Məhkəmə qərarları › İş №2-1(105)-1135/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1135/2024

27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1135/2024 27.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahələrinə birgə mülkiyyət hüququnun tanınması, torpaq sahələrinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Birgə iddiaçı və birgə İddiaçı8 nümayəndəsi İddiaçı1, Birgə iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahələri üzərində onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-419/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 0028 Kod 30205018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 №li qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 4.71 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, JN-0028 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 0028 və 28 A nömrəli planşetlərində göstərilən 4.25 ha və 0.46 ha torpaq sahələri elektron kadastr uçotu informasiya sistemində azalaraq 3.60 ha, 0.21 ha ölçülərdə öz əksini tapmışdır və tərəfinizdən torpaq sahələrinin azalması ilə hüquq sahibi tərəfindən razılaşmadığız bildirilmişdir. Bu səbəbdən də, torpaq sahələrinin texniki göstəricilərini əks etdirən torpaq sahələrinin planı və ölçülərinin və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 və ailə üzvlərinin adına verilmiş JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət huququna dair” dövlət aktında göstərilmiş torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsidir və həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində və naturada JN-0028 planşetində 3.5989 ha ölçüdə öz əksini tapmışdır, JN-0028A planşetində isə 0.21 ha ölçüdə öz əksini tapmışdır. İddiaçı1 və ailə üzvlərinin adına verilmiş JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət huququna dair” dövlət aktının 0028 və 28A nömrəli planşetlərində göstərilən 4.25 ha (3.5989 ha) və 0.46 ha (0.21 ha) ölçülərdə öz əksini tapdığı torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində torpaq sahələri hər hansı şəxsə aid torpaq sahələrinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab etməklə “JN-0028 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 0028 və 28A nömrəli planşetlərində göstərilən 4.25 ha və 0.46 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-24/2-1685/2023 imtina məktubu ilə Xaçmaz rayonu, Əhmədoba kəndi ərazisində yerləşən 4,71 ha torpaq sahəsinə mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” qanuna və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 5 nömrəli qərarına müvafiq olaraq ona və ümumilikdə ailəsinin səkkiz nəfər üzvünə yaşadıqları Əhmədoba kəndi ərazisindən 4.71 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququ “Torpağa mülkiyyət hüququna dair” JN-0028 saylı 30205018 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Dövlət Aktı ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitunun möhürləri ilə təsdiqlənmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) ilə müəyyən olunur ki, torpaq sahəsi 0028 saylı planşetdə 4,25 ha və 28A saylı planşetdə 0.46 ha hissələrdən ibarət olmaqla iki yerdə yerləşir. Xaçmaz rayon Dövlət Arxivinin 22 fevral 2023-cü il tarixli, 200 saylı arxiv arayışından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən Xaçmaz rayonunun keçmiş “Pravda” sovxozunun ərazisində torpaq payı almaq hüququ olan hər bir subyektə 0,62 ha orta torpaq payı müəyyən edilmişdir. Beləliklə torpaq payı almaq hüququ olan səkkiz nəfərlik ailəsinə orta hesabla 0,59 ha hesabı ilə 4,71 ha pay torpaq sahəsi verilməsi İslahat Komissiyasının qərarına uyğundur. JN-0028 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktfi’nm 0028 və 28A nömrəli planşetlərində göstərilən 4.25 ha və 0.46 ha torpaq sahələri elektron kadastr uçotu informasiya sistemində azalaraq 3.60 ha, 0.21 ha ölçülərdə göstərilməsi tamamilə qanunsuzuz və əsassız hesab edilməlidir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, JN-0028 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 0028 və 28 A nömrəli planşetlərində göstərilən 4.25 ha və 0.46 ha torpaq sahələri elektron kadastr uçotu informasiya sistemində azalaraq 3.60 ha, 0.21 ha ölçülərdə öz əksini tapmışdır və tərəfinizdən torpaq sahələrinin azalması ilə hüquq sahibi tərəfindən razılaşmadığız bildirilmişdir. Bu səbəbdən də, torpaq sahələrinin texniki göstəricilərini əks etdirən torpaq sahələrinin planı və ölçülərinin və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-419/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 0028 və 28A nömrəli planşetlərində göstərilən 4.25 ha və 0.46 ha ölçülərdə torpaq sahəsi üzərində İddiaçı1 və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Xaçmaz rayonu, Əhmədoba kəndi ərazisində yerləşən 4.25 ha və 0.46 hektar torpaq sahəsi iddiaçı, onun ailə üzvlərinə ayrılmış və həmin torpaq sahəsi iddiaçının adına qeydə alınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. İddiaçı 4.25, 0.46 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Xaçmaz rayonu, Əhmədoba kəndi ərazisində yerləşən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 4.25, 0.46 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Mübahisə predmeti olan torpaq sahəsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mövcudluğu Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, qaytanlanmış təsərrüfatbaşı kitabında iddiaçının sahibliyində olan torpaq sahəsi qeydə alınmışdır. Həmçinin, cavabdehin sələfi olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmiş və həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü 4.25, 0.46 ha olaraq qeyd edilərək, rəsmiləşdirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçı və ailə üzvlərinə ayrılmış JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 0028 və 28A nömrəli planşetlərində göstərilən 4.25 ha və 0.46 ha ölçülərdə torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində tam şəkildə öz təsdiqini tapmasa da, sözügedən torpaq sahələri hər hansı şəxsə aid torpaq sahələri kimi mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmaması və eyni zamanda bələdiyyə tərəfindən də hər hansı şəxsə də satılmaması öz təsdiqini tapmışdır. Belə olan halda cavabdeh təşkilat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda cavabdeh təşkilat mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış və plan ölçü sənədi verməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyət hüququ ilə müəyyən edilmiş 4.25 ha və 0.46 ha ölçülərdə torpaq sahəsinin qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması qeyri mümkündür. Belə ki, həmin torpaq sahəsinin sənəd üzrə 4.25 ha və 0.46 ha ölçülərdə bərpasına yer yoxdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Birgə iddiaçılar və birgə İddiaçı8 nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 0028 və 28A nömrəli planşetlərində göstərilən Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən 4.25 və 0.46 ha olmaqla torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməklə, birgə mülkiyyət hüququnun tanınması, torpaq sahələrinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş birgə iddiaçı və birgə İddiaçı8 nümayəndəsi İddiaçı1, birgə iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməklə, birgə mülkiyyət hüququnun tanınması, torpaq sahələrinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, müvafiq Dövlət Aktının 0028 nömrəli planşetində göstərilmiş 4,25 ha torpaq sahəsi azalaraq, 3,60 ha, 28A planşet nömrəsində olan 0,46 ha torpaq sahəsi 0,21 ha kimi əks olunmuş, azalma ilə bağlı razılıq ərizəsi olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Xaçmaz rayonu AİK-nın 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə iddiaçıların adına ayrılmış 4,71 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmiş, həmin Dövlət Aktı cavabdeh inzibati orqana təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçmişdir, arxiv nüsxəsi vardır, Dövlət Aktının 0028 nömrəli planşetində torpaq sahəsinin ölçüsü 42500.00 kv.m., 28A planşet nömrəsində 4600,05 kv.m. kimi qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu AİK-nın 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarının və ona əlavə olunan sənədlərin arxiv çıxarışının məzmunundan görünür ki, “Pravda” sovxozunun əhatə etdiyi kəndlərdən biri olan Əhmədoba kəndi üzrə torpaq payı almaq hüququ olan ailələrin syaına dair siyahı müəyyən edilmiş, təsərrüfat üzrə torpaq payı almaq hüququ hər subyektə 0,59 (0,62) ha orta torpaq payının müəyyən edilməsi qərara alınmışdır, subyektlərin siyahısı əlavə edilmiş, həmin siyahıda 89-96-cı sıra nömrəsində iddiaçıların adları qeyd edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki,müvafiq Dövlət Aktında qeyd edilmiş torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsidir, TEKUİS-də torpaq sahəsinin ölçüsü 3,5989 ha, 0028A planşetində 0,21 ha əksini tapmışdır, müvafiq planşetlərdə əks olunmuş 4,25 ha və 0,46 ha torpaq sahələrinə dair TEKUİS-də hər hanıs şəxsə aid torpaq sahələrinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. İş materiallarından görünür ki, Xaçmaz rayonu Əhmədoba Bələdiyyəsi tərəfindən məktub ünvanlanaraq, sözügedən torpaq sahəsinə bitişik ərazidə bələdiyyə tərəfindən torpaq ayrılmadığı qeyd edilmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcduddur, iddiaçıların faktiki birgə istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çarılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların həmin torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş müvafiq Dövlət Aktı və onun tərtib edilməsinə əsas olmuş müvafiq AİK-nın qərarının arxiv nüsxələri mövcuddur. Qeyd edilən sənədlər hazırda qüvvədə olmaqla, onların ləğv edilməsi və ya dəyişdirilməsi halı müəyyən edilməmişdir. Həmin sənədlərin məzmununda da torpaq sahəsinin ölçüsü müvafiq planşetlər üzrə 4,25 ha və 0,46 ha kimi qeyd edilmişdir. Həmin torpaq sahələri naturada mövcuddur, torpaq sahələrinin başqa şəxslərə məxsus olması və ya başqa şəxslərin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ya başqa şəxslərin adına TEKUİS-də işlənilməsi halı müəyyən edilməmişdir. Göründüyü kimi, indiki halda torpaqayırma sənədlərinin arxiv nüsxələri mövcud olduğu və qüvvədə olduğu halda, həmin sənədlərin məzmununda əks olunmuş məlumatlarla elektron kadastr uçot informasiya sistemində əks olunmuş məlumatların uyğun gəlməməsi məhz qeyd edilən məlumatların informasiya sisteminə düzgün işlənilməməsi ilə bağlı ortaya çıxmışdır. Nəticə etibarilə kağız daşıyıcıda olan sənədlərin məzmununda əks olunmuş məlumatların elektron kadastr uçot informasiya sisteminə düzgün və dəqiq şəkildə işlənilməsi məhz müvafiq inzibati orqanın səlahiyyətinə aid olmuş, bununla bağlı yaranmış uyğunsuzluq iddiaçının təqsiri nəticəsində ortaya çıxmamış, habelə iddiaçının məsuliyyət daşıdığı hal kimi mövcud olmamışdır. Belə olan halda, müvafiq inzibati qurumların öz səlahiyyətlərini lazimi qaydada və vaxtında icra ediməməsi halına istinad edilməklə iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşıdırlması qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə məqsədinə, ən əsası mütənasiblik prinsipinin tələbinə zidd olmuşdur. Belə ki, mütənasiblik prinsipinin tələbinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda yaranmış uyğunsuzluq məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlili kimi həmin əsasa istinad edilməsi qanunvericiliyin norma və prinsiplərinin tələbinə zidd olmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, müvafiq Dövlət Aktı əsasında qeyd olunan torpaq sahəsi İddiaçı1 və onu 7 nəfər ailə üzvinin adına ayrılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsində icraat zamanı yalnız İddiaçı1 iddiaçı qismində çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı nəzərə alaraq, bununla bağlı iddiaçı tərəfə hüquqi yardım etmişdir. Nəticə etibarilə iddiaçılar tərəfindən hazırki iş üzrə birgə iddiaçı qismində çıxış etmələri barədə yazılı ərizə təqdim edilmişdir, habelə iddia tələbi məhz iddiaçı və onu ailə üzvlərinin birgə mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsi İddiaçı1 və onu 7 nəfər ailə üzvinin adına ayrıldığından, indiki halda onlar birgə mülkiyyətçi qismində çıxış etdiyindən, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-419/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. JN-0028 kod 30205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 0028 və 28A nömrəli planşetlərində göstərilən Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən torpaq sahələrinin ölçülərinin 0028 nömrəli planşet üzrə 4.25 ha və 28A nömrəli planşet üzrə 0.46 ha ölçüdə torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməklə (düzəliş edilməklə), 4,25 ha və 0,46 ha torpaq sahələri üzərində birgə iddiaçılar İddiaçı1, Şalbuzova (Müslümova) Xəyalə Vahid qızı, Nuriyeva (Müslümova) Bəsti Vahid qızı, Nəbiyeva (Müslümova) Sevda Vahid qızı, Məmmədova (Müslümova) Şəlalə Vahid qızı, İddiaçı6, Mürsəliyeva (Müslümova) Simnarə Vahid qızı və Fətullayeva (Müslümova) Gülnarə Vahid qızının birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar