Məhkəmə qərarları › İş №2-1(105)-1130/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1130/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1130/2024 02.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3354/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 3354/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 04 avqust 2023-cü il tarixli 3-17- 1/3-3-16273/2023 saylı və 14 avqust 2023-cü il tarixli 3-17-1/3-3-16725/2023 saylı qərarları ləğv edilmiş və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab etməklə ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın azsılması barədə qərarın ləğvi və pensiyanın yenidən hesablanaraq artırılması və pensiyadan əsassız tutulmaları dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin 04 avqust 2023-cü il tarixli 3-17-1/3-3-16273/2023 saylı və 14 avqust 2023-cü il tarixli 3-17-1/3-3-16725/2023 saylı qərarlarının ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Hazırda 65 yaşı vardır. İddiaçı orta təhsilini başa vurmaqla 1977-ci ildə Bakı Baza Energetika Texnikumuna qəbul olmuş, təhsil aldığı müddətdə 1977-1979-cu illərdə hərbi xidmətdə olmuş və qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. xx.xx.1982-ci ildən xx.xx.1994-cü ilə kimi Sumqayıt Üzvi Sintez zavodunda, xx.xx.1994-cü ildən xx.xx.2023- cü il tarixə kimi “Etilen-Polietilen” zavodunda işləmişdir. İddiaçının 50 yaşı tamam olduqdan sonra güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmiş və 20 ildən artıq əmək stajının, onun da 10 ildən çox hissəsinin zərərli iş sahəsi olması nəzərə alınmaqla yaşa görə əmək pensiyası 2008-ci ildən təyin edilmiş və bu pensiya məbləği iddiaçının işləməyi və indeksasiya artımı nəzərə alınmaqla bu illər ərzində bir neçə dələ artmış və 2023-ccü ilin aprel ayına kimi aldığı pensiya 716,77 manat olmuşdur. İddiaçı bu məbləği sonuncu dələ 2023-cü ilin aprel ayında almışdır. Lakin sentyabr ayında iddiaçı cavabdeh təşkilata dəvət edilmiş və həmin ay telefonuna belə bir mesaj gəlmişdir ki, ona təyin edilmiş pensiya məbləği 544,36 manat olmuşdur. Yəni birdən-birə təyin edilmiş pensiya məbləği 172,41 manat azaldılmışdır. İddiaçı bundan sonra cavabdeh təşkilata müraciət edərək bu azalmanın səbəbləri ilə bağlı arayış verilməsini və əvvəlki pensiyasının bərpasını istəmiş, lakin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda cavabdeh bildirmişdir ki, pensiyaya 50 yaşında deyil, 52 yaşında çıxmalı idi. Buna görə də, guya pensiya düzgün hesablanmamış və yenidən hesablama aparılmaqla pensiya 732,23 manat təyin edilmidir. Bundan başqa guya son 3 ildə mənə 5192,82 manat artıq vəsait ödənilmişdir ki, həmin vəsait də sentyabr ayından etibarən hissə-hissə hər ay 73,14 manat olmaqla aylıq pensiyasından tutulacaqdır. İddiaçı hesab edir ki, cavabdeh təşkilat ona təyin edilmiş pensiyanı azaltmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı pensiyaya çıxdıqdan sonra da işləmiş və hazırda da işləyir. Sığorta kapitalında bövük məbləğdə istifadə olunmamış vəsait toplanmış və həmin vəsait hesabına pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. Bundan başqa qarşı tərəf iddiaçının pensiyasını azaltmaqla yanaşı, guya əlavə aldığı pensiyanın son 3 ilini geri tutmağı qərar vermişdir. İddiaçı bu qərardan məlumatsızdır və ona cavabdeh pensiyasının azaldılması ilə bağlı hər hansı bir qərar verməmişdir, yalnız ona SMS bildirişi gəlmiş və müraciətindən sonra ona cavab verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən təyin edildiyi aşkar edilib. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 30 il 1 ay 9 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 35,54 manat (30,11 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixə indeksləşdirilib 55,08 manat müəyyən edilməklə üzərinə, xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1710,72 manat sığorta kapitalına uyğun 11,88 (1710,72:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixə 141,96 (55,08+11,88+75,00) manat məbləğində əmək pensiyası (İndeksləşdiriiərək xx.xx.2017-ci il tarixə 203,71 manat) təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2008-ci il tarixdən 164,91 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixə 290,00 manat)) artıq əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Eyni zamanda bildirir ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13135,20 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 120 (63 yaş 6 ay-59 yaş 6 ay) = 48+(144 ay-72 ay) aya bölünməklə 109,46 manat (13135,20:120) qanuni əmək pensiyasının (203,71 manat) üzərinə əlavə edilərək xx.xx.2017-ci il tarixə 313,17 manat (203,71+109,46) (Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixə 544,36 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 15116,40 manat sığorta kapitalı 120 aya bölünərək 125,97 manat (15116,40:120) düzgün olmayan əmək pensiyasının 290,00 manat üzərinə əlavə edilməklə 415,97 manat (290,00+125,97) ona artıq əmək pensiyası (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023cü il tarixə 716,77 manat)) ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya son üç il üzrə 5192,82 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib, Həmin 5192,82 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə hər ay 73,14 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası həmin tarixdən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 544,36 manatdan 732,23 manata artırılmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı təmin etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdi, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini əsassız hesab etdli və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda 66 yaşı vardır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli 3-17-1/3-3-16273/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən ömürlük 729,93 manat müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024cü il tarixli 3-17-1/3-3-16725/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixdən ömürlük 732,23 manat müəyyən edilmişdir. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına müraciət edərək, əvvəlki əmək pensiyası məbləğinin bərpa edilməsini xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-310148/2023 nömrəli məktubu ilə tərəfindən İddiaçı müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının düzgün hesablanmadığı, belə ki, onun əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci ildən əmək haqqına əsasən hesablanaraq təyin edildiyinin aşkar olunduğu, həyata keçirilən inventarlaşma nəticəsində onun əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 544,36 manat müəyyən olunduğu, artıq ödənilmiş əmək pensiyasının son üç il üzrə məhdudlaşdırılaraq 5192,82 manat təşkil etdiyi bildirilmişdir. Həmin 5192,82 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə hər ay 73,14 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edildiyi qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyası kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası həmin tarixdən Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun qaydada yenidən hesablanaraq 544,36 manatdan 732,23 manat artırılıb. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İşdən görünür ki, iddiaçıya 50 yaşından (1 nömrəli siyahı üzrə) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyası 52 yaşından yenidən hesablanaraq pensiya məbləği azaldılmışdır. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci il tarixdən etibarən 1 nömrəli siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsaslı saymayaraq bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad edilən 13-cü maddəsinin “a” bəndinin tələblərindən göründüyü kimi, xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir. Bu baxımdan, pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (2-1(102)-2641/2019 nömrəli, 2-1(102)-1573/2023 nömrəli və 2-1(102)-2023/2023 nömrəli və 2-1(102)-1293/2024 qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi ilə tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixədək toplamış şəxslərə əmək pensiyası 52 yaşdan deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni 50 yaşdan təyin edilməlidir. Hazırkı iş üzrə xx.xx.1997-ci il tarixədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 stajının olması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi əmək stajlarını xx.xx.1997-ci il tarixədək topladığına görə, onun 52 yaşından deyil, əvvəllər qüvvədə olmuş Qanunun tələbləri ilə, yəni 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Başqa sözlə iddiaçıya pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin, təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur. Bunun əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 50 yaşından pensiya təyini vaxtilə qüvvədə olan qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğun həyata keçirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1843/2024 nömrəli, 2- 1(102)-2274/2024 nömrəli qərardadları ilə cavabdeh inzibati orqanın apellyasiya instansiya məhkəməsinin qərarından eyni dəlillər (əmək pensiyasının pensiya sığorta kapitalına uyğun olaraq 52 (57) yaşından təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq əmək haqqına əsasən 50 (55) yaşından hesablanaraq təyin edilməsi) əsasında verdiyi kassasiya şikayətləri belə mübahisələrə dair işlər üzrə hüququn tətbiqinə dair mövcud və aydın vahid məhkəmə təcrübəsi olduğundan mümkün sayılmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında və apellyasiya şikayətində, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, iddiaçının qanunla müəyyən edilmiş qaydada razılığı alınmadan ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlamışdır. İddiaçı qorunan etimad hüququna malik olduğundan, ondan artıq ödənilmiş pensiya məbləğinin tutulması yolverilən deyil. Maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini (növünün dəyişdirilməsi) və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya 52 yaşdan əmək pensiyası təyin edilməli olması əsası ilə qəbul etdiyi iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı qanunsuz və əsassız olmuşdur. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3354/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar