Məhkəmə qərarları › İş №2-1(105)-1133/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1133/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1133/2024 02.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4292/2024 nömrəli qərarından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) xx.xx.2023-cü il tarixli 2-1(120)- 2218/2023 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3088.58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış (Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Appellyasiya Məhkəməsinin (sədrlik edən - məruzəçi hakim Müşfiq Həsənov, hakimlər Zaur Allahyarov və Samir Həsənov) xx.xx.2024-cü il tarixli 2-1(106)-184/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-2218/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İmran Burcayev) xx.xx.2024-cü il tarixli 2-1(118)- 4292/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3088.58 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 5000 manat məbləğində siyahıya alınmış (Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3088,58 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə “əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərara, həmin qərar əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********2 nömrəli protokola və ona edilmiş 1 nömrəli əlavəyə əsasən siyahıya alınmış və dəyəri 5000 manat olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (bundan sonra - cavabdeh) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin həmin tarixə yaranan 3.088,58 manat borcuna görə 5.000 manat dəyərində olan əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********2 saylı protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə 3088,58 manat ödənilməmiş borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarının 3-cü bəndinə istinad etməklə iddianı rədd edərkən, cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna yaranmış 3088,58 manat borcunun ödənilməsindən yayınmasına şərait yaratmış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı vergi ödəyicisi olan Cavabdeh xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 3088,58 manat borcu olduğunu qeyd etməklə, borcun ödənilməsini təmin etmək məqsədilə “əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etmiş, həmin qərar əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********2 nömrəli protokola və ona edilmiş 1 nömrəli əlavəyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini siyahıya almış və torpaq sahəsini 5000 manat qiymətləndirmişdir. RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehin 3.088,58 manat borcunun ödənilməsi məqsədilə siyahıya aldığı əmlakın satılması üçün məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin 90.3-1-ci maddəsinə əsasən dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. (...) Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (maddə 45.1). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur (maddə 45.6). Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir (maddə 49.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarının 3-cü bəndinə əsasən icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 3088,58 manat borcuna görə RX seriyalı ******* nömrəli çıxarış əsasında torpaq sahəsi siyahıya alınmış və bu barədə **********2 saylı, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Həmin Protokollarda vergi ödəyicisinə məxsus əmlak vergi ödəyicisinin iştirakı ilə siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri qeyd edilmiş, lakin həmin protokol cavabdeh tərəfindən imzalanmamış, cavabdeh ümumiyyətlə həmin protokolun tərtibində iştirak etməmişdir. Hazırda cavabdehin nə qədər borcu olduğu iş materialları ilə sübut edilmir, bundan əlavə inzibati orqan vergi ödəyicisinin daşınmaz əmlakını (torpaq sahəsini) 5000 manat dəyərləndirsə də, bu dəyərləndirmənin nəyin əsasında həyata keçirilməsi bəlli deyil. Hazırkı halda vergi ödəyicisinin borcunun olmasını təsdiq edən sübutlar mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən cavabdehə məxsus 0.0305 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrində 272 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə ki, icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının satılmasını tələb etdiyi cavabdehə məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüsü 0,0305 ha təşkil edir və həmin torpaq sahəsi 1.0 hektaradək olduğuna görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarının 3-cü bəndinə əsasən bu torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Odur ki, iddiaçının iddia tələbi və apellyasiya şikayəti əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4292/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar