Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-113/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil4, cavabdeh Azərbaycan Respublikası Avtomobil X8 publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X8 publik hüquqi şəxsə qarşı “vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)- 155/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 18 aprel 2006-cı il tarixli müqaviləyə əsasən X7 JN:0069 KOD 30123048 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 1,00 ha torpaq sahəsini alqı-satqı qaydasında İddiaçı satmış (həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamışdır). Eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsini alqı-satqı qaydasında "xxxx" ASC-yə satmış, alqı-satqıdan sonra qalan 1,95 ha (2,12 - 0,17) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* qeydiyyat nömrəli, **********56 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X8 publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsinin təmin edilməsini və vurulmuş zərərin əvəzi olaraq, ona 500.000 (beş yüz min) manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh 29 iyun 2022-ci il tarixli, X-3/14-4571 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun layihələndirilməsi və tikintisi aidiyyəti dövlət və icra orqanları ilə razılaşdırılmış layihə əsasında aparılır. Müraciətdə qeyd edilən ərazi tikilən yolun 179 km hissəsinə düşür və yolun tikinti zolağına düşən sahə qanunvericilikdə müəyyən olunan qaydada dövlət ehtiyacları üçün ayrılmış və dəyən ziyana görə kompensasiya tam ödənilmişdir. Qeyd edilən qalan ərazinin suvarılması təmin olunması üçün podratçı və məsləhətçi təşkilatlara müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, qeyd edilən və ərazidə olan digər əkin sahələrinin suvarılması məqsədi ilə layihədə 2016-cı ildə tədbir görülmüş və bu hissədə üç ədəd suötürücü boru quraşdırılmışdır. Bununla belə, sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur. İlkin vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, müraciətdə qeyd edilən sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsidir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha (alqı-satqı yolu ilə əldə edilmiş 1 ha və alqı-satqıdan sonra qalmış 1,95 ha) sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən 500.000 (beş yüz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən 400.000 (dörd yüz min) manat məbləğində pul məbləğinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılır ki, 2006-cı ildən etibarən Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 3,12 ha (2,12 və 1 ha, ümumilikdə 3,12 ha) sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mülkiyətindədir. Həmin sahədə iddiaçı tərəfindən alma bağı salınmış və 2000-ə yaxın alma ağacı əkilmişdir. 2012-ci ildə "xxxx" ASC-nin əməkdaşları iddiaçıya müraciət edərək, ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin bir hissəsindən dövlət əhəmiyyətli yol çəkiləcəyini və ölçü işləri aparıldıqdan sonra 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmalı olduğunu bildirmişlər. Beləliklə, 15 mart 2012-ci il tarixdə iddiaçı 3,12 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsini "xxxx" ASC-yə 1224 manata satmışdır. Bununla yanaşı, satılan 0,17 ha-lıq torpaq sahəsində xeyli sayda alma ağacları olduğu üçün "xxxx" ASC tərəfindən iddiaçıya ümumilikdə, 35.000 manata yaxın pul kompensasiyası verilmişdir. Alqı-satqıdan sonra iddiaçının mülkiyyətində 2,95 ha torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsində yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı var idi. 2016-cı ildə iddiaçıya məxsus 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafında yol tikintisi işləri aparılan zaman torpaq sahəsinə gələn suvarma arxının qarşısı kəsilmişdir. Bağ sahəsini suvarmağın alternativ yolları olmadığı üçün iddiaçı cavabdehə dəfələrlə bağ sahəsinin suvarılması üçün müvafiq işlər aparılması barədə müraciət etmiş, əks təqdirdə ağacların quruyacağını bildirmişdir. Cavabdehin əməkdaşları mütəmadi olaraq müxtəlif vədlər vermiş, gen planda iddiaçıya məxsus bağ sahəsinin suvarılması üçün su keçidləri olduğunu bildirərək, tezliklə məsələnin öz həllini tapacağını bildirmişlər. Lakin, 4 il keçməsinə baxmayaraq, heç bir tədbir görülməmiş, nəticədə 2,95 ha sahəsindəki yaşı təxminən 10-13 il olan 1700 ədəd alma ağacı qurumuş, torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşərək, ona 500.000 (beş yüz min) manat məbləğində zərər dəymişdir. Bununla bağlı, iddiaçı həmin 2,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə təcili şəkildə su mənbəyi verilməsinin təmin edilməsini və vurulmuş zərərin əvəzi olaraq, ona 500.000 manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X14 Mərkəzi tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin ətrafında ipək yolu tikinti işləri aparılması zamanı mövcud suvarma arxının qabağı kəsilmiş və torpaq sahəsindəki ağaclar qurumuşdur. Ağacların yaşı təxminən 10-13 il arasındadır, hər bir ağaca aqro texniki tədbirlərin aparılması 75 manat təşkil edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsinin 0,17 ha hissəsinin dövlət ehtiyacları üçün alınmasının zərurəti “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” ilə əlaqədardır. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” yenidənqurulması ilə əlaqədar Qusar rayonunun ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi müxtəlif icra orqanlarının nümayəndələrindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil X8, ƏMDK, və s.) ibarət olan komissiya təşkil olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanıb və mövcud olan hər hansı əmlak qeydə alınırdı. Siyahıya alma zamanı müəyyən olmuşdur ki, iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsi “Bakı- Quba-RF Avtomobil Yolunun Tikintisi” altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirildikdən sonra (torpaq və mövcud ağacların bağ şəklində) Azərbaycan Avtomobil X8 (alıcı) və İddiaçı (satıcı) arasında sonuncuya məxsus olmuş Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,17 ha hissəsinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə AN-İ N ******* saylı xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 1224 manat məbləğində kompensasiya "xxxx" ASC-nin Qusar Filialına iddiaçının adına köçürülmüşdür. Eyni zamanda siyahıyaalma zamanı iddiaçı tərəfindən iddiada göstərdiyi suvarma arxının qarşısının kəsilməyinin və nəticədə 1700 ədəd alma ağacları məhv olmağının barəsində heç bir məlumat aşkar olunmamışdır. Agentlik tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bununla yanaşı, qeyd edilən ərazidə və digər əkin sahələrində avtomobil yolunun tikintisinin layihə çərçivəsində suvarılması məqsədi ilə tədbirlər görülüb və üç ədəd suötürücü boru quraşdırılmışdır. Bununla belə, sifarişçi, məsləhətçi şirkətin və tikintini aparan təşkilatın səlahiyyətli nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin sahə və orda olan digər ərazilər suvarma suyu ilə təmin olunur. İddiaçının Agentliyə həmin məsələ ilə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmış və iddiaçıya cavab verilmişdir ki, sahəyə vizual baxış nəticəsində müəyyən olunmuşdur ki, sahədə ağacların qurumasına səbəb uzun müddət ərzində düzgün aqrotexniki qulluq edilməməsidir. Hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ağacların quruması Agentliyin təqsiri deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2-1(105)-53/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərardadı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2-1(105)-53/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə əvvəlki qaydada bərpa edilərək İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə su mənbəyinin verilməsi və vurulmuş zərərin əvəzi olaraq 224.400 (iki yüz iyirmi dörd min dörd yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Avtomobil X8 publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və G.Cabbarova). İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024cü il tarixli, 2-1(102)-452/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(105)-53/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsinin 0,17 ha hissəsi dövlət ehtiyacları üçün alındığından sonra “Bakı-Quba-RF Avtomobil Yolunun Tikintisi” layihəsi çərçivəsində yol qovşağı tikilmiş və 2016-cı ildə həmin işlər yekunlaşmışdır. İddiaçı tikinti zamanı Agentliyin və podratçıların nümayəndələri ilə mütəmadi təmasda olarkən heç bir şikayət və etiraz bildirməmişdir. Bundan əlavə, iddiaçı ilk dəfə ağacların quruması, yəni deliktlə bağlı Agentliyə rəsmi qaydada ilk dəfə 2021-ci ilin iyun ayında, tikinti işləri başlandıqdan 9 il sonra müraciət etmişdir. İşə baxan məhkəmə qərarında sübut kimi yalnız ərazidə məhkəmə tərəfindən keçirilən baxış və AR Kənd Təsərrüfatı Nazirliyi Qusar X14 Mərkəzi tərəfindən verilmiş MİHO/1251-2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi qeyd olunmuşdur. Halbuki, baxış protokolunda TAK-8 arxının iddiaçıya məxsus bağ sahəsinə kimi olan hissəsinin yararsız vəziyyətə düşməsi və hal-hazırda da yararsız vəziyyətdə olması qeyd olunmuşdur. Lakin, məhkəmə müvafiq sahə üzrə mütəxəsis (ekspert) rəyi olmadan ərazinin vizual görüntüsünə və öz daxili inamına əsaslanaraq sözügedən arxın yararsız olduğunu müəyyən etmişdir. Eyni zamanda, iş materiallarında olan AR KTN Qusar X14 Mərkəzinin eyni mütəxəssisi tərəfindən iki ziddiyyətli rəy verilmişdir. Belə ki, MİHO/1251-2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli rəydə arxın yararsız vəziyyətdə olduğu, ondan öncə verilən MİHO/1251-2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində isə 2,95 ha torpaq sahəsinə TAK-8 arxından suvarma arxı vasitəsi ilə su verildiyi göstərilmişdir. Belə ziddiyyətlər olan zaman məhkəmə ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Bundan başqa, məhkəmə işin başqa hallarını, sözügedən 2,95 ha torpaq sahəsinə arx vasitəsilə gələn suyun iddiaçı tərəfindən ödənişlərini, aidiyyəti qurumlara (Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) abunəçi olub-olmamağını, Agentlik tərəfindən avtomobil yolunun tikintisi ilə bağlı həmin qurumlarda arxların bağlanıb-bağlanmamağını, texniki şərtlərin alınmasını, aidiyyəti qurumlardan (Azərbaycan Meliorasiya və Su Təsərrüftatı ASC) həmin ərazidə arxların və su kanallarının sxemlərini və xəritələrini araşdırmamış və hər hansı məlumat əldə etməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən prosessual pozuntulara yol verilməsi iş materialları ilə müəyyən olunur. Məhkəmə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan iddiaçının izahatını mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etmişdir. Qeyd edir ki, iddia tələbinin torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi barədə Azərbaycan Avtomobil X8nin üzərinə öhdəlik qoyulması hissəsi iddianın mümkünlük şərtlərinə cavab vermir. Hesab edir ki, Agentliyin su mənbəyinin verilməsi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Agentliyə yönəldilmiş tələb mübahisə predmeti ilə bağlı mümkünlük şərtlərinə cavab vermir. İddiaçı tərəfindən bu halda su mənbəyi kimi çıxış edən Agentliyin malik olduğu səlahiyyətlər nəzərə alınmayaraq doğru iddia növü seçilməmişdir. Meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri, torpaqların su təminatını həyata keçirmək, meliorasiya və irriqasiya tədbirləri yalnız Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin səlahiyyətindədir. b) İddiaçı apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin şikayətində göstərdiyi guya iddiaçının onlara müraciətinin 2021-ci ilin iyun ayında olmasına münasibətdə bildirir ki, o, mövcud mübahisənin məhkəmədənkənar həlli üçün ilk öncə "xxxx" ASC-yə müraciət etmişdir. Daha sonra Avtomobil X8 təsis edildikdən sonra həmin müəssisəyə müraciətlər etmiş, lakin alma bağına suyun gəlməsini təmin edən Tak-8 arxının qarşısı açılmamışdır. Yəni, 2016-cı ildən etibarən hazırkı məsələ ilə bağlı dəfələrlə müraciət etmiş, lakin, cavabdeh inzibati orqan heç bir tədbir görülməmişdir. Birinci instansiya məhkəməsinə təqdim etdiyi cavabdeh tərəfindən iddiaçının Kapital Bank hesabına alma bağına görə ödənilmiş məbləğ 40.000 manatdan artıq təşkil edir. Halbuki, məhkəmə tərəfindən cavabdehə sorğu göndərilərək həmin hesablaşma müqaviləsi tələb edilməsinə baxmayaraq, cavabdeh həmin müqaviləni təqdim etmişdir. Bu onu deməyə əsas verir ki, cavabdeh alma ağaclarının real dəyərini gizlətməyə çalışır. Ona görə də cavabdeh özünün apellasiya şikayətində həmin məsələyə toxunmamışdır. Cavabdehin şikayətində göstərdiyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qusar X14 Mərkəzi tərəfindən verilmiş MİHO/1251 -2-2022-29 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin əsassız olmasına münasibətdə bildirir ki, tərəflərin iştirakı ilə ona məxsus 2,95 ha torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilmiş və işə baxan məhkəmə həmin rəyi mötəbər sübut kimi tanımışdır. Cavabdehin torpaq sahəsinə su mənbəyinin verilməsi səlahiyyətinin cavabdehə aidiyyətinin olmaması dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi məhz cavabdehin hərəkətləri nəticəsində bağına su axınının dayandırılması və bunun nəticəsində iddiaçıya ziyan dəyməsi ilə bağlı haqlı nəticəyə gəlmişdir. Onun tərəfindən Meliorasiya və Su Təsərrüfatına hər hansı ödənişin edilib-edilməməsi, aidiyyəti orqanlarla hər hansı müqavilələrinin olub-olmaması, ümumiyyətlə, hazırkı işin predmeti deyildir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. (-) V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona müvafiq kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək iddiaçıya onun mülkiyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (bağ sahəsinin) suvarılması məqsədi ilə həmin torpaq sahəsinə su mənbəyinin verilməsi, torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və ona vurulmuş zərərin əvəzi olaraq 400.000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2-1(105)-53/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən TAK-8 arxının yararsız hala salınmış köhnə məcrasının hazırda suötürücü boru keçidləri vasitəsilə əvvəlki qaydada bərpa edilərək İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə su mənbəyinin verilməsi və vurulmuş zərərin əvəzi olaraq 224.400 (iki yüz iyirmi dörd min dörd yüz) manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Avtomobil X8 publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024cü il tarixli, 2-1(102)-452/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(105)-53/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. İş materiallarından göründüyü kimi iddiaçı ilkin olaraq birinci instansiya məhkəməsinə müraciət edərkən iddia tələbi iki hissədən ibarət olmuşdur: 1) ona məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması məqsədi ilə su mənbəyi verilməsi, 2) qurumuş 1700 ədəd alma ağacının çıxarılması və vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən 400.000 (dörd yüz min) manat məbləğində pul məbləğinin tutularaq ona ödənilməsi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, artıq bağ sahəsinə suyun verilməsi bərpa olunmaq üzrədir, bundan sonra iddiaçının vəkili və nümayəndəsi məhkəmədən vaxt istəmiş, sonra iddia tələbinin həcmini azaltmış və məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “ünvan 1tı təyinatlı torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və vurulmuş zərərin əvəzi olaraq 400000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Göründüyü kimi artıq iddiaçının tələbi cavabdeh tərəfindən qurumuş 1700 ədəd alma ağacının çıxarılması və iddiaçıya dəymiş ziyana görə kompensasiya ödənilməsi təşkil edir. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, hazırkı işin halları ilə iddiaçıya məxsus torpaq sahəsindəki ağacların quruması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar cavabdeh tərəfindən İddiaçı məxsus 2.95 ha torpaq sahəsinə gələn su mənbəyinin kəsilməsi arasında səbəbli əlaqənin mövcud olması işin halları ilə təsdiq olunmur. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı ona məxsus torpaq sahəsində mövcud olmuş ağacların mütəmadi olaraq suvarılmadığı təqdirdə həmin ağacların məhv olacağı və ona ziyan dəyəcəyini bilə-bilə, həmçinin ötən müddət ərzində daha çox ağacın quruyacağı və ziyanın məbləğinin artacağını bilə-bilə həmin ərazidə yol tikinti işlərinin yekunlaşdığı ildə və ondan sonrakı dövrdə deyil, iddiaçının bununla bağlı uzun müddət keçdikdən sonra 2021-ci ilin yayında cavabdehə və habelə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi anlaşılan deyil. Rəylər arasındakı ziddiyyətlər aradan qaldırılmamış, alma bağının quruma səbəbi konkret olaraq müəyyən edilməmiş, rəy verilən zaman bağa suyun TAK-8 arxından, yoxsa TAK-9 arxından verilməsi dəqiqləşdirilməmişdir. İşdə olan sənədlərdən görünür ki, eyni ərazidə iddiaçıya məxsus bağ sahəsinin 0,17 ha hissəsi, həmin bağ sahəsində olan alma ağacları, habelə məhsulu yolun çəkilişi ilə bağlı tərəflər arasında bağlanmış alıq-satqı müqaviləsinə əsasən 2012-ci ildə iddiaçı tərəfindən cavabdehə satılmışdır. İddiaçının həmin dövrdə hazırda açdığı mübahisə ilə bağlı cavabdehə müraciət etməsi, müraciətlə bağlı cavabdehin münasibəti, yaxud imtinası, imtina olunduğu halda iddiaçının həmin vaxtdan məhkəməyə iddia ilə müraciət etməməsinin səbəbi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Təkrar apellyasiya baxışını həyata keçirən məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərini nəzərə alaraq əlavə araşdırma aparmışdır. Yuxarıda da qeyd olunduğu kimi mübahisəli bağ sahəsinə əvvəlki şərtlərə uyğun su verilməsi ilə bağlı artıq mübahisə qalmamışdır. Həmçinin iddiaçıya məxsus torpaq sahəsindəki ağacların quruması ilə torpaq sahəsinə gələn su mənbəyinin kəsilməsi arasında səbəbli əlaqənin mövcud olması iş materiallarına əlavə olunmuş rəylə də öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəyindən görünür ki, 17 dekabr 2024-cü il tarixində Qusar rayonu Ləyər kəndində yerləşən 2,95 ha alma bağına Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutununun mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı aşağıda qeyd olunanlar müəyyən edilmişdir: 2006-cı ildə 5x3 sxemində əkilmiş meyvə bağında 1700 ağacın (300 ədəd Red, Golden Delicious ,1400 ədəd Simerenko) quruması müəyyən olunmuşdur. Keçirilmiş müşahidələrdən müəyyən edilmişdir ki, bağ su çatışmamazlığından qurumuşdur. Bağın suvarılması üçün olan TAK-8 beton arxının 800 metrlik ərazisi dağıdılmış və bu günə qədər bərpa olunmamışdır. Yeni tikilən yolun 4 metr hündürlükdə qalxması su keçidinin qarşısını almışdır. Alternativ su arxlarından İddiaçı məxsus 2.95 ha alma bağının 0.8-1 metr yüksək olduğu məlum olmuş, bağın suvarılması mümkün olmamışdır. Bağdan götürülmüş torpaq nümunələri əsasında aparılan analiz nəticələrinə görə: sahə torpaqlarının 0-30, 0-60 sm dərinliklərində azot qida elementi orta, fosfor qida elementi çox az, münbitliyin potensial göstəricisi olan humusun miqdarı az, Ph neytral, çox kirəcli (əhəng), mexaniki tərkibinə görə gillicəli lillidir. Torpaq analizinin nəticələrinə görə torpaqda olan əhəng normasının yüksək olması göstərir ki, ərazinin bilavasitə suvarılmaması ilə əlaqədardır. Torpaqda olan qida elementlərinə müəyyən edilmiş miqdarına əsasən meyvə yetişdirilməsi üçün münbit şərait vardır. Müntəzəm suvarılmanın aparılmaması ağacların immunitetini zəiflətmiş (xəstəliklərə və zərərvericilərə qarşı) qida maddələrinin köklərdən yarpaqlara daşınmaması ağacların quruması ilə nəticələnmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “X3”-nin 25 dekabr 2024-cü il tarixli, 206 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, İddiaçı məxsus, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2.95 ha torpaq sahəsində salınmış alma bağındakı ağacların həmin sahəni suvaran - Samur-Abşeron kanalından qidalanan, uzunluğu 4100 p/m olan TAK-8 kanalı torpaq ilə doldurulması və suyun qarşısının kəsilməsi nəticəsində, vizual olaraq “X3” MMC-nin mütəxəssisləri tərəfindən, laborator müayinə aparılaraq isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “X10 laboratoriyasının mütəxəssisləri tərəfindən quruması müəyyən edilmişdir. Qurumuş ağaclar barədə daha ətraflı məlumat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2024-cü il tarixli, 3-22-9/2- 235/2024 saylı rəyində qeyd edilmişdir. İddiaçı məxsus, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2.95 ha torpaq sahəsində salınmış alma bağını suvaran - Samur- Abşeron kanalından qidalanan, uzunluğu 4100 p/m olan TAK-8 kanalının Bakı-Rusiya Federasiyası yeni avtomobil yolunun tikintisi zamanı torpaq qatı ilə doldurulması 1700 ağacın (300 ədəd Red, Golden Delicious, 1400 ədəd Simerenko) susuzluqdan qurumasına səbəb olmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus bağ sahəsinin qurumasına səbəb həmin sahəni suvaran TAK-8 kanalının torpaq ilə doldurulması və suyun qarşısının kəsilməsi, iddiaçının bağ sahəsinin isə alternativ su mənbələrindən relyef baxımından hündürdə yerləşməsi olmuşdur. Əlavə olaraq apellyasiya məhkəməsində birinci icraat zamanı kompleks məhkəmə ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi əldə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Tikintitexniki obyektlərin tədqiqi” ekspertizasının 16 may 2023-cü il tarixli, 10/478 nömrəli rəyində: - 1-ci suala münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC X11 İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus bağ sahəsinin suvarılması Samur-Abşeron kanalından qidalanan uzunluğu 4100p/m olan TAK-8 kanalı vasitəsi ilə aparılmalıdır. Rusiya Federasiyası yeni avtomobil yolunun tikintisi zamanı iddiaçıya və digər sakinlərə məxsus sahələri suvaran qeyd olunan kanal torpaq ilə doldurularaq iş prosesinə maneçilik törətdiyindən suyun verilməsi dayandırılmış və sonradan borulu keçid quraşdırılaraq bərpa olunacağı bildirilsə də, halhazıra kimi bərpa işləri aparılmamış, keçid quraşdırılaraq suyun verilməsi təmin olunmamışdır. TAK-8 kanalının köhnə məcrası bərpa olunduğu halda, həmin ərazinin tam suvarılması mümkün olacaqdır. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Xaçmaz X14 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən torpaq sahəsini əvvəllər suvarma suyu ilə təmin edən torpaq məcralı arxın istiqaməti avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq digər suvarma arxına yönləndirildiyi və torpaq sahəsinin suvarma arxından nisbətən hündür olduğu səbəbindən həmin suvarma arxından iddiaçının torpaq sahəsinin suvarılmasının mümkün olmadığı vizual şəkildə müşahidə edilmişdir. - 2-ci və 3-cü suallara münasibətdə qeyd edilmişdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC X11 İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçı və onun torpaq sahəsi ilə həmsərhəd ərazidə yerləşən digər sakinlərə məxsus sahələrin suvarılması üçün TAK-8dən ayrılan mövcud alternativ arx bərpa olunaraq suyun verilməsinin təmin olunduğu, iddiaçıya məxsus bağ sahəsinin relyefcə yüksək ərazidə olması, ərazinin tam suvarılmasının alternativ arx vasitəsi ilə mümkün olmadığı səbəbindən ərazisində göl (su tutarı) qazaraq səyyar nasos vasitəsi ilə suvarılmasının mümkün olacağı bildirilmişdir. Xaçmaz X14 Mərkəzi tərəfindən verilmiş mütəxəssis rəyinə görə iddiaçıya məxsus torpaq suvarılmasının təşkili ilə bağlı layihədə hidrotexniki qurğuların tikintisinin nəzərdə tutulması haqqında heç bir rəsmi məlumat yoxdur, lakin həmin ərazinin TAK-8-dən yeni istiqamətdə yönləndirilmiş suvarma arxının müvafiq hissəsindən su nasosları quraşdırılmaqla suvarılması mümkün görünür. Avtomobil yolunun dairəvi qovşaq ərazisində drenaj, yağış və qar sularının kənarlaşdırılması üçün qurumuş bağ sahəsinin üst hissəsində borulu keçid inşa olunmuş, TAK-8 kanalından arx bərpa olunaraq su verilərsə, qeyd olunan borulu keçid vasitəsilə ərazinin suvarılması mümkündür. Digər alternativ mənbə hesab edilən və ərazi sahəsinə yaxın suvarma arxlarından da, həmin ərazinin suvarılmasının yalnız su nasoslarının quraşdırılması ilə mümkün olacağı müşahidə edilmişdir. Beləliklə, kollegiya tərəfindən aparılan yuxarıda qeyd edilən araşdırma ilə müəyyən edilir ki, cavabdeh tərəfindən avtomobil yolunun tikintisi zamanı TAK-8 arxının bir hissəsi yararsız vəziyyətə salınmış və bərpa olunmamış, daha sonra ərazidə əkin sahələrinin suvarılması üçün cavabdeh tərəfindən alternativ arx quraşdırılsa da, iddiaçının torpaq sahəsi məhz relyefcə hündürdə yerləşdiyindən, həmin arx vasitəsilə onun bağ sahəsinin suvarılması mümkün olmamış, nəticədə alma ağacları susuzluqdan qurumuşdur. “İnzibati icraat haqqında” Qanun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Nəzərə almaq lazımdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, MM-nin yuxarıda istinad olunan 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi cavabdehin iddiaçının mülkiyyət hüququnun pozuntusuna görə məsuliyyətinin müəyyən olunması üçün üç əsas şərtin məcmu halda mövcudluğu tələb olunur: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı kompensasiya tələbi cavabdehin yol çəkilməsi ilə bağlı hərəkətlərindən yaranmışdır. Əgər müvafiq yolun çəkilməsi olmasaydı, TAK-8 beton arxından suyun verilməsi problemi yaranmayacaq, hazırkı mübahisə əmələ gəlməyəcəkdi. Göründüyü kimi cavabdehin məsuliyyətinin müəyyən olunması üçün ilkin şərt ödənilmiş olur. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın yol tikintisini həyata keçirməsi qanunvericiliyə uyğun olsa da, iddiaçının mülkiyyətində olan bağ sahəsinə gələn suyun kəsilməsi və eyni zamanda əvvəlki şərtlərə oxşar formada bərpa edilməməsi hüquqazidd olmuşdur. Eyni zamanda kollegiya hesab edir ki, yol tikintisi cavabdeh quruma həvalə edildiyi üçün, yaranmış təqsirli hərəkət onun məsuliyyəti ilə əhatə olunur. Cavabdeh orqan apellyasiya şikayətində yazır ki, Meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri, torpaqların su təminatını həyata keçirmək, meliorasiya və irriqasiya tədbirləri yalnız Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin səlahiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ziyana görə kompensasiya tələbinin müəyyən edilməsində mülki qanunvericiliklə müəyyən edilmiş əsaslar tətbiq edilsə də, məsuliyyətin müəyyən edilməsində dövlətin pozitiv öhdəliyi ilk növbədə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dəyən ziyan cavabdeh orqanın yol tikintisinə başlaması nəticəsində yarandığı üçün həmin orqan da iddiaçı qarşısında məsuliyyət daşıyır. Ama məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdeh ona verilmiş səlahiyyət və məsuliyyət dairəsinə aid olan bütün işləri lazımı səviyyədə görmüş və suyun verilməsində digər bir qurumun məsuliyyətsizliyi mövcud olmuşdursa, bu zaman həmin qurumdan reqres qaydada tələblər irəli sürə bilər. Hazırkı halda cavabdeh orqanın avtomobil yolunun layihəsinin icrası zamanı təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə gələn su mənbəyinin qarşısı kəsilmiş və alternativ mənbələrdən gələn su verilişi tam bərpa edilməmiş, nəticədə sahədəki alma ağacları qurumuş və bu hal da iddiaçının həmin əmlaka münasibətdə mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bağ sahəsində suvarılma ilə bağlı problemlərin yaranması səbəbi, alternativ su arxlarından iddiaçıya məxsus 2.95 ha alma bağının 0.8-1 metr yüksək olması, təbii axımla suvarılmanın mümkün olmaması olmuşdur. Kollegiya qeyd edir ki, dövlət əhəmiyyətli yolun çəkilişi zamanı vətəndaşların mülkiyyət hüquqlarının, eyni zamanda qazanılmış və öngörülən digər hüquqlarının qorunması dövlətin pozitiv öhdəliklərinin sırasına daxildir. Yol çəkilişinə başlamışdan əvvəl iddiaçının bağ sahəsinin olması və ora TAK 8 beton arxı vasitəsi ilə suyun verilməsi işin mübahisə olunmayan halıdır. Lakin yol tikintisi zamanı iddiaçıya normal yolla verilən suyun əvəzinə tikinti ilə əlaqəli alternativ mənbələrdən su nasosları vasitəsi ilə öz hesabına verilməsinin mümkün olması onun qazanılmış hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, əgər iddiaçıya yol tikintisinə başlamamışdan əvvəl suyun verilməsi şərtlərinə oxşar şərtlərin yaradılması imkanı texniki cəhətdən mümkün olmadığı halda, bu dövlət ehtiyacları üçün görülən iş üzrə ayrılmalı olan kompensasiya ödənişləri kimi əvəzləşdirilməli idi. Lakin proses gedişində iddiaçının bağ sahəsinə gedən suyun əvvəlki şərtlərdə bərpasının mümkün olması, belə bir halın olmadığını göstərir və yaranmış vəziyyətin səbəbi cavabdeh inzibati orqanların və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanların zəruri məsuliyyəti göstərməməsi olmuşdur. Göründüyü kimi hazırkı işdə cavabdehin məsuliyyətinin müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər üç şərtin mövcudluğu müəyyən olunur. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, yol tikintisi ilə bağlı iddiaçının bağ sahəsinə suyun verilməsi ilə bağlı qazanılmış hüquqları pozulmuşdur. Ona görə də onun məsuliyyət dairəsindən kənarda olan ziyanla bağlı tələblər irəli sürməsi qanunidir və yuxarıda qeyd edildiyi əsaslarla dövlətin pozitiv öhdəliyi kimi cavabdehliyi hazırkı iş üzrə cavabdeh daşımalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məsuliyyət dairəsi ziyana görə kompensasiyanın hesablanması zamanı mütləq nəzərə alınmalı əsas kimi qiymətləndirilməlidir. Həmçinin Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, iddiaçının ona məxsus torpaq sahəsində mövcud olmuş ağacların mütəmadi olaraq suvarılmadığı təqdirdə həmin ağacların məhv olacağını və ona ziyan dəyəcəyini bilə-bilə uzun müddət keçdikdən sonra 2021-ci ilin yayında cavabdehə və habelə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi anlaşılan deyil. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, suvarılmanı çətinliklə də olsa, 2018-ci ilə qədər davam etdirmişdir. İlk növbədə 2019-2020ci illərdə İcra Hakimiyyətinə müraciət etmişdir. Ağacların təxminən 40 faizlik miqdarı 2020ci il may-iyun aylarında solmağa başlayanda rəsmi şəkildə müraciət etmişdir. 2018 və 2019-cu illərdə şifahi olaraq vəzifəli şəxslərin qəbulunda olmuşdur. 2020-ci ildə yazılı şəkildə müraciət etmiş, lakin bu günə qədər cavabdeh orqandan cavab ala bilməmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, öz hesabına suvarma maşını almışdır, müəyyən müddət istifadə etmişdir. Bunu təsdiqləyə biləcək şahidlər var. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, iddiaçıya 2018-ci ildə su maşını lazım olmuş, bunun üçün ona məxsus su maşınını 6000 manat qiymətə razılaşmışdırlar. İddiaçı ona 3000 manat məbləğində pulu əvvəlcədən ödəmişdir. Bir gün sözügedən ərazidə özü suvarılma ilə məşğul olmuş, lakin ərazini böyük olması və işin çətinliyinə görə daha sonra suvarılmanı davam etdirə bilməyəcəyini bildirmişdir. Sözügedən ərazi böyükdür və orada çoxlu meyvə ağacları var idi. Ağaclar quruyandan sonra su maşınını geri vermişlər, hazırda bələdiyəyə icarəyə vermişdir. İddiaçı konkret adlar çəkərək vəzifəli şəxslərin qəbulunda olduğunu bildirmiş, cavabdehin nümayəndəsi isə həmin məlumatların saxlanılmadığını bildirmiş, eyni zamanda iddiaçının cavabdeh orqanın vəzifəli şəxslərinin qəbulunda ola biləcəyini istisna etməmişdir. İddiaçının izahatından və şahid ifadəsindən görünür ki, iddiaçı müvafiq inzibati orqanlara dəfələrlə müraciətlər edərək bağ sahəsində ağacların qurumasının qarşısını almağa çalışmış, müvafiq addımlar atmış, müraciətləri nəticə vermədiyi təqdirdə isə öz şəxsi vəsaiti hesabına ağacların su ilə təmin olunması üçün çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yazılı müraciətlərinin olmaması iddiaçının müraciətlərini şifahi formada etməsini, vəzifəli şəxslərin qəbullarında olmasını istisna etmir. İddiaçının 2006-cı ildə salınmış 1800 ağacdan ibarət alma bağının olması işin mübahisə olunmayan halıdır. Belə bir bağa sahib olmaq əvəzinə iddiaçının uzun illər gözləyib hazırkı kompensasiyanı tələb etməsi hüquqi və iqtisadi maraq baxımından ağlabatan hesab olunmur. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüquq müdafiə vasitələrindən səmərəli istifadə etməmişdir, bu da hazırda tələb edəcəyi kompensasiyanın müəyyən edilməsində mühüm rol oynayacaqdır. İddiaçıya suyun əvvəlki qaydada verilə bilməməsinin səbəbi iddiaçıya məxsus 2.95 ha alma bağının alternativ su arxlarından 0.8-1 metr yüksəkdə olmasıdır. İddiaçı alternativ su mənbələrindən təbii yolla suvarılmanın mümkün olmadığını bildiyi vaxtdan inzibati məhkəmə icraatı qaydasında tələblər, eyni zamanda müvəqqəti xarakterli müdafiə vasitəsindən istifadə edə bilərdi. Bu zaman hazırkı məhkəmə gedişində mümkün olan suyun verilməsinin bərpası daha tez baş verə bilərdi, hətta bağın qurumasının qarşısı alına bilərdi. Bu zaman da inzibati orqanların məsuliyyətsizliyi müəyyən olunsaydı, iddiaçı daha çox kompensasiya, yəni əldən çıxmış fayda, yeni bağ sahəsinin salınması, suyun verilməsinin dayandırıldığı tarixə olan bağın vəzyyətin bərpası üçün keçən zaman nəzərə alınmaqla yeni bağ salınması üçün lazım olan vəsait tələbi və.s tələblər irəli sürə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bağ sahəsinin relyef baxımından hündürdə olmasının nəzərə alınmaması, yol tikintisinə başlamamışdan əvvəlki şərtlərə uyğun suyun verilməməsi nəticəsində bağ sahəsinin quruması, iddiaçının həmin ağaclarla bağlı kompensasiya tələb etməkdə haqlı olduğunu göstərir. Çünki, iddiaçının digər şərtlərlə suvarmanı həyata keçirməsi öhdəliyi əsası mövcud deyil. Lakin hazırda bağ sahəsinə əvvəlki şərtlərdə suyun verilməsinin mümkün olmasının müəyyən edilməsi və iddiaçının hüquq müdafiə vasitələrindən vaxtında istifadə etməməsi, məhkəməyə 2021-ci ildə müraciət etməsi digər kompensasiya tələblərini istisna edir. Hazırda iddiaçının tələbi ünvan 1tı təyinatlı torpaq sahəsində qurumuş 1700 ədəd alma ağacının çıxarılması və vurulmuş zərərin əvəzi olaraq 400000 (dörd yüz min) manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədədir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddiaçı qurumuş 1700 ədəd alma ağacının çıxarılmasını tələb etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası 2,95 ha bağ sahəsində yerləşən ağaclara görə vurulmuş zərərin əvəzi olaraq 400.000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbinə münasibətdə isə hesab edir ki, bununla bağlı apellyasiya məhkəməsində birinci icraat zamanı müəyyən edilmiş hallar nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, LP-108/2022 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkliyyətində olan Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha bağ sahəsində 1700 ədəd alma ağacından 300 ədəd palmet, 1400 ədəd isə simirinka növündə olan ağaclara ziyan dəymiş və hal-hazırda yararsız vəziyyətdədirlər. Həmçinin, apellyasiya məhkəməsində birinci icraat zamanı verilmiş “Məhkəmə bioloji ekspertizası”-nın 17 aprel 2023-cü il tarixli rəyinin bioloji tədqiqat hissəsindən görünür ki, 17 mart 2023-cü il tarixdə Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən 2,95 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı alma bağında 1400 ədəd simirinka, 300 ədəd palmet sortu alma ağaclarının mövcud olduğu, ağacların ortalama diametrlərinin 12,1-16 sm, yaşlarının, təxminən, 12-15 illlik olduğu, ümumilikdə, 1700 ədəd ağac quruduğu müəyyən edilmişdir. Həmin rəyi tərtib edən ekspert X1 da apellyasiya instansiyasında birinci icraat zamanı məhkəmə iclasında izahatında rəyin bioloji tədqiqat hissəsi ilə bağlı eyni məzmunda izahat verərək tədqiqat aparılan torpaq sahəsinin 2,95 ha olmaqla, ümumilikdə, ərazidə 1700 ağac olduğunu bildirmişdir. Göründüyü kimi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı alınmış mütəxəssis və ekspert rəylərindən iddiaçıya məxsus 2,95 ha torpaq sahəsində 300 ədəd palmet, 1400 ədəd simirinka növündə olmaqla, cəmi 1700 ədəd alma ağacının olduğu və həmin ağacların qurumuş və hal-hazırda yararsız vəziyyətdə olduğu müəyyən edilir. Həmin ağaclara görə iddiaçıya ödənilməli olan kompensasiya məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən təqdim edilən mütəxəssis rəyindən görünür ki, palmet növlü alma ağaclarının 1 ədədi 300-330 manat, simirinka növlü alma ağacının 1 ədədi 350-370 manat qiymətləndirilməklə, ümumilikdə vurulmuş zərər 600.000 manat müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin Qusar Filialı tərəfindən təqdim edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan- "xxxx" ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsində (km 178+900) meyvə bağına görə iddiaçıya 2014-cü ildə 42192 manat məbləğində təzminat ödənilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin məbləğin 103 ədəd alma ağacına görə ona ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi də kompensasiyanın tutulması hissəsində iddia tələbini tam həcmdə təmin edərkən, yalnız iddiaçının izahatına istinad edərək, 2014-cü ildə iddiaçının mülkiyyətində olmuş yol altına düşən torpaq sahəsinin alınması və üzərində yerləşən 103 ədəd alma ağaclarına görə cavabdeh tərəfindən həmin ilin dekabr ayında ona 42.340 manat, yəni "xxxx" MMC tərəfindən bir alma ağacına görə müəyyən edilmiş 370 manat qiymətdən yuxarı, 419 manat pul ödənildiyini nəzərə almış, yekunda 400.000 manat məbləğində ziyanın tam həcmdə cavabdehdən tutulması qənaətinə gəlmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın 05 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, cavabdehin sifarişi əsasında keçirilən “Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun tikintisi” layihəsində tikinti altına düşən Qusar rayonu, Yuxarı Ləyər kəndi ərazisində yerləşən torpaqlara görə mülkiyyətçilərə hesablanmış kompensasiyanın ödənilməsi Agentliyə tabe qurum olmayan, podratçı "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Sorğuda qeyd edilən sənədlər Agentlikdə mövcud olmadığından tərəflərindən məlumat təqdim edilməsi mümkün deyildir. Həmçinin, cavabdehin nümayəndəsi bununla bağlı məhkəmə iclasında izahatında cavabdeh agentliyin arxivində Qusar rayonu, Luxarı Ləyər kəndindəki bağ sahələrində alma ağacları ilə bağlı sakinlərə kompensasiya verilməsi barədə məlumatın aşkar olunmadığını, həmin ərazidə cavabdehin tapşırığı əsasında kompensasiya ilə bağlı xüsusi təşkilatların ödəniş apardığını bildirmişdir. Bu səbəbdən, apellyasiya instansiyasında birinci icraat zamanı məhkəmə kollegiyası tərəfindən ağacın qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Əmtəəşünaslıq ekspertizası üzrə rəydən görünür ki, Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən bağ sahəsində (2,95 ha) mövcud olmuş ortalama diametrləri 12,1-16 sm, yaşları təxminən 12-15 illik olan ağaclar orta məhsuldar olduğu halda, orta bazar qiyməti, təxminən, 1 ədəd simirinka sortu alma ağacı 200,00 manat, 1 ədəd palmet sortu alma ağacı 200,00 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyasında birinci icraat zamanı məhkəmə kollegiyasının iclasında həmin rəylə bağlı izahat verən ekspert X2 bildirmişdir ki, rəydə qeyd olunduğu kimi ağacların orta bazar qiyməti müəyyən olunarkən həmin ərazidə və ona yaxın ərazilərdə mövcud olan ağaclara tələb və təkliflər, həmin ərazidə yetişdirmənin xüsusiyyətləri nəzərə alınır. İlbəil ağacların qiymətləri meyvələrin qiymətinə münasibətdə arta və azala bilər. 12- 15 yaşa uyğun simirinka və palmet növ ağacların ortalama qiyməti 200 manat müəyyən edilmişdir. Bu ağaclar orta məhsuldar kimi qiymətləndirilmişdir, çünki ağacın məhsuldarlığı barədə dəqiq məlumat olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya 2014-cü ildə 42192 manat məbləğində (meyvə bağına görə ödənilmiş təzminatın məbləği 42192 manat, 35 faiz bank xidməti - 148 manat nəzərə alınmaqla, 42340 manat) təzminatın ödənilməsi işin mübahisəsiz halıdır, lakin həmin təzminatın nəyin əsasında, neçə ağaca görə ödənilməsi ilə bağlı işdə zəruri məlumatlar olmamış və cavabdeh inzibati orqan da bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhz bu səbəbdən, kollegiya qiymət ilə bağlı ekpert rəyinin alınmasını zəruri hesab etmişdir. Lakin, sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya 42192 manat məbləğində kompensasiyanın ödənilməsinə əsas olmuş sənədləri məhkəmə kollegiyasına təqdim etmişdir. Təqdim edilən sənədlərdən görünür ki, Xurad bələdiyyəsinin sədri, "xxxx" ASC-nin əməkdaşları, "xxxx" MMC-nin nümayəndəsi, "xxxx" MMC-nin direktoru və iddiaçının iştirakı ilə tərtib edilmiş 14 oktyabr 2014-cü il tarixli akta əsasən, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun Qusar rayonu ərazisindən keçən hissəsində (km 178+900) qaz xəttinin köçürülməsi zamanı iddiaçıya dəymiş ziyan araşdırılaraq cədvəl tərtib olunmuşdur. Həmin cədvəldən görünür ki, tikinti altına düşən torpaq sahəsi 0,36 ha olmaqla, sahədə yaşı 12, sayı 250 ədəd yerli növ alma ağacı olmuşdur. 1 ədəd ağacın qiyməti 44 manat, 250 ədəd alma ağacının qiyməti 11000 manat, (AR Prezidentinin 2007-ci il tarixli, 26 dekabr tarixli Fərmanına əsasən 20 % əlavə 2200 manat olmaqla, 13200 manat) müəyyən edilmiş, 1 kq almanın qiyməti 0,40 manat, 1 ədəd ağacdan 220 kq məhsul əldə əldə edildiyi nəzərə alınaraq, məhsulun dəyəri 22000 manat (250 ədəd x 220 kqx 0.40) (20 % əlavə 4400 manat olmaqla, 26400 manat), eyni zamanda 0.36 ha torpaq sahəsinə görə 2160 manat olmaqla, cəmi 42192 manat kompensasiya ödənilmişdir. Başqa sözlə, həmin aktdan görünür ki, iddiaçıya 1 ağacın qiyməti 44 manat, ağacın verdiyi 220 kq məhsulun dəyəri 88 manat qiymətləndirilmiş, ümumilikdə bir ağaca görə, AR Prezidentinin 2007-ci il tarixli, 26 dekabr tarixli Fərmanına əsasən 20% əlavə nəzərə alınmadan 132 manat, 250 ədəd alma ağaclarına görə isə 33000 manat (11000+22000) pul ödənilmişdir. İddiaçı alma ağaclarına cavabdeh tərəfindən qoyulan qiymətlə razılaşmış, aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Kollegiya qeyd edir ki, 2014-cü ildə iddiaçının bağ sahəsi dövlət ehtiyacları üçün alındığından istinad edilən Fərmana əsasən iddiaçıya daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq da ödənilmişdir. Hazırki halda isə iddiaçıya məxsus bağ sahəsindəki alma ağacları dövlət ehtiyacları üçün alınmamış, yuxarıda aparılan araşdırma ilə müəyyən edildiyi kimi cavabdeh inzibati orqanın təqsirli hərəkətləri-delikt nəticəsində ona ziyan dəymişdir. Bu baxımdan, hazırda iddiaçıya ödənilməli olan kompensasiyanın tərkibinə 20 faiz əlavə daxil edilməməlidir. Həmçinin, işdən görünür ki, avtomobil yolunun mühafizə zolağına düşən meyvə bağlarına görə təzminat ödənilmiş digər mülkiyyətçilərə münasibətdə tərtib edilmiş və məhkəmə kollegiyasına təqdim edilmiş aktlardan müəyyən edilir ki, 1 ağaca münasibətdə mülkiyyətçilərə 7 illik alma ağaclarına görə 20 manat, 20 illik ağaclara görə 44 manat, 15 illik ağaclara görə 40 manat, 4 illik ağaclara görə 8 manat, 8 illik ağaclara görə 8.80 manat, 11 illik ağaclara görə 22 manat, 16 illik ağaclara görə 40 manat, 5 illik ağaclara görə 4 manat, 8 illik ağaclara görə 22 manat, 18 illik ağaclara görə 48 manat, 10 illik ağaclara görə 8.80 manat, 9 illik ağaclara görə 8.80 manat, 5 illik ağaclara görə 2.40 manat, 2 illik ağaclara görə 2.0 manat, 14 illik ağaclara görə 30 manat, 13 illik ağaclara görə 22 manat, 28 illik ağaclara görə 48 manat kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını, 2014-cü ildə dövlət ehtiyacları üçün alınan 12 illik, bir ədəd alma ağacına görə 132 manatdan hesablanmaqla kompensasiya ödənildiyini və iddiaçının həmin məbləğlə razılaşdığını nəzərə alaraq, hesab edir ki, hazırda eyni yaşda olan alma ağaclarına görə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 224400 manat (132x1700 = 224400) müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 224.400 (iki yüz iyirmi dörd min dörd yüz) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Avtomobil X8 publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(118)-155/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçıya vurulmuş zərərin əvəzi olaraq 224.400 (iki yüz iyirmi dörd min dörd yüz) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Avtomobil X8 publik hüquqi şəxsinin üzərinə qoyulsun. İş üzrə məhkəmə xərcləri cavabdehə aid edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.