Məhkəmə qərarları › İş №2-1(105)-115/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-115/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-115/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(118)-983/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçı 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi AT-İ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Volqoqrad traktor zavodunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Boru Prokat zavodunda, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Aztrubinvest” firmasında, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azenerji” xüsusi təmir müəssisəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərenerji” İB Sumqayıt YGEŞ-də işləmiş, xx.xx.2005ci il tarixdən xx.xx.2005-ci il tarixədək işsizlik müavinəti almış, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" Tikinti Quraşdırma və Mexanizasiya Müəssisəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Azfen” birgə müəssisəsində işləmişdir, xx.xx.2020-ci il tarixdən hazırkı vaxtadək “Azfen” birgə müəssisəsində işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 21 sentyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan "xxxx" ASC-nin 20 dekabr 2021-ci il tarixli, 20 nömrəli arayışında xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində boruyayma zavodunun elektrotexnoloji sexində soyuq boru kəsicisi və elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın elektrotexnika istehsalatı və elektrotexniki avandanlığının təmir bölməsində (XV) şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçıları (2160000a-12535), məftil və tros dolayanlar (2160000a-15034) vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi işlədiyi sahə və vəzifələr arayışda istinad edilən elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə və şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçıları, məftil və tros dolayanlar vəzifələrinə aid deyil. Bu səbəbdən, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 1 ay 14 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.2011xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2020-ci və xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə olan halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 25 ildən artıq ümumi stajı, o cümlədən, 12 il 6 ay xüsusi iş stajı vardır, həmçinin, 01 avqust 2022-ci il tarixdə 62 yaşı tamam olmuşdur. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh onun "xxxx" ASC-də işlədiyi xx.xx.1986xx.xx.1988-ci illəri əhatə edən dövrü güzəştli iş stajı kimi nəzərə almayaraq müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, onun işlədiyi dövrləri əmək kitabçası təsdiq edir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının inzibati orqana müraciətinə cavab olaraq verilmiş imtinada onun "xxxx" ASC-dəki soyuq boru kəsicisi və elektrik montyoru vəzifələrində xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün güzəştli staj kimi nəzərə alınmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müvafiq güzəştli arayış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın elektrotexnika istehsalatı və elektrotexniki avandanlığının təmir bölməsində (XV) şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçıları (2160000a-12535), məftil və tros dolayanlar (2160000a-15034) bəndinə əsaslandırılmışdır. Lakin, iddiaçının soyuq boru kəsicisi və elektrik montyoru kimi əmək fəaliyyəti müvafiq bölmədə nəzərdə tutulmadığından həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyətinin güzəştli staja daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından həmin illər güzəştli staj kimi nəzərə alınmamışdır. Bu səbəbdən də iddiaçının qanunla tələb olunan 12 il 6 ay olan güzəştli staja qarşı 10 il 1 ay 14 gün sosial sığorta stajı mövcud olduğu üçün onun müvafiq pensiyanın təyin edilməsi üçün hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(118)-983/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının “Metallurqiya” adlanan lll bölməsinin “Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” adlanan 4-cü bəndində 2040400a-17968 şifrəsi ilə göstərilmiş “boru və pəstahların kəsicisi” peşəsi, “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” adlanan XV bölməsində 216000a-15034 şifrəsi ilə göstərilmiş “məftil və tros dolayanlar” , 2160000a- 12535 şifrəsi ilə göstərilmiş şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçılar nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilməyən müddət də iddiaçının güzəştli iş stajına daxil edildikdə ona güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, həm inzibati icraat zamanı, həm də məhkəmə icraatı zamanı təqdim edilmiş arayışlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinin göstərişlərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, həmin arayışlarda müəssisə sadəcə müvafiq peşəni sahə və koda uyğunlaşdıraraq eynilik təşkil etdiyini qeyd etsə də, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisəsinin fəaliyyət istiqaməti və s.), ümumiyyətlə göstərilməmiş, həmçinin, arayışa sübut qismində vəzifə təlimatları qoşulmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə əlavə araşdırma aparmayaraq həmin arayışlarla kifayətlənmiş və həmin arayışlara istinadən iddia tələbini təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (hazırda qüvvədə olan redaksiyası) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı

İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq norması düzgün tətbiq edilməsə də, iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 01 avqust 2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalı idi: 1) azı 25 il ümumi iş stajı; 2) azı 12,5 il güzəştli iş stajı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus AT-İ seriyalı ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Volqoqrad traktor zavodunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Boru Prokat zavodunda, xx.xx.1991-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Aztrubinvest” firmasında, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Azenerji” xüsusi təmir müəssisəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərenerji” İB Sumqayıt YGEŞ-də işləmiş, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işsizlik müavinəti almış, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" Tikinti Quraşdırma və Mexanizasiya Müəssisəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Azfen” birgə müəssisəsində işləmiş, xx.xx.2020-ci il tarixdən hazırkı vaxtadək “Azfen” birgə müəssisəsində işləyir (xx.xx.2020-ci il tarixədək 26 il 03 ay 03 gün), həmçinin, o, 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (02 il). Beləliklə, iddiaçının hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə xx.xx.2020-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Bu işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh iddia ərizəsinə etiraz, apellyasiya şikayəti və iddiaçıya verilən imtinada yalnız güzəştli iş stajını mübahisələndirmişdir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2020-ci və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 10 il 14 günlük (o cümlədən xx.xx.2020-ci il tarixədək 8 il 2 ay 14 günlük) müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1981-xx.xx.1981ci il tarixlərində Azərbaycan Boru Prokat zavodunda soyuq boru kəsicisi vəzifəsində işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək həmin müəssisənin boruyayma sexində soyuq boru kəsicisi (soyuq sahədə) işləmişdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİİ bölməsinin 4 a yarımbölməsinin 2040400a-17968 şifrinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aiddir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bir tərəfdən qeyd edilən dövrü mübahisəsiz staj kimi qəbul etdiyini bildirmiş, digər tərəfdən isə iddiaçının "xxxx" ASC-də işlədiyi soyuq boru kəsicisi vəzifəsinin müvafiq siyahıda nəzərdə tutulmadığını qeyd edərək, stajı mübahisələndirmişdir. Kollegiya hər bir halda cavabdehin mövqeyini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİİ. Metallurgiya istehsalatı (qara metallar) bölməsində 2040400a— 17968 kodla “boru və pəstahların kəsiciləri” qeyd edilmişdir. Həmçinin, əmək kitabçasından, eləcə də “Azfen” birgə müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli güzəştli arayışdan iddiaçının xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2020-ci və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində “Azfen” birgə müəssisəsində konstruksiya quraşdırıcısı və avadanlıq quraşdırıcısı vəzifələrində işlədiyi müəyyən edilir. Arayışda onun işlədiyi vəzifələrin NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ olduğu qeyd edilmişdir. Həmin vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də həmin vəzifələr NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin a) fəhlələr yarımbölməsinə - “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin elektrotexnoloji sexində işlədiyi elektrik montyoru vəzifəsinin arayışda istinad edilən siyahının şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçıları, həmçinin, məftil və tros dolayanlar vəzifələrinə uyğun olmadığından, həmin dövrün güzəştli staj kimi qəbul edilmədiyini, bu səbəbdən güzəştli iş stajının 12,5 ildən az olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, əmək kitabçasının qeydlərinə əsasən iddiaçı Azərbaycan Boru Prokat zavodunda işlədiyi dövrdə həmin müəssisədə xx.xx.1986-cı il tarixdən elektrik montyoru və izolyatoru vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdən elektrik maşınlarının təmiri üçün sarğı və izolyatorun elektrikçisi təyin edilmiş, xx.xx.1988-ci il tarixədək həmin vəzifədə işləmişdir. Həmçinin, həmin müəssisə tərəfindən verilmiş yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli güzəştli arayışda onun xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək elektrotexnoloji sexdə elektrik montyoru (sarıyıcı və izolyasiyaçı) vəzifəsində işlədiyi, həmin peşənin NK-nın xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İV bölməsinin a yarımbölməsinin 216000a-15034 və 216000a-12535 şifrinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olduğu qeyd edilmişdir. Qeyd olunan dövrlə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC 28 mart 2023-cü il tarixli məktubu ilə iddiaçının həmin müəssisədə işlədiyi elektrik avadanlığının sarıyıcı və izolyasiyaçı üzrə elektrik montyoru vəzifəsinin güzəştli arayışda istinad edilən 2 nömrəli Siyahının İV bölməsinin 216000a-15034 və 216000a- 12535 şifrlərində göstərilən müvafiq olaraq məftil və tros dolayanlar və şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçıları vəzifələri ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Kollegiyanın sorğusuna cavab olaraq "xxxx" ASC 05 dekabr 2023-cü il tarixli məktubu ilə cəmiyyətin Azərbaycan Respublikasında polad boru istehsalı üzrə aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biri olduğunu, müəssisənin istehsalat sahələrində iş şəraitinin ağır və zərərli olduğunu bildirmişdir. Həmçinin, elektrik avadanlıqlarının xidməti və təmiri sexində elektrik avadanlıqlarının təmiri üzrə sarıyıcıizolyasiya edici elektrik montyoru vəzifəsinin vəzifə təlimatı sorğuya əlavə edilmişdir. Həmin vəzifə təlimatından görünür ki, elektrik avadanlıqlarının sarğılarının izole edilməsi və təmiri üzrə sarıyıcı elektrik montyorları elektrik avadanlıqlarının cari, orta və əsaslı təmirini yerinə yetirir, istehsalatda istismar olunan bütün tip elektrik mühərriklərinin stator və rotor dolaqlarını, hər tip sarğacları sarıyır. Göründüyü kimi iddiaçının işlədiyi elektrotexnoloji sexində elektrik montyoru vəzifəsi sarıyıcı və izolyasiyaedici funksiyaları da yerinə yetirir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır, iddiaçının həmin müəssisədə "xxxx" ASC-nin elektrotexnoloji sexində işlədiyi elektrik montyoru (sarıyıcı və izolyasiyaçı) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 21600000 kodlu XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin 2160000a—15034 şifrinə (məftil və tros dolayanlar) və 2160000a—12535 şifrinə (şüşə liflərin və lakların tətbiq edilməsi işləri ilə məşğul olan məftillərin izolyasiyaçılarına) uyğun gəlir. Lakin kollegiya qeyd edir ki, həmin dövr (02 il 07 ay) iddiaçının güzəştli stajına daxil edilsə belə, cavabdehin mübahisələndirmədiyi 8 il 2 ay 14 gün iş stajı da nəzərə alınmaqla iddiaçı xx.xx.2020-ci il tarixədək 10 il 09 ay 14 gün iş stajı toplamış olur. Bu isə qanunla tələb olunan 12,5 illik güzəştli stajla bağlı tələbin ödənilmədiyini göstərir. Lakin, işdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən sonra da “Azfen” birgə müəssisəsində zərərli sahədə işləməkdə davam etmiş, xx.xx.2020-xx.xx.2020-ci və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər, ümumilikdə 1 il 09 ay 10 gün olmaqla cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən güzəştli iş stajına daxil edilmişdir. Belə olduğu təqdirdə isə, yuxarıda qeyd edilən 10 il 09 ay 14 günlük güzəştli iş stajı da nəzərə alınmaqla, 12,5 il güzəştli iş stajı ilə bağlı şərtin xx.xx.2022-ci il tarixdən ödənildiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi isə iddiaçının xx.xx.2020-ci il tarixədək qanunla tələb olunan 12,5 il güzəştli iş stajına malik olmadığını nəzərə almadan, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması qənaətinə gəlmişdir. İşin qeyd edilən halları iddiaçı tərəflə müzakirə edilərkən, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasının tələblərinə əsasən pensiya kapitalı ilə bağlı şərtə münasibətdə kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcuddur və bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən xx.xx.2020-ci il tarixinə onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 50978,57 manat, xx.xx.2022-ci il tarixinə isə 65683,18 manat təşkil edir. Beləliklə, işin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyindən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(118)-983/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar