Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1145/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdehin orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14700/2023 saylı əmək pensiyasının yenidən hesablanmasına dair qərarın ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmuş məbləğinin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1851/2024 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona xx.xx.2008ci il tarixdən 50 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-14700/2023 saylı qərarla iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılaraq, ona 687 manat 76 qəpik pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7264/2023 saylı qərarı ilə isə iddiaçıya təyin olunmuş pensiya məbləği yenidən hesablanaraq, ona 788 manat 86 qəpik pensiya məbləği təyin edilmişdir İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-112-ə-206946/2023-cü il nömrəli qərarının ləğv edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdehin orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14700/2023 saylı əmək pensiyasının yenidən hesablanmasına dair qərarın ləğv edilməsi, iddiaçının əmək pensiyasından tutulmuş məbləğinin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur və ona cavabdeh inzibati orqan tərəfindən xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərə yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-ci il tarixli 3-17-112-ə-206946/2023-cü il nöməli məktubunun ana fikrinə əsasən, iddiaçıya vaxtından əvvəl (xx.xx.2008-ci il, cavabdeh inzibati orqanın fikrincə xx.xx.2010-cu il) pensiyanın təyin edildiyi üçün nəticədə yaranmış pensiya fərq məbləğinin hissə-hissə tutulacağı bildirilmiş və tutulmağa başlanmışdır. İddiaçıya ünvanlanmış məktub fərqli əsaslarla son üç ildə yüzlərlə vətəndaşa göndərilmiş, hamısının məhkəmə qərarı vətəndaşların lehinə yekunlaşmışdır, lakin inzibati orqan formalaşmış məhkəmə təcrübəsini qəbullana bilmir, ümid edir ki, təcrübə dəyişəcək. Məhkəmə presedentləri onu göstərir ki, cavabdeh inzibati orqan mövcud qanunvericiliklə işləyə bilmir. Azərbaycan Respublikasının inzibati icraat haqqında qanuna əsasən iddiaçını nə qəbula çağırıb, nə də ki dinlənilmə hüququndan istifadə etməsinə şərait yaradıb, həmçinin tutulma barədə razılığı alınmamışdır. Bunlar nəzərə alınmadan tutulmalar edilmişdir. Qanunla cavabdeh qurumun praktikasına etimad hüququ var və hər hansı təqsirli hərəkətlərə görə iddiaçı məsuliyyət daşımır. Əgər orqan səhv edibsə, bu zaman pul da bu səhvi edən və işinə diqqətlə yanaşmayan şəxsdən tutulmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı, ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-206946/2023-cü il nömrəli qərarın ləğv edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 26 il 8 ay 27 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 31,56 manat (26,74 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 48,92 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövrlər ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1804,32 manat sığorta kapitalına uyğun 12,53 (1804,32:144) manat və 75,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 136,45 (48,92+12,53+75,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 196,01 manat). İşləyən iddiaçının əmək pensiyaçısı olduğu dövrdə qazandığı 14154,44 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (14154,44:122 ay (63 yaş 6 ay-59 yaş 4 ay=50 ay+(144 ay-72))=116,02 manat) xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq pensiya məbləği 312,03 manat (116,02+196,01) (xx.xx.2023-cü il tarixinədək indekləşdirilməklə 523,34 manat) müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 2202,76 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 2202,76 manat pul vəsaiti cari ilin avqust ayından etibarən hissə-hissə (hər ay 78,66 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixində iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 17578,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (17578,48:72 ay (144 ay - 72 ay)) aya bölünməklə 244,15 manat əmək pensiyasının (523,34 manat) üzərinə əlavə edilərək pensiya məbləği 523,34 manatdan 767,49 manata artırılıb. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1851/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 3-171/3-3-14700/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilmiş, iddiaçının əmək pensiyasından tutulmuş məbləğinin geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 14700/2023 saylı qərarı üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan ləğv edilməlidir. İddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı, eyni zamanda 20 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 20 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 50 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə onun pensiya hüququ 50 yaşının tamam olduğu 02 may 2008-ci il tarixindən yaranmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “a” bəndi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı əmək pensiyasının yenidən hesablanmasına dair qərarın ləğv edilməsi və əmək pensiyasından tutulmuş məbləğinin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 8 ay 27 gün ümumi iş stajının olması işin mübahisəsiz halıdır. Hazırkı mübahisə hüququn hansı qaydada tətbiqi ilə bağlıdır. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.2000-ci ildən etibarən 1 nömrəli siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsaslı saymayaraq bildirir ki, əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). Kollegiya qeyd edir ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Məsələn, son dövrlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı da həmin təcrübəyə əsaslanaraq şəxsə 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli olduğu qənaətinə gəlmişdir. Bu mənada, qeyd edilən işlər üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmuş, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrilmiş, həmçinin təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli qərarlarında göstərilmişdir ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Həmçinin, “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadının 40-cı bəndində də qeyd edilmişdir ki, vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır. Cavabdeh vaxtilə iddiaçıya 50 yaşda pensiya təyin edilməsinə dair qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Kollegiya hesab edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün 68.2-ci maddədə qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinsipinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: - inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də:
1. Maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli;
2. Ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli;
3. Ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. 1-ci və 2-ci halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin, 3-cü hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Odur ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmişdir, yəni xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması onun pensiyasının azaldılmasına əsas ola bilməz. Belə ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümumi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. Hazırkı məhkəmə araşdırması ilə də iddiaçının əmək pensiyasının 52 yaşından yenidən hesablanmasına dair cavabdehin qərarının qanunsuzluğu təsdiq edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(118)-1851/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.