Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-114/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddaçı İddiaçı Cavabdehnə qarşı aqrar islahat komissiyasının qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Açar sözlər: iddia müddəti, mübahisələndirmə haqqında iddia üzrə iddianın mümkünlük şərti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı aqrar islahat komissiyasının qərarının ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-389/2021 saylı 12.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İşin halları:
1. İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı dövlət aktı və onun verilməsi üçün əsas olmuş aqrar islahat komissiyasının qərarının ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və müqavilələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 31.03.2021-ci il tarixli ərizə təqdim edərək cavabdeh qismində Cavabdeh cəlb edilməsini və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarının ləğv edilməsini iddia tələbi kimi qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 08 sentyabr 2009-cu il tarixli alqı satqı müqaviləsinə əsasən X5 0.84 ha torpaq sahəsini satın almış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 06 aprel 2017-ci ildə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə elektron baza məlumatlarına görə həmin torpaq sahəsinin başqa şəxsin adına qeydə alındığı bildirilmişdir. Daha sonra vəkil sorğusu vasitəsilə ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi 11.04.2012-ci il tarixdə X3 adına qeydə alınmış, 17 fevral 2013-cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən X4 adına keçirilmişdir. Göstərilən 0.84 ha torpaq sahəsi uzun illər istifadəsində olmaqla həmin sahədə çoxillik əkmələri vardır. E.Bəşirovanın adına qeydə alınmış 0.84 ha torpaq sahəsi isə faktiki mövcud deyildir. Çünki aqrar islahatlarının aparılması zamanı Urfuzər Bəşirovanın adına 0.84 ha torpaq sahəsinin qeyd edilməsi texniki səhv üzündən baş vermişdir. Yəni, sonuncuya tək olmaqla 0.84 ha torpaq sahəsi verilə bilməzdi, həmin qeyd əslində 0.24 ha kimi göstərilməli idi. Həmin vaxt “İliç yolu” sovxozu üzrə adambaşına verilən payların norması 0.24 ha olmuşdur. Baş vermiş bu texniki xəta nəticəsində bütün sənədlərdə səhvən 0.84 ha göstərilmiş, nəticədə o, qanuni surətdə əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirə bilmir. O, müvafiq sənədlərin ləğv edilməsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin 18.08.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi dövlət aktının verilməsi üçün əsas olmuş aqrar islahat komissiyasının qərarının ləğv edilməli olmasını izah etmişdir.
Cavabdehin etirazları:
4. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim etməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-389/2021 saylı 12.08.2021-ci il tarixli qərardadı ilə (hakim V.E.Əzizova) iddianın mümkün sayılmaması qərara alınmışdır.
6. Qərarla razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apelyasiya şikayətinin dəlilləri:
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisələndirilən qərarın mövcudluğu ona 2017-ci ildə məlum olmuş, həmin qərardan o, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində şikayət etməmişdir. Hesab edir ki, iddianın mümkün sayılmaması tamamilə qanunsuz və əsassızdır. Belə ki o, mübahisəli torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 06 aprel 2017-ci il tarixdə DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarədən ona 13 aprel 2018-ci il tarixli **********18 saylı məktubla cavab verilmişdir ki, həmin torpaq sahəsinə başqa şəxsin adına çıxarış verilmişdir. Şəxsin kimliyi barədə məktubda heç bir məlumat verilmədiyi üçün o, 04 mart 2019-cu il tarixdə yenidən 5 saylı Xaçmaz Ərazi İdarəsinə vəkil sorğusu vasitəsi ilə müraciət etmişdir. Vəkil sorğusuna İdarədən 15 mart 2019-cu il tarixli **********68 saylı məktubla cavab verilmişdir ki, mübahisəli torpaq sahəsinə çıxarış verilmiş şəxs X6r. Bu məlumatları əldə etdikdən sonra o, 01 aprel 2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsində “Dövlət aktının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlaka hüquqların qeydiyyatın dövlət reyestrindən çıxarılmasına dair iddia qaldırmışdır. Həmin məhkəmənin 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsi 18.08.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətimi qismən təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iş üzrə icraata xitam vermişdir. Apellyasiya məhkəməsinin qətnaməsində ona izah edilmişdir ki, cavabdehin adına olan dövlət aktının ləğv edilməsi üçün əvvəl onun verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı ləğv edilməlidir. Bundan sonra o, müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə qərardadında göstərildiyi kimi mübahisələndirdiyi Aqrar İslahat Komissiyasının qərarının mövcudlugu ona 2017-ci ildə deyil, 15 mart 2019-cu il tarixdə məlum olmuşdur. Bundan sonra da o, 01 aprel 2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsində yuxarıda göstərilmiş iddiasını qaldırmışdır. Bütün bu halları işə baxan məhkəmənin nəzərinə çatdırmaqla müvafiq sənədləri təqdim etmişdir. Beləliklə, o, heç bir prosessual müddəti buraxmamışdır. Odur ki, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-389/2021 saylı 12.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini, inzibati işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
b) apelyasiya şikayətinə qarşı etirazlar
8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-389/2021 saylı 12.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini, inzibati işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, çünki, aparılan Aqrar İslahatları zamanı ona qabaqcıl işçi kimi 0.84 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra o, tək qadın olduğundan kənd təsərrüfatı ilə məşğul olmaqda çətinlik çəkdiyi üçün həmin torpaq sahəsini bacısı Elsevər Bəşirovaya satmışdır. Tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin bir neçə il bundan əvvəl İddiaçı həmin torpaq sahəsini zəbt etdiyindən aralarında məhkəmə çəkişmələri başlanmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X10 apellyasiya şikayətinə etiraz edərək heç bir qanun pozuntusuna yol vermədiklərini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apellyasiya şikayətinin mümkünlüyü məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
15. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
16. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
18. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
23. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
24. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddi 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi (-).
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
26. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-).
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. (-). 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq şəhəri üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(118)-389/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nörməli qərarında vurğulanır ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
30. İşdən görünür ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,84 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq üçün 3-cü şəxsin adına tərtib edilmiş Dövlət Aktının verilməsinə əsas olan aqrar islahat komissiyasının qərarının ləğv edilməsini tələb edir.
31. İş materiallarından görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-477 saylı, kodu 30217018 olan Dövlət Aktına əsasən ünvan 1 sakini X7 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.84 ha torpaq sahəsi verilmişdir(i.v.61-64).
32. İşdə olan müqavilədən görünür ki, X7 11.04.2012-ci il tarixli Çıxarışla məxsus olan, ünvan 1ində xüsusi mülkiyyət hüququ əsasında kənd təsərüfatlı təyinatlı 0.84 ha əkin torpaq sahəsini 17.02.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncuya məxsusluğu 08.04.2017-ci ildə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışla qeydiyyata alınmışdır(i.v.52-60).
33. İşdə olan X12 ilə İddiaçı arasında bağlanılmış 08.09.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X12 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 07.06.2000-ci ildə verilmiş JN-0475 saylı, kodu 30217018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən, 8400.0 kv.metr torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir(i.v.84-86).
34. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-475 saylı, kodu 30217018 olan Dövlət Aktından görünür ki, ünvan 1 sakini X11 dörd nəfər ailə tərkibində Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27.11.1998-ci il tarixli 12 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.84 ha torpaq sahəsi verilmişdir(i.v.89-92).
35. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət aktlarında torpaq sahələrinin Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən verildiyi qeyd edilmişdir. Yəni, dövlət aktlarına əsasən Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən iddiaçının alqı-satqı müqaviləsi əsasında aldığı 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin 3-cü şəxs X7 Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən 0.84 ha həyətyanı torpaq sahəsi verilmiş olsa da, iddiaçı 3-cü şəxs X2 0.84 ha torpaq sahəsinin verildiyini və həmin torpaq sahəsinin 0.24 ha torpaq sahəsi kimi qeyd edilməli olması səbəbindən bu barədə sənədlərdə düzəliş edilməsini arzu edir.
36. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən dövlət aktlarında qeyd edilən torpaq sahələrinin X7 və X11 verilməsinə dair Aqrar islahat Komissiyasının qərarı qüvvədədir.
37. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).
38. Kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin verilməsinə əsas kimi aqrar islahat komissiyasının 27.11.1998-ci il tarixli 12 nömrəli qərarına istinad edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.
39. Kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin verilməsinə əsas olan aqrar islahat komissiyasının 27.11.1998-ci il tarixli 12 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan JN-477 saylı, kodu 30217018 olan Dövlət Aktının və onun verilməsinə əsas olan Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarının ləğv edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir.
40. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarın 14-21-ci və 25-27-ci bəndlərində istinad edilən maddi və prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80,82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-389/2021 saylı 12.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.