Məhkəmə qərarları › İş №2-1(105)-1138/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1138/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1138/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4806/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 60 yaşdan, Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 60 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarxinə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı topladığı üçün ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmiş, lakin cavabdeh 15 yanvar 2025-ci il tarixli, 3-17-1/2-A-8250/2025 nömrəli məktubu ilə müraciətini yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Natamam orta məktəbi bitirdikdən sonra, 01 sentyabr 1980-16-iyul 1983-cü illərdə 67 nömrəli texniki peşə məktəbində əyani təhsil almışdır. 17 noyabr 1983-23 dekabr 1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 11 mart 1986-cı il tarixində Qafqazenerjitəmir İxtisaslaşdırılmış İstehsalat Müəssisəsinə müvəqqəti olaraq avtomobil təmiri çilingəri qəbul edilmiş və 12 may 1986-cı ildə işdən çıxmışdır. 20 avqust 1986-cı il tarixində Sumqayıt Boru Prokat Zavoduna qatar tərtibatçısı vəzifəsinə işə qəbul edilmişdir. 22 aprel 1987-ci il tarixində lokomotiv maşinisti köməkçisi vəzifəsinə keçirilmişdir. 01 may 1996-cı il tarixində işdən çıxmışdır. 05 oktyabr 2004-cü il tarixində X6 LTD şirkətinin Azərbaycan Nümayəndəliyinə Qaynaqçı peşəsinə işə qəbul edilmişdir. 01 aprel 2005-ci il tarixində arqon qaynaqçısı vəzifəsinə keçirilmişdir. 30 mart 2006-cı il tarixində işdən çıxmışdır. 15 yanvar 2007-ci il tarixində Azərenerji ASC Azərenerjiitikinti MMC-yə Sumqayıt Quraşdırma Sahəsinə arqon qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 27 fevral 2009-cu il tarixində işdən çıxmışdır. 02 mart 2009-cu il tarixində İnterenerji MMC-yə arqon qaynaqçısı vəzifəsinə qəbul edilmişdir. 30 may 2009-cu il tarixində işdən çıxmışdır. 01 iyun 2009-cu il tarixində AZENCO ASC-nin arqon qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 25 yanvar 2012-ci il tarixində orada alüminium qaynaqçısı keçirilmişdir. 04 may 2020-ci il tarixində əmək müqaviləsinə xitam verilib. 09 iyul 2020-ci il tarixində Enerjiservis TTS MMC-nin alüminium arqon qaz qaynaqçısı vəzifəsinə qəbul edilmişdir. 18 yanvar 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilib. 09 yanvar 2021-ci il tarixində STDC MMC-yə elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 25 oktyabr 2022-ci il tarixində işdən çıxmışdır. 26 oktyabr 2022-ci il tarixində AZENCO Asc-yə alüminium arqon qaynaqçısı vəzifəsinə qəbul edilmişdir. Hal-hazırda həmin müəssisədə əmək fəaliyyətini davam etdirir. Cavabdeh öz imtina cavabını onunla əsaslandırmaq istəmişdir ki, guya onun xx.xx.2012-xx.xx.2020ci illərdə alüminium qaynaqçısı peşəsində topladığı staj güzəştli sayılmır. Halbuki, güzəştli Siyahıda 35. Ümumi Peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları verməsi peşəsinin güzəştli pensiya hüququ öz əksini tapmışdır. Əsas məqam burada ondan ibarətdir ki, elektrik qaynaqçısının hansı metalı qaynaq etməsinin bu məsələdə heç bir fərqi yoxdur, əsas hüquq müəyyənedici faktor qaynağın elektriklə (həmçinin qazla, və ya kombinə edilmiş formada - elektrik qaz qaynağı) aparılmalı olmasıdır. Cavabdeh isə həmin işlədiyi vəzifənin adını güzəştli Siyahıda zahiri bənzətmə nəticəsində eynilik təşkil etməməsini əsas gətirərək, pensiya təyinatından imtina etmişdir. xx.xx.2012-xx.xx.2020-ci illərdə alüminium qaynaqçısı peşəsində işlədiyi peşənin xüsusiyyəti belədir ki, alüminiumun qaynaq edilməsi elektrik qaynağıdır və bu zaman kimyəvi cəhətcə inert olan arqon qazı elektrik qaynağı edilən sahəyə xüsusi qurğudan püskürdülür ki, bu da qaynaq zamanı ərimiş alüminiumun hava ilə təmasının qarşısını alır. Burada arqon qazının rolu qaynaq zamanı ərimiş metalın havanın oksigeni ilə təmasının və beləcə, metalın sürətlə oksidləşməsinin qarşısını almaqdır. Buradan da aydın olur ki, cavabdehin digər dövrlərdə iddiaçının arqon qaynaqçısı peşəsində topladığı stajı güzəştli kimi qəbul etməsi onun arqon qaynağını müstəqil qaz qaynağı növü kimi qəbul etməsidir ki, bu qətiyyən belə deyil. Bütün hallarda, yəni əmək kitabçasında işlədiyi peşənin adının alüminium qaynaqçısı, arqon qaz qaynaqçısı və ya alüminium qaz qaynaqçısı yazılmasından asılı olmayaraq, işlədiyi vəzifə əl ilə qaynaq aparan elektrik qaynaqçısıdır ki, arqon qazı burada elektrik qaynağı prosesində ərimiş metalı (mən iddiaçının halında bu, alüminium metalıdır) oksidləşmədən qoruyan qazdır. Bu mənada, cavabdeh AZENCO ASC-nin verdiyi arayışda göstərilən güzəştli iş stajını qismən qəbul etməsi iddiaçının hüquqlarını pozmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01-VƏ/213 nömrəli arayışında xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə alüminium qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Onun işlədiyi vəzifə sözügedən arayışda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının ümumi peşələr bölməsində (35) nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 gün (xx.xx.2007- xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2009xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4806/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışına istinad etmişdir. Halbuki, sözügedən arayışda iddiaçının tutduğu vəzifənin müvafiq siyahıdakı hansı vəzifə və koda uyğun olduğu göstərilməmiş, həmçinin işin xarakteri qeyd edilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 4 gün (15 01.2007-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddianın təmin edilməsi üçün qanuni əsaslar da mövcud deyildir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxxx 1964-cü il təvəllüdlü olmaqla, 60 yaşı 14 dekabr 2024-cü il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı iddiçaya məxsus əmək kitabçasının surəti və iş materiallarında olan digər sənədlər ilə iddiaçının tələb olunan 25 ildən artıq iş stajına malik olması müəyyən olunmuşdur. Kollegiya güzəştli stajla bağlı qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətindən imtina edərkən qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 5 il 4 gün təşkil edir. Belə ki, iddiaçının "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01-VƏ/213 nömrəli arayışında xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə alüminium qaynaqçısı peşəsində işlədiyi qeyd edilib. Onun işlədiyi vəzifə sözügedən arayışda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının ümumi peşələr bölməsində (35) nəzərdə tutulmayıb. Buna görə də xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün deyildir. Lakin iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-də 25 yanvar 2012-ci il tarixindən 04 may 2020-ci il tarixinədək alüminium qaynaqçısı vəzifəsində çalışmış, həmin dövr üzrə 8 il 3 ay 9 gün güzəştli iş stajı toplamışdır. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulmuş peşələr sırasına daxildir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 10 may 2022ci il tarixli, 01-VƏ/213 nömrəli “işin xarakteri haqqında güzəştli arxiv arayış”dan görünür ki, İddiaçı xx.xx.2007-ci ildən (əmr № 07-kş, xx.xx.2007-ci il) "xxxx" ASC-nin "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin Sumqayıt Quraşdırma sahəsinə 6-cı dərəcəli arqon qaz qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.2009-cu ildə ( Əmr №-25/14-kş, xx.xx.2009-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə (əmr №-01/14-kş, xx.xx.2009-cu il) X2 İdarəsinin “Quba” MES-in Quraşdırma sahəsinə arqon qaynaqçısı peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə (Əmr №- 10/8-kş, 25.01,2012-ci il) “Cənub Layihəsi”nin Mexaniki Avadanlıqların və X3 sahəsinə alüminium qaynaqçısı peşəsinə keçirilib. xx.xx.2016-cı ildə (Əmr №-14/17-irş, xx.xx.2016cı il) 1 Saylı Tikinti Quraşdırma Sahəsinin Quraşdırma sahəsinə alüminium qaynaqçısı peşəsinə keçirilib və xx.xx.2020-ci ildə (Əmr №-20/11-İrş, xx.xx.2020-ci il ) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən arqon qaz qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 13 il, 15 gün təşkil edir. Məlumat üçün bildirilir ki, "xxxx"ASCnin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. Eləcə də "xxxx" MMC tərəfindən verilmiş 12 may 2022-ci il tarixli, 13/GR nömrəli “İşin xarakteri haqqında güzəştli arxiv arayışı”ndan görünür ki, İddiaçı xx.xx.2009-cu ildə (əmr №-01 /k, xx.xx.2009-cu il) Cəmiyyətin 2 Saylı Quraşdırma sahəsinə 6-cı dərəcəli arqon qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2009-cu ildə (əmr № 76/k, xx.xx.2009cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən arqon qaz qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 02 ay 28 gün təşkil edir. İnterenerji” MMC xx.xx.2012-ci il tarixdən "xxxx"MMC adlandırılıb. Apellyasiya instansiyasında icraat zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanlanmaqla iddiaçının əvvəllər işlədiyi arqon qaynaqçısı və alüminium qaynaqçısı vəzifələrinə dair vəzifə təlimatının təsdiq edilmiş surəti təqdim edilməklə sözügedən vəzifələrin digər qaynaqçı vəzifələri ilə fərqli xüsusiyyətləri, eləcə də həmin vəzifələrdə çalışan şəxslərin gördüyü işlər və həmin işlərin zərərlilik dərəcəsi barədə ən qısa zaman ərzində məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sorğuya cavab olaraq ünvanladığı 18 dekabr 2025-ci il tarixli, 01-PH/515 nömrəli məktubundan görünür ki, arqon qazı ilə qaynaq-inert arqon qazı mühitində elektrik qövsü istifadə edərək metalların qaynaq edilməsi prosesidir. Bu, xüsusən də ənənəvi metodların uğursuz olduğu paslanmayan polad, alüminium, titan və əlvan metalların qaynağında əridilmiş metalı atmosfer oksigeni ilə oksidləşmədən qoruyur və yüksək keyfiyyətli, təmiz və möhkəm qaynaqları təmin edir. Elektrik qövsü əriməyən volfram elektrodu ilə qaynaqlanan hissələr arasında yaranır, arqon isə xüsusi şlanq vasitəsilə qaynaq nöqtəsinə verilir və qoruyucu bulud yaradır. Ənənəvi elektrik qaynağı zamanı qövs, əriyən elektrod ilə qaynaq edilən metal arasında yaranır, elektrodun üzərindəki rutil adlanan tozşəkilli örtük isə ərimiş metalı atmosferin oksigenindən qoruyur. Aydın olur ki, arqon qaynağı da elektrik qaynağıdır, əl ilə həyata keçirilir. Ənənəvi elektrodlu elektrik qaynağından fərqi odur ki, burada birincidəki rutil qoruyucunu arqon qazı əvəz edir. Prosesdə ağır və zərərli əmək şəraiti hər iki qaynaq metodunda eynidir, lakin bəzən arqon qaynağı zamanı polada nisbətən daha tez əriyən müxtəlif əlvan metal ərintisinin buxarları orqanizmə daha çox zərərli təsir göstərir. İşçinin müxtəlif vaxtlarda əmək kitabçasında onun alüminium qaynaqçısı və arqon qaynaqçısı işləməsi iki səbəblə baş vermişdir; 1) Arqon qaynaqçısı işləməsi qeyd edilərkən, onun nəinki polad səthlərin qaynaq etməsini, həmçinin əlvan metalların da qaynağında məşğul olduğunu göstərməsi vurğulanmışdır. Bir daha bildirilir ki, ənənəvi (əriyən elektrodlu) qaynaq yalnız polad qaynağında istifadə edilir. 2) Alüminium qaynaqçısı işləməsi, onun arqon qaynaq (TİG qaynağı - ingiliscə- X8 - yəni, X7ynağı adlanır) avadanlığı ilə yalnız alüminium səthlərin qaynağında məşğul olmasını bildirir ki, bu da istehsalat prosesində alüminium səthlərdə qaynaq işlərinin həcminin böyük olduğu hallarda bu məqsədlərlə ayrıca arqon qaynaqçısı ştatına ehtiyac zərurətindən irəli gəlir. Arqon (alüminium qaynaqçısı) peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə ( şifrə-********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir. Göründüyü kimi iddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən dövrlərdə çalışdığı vəzifələrin vəzifə təlimatları da əlavə olunmaqla işəgötürən tərəfindən həmin vəzifələrə dair ətraflı arayış təqdim edilmişdir. Sözügedən arayışların məzmunundan da iddiaçının 25 yanvar 2012-ci il tarixindən 04 may 2020-ci il tarixinədək çalışmış olduğu vəzifənin xüsusi zərərli əmək şəraitinə daxil olduğu aydın olur. Bu baxımdan, müvafiq qanunvericilik normaları və iş üzrə toplanmış sübutlar birlikdə qiymətləndirildikdə, iddiaçının "xxxx" ASC-də 25 yanvar 2012-ci il tarixindən 04 may 2020ci il tarixinədək olan iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğun olduğu və güzəştli iş stajına daxil edilməli olduğu nəticəsinə gəlinir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəssisə tərəfindən təqdim edilmiş arayış əsasında həmin sahədə fəaliyyət göstərən peşənin məhz müvafiq Qərar ilə təsdiq edilmiş Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, 29 iyun 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün artıq pensiya kapitalının mövcudluğu tələb olunmur. Bu dəyişiklik əvvəlki qaydalarda pensiya hüququnun təyin edilməsi üçün tələb olunan pensiya kapitalının müəyyən bir həddə çatması şərtini aradan qaldırır. Beləliklə, iddiaçının pensiya hüququnun təmin olunmasında əlavə bir maneə yoxdur. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması (05 iyun 2024-cü il tarixdə 60 yaşı tamam olur), həmçinin azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4806/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar