Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-114/2025 17.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər X3 və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-32/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 32/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)- 1096/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə üçüncü şəxslərin məhkəmə icraatına cəlb olunmasına dair iddiaçı tərəfindən verilmiş vəsatəti təmin edilmişdir. Şamaxı rayon Qaleybuğurd bələdiyyəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Torpaq Komitəsinin Şamaxı rayon şöbəsinin hazırladığı xx.xx.2006-cı il tarixli rəy və sənədlər əsasında Şamaxı rayonu Sis kənd bələdiyyəsinin alqı-satqı predmeti olan torpaqdan 0,5 ha tikinti altı, 4,5 ha kənd təsərrüfatı təyinalı torpaq almışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər altı-satqıda əsas meyar kimi nəzərə alınmışdır. İddiaçı ilə Şamaxı rayonu Sis kənd bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixdə alqı-satqı müqaviləsi imzalanmış və həmin torpaqlara görə bələdiyyənin fonduna 4430,0 manat haqq ödəmişdir. O, cavabdehə Şamaxı rayonu Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və kadastrın verilməsi ilə əlaqədar rəsmi müraciət olunmuş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********96 nömrəli məktubla imtina etmişdir. Cavabdehin imtinası tamamilə əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunan səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı məxsus Şamaxı rayon Sis kəndində yerləşən Şamaxı rayon Sis bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1/1 saylı qərarı ilə mülkiyyətinə tikinti məqsədilə 0,50 ha, kənd təsərrüfatı məqsədilə 4,5 ha satılmış torpaq sahəsinin bir hissəsi baza xəritəsində kənd təsərrüfatı təyinatlı kollu örüş, digər hissəsi isə meşə fondu torpaqları kimi qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan torpaq sahəsinin 3,0 ha hissəsi elektron baza xəritəsində digər şəxsin adına qeyd olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı nümayəndəsinın Şamaxı rayonun Sis kəndi ərazisində naturada göstərdiyi torpaq sahəsinin 2.21 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpağı olmaqla bələdiyyə mülkiyyətinə, 2.79 ha hissəsi meşə fondu torpağı olmaqla dövlət mülkiyyətinə aiddir, elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 2,21 ha hissəsi kənd təsərrufatı təyinatlı olmaqla kənd təsərrüfatına yararlı torpaqlardır. Elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 0,94 ha hissəsi kadastr nömrəsi **********0002 olan plan ölçü sənədi ilə üst-üstə düşdüyü göstərilmişdir. İddiaçı imtinanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən imtina verilmişdir. Hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsi iş üzrə heç bir əsas göstərmədən cavabdeh tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə deyil, digər cavabdeh olmayan ekspert təşkilatlarına müraciət edərək meşə idarəsinin əməkdaşları da işə cəlb olunmaqla müstəqil mütəxəssis rəyi almalı idi. Hesab edir ki, məhkəmə düzgün qərar qəbul etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)- 32/2024 saylı qərarının ləğv olunmasını, iş üzrə təkrar ekspertiza təyin olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər Şamaxı rayon Qaleybuğurd bələdiyyəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi Şamaxı rayonu Sis kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırır ki, iddiaçıya məxsus Şamaxı rayon Sis kəndində yerləşən Şamaxı rayon Sis bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1/1 nömrəli qərarı ilə mülkiyyətinə tikinti məqsədilə 0,50 ha, kənd təsərrüfatı məqsədilə 4,5 ha satılmış torpaq sahəsinin bir hissəsi baza xəritəsində kənd təsərrüfatı təyinatlı kollu örüş, digər hissəsi isə meşə fondu torpaqları kimi qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan torpaq sahəsinin 3,0 ha hissəsi elektron baza xəritəsində digər şəxsin adına qeyd olunmuşdur. Hazırkı mübahisə baxımından iş üzrə əhəmiyyətli olan hal, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırmağa əsas təşkil edə biləcək hüquq müəyyənedici sənədə malik olub-olmaması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından qiymətləndirilərkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da dəyərləndirmə aparılmalıdır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Şamaxı rayon Sis bələdiyyə başçısı S.Əfəndiyevin xx.xx.2006-cı il tarixli 1/1 nömrəli qərarı ilə Sis bələdiyyə perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Şamaxı şəhər sakini İddiaçı tikinti məqsədi üçün 0,50 ha, k/t məqsədi üçün 4,5 ha, ümumi 5,0 ha torpaq sahəsi satılması qərara alınmışdır. DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 17-7/84a nömrəli rəydə göstərilir ki, İddiaçı tikinti məqsədi üçün 0,50 ha, k/t məqsədi üçün 4,5 ha, ümumi 5,0 ha torpaq sahəsi Şamaxı rayonu Sis bələdiyyəsinin mülkiyyətindədir. Satılan torpaq sahəsi kəndin perspektiv inkişafına k/t az yararlı və yararsız (şərti yararsız) olmaqla alqı-satqı predmetidir və İddiaçı satılması məqsədə müvafiqdir. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş Şamaxı rayonu Sis bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı satılması nəzərdə tutulmuş 5,0 ha torpaq sahəsində dair tərtib edilmişdir. Lakin torpaq sahəsinin koordinatları göstərilməmişdir. İddiaçı satılması nəzərdə tutulmuş tikinti məqsədi üçün 0,50 ha, k/t məqsədi üçün 4,5 ha, ümumi 5,0 ha torpaq sahəsi Şamaxı rayonu Sis bələdiyyəsinin mülkiyyətində olmasına dair çıxarış məhkəməyə təqdim edilməmişdir. Şamaxı rayon Sis bələdiyyə başçısı S.Əfəndiyev, Şamaxı rayon torpaq şöbəsinin müdiri M.Fəndiyev və torpaq alan İddiaçı tərəfindən tərtib edilmiş torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktda göstərilir ki, Şamaxı rayonu Sis bələdiyyəsi ərazisində 5,0 torpaq sahəsinin satılmasına dair xx.xx.2006-cı il tarixli 1/1 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Ə.X7 ABB ASC-nin Şamaxı rayon şöbəsində olan 337309 AZN3308-01 nömrəli hesabına əvvəlcədən 4430 manat haqq ödəmişdir. Akt xx.xx.2006-cı il tarixdə tərtib ndilərək, imza və möhürlə təsdiq edilmişdir. Akt Şamaxı rayon şöbəsində xx.xx.2006-cı il tarixdə 225 nömrə ilə qeydiyyata alınmışdır. Sənədlərə əlavə edilmiş xx.xx.2008-ci il tarixli 21 nömrəli qəbzdən görünür ki, Məmişov X10 bələdiyyəsinin ABB ASC-nin Şamaxı rayon şöbəsində olan 337309 AZN3308-01 nömrəli hesabına xx.xx.2008-ci il tarixdə torpaq alqı-satqısı üçün 4430 manat pul ödəmişdir. (iş v.37) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin məzmunundan görünür ki, İddiaçı nümayəndəsinin Şamaxı rayonun Sis kəndi ərazisində naturada göstərdiyi torpaq sahəsinin 2,21 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş torpağı olmaqla bələdiyyə mülkiyyətinə, 2,79 ha hissəsi meşə fondu torpağı olmaqla dövlət mülkiyyətinə aiddir, elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 2,21 ha hissəsi kənd təsərrüfatı təyinatlı olmaqla kənd təsərrüfatına yararlı torpaqlardır. Elektron baza məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsinin 0,94 ha hissəsi kadastr nömrəsi **********0002 olan plan və ölçü sənədi ilə üst-üstə düşür. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunan **********0002 kadastr nömrəli plan və ölçü sənədi və onun verilməsinə əsas olmuş sənədlər ləğv olunmuş DT və XK-nin Şamaxı rayon şöbəsi tərəfindən idarənin arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən olundu ki, Şamaxı rayon Sis bələdiyyəsinin 1/1 saylı 09 yanvar 2006-cı il tarixli qərarı ilə torpaq sahəsi ayrılan zaman xx.xx.2006-cı il tarixli alqı-satqı aktında İddiaçı 5,0 ha torpaq sahəsinin alqı-satqısı üçün Sis Bələdiyyəsinin ABB ASC-nin Şamaxı rayon şöbəsində olan 337309 AZN3308-01 nömrəli hesabına əvvəlcədən 4430 manat haqq ödənildiyi qeyd edilsə də, işə əlavə edilmiş 37-ci səhifədə olan xx.xx.2008-ci il tarixli 21 nömrəli qəbzdən müəyyən edilir ki, 4430 manat vəsait xx.xx.2006-cı il tarixə kimi deyil, bundan 2 il 6 ay sonra ödənilməsini göstərir və xx.xx.2006-cı il tarixli aktda həmin qəbzə istinad edilə bilməzdi. Bu isə onu deməyə əsas verir ki, həmin sənədlər sonradan arxa tarixlə tərtib edilmiş və hüquqi qüvvəsi olmayan sənədlərdir. Həmçinin Sis kənd bələdiyyəsi tərəfindən İddiaçı verilmiş 5,0 ha torpaq sahəsi ayrılmasına dair sənədlərin arxivdə aşkar olunmaması, xx.xx.2006-cı il tarixli qərarın və xx.xx.2006-cı il tarixli torpağın alqı-satqısına dair aktın həmin tarixdə deyil, sonradan geri tarixlə tərtib olunduğu və bu sənədlərin etibarlı sənəd olmadığı qənaətinə gəlməyə əsas verir. O cümlədən qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinin ayrılması səlahiyyəti bələdiyyənin ümumi yığıncağının iclasının qərarı əsasında həyata keçirilə bilər, hazırkı işdə isə Şamaxı rayon Sis bələdiyyə başçısı S.Əfəndiyevin qərarı ilə ayrıldığı göstərilir. Şamaxı rayon Sis bələdiyyə başçısı S.Əfəndiyevin tərbaşına torpaq sahəsini satmağa səlahiyyəti olmamışdır. Bu işdə təqdim edilən xx.xx.2006-cı il tarixli bələdiyyə qərarının kollegial iclasda qəbul edilmədiyi və müvafiq sənədlərin tam olmadığını nəzərə alaraq, qərarın hüquqi əsası şübhə doğurur. Çünki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər. Məhkəmə kollegiyasının verdiyi sorğu əsasında Milli Arxiv İdarəsinin 16 noyabr 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Sis kənd bələdiyyəsi tərəfindən İddiaçı verilmiş 5,0 ha torpaq sahəsi barədə Sis bələdiyyəsinin heç bir sənədi X14 filialına təhvil verilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 03 dekabr 2024cü il tarixli 3-1427/2-496/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, 6 saylı X9 Mərkəzinin Şamaxı rayonu Sis kəndi və yaxın ətrafında xidməti ərazisi yoxdur. Qeyd edilən Sis kəndinin ərtafı Meşə fondu olaraq Şahdağ Milli Parkının xidməti ərazilərinə aiddir. Məhkəmənin sorğusuna əsasən Şamaxı rayonu Sis bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1/1 nömrəli qərarı ilə iddiaçıya satılmış 4.5 ha kənd təsərrüfatı təyinatlı, 0.5 ha tikinti altı olmaqla, ümumilikdə 5 ha torpaq sahəsinin hazırkı vəziyyətinə dair rəngli ortofoto görüntüsünün (ətrafında yerləşən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahələrinə dair çıxarışların reyestr nömrələri qeyd edilməklə) həmçinin, sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənədlərin əsli və ya təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsindən tələb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli 3-21-41/2-50/2025 nömrəli məktubla məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, mübahisə predmeti olan Şamaxı rayonu Sis bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1/1 nömrəli qərarı ilə iddiaçıya satılmış 4.5 ha kənd təsərrüfatı təyinatlı, 0.5 ha tikinti altı olmaqla, ümumilikdə 5 ha torpaq sahəsini iddiaçının nümayəndəsi Ərazi İdarəsinin mütəxəssisinə naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. Naturada koordinatları müəyyənləşdirilmiş 5.0 ha torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən sözugedən torpaq sahəsinin yaxın ətrafındakı pay torpaqları reyestr nömrələri **********23, **********61 və **********66 olan çıxarışlarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunur. Ortofoto görüntüsündən, reyestr nömrəsi **********23 olan, reyestr nömrəsi **********61 olan, reyestr nömrəsi **********66 olan çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərdən müəyyən edilir ki, X5 və ailə üzvlərinə məxsus Şamaxı rayon Sis kəndində yerləşən 1,135 ha, X8 və ailə üzvlərinə məxsus 0.36 ha, X1 və ailə üzvlərinə məxsus 0,998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 05 nösrəli qərarı əsasında ayrılmış pay torpaqlarıdır. Göründüyü kimi, iddiaçının nümayəndəsinin yerində göstərdiyi torpaq sahəsinin ətrafındakı torpaq sahələri vətəndaşlara bələdiyyənin qərarı ilə deyil, Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli qərarı ilə vətəndaşlara pay torpaqları kimi ayrılmışdır. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Torpaq Məcəlləsinin 31-ci maddəsinin 5-ci bəndinə əsasən meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. Həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki yerləşdiyi ərazi Sis kəndinin ərtafında Meşə fondu olaraq Şahdağ Milli Parkının xidməti ərazisinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Mövcud halda, təqdim edilən sənədlərin qanuni tələblərə uyğun olmaldığı müəyyən edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, təqdim edilən sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun deyil. İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması qanunsuz nəticələrə səğbəb ola bilər və ümumi maraqlara ziddir. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM14.3). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-32/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-114/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-114/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver