Məhkəmə qərarları › İş №2-1(105)-1141/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1141/2024

28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1141/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin və üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(118)-4875/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Xocavənd rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 25 sentyabr 1998-ci il tarixli, 213 nömrəli arayışa əsasən X5 Azərbaycan Respublikasının ərazi bütövüyü uğrunda aparılan müharibədə erməni təcavüzü nəticəsində həlak olmuşdur. Bununla bağlı, M.S.Rəhimova şəhid statusu, onun oğlu – hazırkı iş üzrə İddiaçı isə 21 iyul 2023-cü il tarixdən şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. AZ-İ seriyalı, ******* nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X5 16 fevral 1992-ci il tarixdə Qaradağlı kəndini müdafiə edərkən erməni quldurları tərəfindən öldürülmüşdür. İddiaçının onun atası X4 oğlunun ölümünə görə 11.000 ( on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlanmış müraciətinə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfinən baxılmışdır. Cavabdeh 05 iyul 2023-cü il tarixli, 3-43-92/2-R-xx/xx/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli, 374 nömrəli qərarı 1991-2016-cı illər ərzində həlak olmuş (vəfat etmiş) və şəhid statusu verilmiş müvafiq hərbi qullquçulara şamil olunmur. Həmin qərarın tətbiqinə dair mübahisəli məsələlər ilə bağlı müvafiq qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. Daha sonra iddiaçı eyniməzmunlu ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinə müraciət etmiş, həmin orqan da 02 aprel 2024-cü il tarixli, 3-43-28/2-260/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. SHXÇDX-nin Xocavənd rayon bölməsinin mövcud və arxiv sənədlərində iddiaçının mərhum atası X4 hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda hərbi qulluqçu kimi həlak olması barədə heç bir məlumat yoxdur. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailələrinə nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi siyahısına (alt sistemə) salınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 hərbi mükəlləfiyyətçi kimi toplanışa səfərbər edilərək hərbi geyim geyinərək rayonun özünümüdafiə batalyonunun tərkibində Xocavənd rayonu işğal edilənə kimi erməni qəsbkarlarına qarşı döyüşərək 16 fevral 1992-ci il tarixdə şəhid olmuşdur. Bunları dövlət qurumlarından verilən bir çox sənədlər təsdiq edir. Hal-hazırda iddiaçı şəhid ailəsi kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir çox imtiyazlardan istifadə edir. Lakin, birdəfəlik ödəmə olan 11 000 (on bir min) manat məbləğində sığorta ödənişini ala bilmir. İmtinanın əsası kimi onun atanısının hərbçi olmadığı göstərilir. Birinci Qarabağ müharibəsi zamanı atası hərbi mükəlləfiyyətçi olaraq erməni təcavüzkarlarına qarşı döyüşmüş, Xocavənd rayonunun Qaradağlı kəndi uğrunda gedən qızğın döyüşlər zamanı rayon özünümüdafiə batalyonunun tərkibində vuruşaraq ölmüşdür. Hərbi əməliyyatlar zamanı həlak olması, ölməsi və ya xəbərsiz itkin düşməsinə görə şəxsə şəhid statusu verilir. Birdəfəlik söğorta ödənişi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 4-cü bəndində göstərilir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişi verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir, həmin orqan bildirmişdir ki, birdəfəlik ödəniş olan 11.000 manat məbləğində sığorta ödənişini almaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ( alt sisteminə) siyahısına daxil etməlidir, bundan sonra məsələyə baxıla bilər. Hesab edir ki, cavabdeh qeyd olunan xüsusatları nəzərə almadan müraciəti təmin etməkdən imtina etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, X4 adının 1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının müddəalarından görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hərbi idarəetmə orqanları birgə müəyyən etdikdən sonra ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Hərbi idarəetmə orqanları birgə müəyyən etdikdən sonra ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X4 adı keçmir. Göründüyü kimi mərhum X5 mülki şəxs olmuş və onun adının hərbi qulluqçu kimi Prezidentin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş siyahıya cavabdeh tərəfindən daxil edilməsi mümkünsüzdür. Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(118)-4875/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Fərmanın 1-ci, 2-ci və 5-ci bəndlərindən görünür ki, bu Fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmə hərbi qulluqçuların vərəsələrinə aid edilmiş, həmçinin 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməsi və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Lakin, iddiaçının atası X4 hərbi qulluqçu olması hər hansı sənədlə təsdiq edilmir və müvafiq təminata götürülməsinə dair əmr olmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, şəhid ailələrinə nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi siyahısına (alt sistemə) salınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq apellyasiya şikayətində qeyd etdiyi tələbi deyil, birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd etdiyim tələbi, yəni “atasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi” ilə bağlı tələbi müdafiə etdiyini bildirmişdir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; ... 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; ... Maddə 29. Hərbi andiçmə ... 29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər. ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı: Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.

1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. ...

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının son dəqiqləşmiş tələbi onun mərhum atası X4 adının 1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuş, işə baxan məhkəmə iddiaçının bu məzmunda tələbini rədd etmişdir. İddiaçı apellyasiya şikayətində məhkəmə qərarının ləğv edilərək, ikin tələbi, yəni şəhid ailələrinə nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi siyahısına (alt sistemə) salınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə iclasında izahatında isə apellyasiya şikayətində qeyd etdiyi tələbi deyil, birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədəki tələbi müdafiə etdiyini bildirmişdir. Bu baxımdan, hazırkı mübahisə predmeti cavabdehin iddiaçının mərhum atası X4 adının 1997-ci ilin avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısına əlavə edilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı sayaraq X4 hərbi qulluqçu olduğunun təsdiq edilmədiyi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırkı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanın tələbləri təşkil edir. Belə ki, həmin Fərmanın yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə iki kateqoriyadan olan şəxslərə verilir: 1) 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə; 2) eyni əsaslara görə həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə. İddiaçı şəhid olmuş atası X4 vərəsəsi kimi qeyd olunan güzəştin alınması hüququna malik olduğunu hesab edir. Bu baxımdan, hazırki halda araşdırılmalı olan məsələ iddiaçının atasının qeyd olunan kateqoriyadan olan şəxslərə aid olub-olmamasının müəyyən edilməsidir. İddiaçının atasının hərbi qulluqçu olub-olmaması ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və onun hərbi qulluqçu olmadığı müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Xocavənd rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, 5-52/2-545/2024 nömrəli arayışda qeyd edilmişdir ki, X5 1988-ci ildən başlayaraq Xocavənd rayonu Qaradağlı kəndinin müdafiəsində iştirak etmiş və 16 fevral 1992-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmişdir. Onun nəşinin götürülməsi mümkün olmamışdır, dəfn olunduğu yer və ərazi haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” na uyğun olaraq ona şəhid statusu verilmişdir. İşə baxan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24 iyul 2024-cü il tarixli, 3-25-14/2-3792/24 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi” nə əsasən X4 Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi barədə məlumat yoxdur. Nazirlik daha sonra 29 iyul 2024-cü il tarixli, 2243 nömrəli məktubu ilə Nazirliyin Mərkəzi Arxivində olan “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda (1992-1994) M.S.Rəhimovun həlak olması barədə məlumat aşkar olunmadığını bildirmişdir. Göründüyü kimi X4 adı nə hərbi qulluqçuların, nə də itkin düşmüş hərbi qulluqçuların siyahısında aşkar edilməmişdir. Həmçinin, onun Fərmanın tələbləri baxımından daxili işlər orqanları əməkdaşı olmadığı hazırkı işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının atası 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu və ya daxili işlər orqanları əməkdaşı olmadığından hazırki iddia sübuta yetirilmiş sayıla bilməz. İddiaçı tələbinin əsası kimi onun mərhum atasının şəhid statusuna malik olduğu halına istinad edir. Bununla bağlı kollegiya qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” nın 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların yuxarıda qeyd edilən 1.2-ci bəndinin tələblərindən göründüyü kimi həm mülki şəxslər, həm də hərbi qulluqçular şəhid hesab edilə bilər. İşdən görünür ki, iddiaçının mərhum atasına qaydaların 1.2.4-cü bəndində göstərilən şəxs kimi - Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaş kimi şəhid statusu verilmişdir. Hazırkı iddia tələbi üzrə birdəfəlik ödəmənin verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının tələblərinə uyğun olaraq ümumi siyahıya əlavə edilmə isə bütün şəhid olan şəxslərə deyil, yalnız hərbi qulluqçu və ya daxili işlər orqanları əməkdaşlarına münasibətdə nəzərdə tutulmuş bir hüquqdur. Odur ki, iddiaçının bununla bağlı dəlilləri əsaslı heab edilə bilməz. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2- 1(102)-2326/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı yalnız məhdud dairədə şəxslərin, yəni hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmənin verilməsi məsələlərini tənzimləmişdir. İddiaçının mərhum həyat yoldaşının isə hərbi qulluqçu və ya daxili işlər orqanı əməkdaşı statusuna malik şəxs olduğu müəyyən edilmir. Odur ki, Fərmanda nəzərdə tutulan iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri iddiaçının ərinə münasibətdə ödənilmədiyi üçün iddiaçının iddia etdiyi məzmunda tələbi əsaslı sayıla bilməz. Kollegiya hesab edir ki, hazırkı işin halları baxımından iddiaçıya münasibətdə inzibati orqan tərəfindən qeyri-bərabər rəftara yol verilməmişdir. Çünki, bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Bu mənada, Fərmanla nəzərdə tutulan ödənişlərin alınması yalnız 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə malik hüquqlar kimi tanınmışdır. Başqa sözlə, hazırkı halda norma yaradıcının məqsədi məhz sözügedən şəxslər dairəsinə konkret imtiyazlar verilməsinə yönəlmişdir. Belə olan halda, qeyd edilən şəxslər dairəsinə aid olanlara və olmayanlara münasibətdə fərqli qərarın verilməsi qanuni və əsaslı olmaqla ayrı-seçkilik kimi qiymətləndirilə bilməz. Çünki hər iki vəziyyətin faktiki halları müxtəlifdir (hərbi qulluqçu və daxili işlər orqanları əməkdaşı statusuna malik olan şəxslər və belə statusa malik olmayan digər şəxslər) və həmin müxtəliflik fərqli qərarların verilməsini qanuni və əsaslı edir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan hallarını və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(118)-4875/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar