Məhkəmə qərarları › İş №2-1(105)-113/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-113/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-113/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Rəşadət Əhməd oğlu Ağayev və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi, İddiaçı qızının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı qızının cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayon Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(118)-713/2020 saylı qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir. Sənədlər toplandıqdan sonra DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinin daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan bundan imtina etmişdir. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(118)-713/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçı X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim V.Əzizova) Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 0.10 ha torpaq sahəsi Hökməli Bələdiyyəsi tərəfindən 29 oktyabr 2002-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının 06 sentyabr 2018-ci il tarixdə verildiyi, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmisdir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Hökməli bələdiyyəsinin yerqurulusu planından çıxarışının müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmədiyi aşkar edilmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Demək ki, alqı-satqı aktının 2018-ci ildə təsdiq edilməsi qanunla yolverilməzdir. Tərəflərin izahatları: apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, artıq illərdir ki, orda yaşayırlar, torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan : Abşeron rayon Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Hökməli bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, həmin plan 29.10.2002-ci il tarixli 12 saylı qərarla İddiaçı ayrılmış torpaq sahəsinə aid tərtib edilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin akt Abşeron rayon Hökməli bələdiyyəsi və İddiaçı arasında bağlanmışdır. Akt Hökməli bələdiyyəsində 06.09.2018-ci il tarixdə 28 nömrə ilə qeydiyyata alınmışdır. 28.10.2002-ci il tarixli qəbzdən görünür ki, iddiaçı Hökməli Bələdiyyəsinin bank hesabına ödənişin təyinatı torpaq pulu olmaqla 835 000 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı müraciətinə cavab olaraq DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçı ilə bələdiyyə arasında alqı-satqı aktının 2018-ci ildə bağlanmasına, DTXK-nin Abşeron rayon şöbəsinin və rayon memarlıq xidmətinin rəyinin alınmadığına istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, torpaq sahəsi iddiaçıya bələdiyyənin qərarı əsasında ayrılmış və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki,: torpaq sahəsi Hökməli Bələdiyyəsi tərəfindən 29 oktyabr 2002-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktı 06 sentyabr 2018-ci il tarixdə verilmiş; ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi ərizəyə əlavə edilməmiş; Abşeron rayonu Hökməli bələdiyyəsinin yerqurulusu planından çıxarışı müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilməmişdir. Cavabdeh bildirir ki, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, Abşeron rayon Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün 0.10 ha torpaq sahəsi ayrılmış və bu barədə iddiaçı ilə bələdiyyə arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilmiş barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin alqı-satqı aktının 06 sentyabr 2018-ci il tarixdə verilməsi dəlilinə münasibətdə bildirir ki, həmin aktın bağlanması iddiaçı tərəfindən torpaq sahəsinin alınması ilə bağlı haqqın ödənilməsinə yönəlmişdir. Halbuki aktın özündə də göstərildiyi kimi, 835000 manat iddiaçı tərəfindən Abşeron rayon Kapital Bankının hesabına əvvəlcədən ödənilmişdir. İş materiallarında olan qəbzdən də görünür ki, torpağın dəyəri bələdiyyə qərarı qəbul olunmamışdan öncə- 28.10.2002-ci il tarixdə cavabdehin bank hesabına ödənilmişdir. Kollegiya hesab edir ki, alqı-satqı aktının ödəniş edildikdən uzun müddət sonra, yəni 2018-ci ildə tərtib olunması və imzalanması iddiaçının təqsiri deyildir və bununla bağlı onun gözlənilən mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən müvafiq mütəxəssis rəyi verilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Həmin müraciətin Xidmət tərəfindən cavablandırılması yerində baxış keçirilməsinin baş tutmaması səbəbindən mümkün olmasa da, cavabdehin həmin müraciətə cavab olaraq məhkəməyə ünvanladığı 30.07.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə X5 ayrılmış 0.10 ha torpaq sahəsi elektron bazada başqa fiziki və hüquqi şəxslərin adına qeydiyyatdan keçməyib; Abşeron rayonu Hökməli bələdiyyəsinin 29.10.2002-ci il tarixli qərarı ilə X1 0.10 ha torpaq sahəsi məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarıdır. Torpaq sahəsi hüquqi statusuna görə bələdiyyə mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin naturada faktiki ölçüsü 0.1175 ha.dır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq cavabdehin həmin imtinasını qanuna zidd hesab etmişdir, belə ki, Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən iddiaçı qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, cavabdeh əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını iddiaçıdan tələb etməli və qeyd edilən sənədlərin təqdim edilməsi üçün 15 gündən çox olmamaqla müddət təyin etməli idi. Bundan başqa, təyin edilmiş müddətdə iddiaçı tərəfindən əlavə sənədlər və ya məlumatlar cavabdehə təqdim olunmadıqda belə cavabdeh tərəfindən iddiaçının ərizəsinə baxılması ilə bağlı müddətin axımı dayandırılmalı və qeyd edilən əlavə sənədlər və ya məlumatlar iddiaçı tərəfindən cavabdehə təqdim olunduğu andan müddətin axımı bərpa olunmaqla iddiaçının ərizəsi üzrə inzibati icraat davam etdirilməli idi. Lakin cavabdeh qeyd olunan hüquq normasının tələblərinə zidd olaraq iddiaçının ərizəsi ilə bağlı inzibati icraata başlamamış, habelə qeyd olunan hərəkətləri etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci, 32.4-cü, 32.5-ci və 32.6-cı maddələrinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır. “İnzibati icraat haqqında” Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin axımı bərpa olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olmasını sübut edir və iddiaçıya müvafiq çıxarışın verilməməsi onun mülkiyyət hüququnu pozur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2- 1(118)-713/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2-1(118)-713/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar