Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-113/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində istifadəsində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 83,0 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(118)-435/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt bələdiyyəsinin 21 iyul 2006-cı il tarixli 26 nömrəli qərarndan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi boyunca faktiki istifadə etdiyi iaşə obyektinin yenidən tikinti-quraşdırması məqsədi ilə 9,18 kv m torpaq sahəsi ayrılmışdır.
2. Sumqayıt şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2006-cı ildə tərtib edilmiş inşaat pasportundan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 9,18 kv m torpaq sahəsi barəsindədir.
3. "xxxx" MMC tərəfindən 2015-ci ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi boyunca yerləşən X2 məxsus olan iaşə xidməti obyektinin yenidənqurulması barəsindədir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçnını müraciətinə torpaq sahəsinin ayrılmasl barədə müqavilə, tikintiyə icazə verilməsi barədə sərəncam, tikinti obyektinin istismarına icazə sənədi əlavə edilmədiyindən müraciətin təmin olunmasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində istifadəsində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümümi sahəsi 83,0 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin və Memarlıq və Şəhərsalma İdarəsinin rəyləri nəzərə alınmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, H.Hacıbəyov küçəsi boyunca faktiki istifadə etdiyi iaşə obyektinin yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 21 iyul 2006-cı il tarixli qərarı ilə iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən tikilinin ilkin eskiz layihəsi Memarİıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Həmin qeyri-yaşayış binası o vaxtdan istifadə olunur və iddiaçı öz vəsaiti hesabına genişləndirmişdir. Hal-hazırda ümumi sahəsi 83,0 kv metrdir. Hal-hazıradək obyektdən təyinatına uyğun istifadə edilərək ona dair istifadə və sahiblik hüququnu həyata keçirilir. Lakin, qeyri-vaşayış binası inşa edilsə və uzun müddətdir ki, etirazsız təyinatına görə istifadə edilməyə başlanılsa da, ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirilməsi mümkün olmur.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Etirazda göstərilir ki, iddiaçı ərizə ilə müraciət sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin ərizəyə torpaq sahəsinin ayrılması barədə müqavilə, tikintiyə icazə verilməsi barədə sərəncam və tikinti obyektinin istismarına icazə sənədi əlavə edilmədiyi üçün imtina cavabı verlmişdir. Etirzada iddia tələbinin rədd olunması xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(118)-435/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən 83.0 kv m tikilinin inşa edilməsi üçün torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Təqdim etdiyi bələdiyyə qərarı isə yalnız 9.8 kv m torpaq sahəsinə aid olmuşdur. Tikinti qanuni istifadədə olan torpaq sahəsində aparılmalı, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə aid tikintinin aparılmasına dair sənəd və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, hazırki iş üzrə mübahisəsi gedən qeyriyaşayış sahəsinə dair göstərilən sənədlər mövcud deyildir.
10. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadəsində olan daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasına maneçilik törədilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin və Memarlıq və Şəhərsalma İdarəsinin rəyləri nəzərə alınmaqla Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi boyunca faktiki istifadə etdiyi iaşə obyektinin yerləşdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 21 iyul 2006-cı il tarixli qərarı ilə ona ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən tikilinin ilkin eskiz layihəsi Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Həmin qeyri-yaşayış binası o vaxtdan istifadə olunur və öz vəsaiti hesabına genişləndirilmişdir. Hal-hazırda ümumi sahəsi 83.0 kv.metrdir. Hal-hazıradək obyekt təyinatına uyğun istifadə edilərək ona dair istifadə və sahiblik hüququnu həyata keçirir. Lakin qeyri-yaşayış binası inşa edilsə və uzun müddət etirazsız təyinatına görə istifadə edilməyə başlanılsa da ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirilməsi mümkün olmamışdır. Qanuni əsaslarla ayrılmış torpaq sahəsində məqsədli təyinatını gözləməklə tikinti işləri aparıla bilər. Və bu tikintinin qeyd etdiyi kimi layihəsi təsdiq olunubsa həmin tikilinin normalara uyğun olaraq ucaldılmasına mane olmamışdır. Qeyd etdiyi kimi uzun müddət istifadədə olan, təyinatından kənar istifadə olunmayan tikili üzərində hüququn qeydiyyatı aparılmalıdır. Hüququn qeydiyyata alınmaması qanunvericiliyə ziddir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
13. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ...8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası təşkil edir.
20. Cavadehin imtinasının əsas dəlili ondan ibarətdir ki, həmin tikilinin aparılması və obyektin istismara qəbul edilməsi barədə sənədin və torpaq sahəsinin ayrılması barədə müqavilə təqdim edə bilməmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda istinad olunan normalarının mənasından göründüyü kimi 2013-cü ilin yanvarın 1-dək, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş tikililər və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilməli olan sənədlərin dairəsi qanunvericilikdə imperativ olaraq müəyyən edilmişdir.
22. Hazırki işdə isə iddiaçı tərəfindən cavabdeh inzibati orqana, habelə məhkəməyə sözügedən tikiliyə və torpaq sahəsinə dair yuxarıda qeyd olunan nomra ilə tələb olunan sənədlər, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi Sumqayıt bələdiyyəsinin 9,18 kv m torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli qərarı, xx.xx.2006-cı il tarixli inşaat pasportu və eskiz layihə yuxarıda istinad olunan normada sadalanan sənədlər kimi qiymətləndirilə bilməz.
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.
24. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmiş. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(118)-435/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.