Məhkəmə qərarları › İş №2-1(105)-1144/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1144/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1144/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2000-ci ilin ortalarından fasiləsiz olaraq onun istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “X4 və Koordinasiya Mərkəzi” X10 balansında olan Təmir Tikinti Sahəsinə aid 147,1 kv.metr sahəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7213/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “2000-ci ilin ortalarından fasiləsiz olaraq iddiaçının istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “X4 və Koordinasiya Mərkəzi” X10 balansında olan Təmir Tikinti Sahəsinə aid 147,1 kv.metr sahəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən, 1970-ci ildə inşa edilməklə əvvəllər Su-Meliorasiya İdarəsinin balansında olan, hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin istifadəsindədir. Belə ki, həmin qeyri yaşayış sahəsində dəmir və plastik qapı-pəncərələrin hazırlanması və quraşdırılması, eləcə də qaynaq işləri ilə məşğul olmaqla ailənin dolanışığını təmin edir. Uzun illərdən bəri baxımsız qalmış həmin qeyri-yaşayış sahəsini öz şəxsi vəsaiti hesabına abadlaşdırılaraq istifadə üçün yararlı vəziyyətə gətirilməklə yanaşı, həmçinin, içərsinə tərəfindən kommunal xəttlər də (işıq, su, qaz) çəkdirilmişdir. İstifadəsində olan həmin qeyri-yaşayış sahəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X4 və Koordinasiya Mərkəzi” X10 balansında olan “Təmir Tikinti Sahəsinə aid olduğundan həmin qeyri-yaşayış sahəsinin icarəsinə verilməsi, icarə müqaviləsinin bağlanması ilə bağlı dəfələrlə rəsmi qaydada cavabdehə müraciətlər etmişdir. İcarə müqaviləsinin bağlanması ilə bağlı 03 avqust 2021-ci il tarixli müraciəti ümumiyyətlə cavabsız saxlanılsa da, xx.xx.2025-ci il tarixli müraciətinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyul 2025-ci il tarixli məktubu ilə imtina edilərək bildirilmişdir ki, “ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və birbaşa daxil olmuş (daxilolma qeydiyyatı: xx.xx.2025-ci il 3-21/1-Q-4058-8 2025) müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra xidmət) baxılmışdır. Xidmətin Xaçmaz ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılan zaman Xidmətin tabeliyindəki “X4 və Koordinasiya Mərkəzi” X10 balansındakı ünvan 4 ünvanında yerləşən Təmir Tikinti Sahəsinə aid dövlət mülkiyyətində olan tikililərin və torpaq sahəsinin tərəfinizdən heç bir hüquqmüəyyənedici sənəd olmadan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aşkar edilmiş faktla bağlı qanunauyğun tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Quba Rayon İcra Hakimiyyətinə tərəfinizdən məktublar ünvanlanmışdır. Nəzərinizə çatdırırıq ki, Xidmət tərəfindən sizə qarşı əmlak tələbinə dair Quba Rayon Məhkəməsində qaldırılmış iddia əsasında iş hal-hazırda məhkəmə icraatındadır və məsələyə məhkəmənin yekun qərarı əsasında münasibət bildiriləcəkdir”. Cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin imtinası əsassız və qanunsuz sayılmalı və 2000-ci ilin ortalarından fasiləsiz olaraq istifadəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “X4 və Koordinasiya Mərkəzi” X10 balansında olan Təmir Tikinti Sahəsinə aid 147.1 kv.metr sahəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7213/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Belə ki, inzibati işin araşdırılması zamanı aydınlaşdırılmışdır ki, mübahisə iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsinin bağlanmasına dair münasibətlərdən irəli gələn hüquq və öhdəlikləri ilə bağlıdır. Hal-hazırda iddiaçının tələbi “2000ci ilin ortalarından fasiləsiz olaraq iddiaçının istifadəsində olan, ünvan 1 ünvanında yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “X4 və Koordinasiya Mərkəzi” X10 balansında olan Təmir Tikinti Sahəsinə aid 147,1 kv.metr sahəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması”ndan ibarət olmaqla, tərəflər arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik ilə bağlıdır. İddiaçının müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı tələbi inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. İnzibati icraat şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı inzibati hüquq münasibətlərindən yaranan münasibətləri tənzimləyir. Müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı mübahisə hüquqi təbiəti baxımdan mülki-hüquqi mübahisədir. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi və ya iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istifadəsində olan və yaşadığı ünvan 6 ünvanındakı evinə aid kirayə müqaviləsi bağlamaq istəyir. Ailəsi böyükdür, yaşayış sahəsinə ehtiyacı var, neçə illərdir yaşayırlar, istifadə edirlər, sahiblənirlər, qulluq edirlər. Ona görə də kirayə müqaviləsi bağlamaq istəyirlər. Neçə illər əvvəl müraciət etmişlər (2021 il), çağırdılar imzalatdırdılar (2021 ildə) onlara kirayə müqaviləsini, amma sonra xəbər səs çıxmadı (2 ildir). O və arvadı Aytən Cəmşid qızı uzun müddətdir müraciət edir (2021-ci il tarixdən), amma hələ də cavab ala bilmirlər, sonuncu müraciətdə 2 ay əvvəl və 1 ay əvvəl olub amma hələd ə cavab yoxdur, e-mailnan məktub, poçtla teleqram, məktubda poçtla göndərmişlər (nədənsə poçtla sifarişli xəbərnaməli məktubun biri geri qayıdıb, lakin həm email çatır həmdə xəbərnaməli teleqramlar çatıb). Vətəndaşların müraciətləri haqqında qanunu kobudcasına pozulur. Ya cavab yazsınlar ki imtina edirik kirayə verməkdən yada cavab yazsınlar ki gəlin kirayə müqaviləsi bağlayaq. 35 günü keçiblər. X1 evinin yanında yerləşir. İstifadəsində olan sahibləndiyi və abadlaşdırdığı kommunal haqqlarını ödədiyi və kommunal sayğacları kodlarıda olan ünvan 7 ünvanında yerləşən 20 kv.m sahəsi olan evə dair onun (AA*******) adına kirayə (icarə) müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılsın. Qaz sayğacı onun, su və işıq sayğacı arvadının adınadır.Telefon nömrəsi onun adınadır (2********). İşıq – **********04478, qaz- **********00160, su – **********240. Sumqayıt İnzibati Məhkəməsinə bildirdi ki, səhhətilə əlaqədar gələ bilmiyəcək və xahiş etdi ki, məhkəmə iclasını təxirə salınsın və onsuz iclas keçirilməsin və qərar qəbul edilməsin. Buna baxmayaraq məhkəmə xahişini və vəsatətini, xəstəliyini nəzərə almadı, məhkəmə iclasını təxirə salınmadı və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edildi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşaraq (iddianın mümkün sayılmaması əsası ilə razılaşmayaraq), aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi cavabdeh inzibati orqanın tabeliyində olan “X5 və Koordinasiya Mərkəz” PHŞ-in balansında olmaqla, dövlət mülkiyyətində olan əmlakdır. İş materiallarından görünür ki, iddiaçı hazırki əmlaka dair inzibati məhkəmə icraatı qaydasında bundan öncə də “evə dair daimi kirayə (icarə) müqabiləsinin bağlanmasına dair”iddia tələbi irəli sürmüş, məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-566/2025 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-635/2025 saylı qərardadları), həmin məhkəmə qərardadı qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)- 635/2025 saylı qərardadında qeyd edilmişdir ki, “Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-566/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır... Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, .... Torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən tələblə məhkəməyə müraciət edilməsi üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd (torpaq sahəsinin ayrılmasına dair sərəncam, müəssisə və ya obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, texniki pasport,inşaat pasportu, şəhadətnamə və s.) təqdim edilməmişdir. Həmçinin, cavabdehin xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilən torpaq sahəsinin “X4 və Koordinasiya Mərkəzi” X10 balansında olan ünvan 8 ünvanındakı Təmir-Tikinti sahəsinin ərazisində yerləşdiyi, dövlət mülkiyyətində olması, ərazinin zəbt olunduğu bildirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır... iddiaçının iddia etdiyi daşınmaz əmlak yaşayış evi deyil, cavabdehin balansında olan idarəyə mənsub qeyri-yaşayış binası olduğundan və bu əmlaka dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin əmlaka dair kirayə müqvailəsinin bağlanılmasından imtina edilərkəncavabdeh tərəfindən iddiaçının hüquqlarına heç bir müdaxilə edilməmişdir. Odur ki, bu səbəbdən iddiaçının belə bir hazırki iddia üzrə subyektiv hüququnun mövcudluğu təsdiq edilmir....”. İddiaçı sözügedən əmlakın 2000-ci ildən fasiləsiz olaraq onun faktiki sahibliyində olması, kommunal xidmətlərə dair müqavilənin onun və həyat yoldaşının (elektrik enerjisi, qaz, su) adına olması, öz vəsaiti hesabına həmin əmlakın yerləşdiyi ərazini abadlaşdırması, əmlakı yararlı hala salması, həmin əmlakdan qapı-pəncərə hazırlanması, quraşdırılması, qaynaq işlərinin aparılması üçün istifadə edərək, ailəsinin maddi təminatını onun vasitəsilə təmin etməsi halına istinad edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan isə sözügedən əmlaka dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd olmadan, qeyri-qanuni həmin əmlakdan istifadə etdiyini, bu səbəbdən də ona qarşı mülki məhkəmə icraatı qaydasında əmlakın geri qaytarılmasına dair iddia tələbinin irəli sürüldüyünü, hazırda da mülki işin məhkəmənin icraatında olduğunu bildirərək, iddia tələbinə etiraz etmişdir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçının adına sözügedən əmlaka dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamış, əmlak iddiaçının qanuni sahibliyində olmamış, 2000-ci ildən faktiki istifadəsində olduğunu qeyd etsə də, faktiki sahibliyində olduğu dövrlərdə də qanuni sahibliyində olması halı müəyyən edilməmiş, iddiaçının əmlaka dair hüquqi bağlılığının olması halı müəyyən edilməmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının qanunsuz olaraq həmin əmlakı zəbt etdiyindən, cavabdeh qurum ona qarşı mülki məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürülmüşdür. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə desək, iddiaçı hazırki iddia tələbi ilə bağlı o halda subyektiv hüquqa malik olmuş olardı ki, onun həmin əmlakla bağlı hüquqi bağlılığının mövcudluğunu, qanuni sahib qismində çıxış etməsi halı (öz adına hüquqmüəyyənedici sənəd və ya əvvəlki dövrlərdə mülkiyyətçi və ya balans saxlayıcının razılığına aid sənədlərin olması və s.) müəyyən edilmiş olardı. İndiki halda isə məhkəmə araşdırması zamanı belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Bu hal isə özlüyündə iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış edir. Həmçinin, kollegiya iddiaçının iddia tələbinin və şikayətin əsası kimi istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, iddiaçının 2000-ci ildən fasiləsiz olaraq istifadə etməsi halının qanuni əsası müəyyən edilməmiş, əksinə qanunsuz olaraq zəbt edilməsi, dövlət mülkiyyətində olan əmlak olduğundan, balans saxlayacı idarənin heç bir razılığının olmaması, balans saxlayacı tərəfindən əmlakın qanunsuz olaraq zəbt edilməsi halına əsaslanaraq, əmlakın geri tələb edilməsi, hazırda da belə bir razılığın olmaması halının mövcudluğu müəyyən edilmişdir. İşin müəyyən edilmiş həmin halları iddiaçının istinad etdiyi halları təkzib etməklə, həmin arqumentlərin əsassız olduğunu və iddianın mümkünlük şərtinin ödənilməsinin əsası kimi çıxış etmədiyini deməyə əsas verir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçı hazırki əmlaka dair daha öncə iddia tələbi irəli sürmüş və həmin məhkəmə mübahisəsinin predmeti hazırki əmlakla bağlı olmaqla, hüquqi marağı (çatmaq istədiyi məqsədi) eynilik təşkil etmişdir. Həmin iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamış, habelə həmin qərardadların məzmununda da məhz iddiaçının hüquqi marağına uyğun olaraq əmlaka dair icarə (kirayə) müqaviləsinin bağlanmasına dair subyektiv hüququnun olmaması halı müəyyən edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu baxımından kollegiya hesab edir ki, qeyd edilən hal da özlüyündə iddianın mümkün sayılmaması üçün müstəqil əsas qismində çıxış edir. Həmçinin, iddiaçıya münasibətdə cavabdehin hərəkətlərinin iddiaçının hansı hüquq və qanunla qorunan maraq və mənafelərinin pozulmasına səbəb olması və ya müdaxilənin olması halı müəyyən edilməmişdir (hansı ki, həmin hal da iddianın mümkün sayılması üçün zəruri şərt qismində çıxış etmişdir). Bu baxımından kollegiya hesab edir ki, istinad edilən əsaslar (həmin əsaslara dair işin müəyyən edilmiş halları) prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etdiyindən, iddia tələbi bu əsaslarla mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın mümkün sayılmaması əsası (mülki xarakterli mübahisə olması) ilə bağlı işin hallarına düzgün hüquqi qiymət verməsə də, iş üzrə gəldiyi nəticə qanuni olduğundan və apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş halları əsasında təkzib olunduğundan, apellyasiya şikayəti məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilməməli, nəticə etibarilə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7213/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar