Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1150/2025 28.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “müvafiq dövrlərin sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(118)-2187/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasında naxırçı işləməsini sığorta stajı hesab edilərək əmək kitabçasına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun 2 saylı Quba-Xaçmaz regional filialına həvalə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Dəmir Yolu 1 nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində birinci dərəcəli yol montyoru işlədiyi dövrləri, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmət dövrünün, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi Şəmkir SESTQ7 kolxozda naxırçı; xx.xx.1982-ci ildən 10.1986-cı ilədək üzümçülük sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilməsini və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə Dəvəçi-hazırki Şabran rayonu, Çuxurazəmi kəndində doğulmuşdur. xx.xx.1995-ci ildə Dəvəçi rayon Şabran kəndində yerləşən Ədliyyə Nazirliyinin 3 №-li İslah Əmək koloniyasının inzibati binasında yanğın hadisəsi baş vermiş və orada yerləşən “Liman” cinsalma-kökəltmə sovxozunun arxivi də yanmışdır. Həmin vaxt iddiaçının əmək kitabçası da yanmışdır. xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasında naxırçı işləmişdir. Rayon Dövlət Arxivində işə qəbul olunmaq barədə xx.xx.1982-ci il tarixli 83/1/ saylı Əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır. Həmçinin sovxozun əmək haqqı cədvəllərində aldığı əmək haqları barədə məlumatlar da həmin dövrdə üzümçülük sovxozunda işlədiyini təsdiq edir. İddiaçı ilə birlikdə işləmiş X3, X2 xx.xx.2022-ci ildə Şabran rayon İH-nin Cuxura zəmi İƏD-si üzrə nümayəndəliyinin inzibati binasında iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasında naxırçı işləməsi faktını təsdiq edən xx.xx.2022-ci il tarixli Akt tərtib etmişlər. Lakin pensiyasına əlavələr edilməsi ilə əlaqədar iddiaçıya əmək kitabçasını və iş stajını bərpa etmək lazımdır. Həqiqətən Siyəzən üzümçülük sovxozunda naxırçı işləməsi barədə iddiaçıya arayış verilmişdir. Lakin arayışla dövlət idarə və təşkilatlarda hüquq münasibətlərini tənzimləmək, əmək kitabçasını bərpa etmək mümkün deyildir. Cavabdeh isə iddiaçının iş stajını tanımaq istəmir. Cavabdehə arxiv arayışlarında qeyd olunan müddətin sığorta stajı hesab olunaraq əmək kitabçasına salınmasını xahiş etsə də, buna imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi sığorta stajı 16 il 11 ay 29 gün təşkil etdiyi bildirilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında “Siyəzən Üzümçülük” sovxozunda işə qəbul edilməsi barədə məlumat olsa da, işdən çıxma barədə məlumatlar qeyd olunmadığından xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Daha sonra iddiaçı Şabran rayon Məhkəməsinə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət etmişdir. Sözügedən müraciət əsasında Şabran rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(031)-381/2024 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi “Liman” cinsalma-kökəltmə sovxozunda naxırçı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Qeyd olunan qətnamə icra olunması üçün Şabran rayon Məhkəməsindən daxil olmuş məktuba əsasən həmin dövrlər iddiaçının sığorta stajına daxil edilərək onun sığorta stajı yenidən hesablanmış və iddiaçının mübahisələndirilməyən ümumi sığorta stajının 19 il 5 ay 5 gün təşkil etməsi müəyyən edilmişdir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda iddiaçının “Siyəzən Üzümçülük” sovxozunda işlədiyini iddia etdiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixdək olan dövrlər nəzərə alınsa belə onun sığorta stajı tələb olunan müddətdən (25 ildən) azdır. Məlumat üçün bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ olmadığından ona xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(118)-2187/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 25 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinə kimi Dəmir Yolu 1 nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində 1 dərəcəli yol montyoru işlədiyi illərin sığorta stajına daxil edilməsini xahiş etmiş, məhkəmə isə iddianı həmin hissədə təmin etmişdir. Lakin işdə olan iddiaçıya məxsus əmək kitabçasında göstərilən illərlə bağlı hər hansı qeydin olmadığını nəzərə almamış, heç bir sübuta istinad etməmiş, əlavə heç bir araşdırma aparmamışdır. Bundan əlavə, iddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət müddətinin sığorta stajına daxil edilməsini xahiş etmiş, məhkəmə iddianı həmin hissədə də təmin etmişdir. Lakin iddiaçının qeyd olunan hərbi xidmət dövrü ilə bağlı təqdim etdiyi sənəd rus dilində olmasına baxmayaraq, məhkəmə qanunun tələbinə əsasən həmin sənədin azərbaycan dilinə tərcüməsini tələb etməmiş və özü də bununla bağlı hər hansı sorğu verməklə və s. araşdırma aparmamışdır. Bundan əlavə, iddiaçı xx.xx.1982-ci il tarixindən 1986-cı ilin oktyabr ayınadək Siyəzən üzümçülük sovxozunda işlədiyi illərin sığorta stajına daxil edilməsini xahiş etmiş, məhkəmə isə iddianı həmin hissədə qismən təmin etmişdir. Lakin yenə də hansı əsasla iddianı qismən təmin etdiyini əsaslandırmamış, hər hansı araşdırma aparmamış, əlavə sübutlar əldə etməmişdir. Halbuki, cavabdeh orqanın göstərilən illəri iddiaçının sığorta stajında nəzərə almamaq səbəbi həmin illərlə bağlı təqdim edilmiş Şabran rayon Dövlət Arxivinin arxiv çıxarışlarında işə qəbul edilmə barədə məlumat qeyd olunsa da, işdən çıxma barədə məlumatların qeyd olunmamasıdır. Həmçinin, əlavə edilmiş əmək haqqı cədvəlində bəzilərinin məsul şəxslər tərəfindən imzalanmadığı qeyd edilmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq, məhkəmə bununla bağlı hər hansı qeyd etməyərək, həmin arxiv çıxarışlarına əsaslanmaqla əməkhaqqı hesablanan ayları nəzərə alaraq iddianı həmin hissədə qismən təmin etmişdir. Bundan əlavə, iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinə kimi Şəmkir SESTQ7 kolxozda naxırçı işlədiyi illərin sığorta stajına daxil edilməsini xahiş etmiş, məhkəmə iddianı həmin hissədə təmin etməmişdir. Lakin yenə də həmin illərin hansı əsasla staja daxil edilməli olmadığını əsaslandırmamış, hər hansı hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçı həmin illərlə bağlı Azərbaycan Respublikası Dövlət X4 arxiv arayışını təqdim etmişdir. Hansı ki, məhkəmə xx.xx.1982-10.1986-cı illərə münasibətdə arxiv sənədini mötəbər sübut hesab etmişdir. Göründüyü kimi, məhkəmənin yekun nəticəyə gələrkən sübutların mötəbərliyini qiymətləndirməkdə ziddiyyətli mövqeyi müşahidə olunur. Bununla yanaşı, məhkəmənin mövqeyinə münasibətdə həmçinin bildirilir ki, iddiaçıya məxsus ИТ1797326 saylı əmək kitabçasında sadəcə 01 yanvar 1988-ci il tarixindən 30 dekabr 2004-cü il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması öz əksini tapmışdır. Eyni zamanda, Şabran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək “Liman” cinsalma-kökəltmə sovxozunda işləməsi faktı təsdiq edilmişdir. Sözügedən məhkəmə qətnaməsinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatlara əsasən 01 yanvar 1988-ci il tarixindən 30 dekabr 2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 19 il 5 ay 5 gün müəyyən edilmişdir. Göründüyü kimi, əmək kitabçasında yuxarıda qeyd olunan digər illərlə bağlı hər hansı qeyd yoxdur, qətnamədə isə işə baxılan zaman təqdim edilmiş sənədlərin iş materialları qismində sadalanması onların həmin qətnaməyə və hazırkı qərara münasibətdə sübut kimi nəzərə alınmasına dəlalət etmir. Çünki məhkəmənin qətnaməsində yalnız 1980-1982-ci illərlə bağlı hüquqi qiymət verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx xxxx 1956-cı il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olmaması halı təşkil edir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 19 il, 5 ay, 5 gün olaraq qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya münasibətdə aşağıdakı dövrləri mübahisələndirmişdir:
1. xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinə kimi Dəmir Yolu 1 nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində 1 dərəcəli yol montyoru işlədiyi dövrlər;
2. xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək iddiaçının hərbi xidmətdə olduğu dövrlər;
3. xx.xx.1982-ci il tarixindən 1986-cı ilin oktyabr ayınadək Siyəzən üzümçülük sovxozunda işlədiyi dövrlər. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Şabran rayon Məhkəməsinin 2(031)-381/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi “Liman” cinsalma-kökəltmə sovxozunda naxırçı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sözügedən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməklə mübahisələndirilməmişdir. İnzibati orqan ilk növbədə iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinə kimi Dəmir Yolu 1 nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində 1 dərəcəli yol montyoru işlədiyi dövrləri nəzərə almayaraq mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasında sözügedən dövrlərə dair qeydlər əks olunmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin 16 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1974-cü il Qızılburun məntəqəsinə 1-ci dərəcəli yol montyoru vəzifəsində işə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə işdən azad olunmuşdur. Kollegiya inzibati orqanın dəlilini əsassız hesab etməklə qeyd edir ki, yuxarıda da istinad olunduğu kimi iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinə kimi işləməsi barədə müvafiq sənədlər iş materiallarına əlavə olunmuşdur. Sözügedən sənədlərin mötəbər olmaması barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrlərin sığorta stajına daxil edilməməsi də əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilən sənədlər əsasında iddiaçının qeyd olunan dövrlərdə hərbi xidmətdə olması öz təsdiqini tapmışdır. İnzibati orqanın növbəti dəlili iddiaçının xx.xx.1982-ci il tarixindən 1986-cı ilin oktyabr ayınadək Siyəzən üzümçülük sovxozunda işlədiyi dövrlərlə əlaqəlidir. Belə ki, cavabdehin mövqeyinə əsasən həmin illərlə bağlı təqdim edilmiş Şabran rayon Dövlət Arxivinin arxiv çıxarışlarında işə qəbul edilmə barədə məlumat qeyd olunsa da, işdən çıxma barədə məlumatlar qeyd olunmamış, həmçinin, əlavə edilmiş əmək haqqı cədvəlində bəziləri məsul şəxslər tərəfindən imzalanmamışdır. Kollegiya həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, iş materiallarına əlavə olunmuş arxiv çıxarışlarında iddiaçının qeyd olunan dövrlərdə çalışmasına dair məlumatlar öz əksini tapmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Şabran rayonu Siyəzən üzümçülük sovxozunun 12 iyun 1982-ci il tarixli, 83 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 5 saylı subay mal briqadasına naxırçı qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 03 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı 12 iyun 1982-ci il tarixində Siyəzən üzümçülük sovxozuna subay mal-qara briqadasına naxırçı qəbul edilmiş və 28 dekabr 1987-ci ilə kimi həmin işdə işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrlərə aid müvafiq sənədlərin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina edərək irəli sürdüyü dəlillər (əmək haqqı cədvəllərinin düzgün tərtib olunmaması, əmək kitabçasında müvafiq qeydlərin olmaması və s.) iddiaçının məsuliyyət daşıdığı məsələ olmamaqla onun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmamalıdır. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.1974cü il tarixindən xx.xx.1975-ci il tarixinə, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinə və xx.xx.1982-ci il tarixindən 1986-cı ilin oktyabr ayınadək olan dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə isə iddiaçının ümumi sığorta stajı 25 ildən artıq olur Həmçinin yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(118)-2187/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.