Məhkəmə qərarları › İş №2-1(105)-114/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-114/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-114/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ona ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 842/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ona ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 sayıl sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən İddiaçı müstəsna hal kimi 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və orada ona fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin torpağa dair mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş və cavabdehin 06.02.2020-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Belə ki, cavabdeh qəsəbə nümayəndəsinin torpaq ayırmaq səlahiyyətinin olmadığını və ayrılmış torpaq sahəsinini normadan artıq olduğunu bildirmişdir. Halbuki, qəsəbə nümayəndəsi bu sərəncamı özbaşına deyil, Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray əhalisinə paylanması üçün nəzərdə tutulmuş 12 ha torpaq sahəsinin məhz qəsəbə XDS İK-yə həvalə edilməsi barədə olan qərarına əsasən ayırmışdır. Bundan əlavə qanunvericilikdə vətəndaşa verilən torpaq sahələrinə hər hansı bir norma qoyulmamışdır. Vətəndaşa fərdi ev tikintisi və ya başqa məqsədlərlə istənilən ölçüdə torpaq sahəsi verilə bilər və bunu məhdudlaşdıran hər hansı bir qanun yoxdur və cavabdeh də bu əsasla hüquqları qeydə almaqdan imtina etdikdə hər hansı bir normaya əsaslanmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-842/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səlahiyyətsiz şəxs - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən 0.20 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin 19.10.1999cu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.20 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıca aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Sənədlər ekspertiza edilərkən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamı ilə ayrılan 0.20 ha torpaq sahəsinin normadan artıq ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi icra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncam verməsi həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. O zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə, təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki sözügedən torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, AR MM-nin 139-1.1.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” müəyyənləşdirilmiş və mövcud qanunvericilik aktlarında ərazi nümayəndəliklərinin torpaq ayırması barədə qərarları nəzərdə tutulmayıb. İşə apelyasiya qaydasıda baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 saylı sərəncamı ilə ayrılmış 0,20 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmadığına istinad edərək imtina cavabı vermişdir. Bundan başqa, imtinasında göstərmişdir ki, sənədlər ekspertiza edilərkən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrılan 0,20 ha torpaq sahəsinin normadan artıq əldə edildiyi aşkar edilmişdir. İş materiallarından görünür ki, “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsində İddiaçı müstəsna hal kimi 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ona fərdi yaşayı evi tikməyə icazə verilmişdir. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apelyasiya şikayətinin eyni dəlili (torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmaması) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına 12 ha torpaq sahəsi verilmişdir. Cavabdeh torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncam vermək hüququnun olmadığına istinad etsə də, məhkəmə kollegiyasının araşdırması zamanı Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 nömrəli qərarının təsdiq olunmuş surətindən müəyyən edilmişdir ki, qəsəbə icra nümayəndəliyi iddiaçıya torpaq sahəsi ayırarkən səlahiyyətli olmuşdur. Belə ki, Saray qəsəbə XDS İcraiyyə Komitəsi öz sərəncamında olan torpaq sahəsi üzərində sərəncam vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması barədə qəsəbə nümayəndəliyinin sərəncam vermək hüququnun olmamasına dair cavabdehin apelyasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Cavabdehin digər imtina əsası (sənədlər ekspertiza edilərkən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrılan 0,20 ha torpaq sahəsinin normadan artıq əldə edilməsi) ilə bağlı isə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 saylı qərarında göstərilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün köhnə Saray kəndinin yurd yerindən hər ailəyə 0,10 hektar hesabı ilə 10,0 hektar həyətyanı, 2,0 hektar yollar, küçələr üçün, cəmi 12,0 hektar Saray üzümçülük sovxozunun dəmyə örüş yeri kimi uçota alınmış torpaq sahəsindən alınıb Saray qəsəbə XDS İcraiyyə Komitəsinə verilsin. Qərardan göründüyü kimi, hər ailəyə 0,10 hektar sahəsi ayrılması nəzərdə tutulsa da, iddiaçıya 0,20 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin tikintisi üçün Köhnə Saray kəndinin yurd yerindən hər ailəyə 0,10 hektar torpaq sahəsi ayrılması nəzərdə tutulduğu halda, iddiaçıya 0,20 hektar torpaq sahəsi ayrıldığından və bununla da normadan artıq torpaq sahəsi əldə edildiyindən cavabdehin apelyasiya şikayətinin qeyd edilən dəlili əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini göstərilən hissədə araşdırmamış, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 saylı Saray qəsəbə XDS İcraiyyə Komitəsinə həyətyanı torpaq fondu ayrılması haqqında qərarında nəzərdə tutulmuş göstərişləri nəzərə almadan iddia tələbini tam təmin etmişdir. Halbuki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 nömrəli qərarı ilə hər ailəyə 0,10 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair hissədə əsaslı olmadığından, həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 842/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarı qismən - İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 hektar torpaq sahəsindən ayrılmış 0,20 hektar həyətyanı torpaq sahəsinin 0,10 hektarı üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-842/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarı qismən - İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 hektar torpaq sahəsindən ayrılmış 0,20 hektar həyətyanı torpaq sahəsinin 0,10 hektarı üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qərar qalan hissədə - İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 hektar torpaq sahəsindən ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar