Məhkəmə qərarları › İş №2-1(105)-115/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-115/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-115/2022 28.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-249/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış binasına dair mərhum X4 adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********65 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyri-yaşayış binasının inşa edilməsinə icazə barədə qərar ərizəyə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar təqdim edilməlidir. Bundan əlavə, qeyri-yaşayış binası ərizəyə əlavə edilmiş layihəyə uyğun inşa edilməmiş, tikilinin 74.9 kv.metr hissəsi sənəd üzrə olan torpaq sahəsindən kənarda, zəbt edilmiş torpaq sahəsində yerləşir. Qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsi Bakı-Rusiya avtomobil yolunun mühafizə zolağına düşür. Qeyd edilən imtina ilə razılaşmayan iddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Azərbaycan X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mərhum atası X4 məxsus 0.24 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən avtomobillərə servis xidməti məntəqəsi üzərində B.Q.İbrahimovun mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X8 iddia tələbini dəqiqləşdirərək, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavabdeh, Azərbaycan X11 Agentliyinin üçüncü şəxs qismində qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ərizə icraata qəbul edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(85)-249/2021 nömrəli qərardadı ilə Azərbaycan X11 Agentliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon XDS-nin 30 aprel 1994-cü il tarixli 4 nömrəli qərarı ilə ataları X3 müraciəti, N.Nərimanov adına südçülük tərəvəzçilik sovxozu əmək kollektivi şurasının 26 fevral 1994-cü il tarixli 02 saylı iclasının qərarı, sovxoz rəhbərliyinin xx.xx.1994-cü il tarixli aktı, “Azəravtoyol” Dövlət şirkətinin xx.xx.1994-cü il tarixli 01/966 saylı məktubu nəzərə alınmaqla X4 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün Dəvəçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə, N.Nərimanov adına sovxozun yararsız torpaq sahələrinə aid olan 507-ci məhəlləsində aidiyyatı təşkilatlarla razılaşdırılmış sxem əsasında 0.24 hektar torpaq sahəsi ayrılmışdır. X3 adına 0,24 ha torpaq sahəsinə dair torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. 1994-cü ildə B.İbrahimov qeyd olunan torpaq sahəsində avtomobillərə servis xidməti məntəqəsi inşa etmişdir. Sonradan Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Surra” avtomobillərə servis xidməti məntəqəsinin layihəsi hazırlanmış və həmin obyektin istismarına icazə sənədi alınmışdır. B.İbrahimov xx.xx.2018-ci il tarixdə vəfat etmiş, həmin daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlərin olmasına baxmayaraq, o, sağlığında həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Ona görə də iddiaçının müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında atası B.İbrahimovun adına vərəsəlik işi açılmış və Şabran rayon notariat ofisi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli, 179 nömrəli məktub ünvanlayaraq qeyd olunanlarla bağlı B.İbrahimova məxsus olan əmlak barəsində daşınmaz əmlakın reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsi ilə Şabran rayon notariat ofisinə göndərilməsi xahiş edilmişdir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(85)-249/2021 nömrəli qərardadı ilə iddia tələbinin Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.24 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X3 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi mümkün sayılmamışdır (hakim V.Əzizova). Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-249/2021 nömrəli qərarı ilə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,24 ha torpaq sahəsi üzərində avtomobillərə servis xidməti məntəqəsi üzərində iddiaçının mərhum atası B.Q.İbrahimovun mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Dəvəçi (indiki Şabran) rayon XDS-nin 30 aprel 1994-cü il 4 nömrəli qərarı və torpaq sahəsinin satın alınması barədə notarius tərəfindən təsdiq edilmiş müqaviləyə əsasən, 0.24 ha torpaq sahəsi, planda göstərilmiş sərhəd daxilində avtomobillərə servis xidməti obyektinin tikintisi üçün B.İbrahimova verilmişdir. Qərar qəbul edilərkən, eyni zamanda Nərimanov adına südçülük tərəvəzçilik sovxozu əmək kollektivi şurasının 26 fevral 1994cü il tarixli 02 saylı iclasının qərarı, sovxoz rəhbərliyinin xx.xx.1994-cü il tarixli aktı və "Azəravtoyol" Dövlət şirkətinin xx.xx.1994-cü il tarixli 01/966 saylı məktubu nəzərə alınmışdır. Bu məqsədlə iki nüsxədən ibarət Dövlət Aktı tərtib olunaraq, Aktın ikinci nüsxəsi Dəvəçi Rayon XDS-də saxlanılmaqla dövlət aktları kitabında 22 № ilə qeydiyyatdan keçirilmişdir. Dəvəçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomobil yolunun 12-ci km-də yerləşən N.Nərimanov adına s/t sovxozunun 507-ci məhəlləsindən avtomobillərə servis xidməti və sair xidmət obyektlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Dəvəçi (indiki Şabran) Rayon XDS-nin 28 fevral 1994-cü il tarixli və obyektin tikintisi, torpağın ayrılması üçün müayinə-razılaşdırma haqqında aktlara uyğun B.İbrahimov təyinatı üzrə obyekt inşa etdirmiş və istifadəsində olmuşdur. Qanuni əsaslarla inşa edilmiş avtomobillərə servis xidməti və sair xidmət obyektləri əvvəlcə Bakı-Quba avtomobil yolunun qərb hissəsinə düşmüşdür. Daha sonrakı illərdə, yeni Bakı-Rusiya avtomobil yolu çəkilərkən, B.İbrahimova məxsus avtomobillərə servis xidməti obyektləri yolun şərq hissəsində qalmışdır. Avtomobillərə servis xidməti obyektlərinin qərb hissəsində olan bağ sahəsi magistral yolun bilavasitə altına düşdüyü üçün həmin bağ sahəsi dövlət tərəfindən satın alınmışdır. Azərbaycan X11 Agentliyi yeni yolun çəkilişindən sonra avtomobil yolunun qorunma (mühafizə) zolağına düşən daşınmaz əmlak sahiblərinə kompensasiya almaları üçün öz mülkiyyətləri ilə bağlı dövlət reyestrindən çıxarışın əldə olunmasını tövsiyə etmiş və ƏMDX-İ yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********07 saylı sorğu məktubuna da müsbət cavab vermişdir. Lakin, cavabdeh orqan daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının tələblərinə əməl etməyərək, çıxarışın verilməsindən imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunarkən, iddianın əsasını təşkil edən preyudisial sübutlar məhkəməyə təqdim olunmuşdur. Hesab edir ki, cavabdeh çıxarışın verilməsindən imtinanın səbəblərini zəruri edən faktiki şərtlərin mövcudluğunu qanuni əsaslarla sübut edə bilməmişdir. Məhkəmə Torpaq Məcəlləsinin tələblərindən irəli gələrək tikililərin inşa edilməsinə əlavə icazə sənədinin verilmədiyini qeyd etmişdir. Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. 1978-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaq üzərində tikinti aparılması ilə bağlı ayrıca icazə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Məlumdur ki, inşa edildiyi zaman deyil, yeni Bakı-Rusiya avtomobil yolunun tikintisindən sonra B.İbrahimova məxsus avtomobillərə servis xidməti obyektləri avtomobil yolunun qorunma (mühafizə) zolağına düşmüşdür. Azərbaycan X11 Agentliyi yolun tikintisinə qədər mövcud olmuş obyekti mübahisələndirmir, əksinə dövlət reyestrindən çıxarışın əldə olunmasına müsbət yanaşma ilə yardım göstərməyə çalışmışdır. Hesab edir ki, inzibati məhkəmə icraatının prinsiplərinə tamamilə zidd olduğuna və inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan, eləcə də inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyinə görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddianın təmin olunması məqsədilə müvafiq yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidən keçən Bakı-Rusiya avtomobil yolunun layihəsi 2018-2019-cu illərdə həyata keçirilib. Üçüncü şəxs tərəfindən mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış obyektinin iddiaçının mərhum atasının adına sənədləşdirilməsinə etiraz edilmir. Belə ki, Agentliyin “Yolun tikintisi altına düşən maneələrin köçürülməsi” Layihə İşçi Qrupu tərəfindən iddiaçının bununla bağlı müraciətinə cavab olaraq torpaq sahəsi və qeyri-yaşayış obyektinin sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: (-)

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli, 461 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması” Qaydaları.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.24 ha torpaq sahəsi üzərində yerləşən avtomobillərə servis xidməti məntəqəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, 2013-cü ilin yanvar ayının 1-dək inşa edilmiş tikililər üçün icazə sənədi mövcud olmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddia tələbində göstərilən tikililərin inşa edilməsinə icazə sənədinin verilməsi müəyyən edilmədi. Bundan başqa məhkəmə araşdırması zamanı inşa edilmiş tikilinin Bakı-Rusiya yolunun mühafizə zolağına düşməsi müəyyən edilmişdir ki, bu hal da cavabdehin imtina etməsi üçün əsas sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisənin predmetini cavabdehin mərhum X3 Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Surra” avtomobillərə servis xidməti qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi üzərində mərhum atasının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri 3 hissədən ibarətdir: 1) Tikintiyə icazə verilməsi barədə qərarın ərizəyə əlavə edilməməsi; 2) Qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsinin Bakı- Rusiya avtomobil yolunun mühafizə zolağına düşməsi; 3) Qeyri-yaşayış binasının layihəyə uyğun inşa edilməməsi, tikilinin 74.9 kv.metr hissəsinin sənəd üzrə olan torpaq sahəsindən kənarda, zəbt edilmiş torpaq sahəsində yerləşməsi. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.9-cu və 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. İstinad edilən normanı hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyriyaşayış sahəsi üzərində iddiaçının mərhum atasının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı; -istismara qəbul aktı. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 013 saylı iclas qərarına əsasən, X4 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün Dəvəçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə N.Nərimanov adına sovxozun yararsız torpaq sahələrinə aid olan 507-ci məhəlləsində aidiyyatı təşkilatlarla razılaşdırılmış sxem əsasında 0.24 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qeyd edilən qərara əsasən, avtomobillərə servis xidməti obyektinin tikintisi üçün ayrılmış 0,24 ha torpaq sahəsinə dair Dəvəçi rayon XDS tərəfindən X3 adına Б № 004020 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar,............. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İkinci şərtlə bağlı isə işdən görünür ki, “Surra” avtomobillərə servis xidməti məntəqəsi layihəsinin X2 rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Həmçinin, işdən görünür ki, qeyri-yaşayış sahəsinin inşası başa çatdırıldıqdan sonra Şabran rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 05 nömrəli istismara icazə sənədinə əsasən, 522.6 kv.m ümumi sahəsi olan avtomobillərə servis xidməti məntəqəsinin istismarına icazə verilmişdir. Bununla da, dördüncü şərt ödənilmişdir. Müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı ilə bağlı qanunvericiliyin tələbinə və cavabdehin etirazının birinci dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş, Dəvəçi rayon sakini B.İbrahimova Dəvəçi şəhərinin cənub girəcəyində avtomobillərə servis xidməti və sair xidmət obyektləri tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 23 fevral 1994-cü il tarixli aktdan görünür ki, B.İbrahimova Dəvəçi şəhərinin cənub girəcəyində avtomobillərə servis xidməti, iaşə və məişət obyekti xidmətləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün torpaq sahələrinə baxış keçirilmiş və bu məqsəd üçün ən münasib torpaq sahəsinin Bakı-Quba yolunun 121-ci kilometrliyində yerləşən N.Nərimanov adına s/t sovxozunun 507-ci məhəlləsində yerləşən yararsız torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Seçilmiş sahə mövcud avtomobil yolundan 30 m aralı olub, layihə üzrə yeni tikiləcək Bakı-Rostov avtomagistralının tikintisi ilə əlaqədar köçürüləcək orta təzyiqli qaz kəmərinin arasında yerləşir. Seçilmiş sahənin miqdarı 0,24 ha təşkil edir. Şimaldan 30 m aralı Bakı-Quba avtomagistralı ........................... ilə həmsərhəddir. Həmçinin, işdən görünür ki, avtomobillərə servis xidməti obyektinin tikintisi üçün ayrılmış 0,24 ha torpaq sahəsinə dair Dəvəçi rayonu N.Nərimanov adına s/t sovxozun yerquruluşu xəritəsindən çıxarış N.Nərimanov adına s/t sovxoz, Dəvəçi rayon İcra Hakimiyyəti və Dəvəçi rayon Torpaq Şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. Bundan sonra isə, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 013 saylı qərarına əsasən, X4 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün Dəvəçi şəhərinin cənub girəcəyində, Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə N.Nərimanov adına sovxozun yararsız torpaq sahələrinə aid olan 507-ci məhəlləsində aidiyyatı təşkilatlarla razılaşdırılmış sxem əsasında 0.24 hektar torpaq sahəsi ayrılmışdır. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin: -7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, ..... xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. -10-cu maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: (-) 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; (-). Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 1992-ci il tarixli, 35 saylı qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında” Əsasnamənin: - 2-ci bəndinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; - 25-ci bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; - 26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) X14 tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir. Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir; - 27-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarı ilə ayrılmış torpaq sahələrində tikinti işlərinin aparılmasına və ya həmin sahədən istifadə edilməsinə yalnız həmin torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə üçün şəhadətnamə əldə edildikdən sonra icazə verilir. Zaman görə qüvvədə olan hüquq normalarının təhlili nəticəsində aydın olur ki, həmin dövrdə torpaq sahələrinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün vətəndaşların xüsusi mülkiyyətinə verilməsi, o cümlədən tikintinin aparılmasına icazə verilməsi xalq deputatları Sovetlərinin səlahiyyətlərinə aid edilmişdir. Hazırki işdə də, Şabran rayon XDS-in 30 aprel 1994-cü il tarixli, 013 saylı qərarı ilə iddiaçının mərhum atasına həm 0,24 ha torpaq sahəsi ayrılmış, həm də torpaq sahəsində avtomobillərə servis xidməti tikintisinə icazə verilmişdir. Odur ki, kollegiya cavabdehin apelyasiya şikayətinin tikintiyə icazə sənədinin olmaması ilə bağlı dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin 2-ci, yəni qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsinin Bakı-Rusiya avtomobil yolunun mühafizə zolağına düşməsi dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində icraat zamanı AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə-tikinti ekspertizasının 26 may 2021-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçının faktiki istifadə etdiyi 0.29 ha torpaq sahəsinin 0.1924 ha hissəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 508 kv.m tikilinin 369 kv.m hissəsinin Bakı-Rusiya avtomobil yolunun mühafizə zolağına düşdüyü qeyd edilsə də, məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edilmişdir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" işlərinə 2018-ci ilin mart ayında başlanmışdır. Yuxarıda istinad edilən sənədlərdən isə görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 013 saylı iclas qərarına əsasən, X4 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün torpaq sahəsi Bakı-Quba avtomagistralının 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə ayrılmışdır. Həmin vaxt zamana görə qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli, 461 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması Qaydalarının: - 2-ci bəndinə əsasən Azərbaycan SSR avtomobil yolları aşağıdakılara bölünür: a) ümumdövlət, respublika və yerli əhəmiyyətli (ümumi istifadədə olan) yollar; b) kolxoz, sovxoz və digər müəssisələrin, təşkilat və idarələrin yolları (idarə-müəssisə yolları); v) şəhərlərin və digər yaşayış məntəqələrinin küçələri. - 7-ci bəndinə əsasən perspektiv inkişaf və nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından avtomobil yolları üçün müvafiq torpaq sahəsi və qorunma (mühafizə) zolağı müəyyən olunur. Torpaq sahəsi (İN-467-74) inşaat norma və qaydalarına müvafiq, qorunma zonası isə ümumdövlət və respublika yolları üçün 60 metr enində, yerli əhəmiyyətli yollar üçün 25 metr enində müəyyən olunur. Hazırda qüvvədə olan, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, yerli əhəmiyyətli avtomobil yolları ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, rayonlararası və konkret şəhər və rayonla onun inzibati ərazi, habelə təsərrüfat vahidləri arasında nəqliyyat əlaqələrini təmin edir. Yerli əhəmiyyətli avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Hazırkı işdən isə görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 013 saylı iclas qərarına əsasən, X4 avtomobillərə servis xidməti, iaşə və məişət obyektləri, habelə mehmanxana tipli kotteclərin tikintisi üçün torpaq sahəsi yerli əhəmiyyətli Bakı-Quba yolunun 121-ci kilometrində, yoldan 30 metr aralı məsafədə ayrılmışdır. Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəsinin 12 oktyabr 2021-ci il tarixli 4280 saylı arayışından isə görünür ki, Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 013 saylı iclas protokolundan arxiv çıxarışına əsasən Şabran şəhəri Surra məhəlləsində yaşamış mərhum atası B.İbrahimova məxsus olan “Surra” avtomobillərə servis xidməti məntəqəsi 1994-cü ildən Bakı-Rusiya yolunun 121-ci km-də Şabran şəhərinin cənub girişində M.Ə.Rəsulzadə küçəsində inşa edilib. Həmçinin, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının 01 iyul 2022-ci il tarixli 10/1733 nömrəli rəyindən də görünür ki, X4 məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindən (keçmiş Bakı-Quba yolu) 30 metr aralıda yerləşir. Kollegiya qeyd edir ki, 2018-2019-cu illərdə Bakı-Rusiya avtomobil yolu çəkilərkən, üzərində hüquqların qeydə alınması iddia olunan torpaq sahəsi iddiaçının mərhum atasının mülkiyyətində olmuşdur. Yuxarıda qeyd olunan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bundan əlavə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmanın məzmunundan da göründüyü kimi hüquqmüəyyənedici sənədlər müvafiq əmlaka hüququn yarandığı anda həmin əmlakın nəqliyyat infrastrukturu obyektlərinin mühafizə zonalarında yerləşmədiyi hallarda dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Hazırkı işdə də iddiaçının mərhum atasının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranan zaman həmin torpaq, o cümlədən üzərində inşa olunan qeyri-yaşayış sahəsi respublika əhəmiyyətli yolun mühafizə zolağına düşmürdü. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan X11 Agentliyinin “Yolun tikintisi altına düşən maneələrin köçürülməsi” Layihə İşçi Qrupu tərəfindən iddiaçıya ünvanlanan 20 fevral 2020-ci il tarixli məktubdan görünür ki, ərizədə qeyd olunan əmlakının (torpaq sahəsi və qeyri-yaşayış obyekti) qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsinə üçüncü şəxs tərəfindən etiraz edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2-ci dəlili də əsassızdır. Cavabdeh apelyasiya şikayətinin sonuncu dəlilində qeyri-yaşayış binasının layihəyə uyğun inşa edilmədiyini, 74.9 kv.metr hissəsinin sənəd üzrə olan torpaq sahəsindən kənarda, zəbt edilmiş torpaq sahəsində yerləşdiyini bildirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 01 iyul 2022-ci il tarixli 10/1733 nömrəli rəyindən görünür ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən X4 məxsus qeyriyaşayış sahəsi həmin qeyri-yaşayış sahəsinə dair Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun inşa edilmişdir; Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 004 saylı qərarı ilə avtomobillərə servis xidmətinin tikintisi üçün ayrılmış 0,24 ha torpaq sahəsinin Dəvəçi rayon X14 və digər qurumlar tərəfindən 1994-cü il tarixdə təsdiq edilmiş Dəvəçi rayonu N.Nərimanov adına sovxozun yerquruluşu xəritəsindən 1:10000 miqyasda çıxarışında torpaq sahəsinin koordinatları qeyd olunmamışdır. Lakin, X4 məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin planlı yerləşmə vəziyyəti, konfiqurasiyası, sahəsi və Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindən (keçmiş Bakı-Quba yolu) 30 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsinin Şabran (keçmiş Dəvəçi) rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 004 saylı qərarı ilə avtomobillərə servis xidmətinin tikintisi üçün ayrılmış 0,24 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilir. AR İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, ekspertin rəyi ilə, qeyri-yaşayış sahəsinin Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq Şabran (keçmiş Dəvəçi) rayon XDS-in qərarı ilə ayrılmış 0,24 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-249/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Surra” avtomobillərə servis xidməti məntəqəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar