Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1149/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1716/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1716/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan (xx.xx.2022-ci ildən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 65 yaşı tamam olduğu vaxtdan (xx.xx.2022-ci ildən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur, hazırda 67 yaşı var. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuş və 2006-cı ilə kimi müxtəlif müəssisə və təşkilatlarda çalışmışdır. Onun ümumi əmək stajı 2 il hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 25 ildən çoxdur. Bu barədə məlumat əmək kitabçasında qeyd olunmuşdur. 2006-cı ildən sonra isə onun səhhətində olan problemlərlə bağlı işləməmişdir. Lakin ümumi əmək stajının 25 ildən artıq olmasına baxmayaraq 65 yaşı tamam olduqdan sonra, yəni 2022-ci ilin iyul ayından ona yaşa görə pensiya təyin edilmiş, hazırda 220 manat pensiya alır. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət etmiş, ona ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda imtina edilmiş və onun xx.xx.1991-ci ildən 01.010.2022-ci ilə kimi olan dövr üzrə işlədiyi bəzi dövrlər əmək stajına salınmamış, nəticədə ümumi əmək stajının 20 il 5 ay 6 gün olduğu bildirilmişdir. Bundan başqa xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilə kimi Laçın Tikinti Materialları Kombinatında işlədiyi müddəti də cavabdeh nəzərə almamışdır. İddiaçının ümumi əmək stajının 25 ildən artıq olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə Mərkəzi Filialın imtinanın əsaslarından biri kimi qeyd etdiyi dəlilə münasibətdə cavabdeh orqanın istinad etdiyi 26 oktyabr 2022-ci il tarixli aktda iddiaçının 1993, 1995, 1998, 2002-ci illər üzrə əmək haqqı almadığı qeyd edilmişdir. Həmin aktda 1991, 1992-ci il üzrə tam, 1994-cü il üzrə 9 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 6 ay, 1999-cu il üzrə tam, 2000-ci il üzrə 8 ay, 2001-ci il üzrə 9 ay əmək haqqı hesablanması öz əksini tapmışdır. 26 oktyabr 2022-ci il tarixli aktda 1994,1996, 1997, 2000, 2001-ci illər üzrə bəzi aylarda əmək haqqı hesablandığını qeyd edilsə də, həmin illər üzrə qalan aylarda həqiqətən əmək haqqı almadığı barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin qeyd etdiklərinə münasibətdə bildirilmişdir ki, iddiaçının əmək haqqı almadığı dövrlər müəssisənin arxiv işçisinin iştirakı ilə təsdiq edilmiş 26 oktyabr 2022-ci il tarixli aktla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üçün əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur, hazırda 67 yaşı vardır. Ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını və əmək kitabçasında qeyd edilən bəzi dövrlər üzrə əmək haqqı almadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassız olmuşdur. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırkı iş üzrə İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olması, xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək, xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilədək əmək fəaliyyəti ilə məşğul olması, ИT-05922571 saylı əmək kitabçası və НЗ № ******* saylı hərbi bilet ilə öz təsdiqini tapmışdır. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17 saylı arayışda da qeyd edilir ki, müəssisənin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1991-ci ildən (Əmr № 14/k xx.xx.1991-ci il) xx.xx.2002-ci ilədək (Əmr № 04/k xx.xx.2002-ci il) Azərenerjitikinti trestinin ANM-də 3-cü dərəcəli sürücü peşəsində işləmişdir. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinanın əsaslarından biri kimi qeyd etdiyi dəlilə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, cavabdeh orqanın istinad etdiyi xx.xx.2022-ci il tarixli aktda iddiaçının 1993, 1995, 1998, 2002-ci illər üzrə əmək haqqı almadığı qeyd edilmişdir. Həmin aktda 1991, 1992-ci il üzrə tam, 1994-cü il üzrə 9 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 6 ay, 1999-cu il üzrə tam, 2000-ci il üzrə 8 ay, 2001-ci il üzrə 9 ay əmək haqqı hesablanması öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli aktda 1994,1996, 1997, 2000, 2001-ci illər üzrə bəzi aylarda əmək haqqı hesablandığını qeyd edilsə də, həmin illər üzrə qalan aylarda həqiqətən əmək haqqı almadığı barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.1992 xx.xx.2002-ci illər ərzində "xxxx" ATSC-nin Mingəçevir Avtomobil dəstəsində işləməsi, xx.xx.2002 xx.xx.2006-cı illər ərzində isə Laçın Tikinti Materialları Kombinatında işləməsinə dair məlumatlar, həmçinin qeyd edilən müəssisələrin ümumi arxiv sənədləri arxivə təqdim edilmədiyindən, iddiaçının həmin müəssisələrdə işləməsinin müəyyən edilməsi mümkün olmamışdır. Arxiv sənədlərinin mövcud olmaması, iddiaçının həmin dövlərdə həqiqətən də əmək haqqı almaması anlamına gəlməməlidir. Eyni zamanda inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən, oktyabr 2002-ci ildən - yanvar 2006-cı ilədək olan dövr üzrə əmək haqqı barədə arayışlar təqdim edilmiş və cavabdeh orqan tərəfindən həmin dövrlər əmək stajı olaraq qəbul edilmişdir. Hazırkı inzibati işdə iddiaçının mübahisəli dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən müvafiq qeydlər, əmək kitabçasında da mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1716/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1149/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1149/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver