Məhkəmə qərarları › İş №2-1(105)-1139/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1139/2025

30.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1139/2025 30.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(118)-6405/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0244 ha torpaq sahəsi üzərində idiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, **********81 reyestr nömrəli çıxarış verilmişdir.

2. İddiaçı tərəfindən mülkiyyətində olan həmin torpaq sahəsində Abşeron rayonu İcra hakimiyyəti tərəfindən 2025-ci ildə təsdiq edilmiş Memarlıq-planlaşdırma layihəsi əsasında qeyri-yaşayış obyekti inşa edilmişdir.

3. Bundan sonra iddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (əmlak kompleksi kimi müəssisə) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh 30 may 2025-ci il tarixli, 3-21-3-32/2-8605/2025 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı qeyriyaşayış binasının tikintisinə və istismarına icazə sənədinin müraciətə əlavə edilmədiyi müəyyən olunmuşdur.

5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon, Xırdalan şəhərində iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən 231.3 kv.metr ölçüdə olan qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0244 ha torpaq sahəsində onun tərəfindən qeyriyaşayış binası inşa edilərək istismara verilmişdir. Həmin qeyri-yaşayış binasına dair eskiz lahiyə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, müvafiq möhürlə təsdiq edilmişdir. Sözügedən qeyri-yaşayış binası və torpaq sahəsinə aid sənədləri də əlavə etməklə, bina üzərində mülkiyyət hüququnun dövlət reyestrində adına qeydə alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh qeyri-yaşayış binasının tikintisinə və istismarına icazə sənədinin təqdim edilmədiyini əsas gətirərək müraciətinə imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, tikintiyə və istismara icazə sənədinin olmaması imtina üçün əsas hesab edilmir. Tikintiyə və istismara icazə sənədi İcra Hakimiyyəti tərəfindən verilir. Hazırkı qeyri-yaşayış binasına dair tərtib edilmiş eskiz layihə isə həmin orqan tərəfindən təsdiq edilərək razılaşdırılmışdır. Bu isə tikintiyə və istismara icazə verildiyini bildirir və tikintinin istismara hazır olduğunun rəsmi bəyan olunması deməkdir.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(118)-6405/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon, Xırdalan şəhərində iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən 231.3 kv.metr ölçüdə olan qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).

9. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək qərarını onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış obyektinə dair "xxxx" MMC tərəfindən tərtib edilən Xırdalan şəhəri ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma layihəsi Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin möhürü və Baş memarın imzası ilə təsdiqlənmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

12. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Həmin əmr nəzərə alınaraq, məhkəmə kollegiyası tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi prosessual hüquqi varisi kimi publik hüquqi şəxsin özü ilə əvəz edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirmişdir ki, adətən qeyri-yaşayış obyektinə dair istismara icazə sənədində qeyd edilən sahə ilə cavabdeh tərəfindən aparılan ölçmə işləri nəticəsində müəyyən edilən sahə arasında müəyyən fərqlər ola bilir. İddia etdiyi qeyriyaşayış obyekti 244 kv.m. olsa da, cavabdeh tərəfindən ümumi sahənin 231,3 kv.m. olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən ölçmə işləri aparılarkən qeyri-yaşayış obyektində təmir davam etdiyindən ölçmədə yanlışlıq olduğunu güman edir, lakin bu məsələni mübahisələndirmir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. ... Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi

102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. … 102.7. Tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.

17. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə:

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri ... 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; ...

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ...

19. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

21. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırkı mübahisənin predmetini Abşeron rayon, Xırdalan şəhərində iddiaçının mülkiyyətində olan 0,0244 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir.

24. Cavabdehin imtina məktubu və apellyasiya şikayətinin dəlili tikintiyə icazə və istismarına icazə verilməsi barədə sənədlərin ərizəyə əlavə olunmamasıdır.

25. Nəzərə almaq lazımdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-8.0.10.1-ci maddəsinin tələbləri baxımından tikinti obyekti üzərində hüququn dövlət qeydiyyatına alınması üçün obyektin tikildiyi torpaq sahəsi üzərində onların mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməsi tələb olunur.

26. İşdən görünür ki, iddiaçı hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət edərkən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış və binanın Abşeron rayonu İcra hakimiyyəti tərəfindən təsdiq edilmiş Memarlıqplanlaşdırma layihəsini təqdim etmişdir. Həmin dövrdə qeyri-yaşayış binasının tikintisinə və istismarına icazə sənədi mövcud olmamışdır.

27. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələbinə əsasən qeyri-yaşayış binasının istismarına icazə sənədinin olmaması mülkiyyət hüququnun qeydiyyatından imtinaya, eləcə də, bununla bağlı iddia tələbinin rədd edilməsinə əsasdır.

28. Lakin, birinci instansiya məhkəməsi işin bu hallarını tam araşdırmadan maddi hüquq normasının tətbiqində səhvə yol verərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

29. Cavabdeh apellyasiya şikayətində də eyni dəlili qeyd etmişdir.

30. Məhkəmə kollegiyası şikayətin qeyri-yaşayış binasının istismarına icazə sənədinin olmamasının hüquqların dövlət qeydiyyatından imtinaya əsas olduğuna dair dəlili ilə razılaşır.

31. Lakin, nəzərə almaq lazımdır ki, bu hal-hazırda iddiaçı tərəfindən aradan qaldırılmışdır.

32. Belə ki, apellyasiya məhkəməsində icraat zamanı iddiaçı qeyri-yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı səlahiyyətli orqana - Abşeron rayonu İcra hakimiyyətinə müraciət etmiş, sonuncunun 24 dekabr 2025-ci il tarixli, 36 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq, 24 dekabr 2025-ci il tarixdən obyektin istismarına icazə verilmişdir.

33. Belə olan təqdirdə kollegiya hesab edir ki, qeyri-yaşayış binasının istismarına icazə verildiyindən cavabdehin bununla bağlı dəlilinin aktuallığı itirilmiş sayılır və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz.

34. Eyni zamanda, cavabdehin şikayətinin digər dəlili tikintiyə icazə sənədinin olmamasıdır.

35. Bununla bağlı isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir.

36. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.7-1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini digər (o cümlədən, Abşeron) inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları həyata keçirir.

37. Hazırkı iş üzrə mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyətinin qərarı təqdim edilməsə də, işdən görünür ki, qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma layihəsi həmin orqan tərəfindən tərəfindən 2025-ci ildə təsdiq edilmiş, həmin layihə əsasında iddiaçı tərəfindən müvafiq torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edilmişdir.

38. Nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2- 1(102)-57/2024 nömrəli, eləcə də, digər (2-1(102)-59/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Nəzərə almaq lazımdır ki, istinad olunan norma anlamında tikintiyə icazə tikinti layihəsində əksini tapan tikinti niyyətinə verilir. Həmin layihənin səlahiyyətli qurum tərəfindən razılaşdırılması və ya təsdiq olunması həmin layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təsbit edir. Bu mənada tikintiyə icazənin məqsədi də məhz təqdim olunmuş tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etməkdən ibarətdir. Hazırkı mübahisəyə bu kontekstdən yanaşdıqda və sözügedən tikinti obyektinin layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğunluğunun məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırıldığını və təsdiq olunduğunu nəzərə aldıqda, həmin tikintiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən istinad olunan norma anlamında icazə verildiyi də qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin ona diqqət çəkir ki, hazırkı mübahisənin həlli baxımından icazə (həm tikintiyə, həm də istismara) icraatının özünün gedişatı deyil, həmin icraat nəticəsində qəbul olunmuş yekun qərar – inzibati akt həlledici əhəmiyyət daşıyır. Belə ki, inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz

39. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi hazırkı işdə də tikinti obyektinin layihəsi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir ki, bu hal da qanunvericiliyin tələbi, eləcə də, vahid məhkəmə təcrübəsi baxımından tikintiyə icazə verildiyini təsdiq edir.

40. Kollegiya qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından tikinti obyektinin istismarına icazənin məqsədi də nəzərə alınmalıdır. Belə ki, Məcəllənin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

41. Eyniməzmunlu norma Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının 6.1-ci bəndində də qeyd edilmişdir. Həmçinin, Qaydaların 6.3-cü bəndinə görə tikintisi başa çatmış obyektin istismarına icazə alınması üçün sifarişçi Məcəllənin 102-ci maddəsinə uyğun olaraq icazəni verən orqana ərizə ilə müraciət edir.

42. Normaların məzmunundan göründüyü kimi tikintiyə icazə və tikinti obyektinin istismarına icazə eyni orqan tərəfindən verilməklə, Abşeron rayonunda yerləşən qeyriyaşayış binalarına münasibətdə həmin səlahiyyətlər Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

43. Hazırkı halda da inşa edilmiş tikinti obyekti istismara icazəylə bağlı qanunvericilikdə göstərilən məqsədlərə cavab verdiyindən yerli icra hakimiyyətinin qərarı əsasında istismara qəbul edilmişdir.

44. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, apellyasiya məhkəməsində icraat zamanı buna səlahiyyətli orqan tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdir.

45. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir.

46. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı qeyri-yaşayış sahəsinin müayinəsi də həyata keçirilmiş, müayinə nəticəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, tikinti obyektinin əsas sahəsi 212.5 kv.m, köməkçi sahəsi 18.8 kv.m. olmaqla, ümumi sahəsi 231.3 kv.m. təşkil edir, Abşeron Rayon İH-nin təsdiq etdiyi eskiz layihə ilə obyektin daxili ölçüləri və konfiqurasiyası uyğundur, obyekt kommunikasiya xətlərinin mühafizəsi zonasında yerləşmir.

47. Beləliklə, hazırkı mübahisəyə münasibətdə 231.3 kv.m. olan qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

49. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Bu baxımdan, apellyasiya şikayəti təmin edilmədən, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(118)-6405/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar