Məhkəmə qərarları › İş №2-1(105)-115/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-115/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-115/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Zəngilan Rayon İcra Hakimiyyətinə qarşı məcburi köçkün olaraq ona ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və ödənilməyən dövr üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1015/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Zəngilan Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün olaraq ona ödənilməli olan aylıq müavinətin ödənilməsinin bərpa olunması və ödənilməyən dövr üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Zəngilan Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixə, yəni nikaha daxil olana qədər məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti (33 manat) almış və ailə qurduqdan sonra bu müavinətin verilməsi dayandırılmışdır. 2012-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmuşdur. Bundan sonra məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinəti yenidən əldə etmək üçün Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciət etmiş və 2013-cü ildən qeyd olunan müavinəti yenidən almağa başlamışdır. Lakin sonradan, yəni 2019-cu ilin may ayından ona məlum olmayan səbəbdən müavinətin verilməsi dayandırılmışdır. Bununla bağlı dəfələrlə Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin məsələnin həllinə dair müsbət nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ona bildirmişdirlər ki, aylıq müavinət verilməli şəxslərin siyahısı icra hakimiyyəti tərəfindən tərtib edilir və bunun üçün zəruri vəsait icra hakimiyyətinin hesabına köçürülür və məcburi köçkünlərə paylanması təmin olunur. Bundan sonra yenidən Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4cü maddəsinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil edilmir) iyul 2019-cu il tarixdən dayandırılmışdır. Cavabdehin məktubda qeyd etdiyi hal ona münasibətdə müavinətin ödənilməsinin dayandırılması üçün əsas deyildir. Belə ki, onun nikahı 2012-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra ona yenidən müavinət verilmişdir. Cavabdehin məktubda istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı isə xx xxxxxx 2017-ci il tarixdə qəbul edilmişdir. Qeyd olunan qərar xx xxxxxx 2017-ci il tarixdən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1015/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təstiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”na uyğun olaraq İddiaçı nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsinin bərpa olunması və 2019-cu ilin iyul ayından etibarən ödənilməyən məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin Zəngilan Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh Zəngilan Rayon İcra Hakimiyyəti apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsini onunla əsaslandırır ki, 2007-ci il tarixdən nikaha daxil olana kimi məcburi köçkünlərə nəzərdə tutulmuş yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti almışdır. Ailə qurduqdan sonra bu müavinətin verilməsi dayandırılmışdır (əri məcburi köçkün statusuna malik olmadığı üçün). 2012-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuş, 2013-cü ildə yenidən Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən aylıq müavinəti bərpa olunmuşdur. 2019-cu ilin may ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və nikaha daxil olmadan) həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur) aylıq müavinəti yenidən dayandırılmışdır. Hər iki halda sərəncamverici (istər aylıq müavinətin dayandırılması, istərsə də bərpası barədə) Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdir. Lakin sonradan iddiaçı iddia tələbini dəyişərək Zəngilan Rayon İcra Hakimiyyətini cavabdeh qismində qoymuş və iş icraata götürülmüşdür. Qərarda qeyd olunur ki, hüquqi əhatəsinə müdaxilə etməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Məhkəmə nəzərə almamışdır ki, bu akt Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamına əsaslanır və İddiaçı aylıq müavinətinin dayandırılması üçün düzgün tətbiq olunub. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş Prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qərar qəbul edərkən bu normaların tələblərini pozaraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci ii tarixli 11 nömrəli Qərarına əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş nikahla və ya nikaha daxil olmadan, lakin ərazisi işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara, xx xxxx 2017-ci il tarixli 244 nömrəli qərarla olan dəyişiklikdən sonra 2.4-cü maddəsindən “Ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara sözü çıxarılmış, əvəzində “həmçinin sonradan boşanmış qadınlara” sözü yazıldığı üçün bu maddələr iddiaçıya şamil oluna bilməz. Məhkəmə nəzərə almamışdır ki, hər iki maddədə məcburi köçkün düşdükdən sonra (yəni 1993-cü ilin oktyabr ayının 29dan) ifadəsi əsas kimi qəbul olunmuş, İddiaçı bu maddələrin təsir dairəsinə düşdüyü üçün aylıq müavinətin alınması siyahısına yenidən bərpa oluna bilməz. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” nın xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyasının 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir. (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Həmin Qaydaların 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara aylıq müavinət şamil edilmir. İş materiallarından görünür ki, iddiaçı nikaha daxil olduğu 2007-ci ilə qədər məcburi köçkün olduğuna görə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti almışdır. 2012-ci ildə onunla məcburi köçkün olmayan şəxs arasında olan nikah pozulmuş və aylıq müavinətin verilməsi bərpa olunmuşdur. Lakin Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin müəyyən edilməsi” haqqında qərarına xx xxxx 2017-ci ildə edilmiş dəyişiklikdən sonra ona müavinətin verilməsi 2019-cu ildə dayandırılmışdır. Qeyd olunan dəyişikliyə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara müavinət şamil edilmir. Cavabdeh orqan buna əsas kimi xx xxxx 2017-ci ildə qeyd olunan Qaydalara edilmiş dəyişikliyi göstərmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qərarında göstərmişdir ki, cavabdeh təşkilat qeyd olunan Qaydalara edilmiş dəyişikliyi əsas gətirməklə İddiaçı verilən aylıq müavinətin verilməsinin 2019-cu ilin iyul ayından etibarən dayandırılmasında haqlı olmamışdır. Qaydaların 2.4-cü bəndinə edilmiş dəyişikliyə qədər (xx.xx.2017-ci ilə qədər) olan redaksiyada 2 meyara diqqət yetirmək lazımdır: 1) şəxsin məcburi köçkün olmayan şəxslə nikaha daxil olması; 2) aylıq müavinət almaq istəyən şəxsin məcburi köçkün düşdüyü işğal olunmuş rayondan əvvəlki rayon üzrə qeydiyyatdan çıxmaması. Qeyd olunan hallar biri-birini tamamladığı təqdirdə şəxsə aylıq müavinət şamil olunmur. İddiaçı məcburi köçkün olmayan şəxslə nikaha daxil olmasına baxmayaraq, işğal olunmuş Zəngilan rayonunudan öncə hər hansı bir rayonda qeydiyyatda olmamışdır. Ona görə də, Qaydaların xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyasının 2.4-cü bəndinin hazırki iddia tələbinə tətbiq edilməsi yolverilməzdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1015/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar