Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1147/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 4616/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin srətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəriniz, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 15 il 9 ay 26 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək (əmək müqavilənizə xitam verildiyi tarixədək) xeyrinizə məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı araşdırmanın aparılması, ödənildiyi təqdirdə fərdi şəxsi hesabınızda əks olunması məqsədilə Fondun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış fərdi şəxsi hesabınızda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığortasına dair məlumat aşkar edilməmişdir. Həmçinin MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” cölməsində **********8 saylı SUN-la və ********** saylı VÖEN-lə 14 may 2009-cu il tarixində sığortaedən (Fiziki şəxs) kimi uçota alınmısınız. Nazirliyin elektron informasiya ehtiyatlarında sizə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar (Forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) aşkar edilməmişdir. Bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və həmin dövrə aid təsdiqedici sənədlər (təqdim edilmiş hesabatların surəti, ödəniş qəbzləri, əməkhaqqı cədvəlləri) təqdim etmədiyiniz üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməyib. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq saydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Bildiririk ki, sizə xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1958-ci il tarixdə İsmayıllı rayonu, Nanıc kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iş üzrə cavabdehə ərizə ilə müraciət etsə də, ərizəsinin icrasından imtina edilmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, işlədiyi iş yerləri və tarixləri ona məxsus olan əmək kitabçasında qeyd edilmiş və rəsmi qaydada təsdiq edilmişdir. Bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Cavabdehin imtinasında qeyd etdiyi pensiya kapitalının qeydə alınmaması vətəndaş olaraq onun günahı deyildir və ya həmin pensiya kapitalını qeyd etdirmək öhdəliyi deyildir. Bu səbəbdən də cavabdehin imtinasını tamamilə qanunsuz və əsassız hesab edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubla qanunvericiliklə tələb olunan sığorta stajı, tamamlanmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edildiyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 9 ay 26 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək (əmək müqaviləsinə xitam verildiyi tarixinədək) xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı araşdırmanın aparılması, ödənildiyi təqdirdə fərdi şəxsi hesabda əks olunması məqsədilə Fondun müvafiq sturuktur bölməsinə sorğu göndərilmişdir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığortasına dair məlumat aşkar edilməmişdir. Həmçinin İddiaçı MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində **********8 saylı SUN-la və ********** saylı VÖEN-lə 14 may 2009-cu il tarixində sığortaedən (fiziki şəxs) kimi uçota alınmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarında ona dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” lar (Forma B3) aşkar edilməmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2011-ci il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və həmin dövrə aid təsdiqedici sənədlər (təqdim edilmiş hesabatların surəti, ödəniş qəbzləri, əməkhaqqı cədvəlləri) təqdim edilmədiyi üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməyib. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4616/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının 01 oktyabr 1974-cü il tarixindən 19 iyul 1975-ci il tarixinədək təhsil alması, 25 may 1977-ci il tarixindək 17 may 1979-cu il tarixinədək hərbi xidmətdə olması, 01 iyun 1976-cı il tarixindən 23 aprel 1977-ci il tarixinədək, 10 sentyabr 1977-ci il tarixindən 17 sentyabr 1980-ci il tarixinədək, 27 sentyabr 1980-ci il tarixindən 13 mart 1981-ci il tarixinədək, 13 aprel 1981-ci il tarixdən 18 noyabr 1983cü il tarixədək, 05 dekabr 1983-cü il tarixdən 08 aprel 2011-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ИT-0133748 saylı əmək kitabçası, НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslanmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması halına istinad edərək, iddiaçının işlədiyi xx.xx.1992-xx.xx.2006-cı il traixədək olan dövrü iş stajı kimi nəzərə almamış, bu səbədbən də iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətdə olduğu və təhsil aldığı dövrü nəzərə alınmaqla, ümumilikdə 15 il 9 ay 26 gün ümumi iş stajına malik olduğunu, iddiaçının işlədiyi dövrlərdən əmək kitabçasında əks olunmuş xx.xx.1992-xx.xx.2006ci ilədək olan dövrləri xx.xx.2006-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrlər üzrə məcburi sosial sığorta haqqı ödənilmədiyindən, habelə əmək haqqı cədvəlləri təqdim edilmədiyindən qəbul etməmişdir. İş materiallarında olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçının sözügedən müəssisədə xx.xx.1983-xx.xx.2011-ci il tarixədək işləməsinə dair qeydlər aparılmışdır. İndiki halda cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi mübahisələndiriməmiş, buna dair hər hansı hala istinad edilməmişdir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə həmin müəssisədə işləməsi halı iş materiallarında olan sübutlar (əmək kitabçası və digər) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmişdir. Hansı ki, həmin dövrün qanunvericiliyinin tələbinə əsasən əmək kitabçası iş stajını təsdiq edən əsas sənəd qimsində çıxış etməklə, işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrə aid məcburi dövlət sosial sığorta haqqının ödənilməsi şərti qanunvericilik normasının dispoztiv şərti kimi nəzərdə tutulmamışdır. Başqa sözlə desək, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən şəxsin işlədiyi dövrü iş stajı kimi nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi məcburi şərt kimi ehtiva olunmamış, qanunveriiclikdə belə bir tələb mövcud olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh iddiaçının eyni müəssisədə işlədiyi xx.xx.1983-xx.xx.1992-ci il tarixədək olan dövrü iş stajı kimi nəzərə aldığı halda, xx.xx.1992xx.xx.2006-cı il tarixədək olan dövrü qanunla tələb olmayan şərtə istinad edərək, mübahisələndirməkdə haqlı olmamışdır. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, əmək haqqı cədvəllərinin tərtib edilməsi, arxivə təhvil verilməsi işəgötürənin səlahiyyətinə aid olmaqla, hazırda həmin sənədlərin mövcud olmaması halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi çıxış etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda isə cavabdeh xx.xx.1992-xx.xx.2006cı il tarixədək olan dövrü iddiaçının həmin müəsssiədə xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə aid məcburi sosila sığorta haqqının ödənilməməsi halına istinad edərək, əvvəlki işlədiyi dövrü iş stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Nəticə etibarilə iddiaçıya münasibədə cavabdehin qəbul etdiyi dövr (15 il 9 ay 26 gün) və xx.xx.1992-xx.xx.2006-cı il tarixədək olan dövr (14 il) nəzərə alındıqda, qanunla tələb olunan azı 25 il stajına malik olmasına dair şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4616/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.