Məhkəmə qərarları › İş №2-1(105)-114/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-114/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-114/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1, Nümayəndə2 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2-1(118)-2761/2023 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 05 mart 1985-ci il tarixli, 038289 nömrəli diploma əsasən iddiaçı 1980-ci il tarixdə X3 Texnikumuna daxil olmuş, 1985-ci ildə texnikumu bitirmiş, 27 fevral 1985-ci il tarixdə ona “texnik-mexanik” ixtisası verilmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azneftkimyaquraşdırma” trestinin 3-cü Sumqayıt Quraşdırma İdarəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “X6 Liquidated” və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Azfen Birgə müəssisəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Şirkətinin AR Filialında işləmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin 17 fevral 2022-ci il tarixli, 3-17-1/2-Ə-31613/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, K.İ.X4 təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 20 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ona hüququnun yarandığı xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, xx.xx.1963-cü il təvəllüdlü olmaqla, hazırda onun 60 yaşı var. Eləcə də, əmək kitabçası, hərbi biletinə və təhsil aldığı diplomumun surətinə əsasən ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı isə 14 il 2 ay 26 gün (7 il 6 ay 26 gün + 6 il 8 ay) təşkil edir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2-1(118)-2761/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 02 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nəmrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahına uyğun olaraq, o, 14 ildən çox güzəştli iş stajına malikdir. Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi müddət 25 ildən çoxdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də də zərərli iş şəraitində işlədiyini qeyd etmişdir. Lakin, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmadığından həmin illərin güzəştli sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb olunan şərt ödənilməmişdir. Bu baxımdan, hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını dərindən araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 02 yanvar 2023-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajı; 2) azı 12,5 il güzəştli iş stajı. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 3-cü Sumqayıt Quraşdırma İdarəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “X6 Liquidated” və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Azfen Birgə müəssisəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Şirkətinin AR Filialında işləmiş (32 il 10 ay 11 gün), 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, (02 il), 1980-1985-ci illərdə Politexnik Texnikumunda “texnikmexanik” ixtisası üzrə təhsil almışdır (05 il). Həmçinin, 3-cü Sumqayıt Quraşdırma İdarəsi tərəfindən verilən əmrlərdən görünür ki, iddiaçı həmin müəssisədə işlədiyi dövr ərzində 1996-cı ilin iyun ayından xx.xx.2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Beləliklə, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr istisna olmaqla, hərbi xidmət, təhsil və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bu işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. İddiaçının xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015xx.xx.2017-ci il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 7 il 6 ay 20 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Həmin güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir ki, Azfen Birgə müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan da görünür ki, iddiaçı qeyd edilən dövrlərdə həmin müəssisədə kontruksiya quraşdırıcısı və quraşdırıcı ustası vəzifələrində işləmişdir. Onun işlədiyi kontruksiya quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə, quraşdırıcı ustası vəzifəsi isə həmin bölmənin “tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Adıçəkilən müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2011xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövrdə Azfen Birgə müəssisəsində kontruksiya quraşdırıcısı və quraşdırıcı ustası vəzifələrində işləmişdir. (07 il 06 ay 20 gün) İddiaçının işlədiyi kontruksiya quraşdırıcısı və quraşdırıcı ustası vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr yarımbölməsində - polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və b) mütəxəssislər yarımbölməsində - tikinti və quraşdırma işləri üzrə ustalar qeyd edilmişdir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr ərzində Sumqayıt Quraşdırma İdarəsində işlədiyi quraşdırıcı çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapmadığını, bu səbəbdən, həmin dövr daxil edilmədiyindən güzəştli iş stajının 12,5 ildən az olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək güzəştli iş stajı ilə bağlı qeyd edir ki, əmək kitabçasının qeydlərinə əsasən iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 3-cü Sumqayıt Quraşdırma İdarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmlak Komitəsinin 15 oktyabr 1997-ci il tarixli, 820 nömrəli sərəncamına əsasən 3-cü Sumqayıt Quraşdırma İdarəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. "xxxx" ASC tərəfindən verilmiş işdə olan xx.xx.2022-ci il tarixli, eləcə də məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilən xx.xx.2023-cü il tarixli güzəştli arayışlardan görünür ki, iddiaçı 1985-ci ilin iyun ayından 1995-ci ilin dekabr ayına qədər insan orqanizminə zərərli olan “Superfosfat” və “Kimya istehsalat birliyinin” müxtəlif sexlərində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Güzəştli arayışa əlavə edilən cədvəldən müəyyən edilir ki, iddiaçının işlədiyi dövr 1985-ci il üzrə 41 gün, 1986-cı il üzrə 35 gün, 1988-ci il üzrə 76 gün, 1989-cu il üzrə 193 gün, 1990-cı il üzrə 195 gün, 1991-ci il üzrə 233 gün, 1992-ci il üzrə 166 gün, 1993-cü il üzrə 168 gün, 1994-cü il üzrə 233 gün, 1995-ci il üzrə 162 gün olmaqla, ümumilikdə, 1502 gün təşkil edir. Güzəştli arayışda iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 22900000-14612 koduna əsasən güzəştli iş stajı sayıldığı göstərilmişdir. Kollegiya hesab edir ki, güzəştli arayışda iddiaçının işlədiyi vəzifənin kodu düzgün qeyd edilməmişdir. Belə ki, NK-nın 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda 22900000-14612 kodu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılara aid edilmişdir. Halbuki, müəssisə tərəfindən verilmiş güzəştli arayışdan və əmək kitabçasından görünür ki, iddiaçı 1985-ci ilin iyun ayından 1995-ci ilin dekabr ayına qədər 3-cü Sumqayıt Quraşdırma İdarəsində “Superfosfat” və “Kimya istehsalat birliyinin” müxtəlif sexlərində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. (bir il-on iki ay, bir ay - otuz gün hesabı ilə nəzərə alınaraq, 04 il 02 ay 02 gün) Həmin vəzifə isə NK-nın 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “Kimya istehsalatı” bölməsində 1080A00—17541 kod altında (onun müvafiq istehsalatlarında və işlərində məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri), 2 nömrəli Siyahıda isə eyniadlı bölmədə ******* kod altında güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə hesab edilir. Lakin kollegiya hesab edir ki, arayışda kodun düzgün göstərilməməsi hazırkı mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin deyil, 9.1-ci maddəsinin tələblərinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir, bu halda isə, tələb olunan 12 il 6 aylıq güzəştli iş stajının 1 və ya 2 nömrəli siyahıda nəzərdə tutulması xüsusi önəm daşımır, hər iki siyahı üzrə toplanan staj güzəştli staj kimi nəzərə alınır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçının 1985-ci ilin iyun ayından 1995-ci ilin dekabr ayına qədər kimya istehsalatında işlədiyi quraşdırıcı çilingər vəzifəsi güzəştli iş stajına daxil edilməlidir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Şirkətinin AR Filialında borucu rəhbəri vəzifəsində işləmişdir. Cavabdeh orqan qeyd edilən dövrü də iddiaçının güzəştli iş stajına daxil etməmiş və bunun səbəbini belə əsaslandırmışdır ki, NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifəsinin nəzərdə tutulduğu halda, "xxxx" Şirkətinin AR Filialı tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli güzəştli arayışda iddiaçının xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində həmin şirkətdə boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsində işlədiyi qeyd edilmişdir. Yəni iddiaçının işlədiyi boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsi siyahıda göstərilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Həmin dövrlə bağlı kollegiya qeyd edir ki, əmək kitabçasında iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə borucu rəhbəri vəzifəsində işlədiyi göstərilsə də, həmin müəssisə tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli güzəştli arayışda onun boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsində qeyd edilmişdir. Həmçinin, göstərilən peşənin NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifəsinə uyğun olduğu göstərilmişdir. Qeyd edilən ziddiyyətə aydınlıq gətirilməsi, eləcə də güzəştli arayışda göstərilən vəzifənin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olub-olmaması ilə bağlı məlumat verilməsi ilə əlaqədar məhkəmə kollegiyasının sorğusuna cavab olaraq "xxxx" Şirkətinin AR Filialı 08 dekabr 2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində həmin müəssisədə borucu rəhbəri vəzifəsində işləmiş, 23 oktyabr 2023cü il tarixli güzəştli arayışda onun sırf boru kəməri üzrə dəstək layihəsində işlədiyi vəzifənin adı qeyd edilmişdir. Hər iki vəzifə tamamilə eyni vəzifə tapşırıqlarını yerinə yetirir, praktiki işdə eyni vəzifənin müxtəlif adları kimi qəbul edilir. Boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta və borucu rəhbəri vəzifəsi polad, paslanmaz və yüksək təzyiqə davamlı borular ilə iş və ümumilikdə, boru dayaqlarının quraşdırılmasını həyata keçirir. Həmçinin, müəssisə tərəfindən məhkəməyə təqdim edilən həm boruçu rəhbəri, həm də quraşdırıcı baş usta vəzifələrinin vəzifə təlimatlarından görünür ki, hər iki vəzifənin əmək funksiyaları eyni olmaqla, bu vəzifə sahibləri polad boru dayaqlarının quraşdırılmasını, paslanmaz boruların yonulması və quraşdırılmasını, yüksək təzyiqə davamlı boruların dayaqlarının quraşdırılmasını və s. işləri yerinə yetirirlər. Göründüyü kimi iddiaçının işlədiyi boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsi məhz siyahıda istinad edilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması sahəsinə aiddir. Bununla da müəyyən edildi ki, cavabdehin bu hissədə də dəlili əsassızdır, iddiaçının "xxxx" Şirkətinin AR Filialında işlədiyi boru kəməri üzrə dəstək layihəsində quraşdırıcı baş usta vəzifəsi NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr yarımbölməsinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun gəlir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının 3-cü Sumqayıt Quraşdırma İdarəsində güzəştli vəzifədə işlədiyi 04 il 02 ay 02 günlük dövr, eləcə də yuxarıda qeyd edilən müəssisədə işlədiyi xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı 02 il 6 ay 16 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 07 il 06 ay 20 günlük dövrlə birgə nəzərə alınarsa, onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2-1(118)-2761/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar