Məhkəmə qərarları › İş №2-1(105)-1142/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1142/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1142/2025 03.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1690/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 3432 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz “Orta (mülayim) dərəcədə ifadə olunmuş keçirilmiş fəlakətdən (müharibədən) sonra yaranan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri ilə, partylayış yaralanması (xx.xx.2020), sağ budun arxa 1/3-nin, sol aşıq-baldır oynağının proyeksiyasının bayır səthi, yumşaq toxumalarının bərkimiş dəri çapıqları, sağ budun yuxarı 1/3-də, solda oturaq sümüyün, bud sümüyü başının proyeksiyasında sol aşıq baldır oynağı proyeksiyasında, sol aşıq baldır oynağı proyeksiyasında metal qəlpələr” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" X5 xx.xx.2024-cü il tarixli 385 saylı arayışından məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar və intihar fikirləri ilə F62.0” diaqnozu təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 ambulator kartasından məlum olur ki, İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixdə “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar və intihar fikirləri ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olmuşdur. P00135551SPU nömrəli, xx.xx.2023-cü il tarixli forma-88 arayışına əsasən iddiaçıda TSEK-ə göndəriş zamanı əsas xəstəlik: F06.6 üzvi mənşəli emosional labil pozuntu, üzvi (partlayış travması) emosional labil pozuntu, suisidial fikirlərlə diaqnozu; yanaşı xəstəliklər: Y36.2 -Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və yaqəlpələrlə törənmiş zədalənmələr, Sol budun yuxarı 1/3-də, solda oturaq sümüyü və bud sümüyü başının proyeksiyasında , sol aşıq baldır oynağı proyeksiyasında metal qəlpələr və F43.1 - Postravmatik stress pozuntusu diaqnozu müəyyən edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi X5 xx.xx.2025-ci il tarixli 1057 saylı ambulator məhkəmə psixiatrik ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla” (F62.0) aşkar olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona tibbi sənədlərdə göstərilən diaqnozlara görə əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5857/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş və hərbi xidmətdə olarkən ağır bədən xəsarətləri almış, səhhətində ciddi problemlər yaranmış, bununla bağlı ona aidiyyəti orqanlar tərəfindən müvafiq sənədlər verilmişdir. Bu yaxınlarda cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasında olarkən heç bir araşdırma aparılmadan onunla qısa söhbət edilmiş və əlillik təyin edilməsi üçün heç bir əsasın olmadığı bildirilmişdir.Cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan bəlli olur ki: “...təqdim edilmiş sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən göndərişdə qeyd edilən diaqnozlar əlillik təyininə əsas vermədiyindən barənizdə diaqnozun öz təsdiqini tapmamışdır”. Hesab edir ki, agentlik tərəfindən əlilliyin təyinindən imtina etməsi qanuni və əsaslı deyildir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılmal aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 3432 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş keçirilmiş fəlakətdən (müharibədən) sonra yaranan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri ilə. Partlayış yaralanması (xx.xx.2020). Sağ budun arxa 1/3-nin, sol aşıq-baldır oynağının proyeksiyasının bayır səthinin yumşaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun yuxarı 1/3-də, solda oturaq sümüyü və bud sümüyü başının proyeksiyasında, sol aşıq-baldır oynağı proyeksiyasında metal qəlpələr’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mikrositoz, funksiyanın pozulmaması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 10762/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Üzvi (partlayış travması) emosional-labil pozuntu, suisidal fikirlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 533/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Keçirilmiş fəlakətli hadisədən sonra (müharibə) yaranan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir.Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 843 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir (Təyin ediiən diaqnoz 6 ay müddətinə qüvvədədir). Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10592381 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi’' kimi müəyyənləşdirilmişdir.Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir.Zahirən səliqəli, mimikası canlı, ünsiyyətə həvəsli daxil olmuş, suallara qısa məzmunlu cavablar vermiş, bələdliyi bütün istiqamətlərdə saxlanılmış, tənqidi formal, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Nevrasteniya, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1690/2025 nömrəli qərardadı ilə İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilərək buraxılmış prosessual müddət bərpa edilməsi qərara alınmışdır. (hakim Aynur Axundova). Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1690/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi X5 xx.xx.2025-ci il tarixli 1057 saylı ambulator məhkəmə psixiatrik ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla” (F 62.0) aşkar olunur. Beləliklə, işin hallarından görünür ki, iddiaçıda hal-hazırda “fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla” (F 62.0) diaqnozu təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının” XBT 10 kodu F62.0 7.7.1.1 bəndinə əsasən fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz, orqanizmin funksiyalarının pozulması 2 il müddətinə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş aprel 2023-cü il tarixli, 3432 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz “Orta (mülayim) dərəcədə ifadə olunmuş keçirilmiş fəlakətdən (müharibədən) sonra yaranan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri ilə, (...)” “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işə lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun təsdiqlənmaməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Qeyd edilir ki, göndəriş əsasında qəbul edilmiş imtina qərarı xx.xx.2023-cü il tarixlidir və həmin qərar mübahisə predmeti olmalıdır. Qeyd olunan qərar vətəndaşa xx.xx.2023-cü il tarixdə SMS bildiriş vasitəsilə elan olunduğu halda iddiaçı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti 8 ay ötürmüşdür. Bununla bağlı cavabdeh birinci instansiya məhkəməsinin qərarınını ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. ... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” : Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozun təsdiqlənməməsi ilə bağlıdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə sistemə yerləşdirilmiş və bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixdə iddiaçıya SMS bildiriş göndərilmişdir. İddia ərizəsi cavabdehin göstərdiyi kimi xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə, yəni iddia müddətinin 20 gün ötürülməsi ilə verilmişdir. Birinci instansiya məhkəməsi də həmin müddətin ötürülməsini üzürlü hesab edərək iddia müddətinin bərpası barədə qərardad qəbul etmişdir. İşin mahiyyətinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən zaman 08 noyabr 2020-ci il tarixdə partlayış travması almışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi X5 xx.xx.2025-ci il tarixli 1057 saylı ambulator məhkəmə psixiatrik ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı "FƏLAKƏT KEÇİRDİKDƏN SONRA DAVAMLİ ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ, TEZ-TEZ BAŞ VERƏN DEKOMPENSASİYALAR, DEPRESSİV DAXİLOLMALARLA" (F 62.0) müəyyən edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etmesi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası"da "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar və intihar fikirləri ilə F62.0" diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası"da "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Depressiv daxilolmalar ve intihar fikirləri ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və travma alması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası hazırda iddiaçıda mövcud olan xəstəliklərin diaqnozunun təsdiqini tapmaması ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabında diaqnozun təsdiqini tapmamasını qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma-88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 3432 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, hərbi həkim komissiyasının qərarı ilə diaqnoz orta (mülayim) dərəcədə ifadə olunmuş keçirilmiş fəlakətdən (müharibədən) yaranan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri. Partlayış yaralamış (xx.xx.2020). Sağ budun arxa 1/3-nin, sol aşıq-baldır oynağının proyeksiyasının bayır səth yumşaq toxumalarının bərkimiş dəri çapıqları. Sağ budun 1/3-də, solda oturaq sümük bud sümüyünun başının proyeksiyasında, sol aşıq baldır oynağı proyeksiyasında metal qəlpə “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” DİAQNOZ; “Mikrositoz, funksiyanın pozulmaması İlə” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 Həkim Psixiatr Komissiyasının 2854 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı diaqnoz: fəlakət (ıı Qarabağ müharibəsi) keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi,ressiv daxilolmalar və intihar fikirləri F 62.0 İş materiallarına əlavə edilmiş aprel 2023-cü il tarixli, 3432 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz “Orta (mülayim) dərəcədə ifadə olunmuş keçirilmiş fəlakətdən (müharibədən) sonra yaranan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri ilə. (...)” “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi müəyyən edilmişdir. Bundan başqa iş materiallarından da iddiaçının həmin diaqnozla əlilliyin təyin edilməsi üçün tələb olunan müddətdən də artıq (94 gün) stasionar müalicədə olması da öz təsdiqini tapmışdır. Müəyyən edilir ki, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35–60 faiz pozulmasına görə iki il müddətinə əlillik təyin edilməsi üçün hüquqi əsaslar mövcuddur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3cü maddəsinin imperativ tələbinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Ali Məhkəmənin oxşar kateqoriyalı işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, müvafiq əsaslar mövcud olduqda və imtina barədə əvvəlki qərarlar mübahisələndirilmədikdə, əlillik imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1164/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2-1(118)-1690/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar