Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-115/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-1262/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon 1 nömrəli Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə/-1886 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X1 rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsini 161.000.000 (yüz altmış bir milyon) manata İddiaçı MMC-yə satılmışdır.
2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı MMC-nin adına “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099, Kod 30800036 Dövlət Aktı verilmişdir. Dövlət aktında torpaq sahəsinin sahibkarlıq və tikinti məqsədi ilə verilmiş torpaq sahəsi olması qeyd olunmuşdur.
3. İddiaçı 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli bildirişi ilə ərizənin icrasından imtina edilmişdir. İmtinanın səəbi kimi elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması və torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluqların olması, konfiqurasiyasının və yerinin dəyişdirilməsi göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “torpağa mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod ********) Dövlət Aktında qeyd olunan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə təqdim edərək “torpağa mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod ********) Dövlət Aktında qeyd olunan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən və İddiaçı MMC-nin faktiki istifadəsində olan 0.20 ha torpaq sahəsinin yerləşdiyi yerin koordinatlarına uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia ərizəsində göstərilir ki, Abşeron rayon 1 nömrəli Notariat Kontorunun 23 avqust 2005-ci il tarixli, 4Ə/-1886 nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır.Bununla əlaqədar, şirkətə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN- 0099 (Kod ********) Dövlət Aktı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2005ci il tarixli, JN-0099 (Kod ********) Dövlət Aktında qeyd olunan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün şirkət tərəfindən DƏDKR-in 4 saylı ərazi idarəsinə xx.xx.2022-ci il tarixli, 01-60 nömrəli müraciət məktubu ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən şirkətə xx.xx.2022-ci il tarixli, **********20 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş ünvanlanmışdır. Sözügedən imtina məktubunda “elekton kadastr baza məlumatlarına əsasən sözügedən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, konfiqurasiyanın və yerinin dəyişdirildiyi aşkar edilmişdir” kimi qeyd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********20 saylı məktubunda göstərilən əsaslar tamamilə əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 15-ci maddəsində göstərilən imtina üçün əsaslarından heç biri mövcud deyil. Bundan başqa, “Torpağa mülkiyyət hüququna dair" xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod ********) Dövlət Aktından da göründüyü kimi, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi sahibkarlıq və tikinti məqsədi ilə İddiaçı MMC-yə ayrılmışdır (satılmışdır). Qeyd edilən aktda sözügedən sahəsinin sahibkarlıq və tikinti məqsədləri üçün istifadə edilməsi barədə qeyd mövcuddur. Daha sonra, şirkətin faktiki olaraq mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə faktiki müraciət edilən yer arasında hansı uyğunsuzluğun olduğu qeyd edilməmiş, torpaq sahəsinin hansı qütblərdə, hansı istqamətdə konfiqurasiyanın və yerinin dəyişdirildiyi qeyd edilməmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
8. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Azpetrol LTD MMC-yə məxsus 0.20 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 21 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət olmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən sözügedən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, konfiqurasiyasının və yerinin dəyişdirildiyi aşkar edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1262/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod ********) Dövlət Aktında qeyd olunan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən və İddiaçı faktiki istifadəsində olan 0.20 ha torpaq sahəsinin yerləşdiyi yerin koordinatlarına uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində torpaq sahəsinin kateqoriyasının örüş deyil, kənd təsərrüfatına az yararlı torpaq sahəsi olduğu məlum olmuş, lakin imtina üçün əsas olmuş ikinci müddəaya münasibət bildirilməmişdir. Şikayətdə Torpaq Məcəlləsinin 67-68, 109, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9, 15 və 23-cü maddələrinə istinad edilməklə qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
12. İddiaçı apellyasiya şikayətinə dair etiraz verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizənin və məhkəmə iclasında təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Torpaq Məcəlləsi: Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər.
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ...7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ...
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin olunmalıdır.
25. Hazırki mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən və İddiaçı MMC-nin faktiki istifadəsində olan 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.
26. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olmasından, torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluqların olmasından, konfiqurasiyasının və yerinin dəyişdirilməsindən ibarətdir.
27. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMCnin **********42 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, JN- 0099, kod 30800036 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilmiş 0.20 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, onun bonitet balı 40 bal olmaqla kənd təsərrüfatına kənd təsərrüfatına az yararlı torpaq sahəsidir. Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən isə kənd təsərrüfatına az yararlı torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.
28. Apellyasiya şikayətinin torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluqların olmasından, konfiqurasiyasının və yerinin dəyişdirilməsi ilə bağlı dəlilləri ilə əlaqədar kollegiya tərəfindən məhkəmə araşdırması aparılmış, İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəfləri proses iştirakçıları ilə müzakirə edilmiş, iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə təqdim edilərək, daha sonra isə məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək “Torpağın mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod********) Dövlət Aktına düşən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,1125 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. İddia ərizəsinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022- ci il tarixli mütəxəssis rəyinə əsasən “Torpağın mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod********) Dövlət aktı ilə İddiaçı MMCnin mülkiyyətinə verilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən 0,2092 ha torpaq sahəsinin 0,1125 ha hissəsi uyğun gəlir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş mübahisəli torpaq sahəsinin ortofoto və müvafiq sistemdən götürülmüş foto görüntülərinə əsasən “Torpağın mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod********) Dövlət aktı ilə İddiaçı MMC-nin mülkiyyətinə verilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsinə **********64 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesterində qeyydiyyata alınmış başqa şəxsin adına (fiziki və ya hüquqi şəxs olduğu məlum deyil) reyestrdən çıxarış verilmişdir. Halbuki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi Azpetrol LTD” MMC-nin mülkiyyətinə verilmiş torpaq sahəsidir və məhz 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməlləri mülkiyyət hüququnun əsassız məhdudlaşması ilə nəticələnmişdir. Ərizədə göstərilir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz olaraq torpağın bir hissəsinə vermiş olduğu **********64 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesterində qeyydiyyata alınmış çıxarış mübahisələndiriləcəkdir.
30. Ərizənin icraata qəbulu ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir.
31. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
32. Kollegiya cavabdehin apellyasiya şikayətinin birinci dəlilinin yuxarıda qeyd edilən səbələrdən əsassız olması, apellyasiya şikayətinin digər dəlillərinin isə iddiaçının təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə tələbin 0.20 ha deyil, 0,1125 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ibarət olması nəticəsində aradan qalxması səbəbindən hesab edir ki, iddia təmin olunmalıdır.
33. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən 4.1 və 8.0.5-ci maddəsinin tələblərinə əsasən “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod ********) Dövlət Aktı həmin aktda qeyd olunan və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində JN-0099 (Kod********) Dövlət aktı ilə İddiaçı MMC-nin mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə uyğun gələn 0,1125 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi çıxış edir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də, iddiaçnın iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmiş JN-0099 (Kod********) Dövlət aktı ilə İddiaçı MMC-nin mülkiyyətinə verilmiş 0.20 ha torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə uyğun gələn 0,1125 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsinə əsas olan hər-hansı digər halın mövcud olmağını bildirmişdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından JN-635F KOD 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0,1125 ha üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatdı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.
36. Məhkəmə kollegiyası eyni zamana qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1262/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. “Torpağın mülkiyyət hüququna dair” xx.xx.2005-ci il tarixli, JN-0099 (Kod********) Dövlət Aktına əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,1125 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyesterdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.