Məhkəmə qərarları › İş №2-1(105)-1136/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1136/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1136/2024 02.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-112/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair cavabdeh tərəfindən verilmiş ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 112/2024 nömrəli qərarı ilə iddiaçı X1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri 40-cı məhəllə 1 saylı evdə yerləşən 22-ci mənzilinə dair mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhəri 40-cı məhəllə 1 saylı evdə yerləşən 22 saylı mənzilə dair iddiaçı X2 ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə buraxılmış prosessual müddətin bərpasına dair xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-112/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəyə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-112/2024 nömrəli qərarından apellyasiya şikayətini əlavə etmişdir. Ərizə və şikayət xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. İnzibati iş şikayətlə birlikdə xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(118)-112/2024 nömrəli qərarı Sumqayıt şəhər Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə 5-6/2-1815/2024 nömrəli məktubla apellyasiya şikayəti göndərilmiş və poçt zərfinin surəti məktuba əlavə olunmuşdur. Sonradan Sumqayıt İnzibati Məhkəməsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında elektron sənəd dövriyyəsi aktiv olmadığından qeyd edilən məktubun (apellyasiya şikayətinin) ünvanı üzrə çatdırılmadığı məlum olmuşdur. Bu səbəbdən Sumqayıt şəhər İcra Hakimiyyəti prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-112/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti qərarı xx.xx.2024-cü il tarixdə aldığını təsdiq edir. Cavabdeh həmin qərardan xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı prosessual müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsini, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, cavabdehin prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati Prosessual Məcəllənin 75.1-ci maddəsinə əsasən bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Göründüyü kimi, cavabdeh məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün ərzində apellyasiya şikayəti verməmiş, bu müddəti üzürlü səbəblər olmadan buraxaraq xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə apellyasiya şikayəti vermişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh apellyasiya şikayəti verilməsi müddətini üzürlü səbəbdən ötürdüyünü qeyd etsə də, həmin halları təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, müddətin buraxılmasının səbəblər üzürlü hesab edilə və buraxılmış müddət bərpa edilə bilməz. Azərbaycan Respublikası MPM-in 133.5-maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərar Sumqayıt şəhər İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir (cavabdeh özü ərizəsində bunu etiraf edir). Cavabdeh ərizəsində müddətin ötürülmə səbəbini ilkin olaraq onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarın ləğv edilməsi ilə bağlı ilk dəfə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məktubla göndərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh ilk dəfə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyini qeyd etsə də, bununla bağlı hər hansı bir mötəbər yazılı sübutu ərizəsinə əlavə etməmişdir. Cavabdeh ərizəsində müddətin ötürülmə səbəbini həm də onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında elektron sənəd dövriyyəsi aktiv olmadığından, qeyd edilən məktubun (apellyasiya şikayətinin) çatdırılmadığı məlum olmuşdur. Hazırki halda mübahisələndirilən məhkəmənin qərarı cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə daxil olmuş, şikayət verilmə müddəti də həmin tarixdən başlanmışdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə isə qeyd edir ki, ərizədə göstərilən hal - Sumqayıt İnzibati Məhkəməsi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında elektron sənəd dövriyyəsi aktiv olmadığından qeyd edilən məktubun (apellyasiya şikayətinin) çatdırılmaması, cavabdehin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməsinə mane olan hal hesab edilə bilməz. Hazırkı işdə isə cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati mübahisələrə dair işlər üzrə apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi ilə bağlı qanunvericilikdə hər-hansı bir xüsusi hal nəzərdə tutulmadığından cavabdehin apellyasiya şikayətinin vaxtında verilməməsi əsası kimi göstərdiyi hal üzürlü hesab edilə bilməz. Belə ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərardan narazı qaldığı halda apellyasiya şikayətini poçt rabitəsi vasitəsi və ya səlahiyyətli nümayəndəsi vasitəslə bilavasitə məhkəməyə təqdim edə bilərdi. İnzibati Prosessual Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 75, 80, 85, 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-112/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi rədd edilsin. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-112/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar