Məhkəmə qərarları › İş №2-1(105)-1144/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1144/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1144/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-535/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 535/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv.m olan bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv.m olan bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ilin dekabr ayında ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək, Sumqayıt şəhərinin Novxanı bağları adlandırılan ərazisində sahəsi 1000 kv.m olan bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti müsbət qarşılandığından Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Bundan sonra iddiaçı torpağın tələb olunan alqı-satqı haqqı məbləği olaraq 6.000.000 (altı milyon) manat (AZM) pulu Sumqayıt bələdiyyəsinin hesabına ödəmiş və Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərarı ilə Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv.m olan B-4959b saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bir müddət əvvəl torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3- 21-3-31/2-A0079-8/2022 nömrəli imtina məktubu ilə torpaq sahəsi üzərində onun hüququnun dövlət qeydiyyatını aparmaqdan imtina etmişdir. Cavabdeh imtinasını guya torpağı sənədləşməsinin qanunvericiliyin tələbinə görə yekunlaşmaması, torpağın ayrılması zamanı müvafiq icra hakımıyyəti orqanının rəyində möhürün olmaması və həmin rəydə onun adının Aqil deyil, Adil kimi göstərilməsi, eləcə də torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi ilə əsaslandırmağa çalışmışdır. Hesab edir ki, cavabdehin onun torpaq sahəsi üzərində hüququnu dövlət qeydiyyatına almaqdan imtinasının dəlilləri tamamilə əsassız və qanunaziddir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, xx.xx.2005-ci il tarixdə Sumqayıt bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi möhürlə təsdiqlənməmiş, həmçinin həmin rəydə torpaq sahəsi ayrılan şəxsin adı “Adil” kimi göstərilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-535/2024 nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, iddiaçı 2004-cü ilin dekabr ayında ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin Novxanı bağları adlandırılan ərazisində sahəsi 1000 kv.m. olan bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti müsbət qarşılandığından Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Bundan sonra iddiaçı torpağın tələb olunan alqı-satqı haqqı məbləği olaraq 6.000.000 manat (AZM) pulu Sumqayıt bələdiyyəsinin hesabına ödəmiş və Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə Sumqayıt şəhərinin Novxanı bağları ərazisində yerləşən sahəsi 1000 kv.m olan B-4959b saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Aparılmış araşdırma nəticisində müəyyən olunmuşdur ki, 24 may 2005-ci il tarixində Sumqayıt bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi möhürlə təsdiqlənməmiş, həmçinin torpaq sahəsi ayrılan şəxsin adı “Adil” kimi göstərilmişdir. Bundan əlavə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi İdarənin kadastr baza məlumatlarına və 2019-cu ildə təsdiq olunmuş Sumqayıt şəhər Bələdiyyə xəritəsinə əsasən Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 nömrəli qərarı ilə Novxanı bağlar ərazisində yerləşən sahəsi 1000 kv.m olan B-4959b saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. DT və XK-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2006-cı il tarixli rəyi ilə Novxanı bağlar ərazisində yerləşən sahəsi 1000 kv.m olan B-4959b saylı bağ torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz edilməmişdir. Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planından görünür ki, İddiaçı ayrılmış Novxanı bağlar ərazisində yerləşən sahəsi 1000 kv.m olan B-4959b saylı bağ torpaq sahəsinə dair plan tərtib edilmişdir. xx.xx.2004-cü il tarixli 017354 nömrəli qəbzdən görünür ki, İddiaçı Sumqayıt şəhər bələdiyyəsinin hesabına bağ torpaq sahəsinin alqı-satqısı üçün 6.000.000 manat (AZM) köçürmüşdür. xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı ayrılmış Novxanı bağlar ərazisində yerləşən sahəsi 1000 kv.m olan B-4959b saylı bağ torpaq sahəsində inventarlaşma işləri aparılmış, torpaq sahəsi daxilində tikili yoxdur. Torpaq sahəsinin qərb istiqamətində 8,2 m məsafədən 6 kvt-luq yüksək gərginlikli elektrik xətti keçir 0,033 ha torpaq sahəsi artıqdır. Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər bələdiyyə iclasının xx.xx.2005-ci il tarixli 17 nömrəli protokolundan İddiaçı adına torpaq sahəsi ayrılması barədə arxiv sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,010 ha torpaq sahəsinin döngə nöqtəsinin koordinatları qeyd olunmadığından faktiki istifadəsində olan torpaq sahəsinə uyğun olmasını təyin etmək mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi, bələdiyyə və ya dövlət mülkiyyətində olması, bələdiyyə mülkiyyətinə aiddirsə hansı bələdiyyəyə aid olmasının müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilməsi məqsədə müvafiqdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi **********67 saylı çıxarışa əsasən Ağayev Ədalət Kamal oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağlar ərazisində yerləşən sahəsi 0,10 ha olan 4959V nömrəli torpaq sahəsinə bitişik yerləşir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağayev Ədalət Kamal oğlunun adına verilmiş xx.xx.2007-ci il tarixli **********7 reyestr nömrəli çıxarış və onun verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)”. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materiallarında olan rəsmi sənədlərlə təsdiq edilir. Alqı-satqı aktının tərtib edilməməsi, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin müraciətə əlavə edilməməsi, həmçinin ayrıc aktı və ya plan və ölçü sənədinin tərtib edilməməsi iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Bundan başqa keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş rəydə vətəndaşın adının “Aqil” əvəzinə “Adil” kimi göstərilməsi də müvafiq dövlət orqanlarının səhlənkarlığı ucbatından baş vermişdir. Həmin sənədlərin düzgün və vaxtında tərtibatı bələdiyyənin və müvafiq dövlət orqanlarının vəzifəsi olmuşdur və iddiaçının məsuliyyət dairəsinə aid deyildir. Cavabdehin nümayəndəsi mübahisəli torpaq sahəsinin Sumqayıt bələdiyyəsinə aid torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyini bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən mütəxəssis qarşısında sual qoyulmuşdur və mütəxəssis həmin suala dəqiq cavab verə bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə cavabdeh inzibati orqana sorğu vermiş və müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bitişik yerləşən və iddiaçının atası Ağayev Ədalət Kamal oğluna Sumqayıt bələdiyyəsinin qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi qanuni əsaslarla ayrılmıvş, ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və bələdiyyə həmin torpaq sahəsi üzərində sərəncam verməkdə səlahiyyətli olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya ayrılmış torpaq sahəsini onun adına ilkin huquqi qeydiyyata almaqdan imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-535/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar