Məhkəmə qərarları › İş №2-1(105)-1128/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1128/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1128/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi, hüquqmüəyyənedici sənədin mötəbərliyi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasport və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 20 dekabr 2005-ci il tarixli sərəncamından görünür ki, 1993-cü ildə inşa edilmiş ümumi torpaq sahəsi 783,3 kv.metr, ümumi tikinti sahəsi 215,29 kv.metr, yaşayış sahəsi 107,03 kv.metr, köməkçi sahəsi 108,26 kv.metr. olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi və Sumqayıt şəhər X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi göstərilən fərdi yaşayış evlərinin hüquqi qeydiyyatdan keçirilməsi ilə əlaqədar müvafiq sənədlərin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 10 mart 2025-ci il tarixli imtinadan görünür ki, təqdim etdiyiniz sənədlərin araşdırılması zamanı sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlərin ərizənizə əlavə olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı faktiki torpaq sahəsinin 0.0265 ha hissəsinin orta gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Odur ki, qeydiyyata alınması nəzərdə tutulan daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin əsilləri ilə birlikdə Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı” bölməsinə müraciət edəcəyiniz təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdehin müayinə aktından görünür ki, texniki inventarlaşdırma aparıldı. 0.0783 ha vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsidir. Torpaq sahəsindən OGEX keçir və fərdi yaşayış evindən 15.0 m məsafədə yerləşir. Torpaq sahəsində tikinti altı sahələri 20.5 m2,72.8 m2 olan həyət tikililəri mövcuddur. Fərdi yaşayış evi orta təmirlidir, hal-hazırda yaşayış var. Açıq eyvan sahəsi təqdim olunmuş sərəcamda və eskizdə ümumi sahəyə daxil olunub yaranan fərq bu səbəbdəndir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasport və çıxarış verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsi 10 mart 2025-ci il tarixli, 3-21-3-31/2-M-0003-8/2025 nömrəli məktubuna əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edildiyini bildirmişdir.Cavabdehin imtinası tamamilə qanunsuzdur. Belə ki, onun hüquqları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 20 dekabr 2005-ci il tarixli sərəncamında təsbit olunmuşdur. Həmin sərəncamın 1.2-ci bəndində 1993-cü ildə inşa edimiş evin ümumi torpaq sahəsinin, tikilinin mənim adıma qeyd olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-M-0003-8/2025 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı faktiki torpaq sahəsinin 0.0265 ha hissəsinin orta gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Ona görə də ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı istifadəsindədir. Həmin mənzil ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən sərəncam verilmişdir. İddiaçı həmin ev üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir.Cavabdeh təşkilat imtinanın əsası kimi daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərin idarəyə təqdim edilməməsidir. Cavabdehin imtinası qanuni olmuşdur. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən tətbiq edilən inzibati icraat qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda cavabdeh inzibati orqanın sözügedən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə səhv nəticəyə gəlmişdir. İmtina qanunsuz və əsasızdır. İnzibati mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən lazımi qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Hazırda yaranmış vəziyyət inzibati orqanın düzgün olmayan fəaliyyətinin nəticəsidir. Bu hal isə ona münasibətdə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.....8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; .... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, texniki pasport və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanının başçısının 20 dekabr 2005-ci il tarixli 502 nömrəli Sərəncamı əsasında 1993-cü ildə inşa edilmiş ümumi torpaq sahəsi 783,3 kv.metr, ümumi tikinti sahəsi 215,29 kv.metr, yaşayış sahəsi 107,03 kv.metr, köməkçi sahəsi 108,26 kv.metr. olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilməsi və Sumqayıt şəhər X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi göstərilən fərdi yaşayış evlərinin hüquqi qeydiyyatdan keçirilməsi ilə əlaqədar müvafiq sənədlərin verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdehin mütəxəssisləri sözügedən fərdi yaşayış evinə texniki baxış keçirərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin ölçüsünün 783,3 kv.m. (faktiki ölçüsü 783 kv.m.), sənəd üzrə fərdi yaşayış evinin ümumi sahəsinin 215,29 kv.m. (əsas sahə 107,03 kv.m., köməkçi sahə 108,26 kv.m.), faktiki ölçüsünün ümumi sahə 162,3 kv.m. (əsas sahə 107 kv.m., köməkçi sahə 55,3 kv.m., zirzəmi 52,9 kv.m.), torpaq sahəsinin mişar daş ilə hasarlandığı, 3 tərəf qonşu, bir tərəf yol ilə sərhəd olduğu, ünvanı olduğu, mübahisəli halın baş vermədiyi, torpaq sahəsindən 15 metr məsafədə gərginlik elektrik xəttinin keçdiyi, torpaq sahəsində tikinti altı sahələri 20,5 kv.m., 72,8 kv.m. olan həyət tikililərin mövcud olduğu, fərdi yaşayış evinin orta təmirli olduğu, hazırda yaşayış olduğu, açıq eyvan sahəsinin təqdim edilmiş sərəncam və eskizdə ümumi sahəyə daxil olduğundan, fərqin bu səbəbdən yarandığı qeyd edilmişdir. İndiki halda iddiaçı məhz sözügedən Sərəncama istinad edərək, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun yarandığını bildirir və bu hüququn qeydiyyata alınmasını istəyir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki mərhələdə iddianın mümkünsüz hesab edilməsi üçün prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Bu baxımından iddianın əsaslılığına hüquqi qiymət verilməlidir. Kollegiya iddianın əsaslılığı ilə bağlı onu qeyd edir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün mülkiyyət hüququnun yaranmasının qanunla müəyyən edilmiş əsasları mövcud olmalıdır. Hansı ki, mülki və yuxarıda istinad edilmiş digər qanunvericilik aktlarında mülkiyyət hüququnun yaranması və dövlət qeydiyyatına alınması üçün əsaslar imperativ norma şəklində müəyyən edilmişdir. İddianın əsaslılığı baxımından ilk növbədə müəyyən edilməli olan hal məhz iddiaçıya münasibətdə sözügedən əmlakla bağlı mülkiyyət hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsasın mövcud olub-olmamasıdır. Kollegiya qeyd edir ki, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun yaranması üçün əsasa dair qanunun normasının dispozitiv şərtlərinə əsasən torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul akt və ya. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmalıdır. İndiki halda iddiaçının sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair icarə və ya istifadə hüququnu, habelə mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi yeganə hüquqi sənəd qismində müvafiq Sərəncam çıxış etmişdir. Kollegiya həmin Sərəncamın mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış edib-etməməsi ilə bağlı qeyd edir ki, həmin Sərəncam mahiyyət etibarilə torpaq sahəsi və onun üzərində yerləşən evə dair hüquqi qeydiyyatdan keçirilməsi ilə bağlı olmaqla, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd qismində çıxış etməmişdir. Bundan əlavə, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmasına dair səlahiyyəti mövcud olmamışdır (“Yerli icra hakimiyyəti haqqında” Əsasnamə). Bu baxımından kollegiya hesab edir ki, sözügedən Sərəncam iddia tələbinin əsaslılığını müəyyən edən hüquqmüəyyənedici sənəd qismində çıxış etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya münasibətdə mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququnun yaranması üçün qanunla tələb olunan şərtlər (torpaq sahəsinə dair icarə və ya istifadə hüququ, mülkiyyət hüququ) ödənilmədiyindən, iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququ yaranmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə, habelə sözügedən Sərəncama hüquqmüəyyənedici sənəd kimi istinad etməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçı eyni Sərəncam əsasında onun məzmununda adıçəkilən şəxslərə münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığ halda, ona münasibətdə fərqli davranıldığı, bərabərlik prinsipinin pozulduğunu bildirir, bununla bağlı iki nəfər şəxsin adına tərtib edilmiş Çıxarış məlumatlarına istinad edir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi Çıxarışların tərtib edilməsinə əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, müvafiq Sərəncamın məzmununda adıəçəkilən şəxslərdən X8 və X2 münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər qismində DTİ,MHK və ŞK idarəsi tərəfindən 1987-ci ildə texniki pasportlaşdırılması, həmin sərəncam əsasında müvafiq icra hakimiyyəti orqanının Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpaq sahəsinin yerində ölçülərək, X6 təhvil verilməsi, 465 kv.m torpaq sahəsinin isə yerində ölçülərək X9 tərəfindən təhvil alması barədə akt tərtib edilərək, plan tərtib edilərək, təsdiq edilməsi, texniki pasportun tərtib edilməsi kimi sənədlər çıxış etmişdir. Həmin Sərəncamın məzmununda adıçəkilən X3 münasibətdə isə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənəd qismində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi çıxış etmişdir. İndki halda isə iddiaçıya münasibətdə həmin şəxslər barəsində tərtib edilmiş istinad edilən sənədlərin (tərtib edilmiş köhnə tarixli texniki pasport, müvafiq memarlıq və şəhərsalma idarəsi tərəfindən tərtib edilmiş layihə, torpaq sahəsinin yerində ölçülərək təhvil verilməsi barədə akt və s.) heç bir mövcud olmamışdır. Başqa sözlə desək, sözügedən torpaq sahəsinin həmin Sərəncamın qəbul edilməsindən öncəki dövrdə (torpaq islahatı zamanı) iddiaçının qanuni istifadəsində olması halı müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi şəxslərlə iddiaçının eyni faktiki və hüquqi vəziyyətdə olan şəxs qimsində çıxış etməsi işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunduğundan, iddia tələbinin bərabərlik prinsipinin tələbləri baxımından da əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə cavabdehin hərəkətlərində inzibati icraat haqqında qanunvericiliyin bərabərlik prinsipinin tələblərinin də pozulması halı müəyyən edilməmişdir (“İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır, 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır). Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə halqı olmamış, cavabdehin imtinasının dəlillləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar