktubunda qeyd olunmuşdur ki, iddiaçının sənədlərinin razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. İddia tələbi isə “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlı olmuşdur. Məhkəmə isə imtinada qeyd olunanlarla iddia tələbində olan uyğunsuzluğa qiymət verməmiş iPM-nin 13-cü maddəsinə əsasən ərizəyə dəyişiklik edilməsi üçün iddiaçıya təklif etməmişdir. Məhkəmə tərəfindən işdə olan ziddiyətli sənədlər araşdırmaması, prosessual və maddi normaların pozulması əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirinin katibliyinin xx.xx.2024-cü il tarixli 2/2-1117 nömrəli imtina məktubunda göstərilir ki, N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisinin xx.xx.2022-ci il tarixli 3940 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında İddiaçı barəsində heç bir məlumat olmadığına görə komissiya tərəfindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin” verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İddiaçı məxsus AO № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2001-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2003-cü il tarixdə tərxis edilmişdir. Biletin 22-ci səhifəsində qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə Vətən Müharibəsi dövründə könüllü olaraq ön cəbhədə hərbi vəziyyət bitənə qədər şəxsin heyətin keyfiyyətli qidalanmasında aşpaz kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin rəisi Eldəniz Yəhyayev xx.xx.2021-ci il tarixli 2/5134 nömrəli məktubla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə məlumat verərək bildirmişdir ki, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzinin bir qrup könüllülərdən ibarət, o cümlədən İddiaçı aşpaz heyəti Müzəffər Ordumuzun arxasınca gedərək Dağlıq Qaprabağ və onun ətrafındakı işğaldan azad olunan torpaqlarımızda xidmət edən, döyüşən əsgər və zabitlərimiz üçün daim keyfiyyətli və dadlı yeməklər hazırlayaraq öz köməklərini əsirgəməmişlər. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2723 saylı arayışdan görünür ki, İddiaçı müharibə dövründə könüllü olaraq ön cəbhədə hərbi vəziyyət bitənə qədər şəxsi heyətin keyfiyyətli qidalanmasında aşpaz kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 82 saylı arayışdan görünür ki, Cəbrayıl rayon sakini, ehtiyatda olan əsgər 1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissədə Vətən müharibəsi dövründə könüllü olaraq ön cəbhədə hərbi vəziyyət bitənə qədər şəxsi heyətin keyfiyyətli qidalanmasında aşpaz kimi fəaliyyət göstərmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024cü il tarixli 1238 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-xx.xx.2021-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən verilmiş 323 nömrəli vəqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvüdür, aşpazdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini-X1 rəisi Qədir Nəsibov 2/4354 nömrəli məktubla Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanova müraciətinə cavab yazaraq bildirmişdir ki, Sizin təşəbbüşünüzlə Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərinin könüllü olaraq ön cəbhədə hərbi vəziyyət bitənə kimi aşpaz kimi fəaliyyət göstərmələrinə etiraz etmirlər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh orqana müraciət edərək, ona veteran adının və bunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh orqan isə onun müraciətini təmin etməmişdir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. Çünki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci bölməsinin 2-ci bəndində qeyd edilir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin 9-11-ci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, müharibə veteran statusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara (şəxslərə) verilir. İddiaçıya məxsus AO № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı xx.xx.1983cü il təvəllüdlüdür, 02 iyul 2001-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, 05 yanvar 2003-cü il tarixdə təxris edilmişdir. 22-ci səhifədə qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə Vətən Müharibəsi dövründə könüllü olaraq ön cəbhədə hərbi vəziyyət bitənə qədər şəxsin heyətin keyfiyyətli qidalanmasında aşpaz kimi fəaliyyət göstərmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi yuxarıda iş materiallarında sadalanan ona məxsus AO № ******* saylı “Hərbi bilet” ilə də təsdiq olunur. Bundan başqa cavabdeh orqan imtinasının əsası kimi onun barəsində hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat aşkar olunmadığını qeyd etsə də, hərbi biletin müvafiq qrafasında döyüşlərdə ön cəbhədə aşpaz kimi xidmət etməsi hərbi hissə komandirinin imzası ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktub ilə də İddiaçı 44 günlük Vətən Müharibəsi zamanı ön cəbhədə N nömrəli hərbi hissədə könüllü aşpaz kimi fəaliyyət göstərmişdir. Birinci instansiya məhkəməsində işin araşdırması zamanı iddiaçının döyüşlər zamanı ön cəbhədə xidmət etməsi ilə əlaqədar məhkəmə iclasında şahidlər dindirilmiş, şahidlər öz ifadələrində İddiaçı döyüşlərdə onlarla birlikdə iştirak etdiklərini bildirmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə eyni zamanda zəruri olaraq qeyd edir ki, iddiaçı 44 günlük Vətən Müharibəsi zamanı ön cəbhədə aşpaz kimi xidmət etmiş, döyüşlərdə iştirakı zamanı səhhətində problemlər yaranmışdır. Məhkəmə iclasında izahat verərkən iddiaçı bildirmişdir ki, səhhətində yaranan problemlər ilə bağlı evə gəldikdən sonra müalicəyə başlamış, hərbi hissədən xəstəxanaya göndərilməmişdir. Bununla yanaşı iddiaçının səhhətində problemlər yarandığı iş materiallarında olan xəstəlik sənədlərindən də aydın olur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı iddianın təmin edilməsi ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmiş, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal və əsassız olmuşdur. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(1N)-3337/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1121/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1121/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver