Məhkəmə qərarları › İş №2-1(105)-1134/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1134/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1134/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının yolverilməzliyi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının faktiki vəziyyətinə uyğun olaraq dövlət qeydiyyatına alınmaqla onun adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1yul 2007-ci il tarixli qərarından görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 225 kv.metr torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. 24 iyul 2004-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinə görə 50 manat pul ödənilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundan görünür ki, ünvan 1yul 2007-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə sahibkarlıq məqsədilə satılmış 225 kv.metr torpaq sahəsinin sənəd üzrə koordinatlarınin bir hissəsi elektron baza xəritəsində başqa mülkiyyətçiyə məxsus pay torpaq sahəsinin üzərinə, digər hissəsi isə əkin arası yolun üzərinə düşür. Mütəxəssis rəyində qeyd edilmişdir ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 25 nömrəli, 17 iyul 2007-ci il tarixli qərarı əsasında İddiaçı ayrılmış Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən 225 kv. metr torpaq sahəsini iddiaçı naturada göstərdi və koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. Naturada göstərilən və iddia olunan torpaq sahəsinin faktiki koordinatları ilə A№ 016548 saylı, 04 oktyabr 2007-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar daxilindəki torpaq sahəsi üst-üstə düşmür və müşahidə olunan fərq rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. A № 016548 saylı, 04 oktyabr 2007-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin əkin sahələrinə gedən yola düşür. Lakin iddiaçının naturada göstərdiyi torpaq sahəsi əkin sahələrinə gedən yola düşmür. RX seriyalı, ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışla X2 və Niftalıyev Ocaqın adına qeydə alınmış torpaq sahəsinin koordinatları ilə iddiaçıya məxsus A № 016548 saylı, 04 oktyabr 2007-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları 100 kv.metr hissədə üst-üstə düşür. Lakin iddiaçının naturada göstərdiyi torpaq sahəsi RX seriyalı, ******* saylı 24.06. 2015-ci il tarixli çıxarışla X2 və Niftalıyev Ocaqın adına qeydə alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.Torpaq sahələrinin hansı hissədə üst-üstə düşməsi rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Elektron məlumat bazasına əsasən mübahisəli torpaq sahəsi (faktiki və sənəd üzrə) dövlət mülkiyyətinə aid olmaqla sənaye, nəqliyyat, rabitə kateqoriyalı torpaqlara düşməklə Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun və qaz xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildiririk ki, naturada iddiaçının göstərdiyi torpaq sahəsi elektron məlumat bazasına əsasən meşə zolağında yerləşir. Azərbaycan Avtomobil X8 11-1/2-60xx-xx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisindən keçən hissəsində İddiaçı aid torpaq sahəsi sözügedən yoldan kənarda yerləşməklə yolun tikintisi altına düşmür. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-14-27/2-246/2025 nömrəli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsinin coğrafi koordinatları Şamaxı meşəbəyliyinin meşə quruluşu xəritəsi ilə müqayisəli təhlil aparılmaqla sözügedən ərazinin meşə fondu torpaqlarına aid olmadığı müəyyən edilmişdir. Cavabdehin 3-21-3-41/2-2361/2025 nömrəli, 14 avqust 2025 -ci il tarixli məktubundan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsində mövcüd olan elektron kadastr bazasına əsasən iddiaçının naturada göstərdiyi 225 kv metr torpaq sahəsi Dövlət mülkiyyətinə aid olan avtomobil yolunun mühafizə zonasında və meşə zolağında yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 25 saylı xx.xx.2007-ci il tarixli qərarı və xx.xx.2007-ci il tarixli Torpaqların alqı-satısına dair Akt ilə Şəhriyar bələdiyyə fondunun k/t az yaralı (şərti yararsız) torpaq sahəsindən ona satılmış 225,0 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan- ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 25 saylı qərarı ilə ona ayrılmış 225 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının faktiki vəziyyətinə uyğun olaraq dövlət qeydiyyatına alınmaqla onun adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2007-cı il tarixli, 177/174 saylı rəyi və arayışı nəzərə alınmaqla, Azərbaycan Respublikası Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin 25 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə ona Şəhriyar bələdiyyəsinin şərti yararsız torpaq sahəsində kommersiya tikintisi məqsədi üçün 225 kv.metr torpaq sahəsi satılmış və buna müvafiq olaraq tərəflər arasında Torpaqların alqı-satqısına dair tərtib olunmuş Akt DTXK və Bələdiyənin imza və möhürü ilə təsdiq olunmuş, həmin orqanların nümayəndələri və onun tərəfindən imzalanmış, Şamaxı torpaq şöbəsində xx.xx.2007-ci il tarixdə 173 nömrə ilə qeydiyyata alınmışdır. Alqı-satqı qaydasında ona satılmış torpaq sahəsi ilə bağlı Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətində saxlanan torpaqların yerquruluşundan çıxarış tərtib olunmuş, həmin çıxarış DTXK-nin Şamaxı rayon şöbəsi və Şəhriyar bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmişdir. Satılmış torpaq sahəsi ilə bağlı 50,0 manat Şəhriyar bələdiyyəsinin hesabına ödənilmişdir. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən A № 016548 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və Dövlət Torpaq kadastr kitabında xx.xx.2007-ci il tarixdə 398 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Həmin idarədən müraciətimin müsbət həllindən 23 yanvar 2023-cü il tarixli, **********20 saylı məktubla imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Ərazi İdarəsinə daxil olmuş müraciəti ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin sənəd üzrə koordinatlarınin bir hissəsi elektron baza xəritəsində başqa mülkiyyətçiyə məxsus pay torpaq sahəsinin üzərinə, digər hissəsi isə əkin arası yolun üzərinə düşür. Torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətçiyə məxsus pay torpaq sahəsinin üzərinə, digər hissəsi isə əkin arası yolun üzərinə düşdüyünə görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 25 saylı qərarı ilə iddiaçıya ayrılmış 225 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının faktiki vəziyyətinə uyğun olaraq dövlət qeydiyyatına alınmaqla İddiaçı adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 25 saylı qərarına əsasən iddiaçıya satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına 17-7/174 saylı, 22 iyul 2007-ci il tarixli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 17 iyul 2007-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 50 (əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 25 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə cavabdeh orqanın mütəxəssis rəyində qeyd etdiyi dəlillərin araşdırılması məqsədilə müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Avtomobil X8 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi sözügedən yoldan kənarda yerləşməklə yolun tikintisi altına düşmür. Eyni zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda da sözügedən ərazinin meşə fondu torpaqlarına aid olmadığının müəyyən edildiyi qeyd edilmişdir. Beləliklə göründüyü kimi, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi hallar tamamilə əsassızdır və formal xarakter daşıyır. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar tam araşdırılmamış, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdir. Bu da qərarın ləğv edilməsi üçün əsasdır. Ləğv edilmiş DTXK tərəfindən iddiaçının adına tərtib olunmuş A № 016548 saylı, 04 oktyabr 2007-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi əkin sahələrinə gedən yola və torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətçiyə məxsus pay torpaq sahəsinin üzərinə düşür. Lakin, iddiaçı naturada digər torpaq sahəsini göstərir. Digər torpaq sahəsi isə elektron məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla sənaye, nəqliyyat, rabitə kateqoriyalı torpaqlara düşməklə Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun və qaz xəttinin mühafizə zonasında və meşə zolağında yerləşir. Bunlara baxmayaraq, məhkəmə araşdırması zamanı torpaq sahəsinin alqı-satqısını aparan orqan Şamaxı rayon Şəhriyar bələdiyyəsi (hal-hazırda Şamaxı bələdiyyəsi) prossesə cəlb olunmamış və baza məlumatlarında dövlət mülkiyyəti kimi qeyd olunan torpaq sahəsinin bələdiyyə tərəfindən satılması nə dərəcədə qanuni olmasına aydınlıq gətirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;...... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı bələdiyyə qərarı əsasında satılmış torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya bələdiyyə qərarı əsasında satılmış torpaq sahəsinin sənəd üzrə koordinatlarınin bir hissəsi elektron baza xəritəsində başqa mülkiyyətçiyə məxsus pay torpaq sahəsinin üzərinə, digər hissəsi isə əkin arası yolun üzərinə düşdüyündən, iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına 225 kv.m. torpaq sahəsinin satılması qərara alınmış, alqı-satqı aktı tərtib edilmiş, yerləşmə vəziyyətinə dair yerquruluşu planından çıxarış tərtib edilmişdir. Həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şöbəsi tərəfindən sözügedən torpaq sahəsinin kommersiya tikintisi məqsədilə satılmasının qanunauyğun olması barədə rəy verilmiş, plan və ölçü sənədi tərtib edilmişdir. İş materiallarından görünür ki, cavabdehin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, yerləşmə vəziyyətinə aid rəngli ortofoto təqdim edilmişdir. İş materiallarında olan müayinə aktı və mütəxəssis rəylərinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə yerləşən torpaq sahəsi üst-üstə düşmür, sənəd üzrə torpaq sahəsi naturada mövcud olsa da, başqa şəxsin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsinin 100 kv.m. hissədə üst-üstə düşür, 90 kv.m. hissədə isə TEKUİS-də əks olunmuş xəritə məlumatlarına əsasən təsərrüfatdaxili yol ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçının faktikin istifadəsində olan torpaq sahəsi isə sənd üzrə olan torpaq sahəsi ilə üst-üstə düşməyərək, ondan kənarda yerləşir. İddiaçı özü də torpaq sahəsinin yerini dəyişdiyini bildirmişdir. İndiki halda məhkəmə araşdırması zamanı İPM-in tələbinə əsasən iddiaçıya hüquqi yardım göstərilsə də (üst-üstə düşən hissələr çıxmaqla sənəd üzrə torpaq sahəsinin yerdə qalan öçüsü ilə bağlı), iddiaçı müvafiq bələdiyyə qərarı ilə onun adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını deyil, məhz faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyini bildirərək, iddia tələbini müdafiə etmişdir. Kollegiya iddiaçının tələbinin əsaslılığı ilə bağlı onu qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi mövcud olmamış, həmin torpaq sahəsi onun qanunsuz sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində müllkiyyət hüququnun yaranması və dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş əsaslar, yəni torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır. İndiki halda isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi qanunsuz zəbt edilmiş sahə olmaqla (sənəd üzrə mövcud olan torpaq sahəsinin yerini dəyişdirərək, başqa torpaq sahəsini faktiki istifadə etdiyindən), həmin torpaq sahəsinin hər hansı hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya ayrılması halı müəyyən edilməmişdir. Bu hal isə iddianının əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı sənəd üzrə onun adına ayrılmış torpaq sahəsini deyil, faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, sənəd üzrə ayrılmış torpaq sahəsinin isə 100 kv.m başqa şəxsin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üst düşür (90 kv.m hissəsi isə TEKUİS-də təsərrüfatdaxili yol kimi qeyd edilmişdir), iddiaçının sənəd üzrə həmin hissə çıxıldıqdan sonra yerdə qalan hissə ilə bağlı isə tələbi olmamış (bu barədə hüquqi yardım göstərilməsinə baxmayaraq), habelə həmin hissədə tələb iddiaçının hüquqi marağına uyğun olmamışdır (nail olmaq istədiyi məqsədi faktiki istifadə etdiyi torpaq sahəsi ilə bağlı olmuş, bu tələb üzrə israrlı olmuşdur). Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuni və əsaslı olmuş, iddiaçının iddia tələbi əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olmaması halı, torpaq sahəsinin sənəd üzrə yerinin dəyişdirilməsi kimi hallara iddianın əsaslılığı baxımından düzgün hüquiq qiymət verməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar